“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.01.2014, 18:36
4607

Ekologiya və təbətin mühafizəsi

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.

Lakin, uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri iqtisadi keçid dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək mümkün deyildir.

Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:

  • su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması;

  • yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;

  • sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;

  • münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);

  • bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;

  • biomüxtəlifliyin seyrəkləşməsi;

  • meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.

Bioloji müxtəliflik

Bioloji müxtəliflik - yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir.

Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.

Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.

 

Bütün dünyada vəhşi təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi ekosistemin qorunub saxlanılmasında mühüm rol oynayır. Məhz, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə oldan fauna və flora növlərinin qorunub saxlanılmasına imkan yaranmışdır.

Meşələr

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri - mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.

Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.

Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.

Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.

Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin edir.

Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyəci, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində aparılmasını təmin edir, ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genofondun saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir.

Meşələrin İnkişafı Departamentinin tabeliyində 34 Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma Müəssisəsi, 3 Regional Meşə Tingliyi Müəssisələri (Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə Mərkəzi və Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir.

Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq Respublikanın bütün ərazilərində meşəbərpa, meşəsalma, əkin materialı yetişdirmə, toxum tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair, Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq ekoloji cəhətcə dayanıqlı, sosial-iqtisadi inkişafa və heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında, dərə və yarğanlarda çay məjralarında eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin.

Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Meşələrin bərpa edilməsinə və artırılmasına dair" hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və əlavələrlə 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq edilmişdir.

Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 69700 ha sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şosse və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə tingliyi müəssisələri yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür). 

Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000-2001-ci ildə yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq olaraq 1,6-1,9 dəfə çoxdur.

Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.

Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu 2000-2001-ci ildə yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2-5 dəfə çox olmuşdur.

Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9000 hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.

2005-ji ilin yekun hesabatlarına görə ötən hesabat ilində 9500 hektarmeşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədəmeşəbərpa tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35 mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu göstərijilər 2000-2001-ji ilin göstərijilərindən meşəbərpa tədbirləri üzrə 2-2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6-10 dəfə çoxdur.

«Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram»ın tələblərinə uyğun olaraq 2006-jı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Göstərilənlərlə yanaşı, meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur. Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini göstərir.

 

 

Azərbaycan ərazisinin bitki örtüyü

 

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.

Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.

Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.

Azərbaycan florasının tərkbində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır. Adventiv areal tipi isə bir qədər az təsadüf edilir Kür-Araz ovalığı, Xəzəryanı və b. düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf etmişdir.

Çay və supaylayıcı kanalların kənarında, bataqlıq yerlərdə, lokal formada isə düzənlik rayonlarda kosmopolit tərkibli qamış cəngəlliklərinə tez-tez rast gəlinir. Belə bataqlıqlarda hündürboylu tülküquyruğu, çiyən, suluf, yumşaq süpürgə, kalış və s. çoxdur. Burada savanna tipli hündürboylu murğuz da cəngərlik yaradır.

Kür-Araz ovalığında tez-tez rast gələn cayırlıq, biyanlıq və lığvər cəngəlliyi nisbətən geniş yayılmışdır. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm əngəllik yaradır və həm də başqa cəngəlliyin tərkbində rast gəlirlər.

Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, sıcaq yerlərdə qovuqca, salviniya, saçaqotu, sufındığı, buynuzyarpaq xüsusi cəngəllik yaradır və Kür-Araz ovalığında özlərinə geniş məskən tapırlar. Qarğı cəngəlliyi də düzən rayonları üçün səciyəvidir.

Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və s. kimi bitkilər səciyyəvidir.

Su-bataqlıq bitkilərinə aşağı, orta, yuxarı və yüksək dağ qurşaqlarında da rast gəlinir. Xüsusilə subalp qurşaqlarında su-bataqlıq bitkiləri çox geniş sahələrdə yayılmışdır. Bu qurşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçələr vardır.

Geniş Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərdə səhra və yarımsəhra tipli bitki örtüyü üstünlük təşkil edir. Səhralarda qaraşoranlıq geniş yaylımışdır. Qaraşoranın yerə sərilmiş budaqları təpəciklər yaratmaqla ən çox Lökbatan ətrafında, Muğanda, Şərqi Şirvanda yayılmışdır. Xırda təpəcikli sarıbaş səhralarına ən çox Xəzər ətrafında, Kür-Araz ovalığında rast gəlinir.

