“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.01.2014, 21:31
3100

Azərbaycanın müasir tarixi (1918-ci ildən sonra)

Müasir Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli ictimai-siyasi və sosial-iqtisadi hadisələrin zənginliyi ilə xarakterizə edilən XX əsrin əvvəli Rusiya imperiyasının süqutu və Şimali Azərbaycan torpaqlarında qədim milli dövlətçiliyin bərpası ilə bərabər Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında milli-azadlıq hərəkatının yeni vüsət alması ilə yadda qalıb.

1918-ci ilin fevralında Cənubi Qafqaz Seyminin (parlamentinin) və həmin ilin aprelində Cənubi Qafqaz Federasiyası hökumətinin yaradılması Azərbaycan və Gürcüstan xalqlar tarixində milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atılan ilk addımlar idi. Lakin, bütün bunlarla yanaşı bu dövr həm də Azərbaycan xalqına qarşı Sovet Rusiyasının siyasi rəhbərlərinin bilavasitə əmri və hərbi-maddi yardımı ilə bolşevik və daşınan partiyalarının rəhbərlərindən biri olan Bakı sovetinin sədri cəllad S.Şaumyanın birbaşa iştirakı ilə törədilən soyqırımı cinayətinin qəddarlığı, insan zəkasına sığmayan hərəkətləri və miqyası ilə diqqəti cəlb edir.

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin buraxılması və bu prosesdə ermənilərin Azərbaycan və Gürcü xalqlarına qarşı tutduqları xəyanətkar mövqe bu dövrün çox mühüm siyasi hadisələrindən sayılır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın XX əsr tarixində ən möztəşəm hadisə hesab olunur. 23 ay ərzində Şimali Azərbaycan ərazisində mövcud olmuş milli dövlətçilik ənənəsi 70 illik Sovet Rusiyasının işğalından sonra, 1991-ci ildə yenidən bərpa olundu.

1918-1920-ci illərdə AXC-nin Milli Şurasının və təsis olunmuş Parlamentin qanunvericilik fəaliyyəti, Nazirlər Kabinetlərinin təşkili və fəaliyyəti, AXC-nin xarici siyasəti, AXC Parlamentinin sədri Ə.Topçubaşovun 1919-cu ildə Paris Sülh Konfransında iştirakı, AXC ilə Sovet Rusiyası arasında yaranmış münasibətlər, 1920-ci il yanvarın 11-də AXC-nin de-fakto tanınması, 1920-ci ilin fevral-aprel aylarında AXC-də daxili-siyasi vəziyyətin gərginləşməsi və həmin il aprelin 28-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində AXC-nin süqutu XX əsr Azərbaycan tarixində mühüm bir mərhələ təşkil edir.

1920-1921-ci illərdə Şimali Azərbaycanda sovet hakimiyyətinə qarşı müqavimət hərəkatı, Azərbaycan xalqına qarşı soyqırmı siyasətinin başqa formada davam etdirildi, Sovet Rusiyasının işğalından sonra Azərbaycan neft sənayesinin milliləşdirmə adı ilə mənimsənildi.

1922-ci ildə Azərbaycan SSR-in formal müstəqilliyinin ləğvi, Azərbaycan SSR azərbaycanlı əhalinin iradəsinin əleyhinə olaraq DQMV-nin (1923) və Naxçıvan MSSR-in təşkili (1924), 1921-ci ildə RSFSR, Azərbaycan SSR, Türkiyə, Ermənistan SSR və Gürcüstan SSR-in iştirakı ilə Moskva (mart 1921) və Qars (oktyabr 1921) beynəlxalq müqavilələrinin imzalanması, onların tarixi və siyasi nəticələri, 1921-1929-cu illərdə Azərbaycan SSR-in Zəngəzur, Dərələyəz və digər ümumi sahəsi 19,8 min. km2 olan torpaqların Sovet Rusiyasının təzyiqi ilə Ermənistan SSR-ə verilməsi, o cümlədən respublikanın şimal-qərb ərazilərinin böyük bir qisminin Gürcüstan SSR tərkibinə verilməsi məsələləri müasir Azərbaycan tarixinin aclnacaqlı hadisələridir.

1925-1932-ci illərdə Azərbaycan SSR-də aparılan iqtisadi siyasət və onun nəticələri, 1922-1932-ci illərdə Azərbaycan SSR rəhbərliyinin mərkəzi hökumətin məqsədli şəkildə milli kadrlardan təmizləməsi işi və onun ağır nəticələri, 1934-1953-cü illərdə mərkəzi hökumətin Azərbaycan xalqına qarşı yeritdiyi represiya siyasətinin törətdiyi fəlakətlər daimi elmi araşdırma mövzularıdır.

1941-1945-ci illər müharibəsi dövrü Hitler faşizminin təcavüzünə məruz qalan bütün xalqlar kimi, Azərbaycan xalqının da tarixində çox mühüm bir dövr təşkil edir. Bütün bəşəriyyətin xilası üçün göstərilən səylər, dünya xalqlarının antihitler koalisiyasında birləşərək faşizmə qarşı apardığı mübarizədə Azərbaycan xalqının, xüsusilə də onun ən qiymətli sərvətlərindən biri olan Bakı neftinin müharibənin qələbə ilə başa çatmasında oynadığı müstəsna və həlledici rol bütövlükdə dünya tarixşünaslığında bu gün də ən aktual elmi məsələlərdən sayılır.

1941- 1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş siyasi proseslər, milli-azadlıq hərəkatı, Milli hökumətin fəaliyyəti və onun İran, ABŞ, İngiltərə və keçmiş SSRİ dövlətlərinin birgə cinayətkar səyləri nəticəsində boğulması milli tarixşünaslığımızın ən önəmli məsələlərindən sayılır. 1941-1945-ci illər müharibəsində azərbaycanlıların Avropa müqavimət və partizan hərəkatında iştirakı, Əhmədiyyə Cəbrayılov və Mehdi Hüseynzadənin timsalında onların göstərdikləri əvəzsiz qəhrəmanlıqlar Azərbaycan milli və o cümlədən xarici ölkələrin tarixşünaslığında daim işlənən mövzulardandır.

1946-1954-cü illər Azərbaycan SSR tarixində mühüm bir mərhələ təşkil edir. Bu illərdə Azərbaycan xalqının tarixində çox mühüm siyasi, sosial-iqtisadi və ictimai proseslər baş verir. Azərbaycan SSR iqtisadiyyatı, xüsusilə də onun neft sənayesinin müharibə nəticəsində keçmiş SSRİ dövlətinin dağıdılmış ərazilərinin bərpa edilməsində oynadığı həlledici rol göstərilən illər ərzində Azərbaycan SSR-də beş yeni iqtisadi sahənin yaranması məsələləri – bütün bunlar XX əsrin II yarısında Azərbaycan xalqına dövlət müstəqilliyinin bərpasının əsaslarını yaratmağa imkan verdi. 1955-1969-cu illər Azərbaycan SSR tarixində ictimai-siyasi mühitin mülayimləşməsi, iqtisadiyyatda baş vermiş dəyişikliklər, respublika həyatında yaranmış süstlük və bunun səbəbləri müasir milli tarixşünaslıqda öz əksini tapmışdır və bu dövrün problemlərinin tədqiqi bu gün də davam etdirilir.

1969-cu ilin iyulundan 1982-ci ilin noyabrınadək olan dövr Azərbaycan xalqı tarixində xüsusi bir mərhələ təşkil edir. Bu dövr görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illəri əhatə edir. Məhz bu illərdə Azərbaycan SSR-də H.Əliyevin rəhbərliyi altında müasir Azərbaycan Respublikasının gələcəkdə müstəqil bir dövlət kimi yaşaması üçün əsaslar yaradılmışdır.

1985-1991-ci və 1993-cü illər Azərbaycan tarixində ağır böhranlı bir dövr olmaqla bərabər, həm də milli taleyimizin ən mühüm hadisəsi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildiyi bir dövrdür.

Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun hakimiyyətə gəlməsi, 1987-ci ilin oktyabrında görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması və bundan sonra Ermənistan SSR-in Azərbaycan SSR-ə ərazi iddiaları qaldırması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması, 1988-ci ilin sonunda Ermənistan SSR-dən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından deportasiyasına rəvac verdi. 1989-cu ildə Azərbaycan SSR-də milli-azadlıq hərəkatının başlanmasından sonra Sovet Ordusunun Bakıya hərbi təcavüzü nəticəsində 20 Yanvar faciəsi baş verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı qəbul olundu. Dekabrın 8-də SSRİ dövlətinin süqut etdi. 1992-ci ilin fevralında Xocalı şəhərinin Rusiya Federasiyası və qondarma Ermənistan Respublikası birləşmiş silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində xalqımıza qarşı soyqırımı cinayəti törədildi. Ardınca Daqlıq Qarabağ və ətrafında torpaqlarımızın işğalı genişləndi.

1990-cı ilin iyulunda görkəmli dövlət xadimi Heydər Əliyevin vətənə qayıtdıı, 1991-ci ilin sentyabrında onun Naxçıvan Ali Məclisinin sədri seçildi. 1992-ci ilin mayında AXC-Musavat siyasi bloku ölkədə hakimiyyəti ələ aldı. Mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhəri Ermənistan Respublikası hərbi birləşmələri tərəfindən işğal olundu. 1993-cü il aprelin 2-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğalı nəticəsində ölkədə hərbi-siyasi böhranın dərinləşdi. 4 iyun hadisələri ilə ökədə vətəndaş müharibəsi təhlükəsi yarandı.

15 iyun 1993-cü il tarixdə Heydər Əliyevin ölkə rıəhbərliyinə qayıdışı və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələ başlandı. 1993-cü il iyul-noyabr aylarında Ermənistanın kənar qüvvələrin köməyi ilə həyata keçirdiyi hərbi təcavüzünün genişlənməsi nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ətrafında yerləşən 7 inzibati rayon işğal olundu.

1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Rusiya Federasiyasının hərbi yardımı ilə qondarma Ermənistan Respublikasının təcavüzünün genişlənməsi nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ətrafında yerləşən 7 inzibati rayonu işğal etməsinə baxmayaraq, 1993-cü ilin noyabr-dekabr və 1994-cü ilin yanvarında Azərbaycan Respublikasının Silahlı Qüvvələri bir sıra işğal olunmuş əraziləri azad etdi. 1994-cü ilin yazında bir-birinin ardınca məğlubiyyətlərə düçar olan Ermənistan Respublikası öz himayədarı RF-sı vasitəsi ilə atəşkəs əldə etmək üçün Azərbaycan Respublikası rəhbərliyinə müraciət etdi. Ölkədə və o cümlədən cəbhədə yaranmış vəziyyəti dərindən analiz edən Azərbaycan rəhbərliyi 1994-cü il mayda atəşkəs imzalanmasına razılıq verdi. Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində tərəflər arasında müvafiq sənəd imzalandı və mayın 12-də qüvvəyə mindi.

Respublikanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 inzibati rayonun işğal olunmasına baxmayaraq atəşkəsin imzalanması Azərbaycan Respublikasının həm hərbi, həm də diplomatik uğuru idi. Atəşkəs rejimindən çox səmərəli istifadə edən Azərbaycan Respublikası çox qısa bir müddət ərzində istər ölkə daxilində və istərsə də beynəlxalq aləmdə öz mövqelərini xeyli möhkəmlətdi. Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində Fransa, İngiltərə, Türkiyə Cümhuriyyətinə və ÇXR-a rəsmi dövlət səfərləri və 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycan Respublikasının daxili və xarici siyasətində ən mühüm hadisələr kimi qiymətləndirilir.

1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə toplantısında qəbul edilmiş qərara əsasən Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında aparılan danışıqlar uğurla nəticələndiyi təqdirdə münaqişə zonasına ATƏT-in yaratdığı Minsk qrupuna daxil olan 9 ölkədən başqa, yalnız neytral dövlətlərin hərbi qüvvələri yerləşdirilməsi nəzərdə tutulurdu. 1994-cü ilin mayın 12-də imzalanmış atəşkəs razılığına əsasən münaqişə zonasına 3-cü ölkənin sülh-məramlı qüvvələri yeridilmədi. Bütün bunlar çox ağır hərbi, ictimai-siyasi və iqtisadi şəraitdə yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının əldə etdiyi ilk uğurlar idi.

Əldə edilmiş ilk dövlətçilik uğurlarını məhv etmək üçün Azərbaycan Respublikasının daxildə və xaricdə olan düşmənləri 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişlərinə cəhd göstərdilər və bütün bunlar uğursuzluqla nəticələndi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Həmin ilin yanvarında yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Xəzər faktorunda «Əsrin müqaviləsi»ni həyata keçirmək üçün fəaliyyətə başladı.

1997-ci il noyabrın 12-də «Əsrin müqaviləsi» üzrə neftin hasilatına bağlanıldı. 1999-cu il noyabrın 18-də İstanbulda «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri vasitəsilə nəql edilməsinə dair» saziş imzalandı. Bu zaman Azərbaycan Respublikası Türkiyə Cümhuriyyəti, Gürcüstan Respublikası, Qazaxıstan Respublikası və ABŞ-ın dövlət başçıları tərəfindən verilən «İstanbul bəyannaməsi» layihənin yüksək səviyyədə dəstəklədiyinə sübut oldu. 2001-ci il avqustun 30-da «Əsrin müqaviləsi» üzrə əsas işlərin birinci fazasına başlanıldı. 2002-ci il avqustun 18-də Bakı-Tbilisi-Ceyhan əsas boru kəmərinin təməlqoyma mərasimi keçirildi.

1999-cu ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə «Azərbaycan Dövlət Neft Fondu» yaradıldı və 2001-ci ildə ölkə başçısının sərəncamı ilə fondun Müşahidə Şurası təşkil edildi. Bütün bu hüquqi iqtisadi islahatlar Azərbaycan Respublikasında çox güclü və rəqabətə davamlı məhsullar istehsal edə biləcək iqtisadi islahatlar Azərbaycan Respublikasında çox güclü və rəqabətə davamlı məhsullar istehsal edə biləcək iqtisadiyyatın qurulması məqsədi ilə həyata keçirildi və çox yüksək nəticələr əldə olundu.

Ümumiyyətlə, Azərbaycan Respublikası iqtisadiyyatına 1993-cü ildə 15 milyon 1995-ci ildə 375 milyon, 1996-2002-ci illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard) illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard) dollar xarici investisiya qoyuldu. Ölkə iqtisadiyyatının dirçəldilməsinə və inkişafına AB «Traseka» proqramı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat kommunikasiyasının – «Yeni İpək Yolu»nun düşməsi də əhəmiyyətli təsir göstərdi. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda «Böyük İpək Yolu» Beynəlxalq konfransı keçirildi və dünyanın 32 ölkəsinin iştirak etdiyi bu konfransda «Bakı bəyannaməsi» qəbul edildi. Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə geniş miqyas oldu.

Bütün bunların başlıca istiqamətləri dövlət müstəqilliyinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi idi. Bu istiqamətlərin inkişafı məqsədilə Prezident Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ümumi iqtisadi inkişafa hüquqi zəmin yaratmış oldu. Həyata keçirilən hüquqi və iqtisadi islahatlar ölkə daxilində geniş miqyasda sosial-iqtisadi siyasət yeritməyə, respublikanın hərbi qüdrətini artırmağa və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 20 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı üçün ən mühüm və taleyüklü problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi müasir tariximizin ən böyük problemidir.

2003-cü ilin 15 oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi sosial-iqtisadi və mədəni tarixində yeni mərhələnin başlanğıcı oldu.

 

Xəbərlər
Redaktorun seçimi