“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.05.2021, 12:00
2572

Zəfəri bizə yaşadanları YAŞAT!

Xeyriyyə marafonuna 60-dan çox ölkədə yaşayan soydaşlarımız qoşulub...

Diasporla İş üzrə Dövlət Komitəsi və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan Televiziyasında canlı yayımla “YAŞAT” xeyriyyə marafonu təşkil edilib.

Mayın 25-də “Birlikdə yaşadaq” şüarı ilə gerçəkləşən marafonda dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə birbaşa bağlantılar yaradılıb. Dünya azərbaycanlıları qazilərə və şəhid ailələrinə dəstək məqsədilə bir araya gəliblər.

Xeyriyyə marafonuna Dünya Ahıska Türkləri Birliyi (DATÜB), Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən azərbaycanlı icmasının “Birlik” etnomədəni cəmiyyətinin üzvləri, Bişkekdəki “Azəri” İctimai Birliyinin təşəbbüsü ilə Qırğızıstan azərbaycanlıları, Avstriyanın Zalsburq və Almaniyanın Münxen şəhərlərindəki və Polşadakı Azərbaycan Evləri, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) nəzdindəki “Ay balam” uşaq qrupunun üzvləri və ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri də qoşulublar. Bundan əlavə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi “YAŞAT” marafonunda fəal iştirak etməyə çağırıb.

60-dan çox ölkədə yaşayan azərbaycanlıların marafona qoşulması soydaşlarımızın Vətənə sədaqətinin daha bir nümunəsi, diaspor-dövlət birliyinin sübutudur. Marafon mayın 31-dək davam edəcək və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb. Ölkə başçısının müvafiq sərəncamı ilə Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurası yaradılaraq tərkibi təsdiq edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz çıxışlarında vurğuladığı kimi, xaricdə yaşayan soydaşlarımızın da sıx birliyi, mütəşəkkilliyi sayəsində 44 günlük müharibədə Azərbaycanın haqq səsi və haqq etdiyi Zəfər dünyaya çatdırıldı. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi,  Vətən torpaqlarının azadlığı, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların ən ümdə məsələsidir.

Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gələn şanlı Qələbə hamımızı sevindirdi. “YAŞAT” xeyriyyə marafonu Qələbəni bizə yaşadanları yaşatmaq, şəhid ailələrinin, qazilərimizin problemlərinin həllinə kömək etmək məsuliyyətindən irəli gələn nəcib bir aksiya, vətənsevəklik, xeyirxahlıq nümayişidir. Bu eyni zamanda dünya azərbaycanlılarının birlik və həmrəyliyinin daha bir simvoludur.

Xəbərlər
Redaktorun seçimi