Göstərilən zonalarda şahsevdilik səhraları da geniş yayılmışdır. Şahsevdilik səhrasında yuxarıda göstərilən səhralardakı bitkilərdən fərqli olaraq 5-6 növ efemer bitkiyə təsadüf edilir. Şərqi Şirvanda və bir qədər də dağətəyi rayonlarda çərən səhrası əmələ gəlir. Şorangənin 3 növü Kür-Araz ovalığında geniş sahələrdə çox məhsludar yarımsəhralıqlar yaradır.

Xüsusilə dağşorangəsi gəngiz dağ ətəkliklərində həm tək və həm də yovşanla birlikdə şorangəlik-yovşanlıq səhrası, bir qədər inkişaf etmiş torpaqlarda isə yarımsəhralıq yaradır. Ağacvarı şorangə (qarağan) az şorlaşmış torpaqlarda rast gəlinir; sezonun tərkibi onlarca müxtəlif efemer və efemeroid bitkilərlə zəngindir.

Ağacvarı şorəngə ən çox yovşan, dəvətikanı və biyanla birlikdə xüsusi yarımsəhra cəngəlliyi yaradır. Ümumiyyətlə, respublikada şorəngə cinsinin 22-dək növünə təsadüf edilir ki, bunun da əksəriyyəti xüsusi formasiyalar yaradır. Meyvələmə zamanı çox əlvan görünən şorangə cəngəlliklərinə Şəki yaylasının az şorlaşmış torpaqlarında təsadüf edilir.

Yovşanlıq ən geniş yayılmış səhra tiplərindən biridir; müxtəlif torpaqlarda, xüsusilə boz və zəif şorlaşmış torpaqlarda rast gəlir. Çox zaman yovşan şorangə və yaxud çoxillik taxıl otları ilə birlikdə bitərək qarışıq yarımsəhra formasiyaları yaradır. Yovşanlığın bütün variantlarında 30-35-dək və bəzən də 50-55-dək efemer, efemeroid bitki bitir. Məsələn, soğanaqlı qırtıc, yapon toqalotu, bərk quramit, şərq bozağı, durnaotu, xırda qarayonca, göy qarayonca və s. yovşanlığın daimi bitkilərindən sayılırlar. Yovşanlıqda bəzən kolcuqlar da bitir.

Dənizkənarı və dəniz altından çıxmış qumsallıqlarda yovşanın başqa növu (qumluq və yaxud dəniz yovşanı), gəvən, İran sarmaşığı, Xəzər xəşənbulu və yüzlərcə başqa efemer bitki növlərinə rast gəlinir. Abşeronun qumsal sahələrində çox zəngin və nadir bitkilər qısaömürlü olsa da, inkişafını yazda fəallaşdırır və tez də solurlar. Yarımbozqırlar və bozqırlarda qifav, daraqvarı qiyaqotu və çoxillik müxtəlif otlar bolluq təşkil edən bitkilərdəndir. Dağ kserofit bitkiliyi çox vaxt bozqırlara birləşərək xüsusi formasiyalar yaradır.

Respublikanın quru və isti rayonlarında (Naxçıvan MR, Cəbrayıl, Zəngilan), Böyük Qafqazın bozqır yaylasında kserofit bitkiliyinə, yəni friqana, şiblək, tikanlı gəvənlik, tıstıslıq, bəzən və cılız ardıclığa, ardıcıq-püstəliyə rast gəlinir. Frinalalar Naxçıvan MR-da 1000-1500 m yüksəkliklərdə müstəqil formasiyalar (cəngəlliklər) yaradır. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir.

Quraqlıq rayonlarda kəkotu və onun növləri tumil-kəkotu formasiyalarını yaradır. Tumil sahələri üçün murdarça, çölnanəsi, karvanqıran və s. çox səciyyəvidir. Bu tip sahələrdə südləyən, boymadərən, zirinc kimi bitkilər də olur. Respublikada lokal formada şibləklərə, yəni qaratikanlığa, murdarçalığa, dovşanalmalığına, badamlığa, tovulqalığa, yabanı armudluğa, quşarmudluğuna rast gəlmək olur; şaqqıldaq da xüsusi formasiylar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Saqqızağaclıq, ardıclıq, dağdağanlıq, sarağanlıq da respublikaya xas formasiyalardan olmaqla hər biri öz-özlüyündə xüsusi bitki örtüyü əmələ gətirir.

Respublikanın Şimal-Qərbində Eldar düzünün bozqır yaylasında Üçüncü dövrün qalığı olan endemik və relikt Eldar şamı öz təbiiliyini saxlamışdır. Eldar şamı meşəliyində ardıc, püstə, qaratikan və 30-35-dək digər ali bitkinin olması buranın dağ-kserofit bitkiliyinə aid edilməsinə imkan verir.

Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşikl edir.

Bəzən dağ çayları boyu və yaxud çay vadilərində xüsusi qarışıq meşəliklər də bərpa olunmuşdur. Burada ən çox çaytikanı, iydə, söyüd, sumağ, sarağan, yulun, tut, ölməz kol, nar, itburnu, böyürtkən və s. yayılmışdır. Çaytikanı ən çox Şin, Kiş, Dəmiraparaq, Türyan, Göyçay, Ağsu, Vəlvələ və Tərtər çaylarının vadilərində yayılmışdır. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradırlar.

Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıq meşələri üçün səciyyəvidir. Talış meşələrində əncirin yerli endemik növü, xəmirmaya, çəpər sarmaşığı, gəndalaş, cilin müxtəlif növləri, ürəkotu, dişə, bataqlıqlarda süsənlik cəngəlliyi, sarı bataqlıq süsəni, qurbağaotu, bataqlıca xüsusi formasiyalar yaradırlar.

Quba-Xaçmaz, Qarabağ zonaları və eləcə də Alazan-Əyriçay çökəkliyində lokal formalı düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərin əsasını uzunsaplaq palıd, qarağac, yemişan, əzgil və s. təşkil edir. Alazan-Əyriçay vadisi meşəliklərində yuxarıda göstərilən növlərdən başqa, ağcaqayın, cökə, göypüş, qarağac, armud kimi ağac növləri, sarmaşan bitkilərdən isə ağ əsmə, daşsarmaşığı, yabanı üzüm çox yayılmışdır. Düzən meşəliklərində uzunsaplaq palıdın onlarca müxtəlif forması mövcuddur.

Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Bu relikt ağac cinslərindən əlavə burada Qafqaz vələsi, 2 növ azat ağac, qarağac, alça qovaq, giləzəhərdən ibarət hirkan tipli meşəliklərə rast gəlinir. Bu meşəliklərin aşağı mərtəbələrində bigəvər, danaya kimi həmişəyaşıl kollara da təsadüf edilir. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır.

Xəzər şeytanağacı Talışda üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqaları xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar.

Böyük və Kiçik Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlüklərdə enliyarpaqlı meşələr yayılmışdır. Bu meşələri təşkil edən cinslərdən gürcü palıdını, Şərq fıstığını və yuxarı dağ qurşaqlarında Şərq palıdını göstərmək olar. Fıstıqlıq bu zonada yüksək məhsuldar, çoxtərkibli qarışıq meşələr yaradır. Fıstıq və palıddan əlavə həmin meşələrdə cökə, vələs, 5-6 növ ağcaqayın, xüsusilə Şərq palıdı ilə birlikdə trautfetter ağcaqayını da bitir. Çox sıx fıstıq meşəliyində ot örtüyü olmur, ancaq bir qədər seyrək fıstıqlıqda kol cinsləri ilə birlikdə ot örtüyü də inkişaf edir.

Meşə altında sarı rododedron, böyürtkən, gərməşov, gəndalaş, ayıdöşəyinin bir çox növləri və onlarca müxtəlif taxıl otları rast gəlir. Dağların yamacında gürcü palıdı, qarağat və quşarmudu çox yayılmışdır. Yüksək dağ qurşaqlarında isə (1800-2000 m) park tipli meşələr vardır. Park tipli meşələr subalp çəmən və hündürotluq ilə birlikdə subalp seyrək meşəliyi yaradırlar.

