Azərbaycan tarixi günbəgün: 18 avqust
18 avqust 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Bu tarix Azərbaycanda Sərhəd Qoşunları Günü kimi qeyd olunur...
18 avqust 1912 – Azərbaycanın xalq şairi Mirvarid Dilbazi (1912-2001) anadan olmuşdur. Mirvarid Dilbazi xüsusilə uşaq və gənclər üçün yazdığı şeirlərlə məşhurlaşıb. Nizaminin, Nəvainin, eləcə də bir çox rus və sovet şairlərinin əsərlərini Azərbaycan türkcəsinə tərcümə edib.
18 avqust 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust fərmanı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları günü kimi qeyd olunur. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib. Prezident Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti yaradılıb və Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb.
18 avqust 1993 – BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyri-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub. Bəyanat Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin Ermənistanın hərbi təcavüzünün genişlənməsi ilə bağlı BMT rəhbərliyinə ünvanladığı məktub əsasında qəbul olunmuşdu. Lakin bəyanatda onun icrası ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmadığı üçün o, deklarativ sənəd olaraq qaldı.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: