“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2014, 17:31
3440

1805-1917

26 dekabr 1802 - Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları Rusiyanın himayəsinə keçmək barədə Georgiyevsk anlaşmasını imzalayıblar. Sənədi Quba (Seyfəli xan) və Talış (Mir Mustafa xan) xanları imzalamışdı. Onlar rusların hərbi təhdidi altında bu anlaşmaya getmişdilər. Talış xanlığı həmdə İran tərəfdən hücumlardan qorunmaq üçün bu addımı atmışdı. Georgiyevsk anlaşması xanlıqların hələ Rusiyaya birləşdirilməsi demək deyildi. Bir qədər sonra Rusiya Azərbaycan torpaqlarının gerçək işğalını həyata keçirdi.

 

12 aprel 1803 - Tiflisdə Car-Balakənin Rusiya tərkibinə qatılması şərtləri və "Andlı öhdəlik haqqında" saziş imzalanıb. Bundan bir qədər əvvəl (1801) çar I Aleksandr Şərqi Gürcüstanın - Azərbaycanın Qazax, Şəmsəddil, Borçalı ərazilərinin Rusiyaya qatılması barədə manifest imzalamışdı. Car-Balakənin ələ keçirilməsi ilə Rusiyanın Azərbaycan torpaqlarını istilası genişləndi. Rusiya öncə Car-Balakənə nisbi muxtar idarəçilik (camaatlıq) versə də, sonradan işğalçı siyasətinə uyğun olaraq onu ləğv etdi.

 

16 iyul 1804 - Birinci Rusiya-İran müharibəsi (1804-1813) başlanıb.  Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqaviləsinə (1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.

 

4 sentyabr 1804 - İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında çar Rusiyası və İran qoşunları arasında döyüş olub. Ruslar məğlub olaraq geri çəkiliblər. Bu, Rusiya-İran müharibəsində (1804-1813) rus qoşunlarının ikinci məğlubiyyəti idi. Bundan öncə ruslar Üçmüədzin döyüşündə (27 iyul) məğlub olmuşdular. Bununla belə, rus qoşunları 1805-ci ilin əvvəlində, bu dəfə Şəki və Qarabağ xanlıqlarına hücum edərək hər iki xanlığı ələ keçiriblər.

* * *

14 may 1805 - Rusiya-İran müharibəsinin (1804-1813) ilkin yekununa əsasən, birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib.

Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında Qarabağda muxtar hakimiyyət vəd etmişdilər. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.

 

21 may 1805 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Şəki xanı Səlim xanla Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, Şəki xanlığı müstəqil xarici siyasətdən imtina etmiş, ərazisində rus qoşunlarını yerləşdirməyə razılıq vermişdi. Rusiya isə xanlığın daxili işlərinə qarışmamaq barədə öhdəlik götürmüşdü. Lakin bu, işğal üçün, sadəcə, görüntü idi. Car-Balakən (1803), Gəncə (1804), Qarabağ və Şəki xanlıqlarının (1805) ələ keçirilməsi ilə Rusiyanın Azərbaycanın torpaqlarını istilası genişləndi.

 

27 dekabr 1805 - Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başlayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar. Şirvan xanlığı çar Rusiyasına birləşdirilib.

 

12 iyun 1806 - Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahim xan Cavanşir ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib. Erməni əsilli mayor Lisaneviçin dəstəsi xan çadırına basqın edərək bütün ailəni vəhşicəsinə öldürüblər. Çar Rusiyası bir il öncə (14 may 1805) İbrahim xanla bağladığı Kürəkçay müqaviləsinin şərtlərinə beləcə "əməl etdi".

 

16 may 1812 - Rusiya-Osmanlı müharibəsinin (1806-1812) yekunlarına dair Buxarest sülh müqaviləsi imzalanıb. Sülhün şərtlərinə görə, Osmanlının nəzarətindəki Bessarabiya (indiki Moldovanın bir hissəsi) Rusiyaya birləşdirilib. Sənədə əsasən, Osmanlı dövləti Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalı ilə razılaşdığını təsdiqləyib.

 

12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu) yerləşən Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqlarının ərazisi, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb.

Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı. Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib, rus tacirləri İranda güzəştli ticarət (5%-lik gömrük tarifi) hüququ əldə ediblər.

 

19 iyul 1826 - İran qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826-1828) başlanıb. İlk günlərdə rusların hərbi qərargahı yerləşən Şuşa qalasını mühasirəyə alan İran (Qacarlar) taxt-tacının şahzadəsi Abbas Mirzənin qoşunları sonradan geri çəkilməyə başladılar.

 İran 1804-1813-cü illər müharibəsinin əvəzini çıxmağa çalışsa da, yenə məğlub oldu. Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828), İran öz nəzarətindəki İrəvan və Naxçıvan xanlıqlarını da Rusiyaya verməyə məcbur oldu.

 

20 aprel 1827 - İranla müharibə (1826-1828) gedişində Azərbaycanın  cənubuna doğru irəliləyən rus qoşunları Araz çayı üzərindəki Xudəfərin körpüsünü (Cəbrayıl rayonu ərazisində) tutublar. Strateji əhəmiyyətli körpünün ələ keçirilməsi rus qoşunlarının cənubdan Naxçıvan xanlığına hücumlarına imkan yaratdı.May ayında Naxçıvan işğal olundu.

 

10 fevral 1828 - Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib.

Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.

 

20 mart 1828 - Çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti"nin yaradılması barədə fərman verib. Bundan sonra Rusiyanın Qafqaz hakimi qraf Paskeviçin tapşırığı ilə "Erməni vilayəti"ndə aparılan siyahıyaalmada 1828-ci ilin sonunda ərazidə 81749 müsəlman və 25131 erməni qeydə alınmışdı.

Bu arada İrandan və Türkiyədən bölgəyə erməni əhalisinin köçürülməsi başlanmışdı. "Erməni vilayəti" 1840-cı ildə İrəvan qəzası adlandırılaraq Tiflis-İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə isə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.

 

26 aprel 1828 - İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə - Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı.Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza - İrəvan xanlığına və Gürcüstana köçürüldü.

 

11 fevral 1829 - Rusiyanın Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib. Türkmənçay müqaviləsindən sonra İrandan erməni əhalisinin Azərbaycana köçürülməsində iştirak edən Qriboyedov müqavilənin birinci ildönümündə bir qrup dindarın Rusiya səfirliyinə basqını zamanı öldürülmüşdü. Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərdi.

 

2 sentyabr 1829 - Rusiya ilə Osmanlı növbəti müharibənin (1828-1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb. Sazişə əsasən, Osmanlı Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi, indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirildi.

Bundan əlavə, Osmanlı Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını - Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

 

1832 - Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan (1832-1897) Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsi olan və xalq arasında "Xan qızı" deyə çağırılan Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.

 

1 yanvar 1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Gəncə), Qazax, Balakən və Naxçıvan bölgələri İmereti quberniyasının tərkibinə daxil edildi.

 

14 dekabr 1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazın inzibati bölgüsündə dəyişikliklər edilməsi barədə fərman verib. Fərmana əsasən, 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub, onların əvəzində 4 quberniya - Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları yaradılıb.

Azərbaycan torpaqları Tiflis, Dərbənd və Şamaxı quberniyaları araında bölünüb.

 

1 aprel (11) 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854-1926) Şuşada anadan olmuşdur. "Müsibəti-Fəxrəddin" dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub.

 

17 may 1870 - Yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan" və s. pyeslərin, bir çox hekayələrin müəllifidir. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub.

 

3 oktyabr 1875 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-29.03.1939) Şuşada anadan olub. Yazıçının "Qorxulu nağıllar" adı altından toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.

 

24 aprel 1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (indiki Ermənistan-Türkiyə sərhədi) birləşdirdi. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bildi. Bu arada ermənilərin Türkiyədən Cənubi Qafqaza, o cümlədən Azərbaycana axını da davam etməkdə idi.

 

26 oktyabr 1880 - Məşhur tarzən, Xalq artisti Qurban Pirimov (1880-1965) Şuşa qəzasının Abdal-Gülablı kəndində anadan olub.

 

17 aprel 1884 - Bəstəkar Zülfüqar Hacıbəyov (1884-1950) Şuşada anadan olub. "Aşıq Qərib" operasının, musiqili komediyaların müəllifidir.

 

18 sentyabr 1885 - Dahi bəstəkar, musiqişünas alim, publisist, pedaqoq Üzeyir Hacıbəyli (1885-1948) Şuşada anadan olub. Azərbaycanda ilk operanın, ilk müsiqi komediyanın (operettanın) müəllifi, Azərbaycan professional müsiqisinin banisi, Milli Konservatoriyanın qurucusudur. Böyük bəstəkarın doğum günü “Milli musiqi günü” kimi qeyd olunur.

 

12 sentyabr 1887 - Görkəmli yazıçı, tərcüməçi və ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887-1943) Şuşada anadan olub. Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, 1943-də həbs düşərgəsində vəfat edib. Yazıçının "İki od arasında" ("Qan içində") romanı Azərbaycan tarixi romanının klassik nümunəsidir.

 

12 aprel 1889 - Xalq artisti, məşhur xanəndə Seyid Şuşinski (1889-1965) anadan olub. 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

 

22 iyun 1897 - Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli müğənni Bülbül (Murtuza Məmmədov, 1897-1961) Şuşada anadan olub. Əsrarəngiz səsinə görə kiçik yaşlarından ona "Bülbül" adı verilib. Xalq mahnılarının, operaların baş partiyalarının unudulmaz ifaçısı olub.

 

20 avqust 1901 - Məşhur xanəndə, xalq artisti Xan Şuşinski (İsfəndiyar Cavanşirov, 1901-1979) anadan olub.

 

16 avqust 1905 - Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hücumlarının qarşısı alınıb. Bakıdakı müsəlman qırğınlarından sonra ermənilərin eyni ssenarini Qarabağda həyata keçirmək cəhdləri baş tutmayıb, erməni dəstələri Şuşa yaxınlığında ağır məğlubiyyətə uğrayıblar. Bundan az öncə daşnakların silahlı dəstələri Qacar kəndindəki (Füzuli rayonu) döyüşdə məğlub edilmişdi.

 

16 noyabr 1906 - Dekorativ sənət ustası, məşhur xalçaçı rəssam Lətif Kərimov (1906-1991) Şuşada anadan olmuşdur.

 

20 sentyabr 1907 - Tanınmış riyaziyyatçı, akademik Əşrəf Hüseynov (1907-1980) Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub.

 

5 aprel 1909 - Görkəmli bəstəkar Asəf Zeynallı (1909-1932) Şuşada anadan olub. Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrın yaradıcısı kimi tanınıb, simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyib.

 

20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar Niyazi (1912-1984) anadan olmuşdur.

 

26 may 1914 - Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyev (1914-1996) Füzuli (Qaryagin) şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.

 

15 iyul 1915 - Tanınmış rəssam və heykəltəraş Cəlal Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov,M.Ə.Sabir və s.) müəllifidir.

 

Xəbərlər
Redaktorun seçimi