Yüksək dağların yamaclarında Şərq palıdı, şimal yamaclarında isə qar uçqunları nəticəsində ağacları əyilmiş tozağacı meşəliyi, Böyük Qafqazın yüksək dağ yamacları üçün isə trautfetter ağcaqayını və tək-tək Qafqaz quşarmudu səciyyəvidir. İynəyarpaqlı meşələr lokal formada Eldar düzündə (Eldar şamı), Böyük və Kiçik Qafqazın dağ rayonlarında (Kox şamı), xüsusilə Balakən rayonunun Bulannıq çay hövzəsində, Göygöl ətrafında (1600 m hündürlükdə) xırda meşəliklər, Kox şamı tozağacı ilə birlikdə isə Göygöl ətrafında iri qayalıqlar ərazisində qarışıq meşəlik yaradır. İynəyarpaqlılardan qaraçöhrə və ardıcın bir çox növəri dağ-meşə zonalarında geniş yayılmışdır. Böyük Qafqazın şimal-qərb zonasında, xüsusilə Zaqatala-Balakən rayonlarının subalp qurşağında kiçik sahələrdə Qafqaz rododendronluğu cəngəlliyi yerləşir.

Dəniz səthindən 1800-3200 m yüksəklikdə müxtəlif tərkibli subalp və alp çəmənliyi, bozqır və çəmən bitkiləri üstündür. Həqiqi subalp çəmənliyi yüksək dağların relyefindən, xarakteridən asılı olaraq onlarca variantda yayılmaqla müxtəlif formasiyalar yaradır. Subalp qurşağında hündürotluq da xüsusi formasiya əmələ gətirir; tərkibi olduqca müxtəlifdir.

Hündürotluq və subalp bitkilərinin əksəriyyəti meşə altından çıxmış bitkilərdən ibarətdir. Hündürotluq ən çox baldırğan, qankəsən, boymadərən, çobantoppuzu, quşqonmaz, yumşaq süpürgə növləri, əvəlik, xaççiçəyi, gicitkən, xəşəmbül, gülçiçəklilər fəsiləsinin müxtəlif nümayəndələri ilə zəngindir. Subalp qurşağında müxtəlif tərkibdə çəmənliklər, az nəm və mezofil çəmənliklər, quru kserofitlər, bozqırlaşmış çəmənlər yayılmışdır.

Subalp çəmənliyinin əsasını ağbığ, ala tonqalotu, Qafqaz nazikbaldırı, bənövşəyi arpa, alp dişəsi, topal və üçyarpaq yoncanın bir çox növləri, ətirşah, şehduran, iriçiçək, andız təşkil edir; bura üçün birəotu, bulaqotu, qantəpər, dilqanadan, yemlik, mərcanotu, novruzçiçəyi, skabioza, bağayarpağı, xaçgülü və onlarca başqa bitki səciyyəvidir. Subalp çəmənliyində 1000-ədək bitki növü yayılmışdır.

Alp çəmənləri yüksək dağların zirvələrində, sərt yamaclarda, yəhərvarı dağ aşırımlarında geniş yayılmaqla müxtəlifliyi subalp çəmənlərinə nisbətən az olsa da, xırdaboylu bitki tipləri çox rəngarəng və böyük əhəmiyyət kəsb edir. Alp xalıları iki qrup formasiyadan: xırda şumal torpaqlarda həqiqi alp xalısı (zirəlik, bağayarpağılıq, şehduranlıq, zəncirotuluq) və daşlı yerlərdə alp xalısından (sibbaldiya, zınqırovotluq, makrotomiyalıq) ibarətdir.

 

Heyvanlar aləmi

 

Heyvanlar aləmi müəyyən ərazi və ya akvatoriyada bir neçə heyvan növünün uzun müddət ərzində yaranmış və formalaşmış toplusudur. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.

Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.

Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarıda tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır.

Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmşdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir.

Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.

 

 

Xəbərlər
Redaktorun seçimi