“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.06.2021, 11:00
227

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə diasporları üçün Yol Xəritəsidir

A- A+

Fuad Muradov: "Bu tarixi sənəd ümumilikdə türkdilli ölkələrin diasporlarının birgə fəaliyyət strategiyası üçün yeni üfüqlər açır" 

Şuşa Bəyannaməsində həyati əhəmiyyətə malik bir çox sahələri, o cümlədən diaspor fəaliyyətinə dair məsələlər əksini tapıb. Ortaq tarix və mədəniyyətə malik qardaş xalqların diasporlarının qarşılıqlı əsasda əlaqələri gücləndirməsinin ifadə olunduğu tarixi sənəd Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti üçün sözün əsil mənasında Yol Xəritəsi təsiri bağışlayır.

Bu fikirləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) Şuşa Bəyannaməsinin müvafiq bəndini şərh edərkən bildiriblər. Qeyd olunub ki, DİDK ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi (YTB) arasında imzalanmış diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu Şuşa Bəyannaməsindən irəli gələn yeni vəzifələr əsasında daha sıx işbirliyinin formalaşmasına səbəb olacaq. Belə ki, diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyi ölkələrdə artıq təcrübə mübadilələri deyil, birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək, yeni ortaq koordinasiya şuralarına keçid məsələləri gündəmə gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuşa Bəyannaməsində yer alan diasporlararası məsələləri şərh edərkən bunun gələcək perspektivlərə hesablandığını bildirib: “Bu tarixi sənəd Azərbaycan və Türkiyə diasporunun, ümumilikdə Türkdilli ölkə diasporların birgə fəaliyyət strategiyası üçün yeni üfüqlər açır. Diasporlarımıza mənəvi ruh yüksəkliyi verən Bəyannamə bu sahədə milli prioritetləri müəyyənləşdirməklə yanaşı, yeni yol xəritəsi kimi qarşımıza olduqca ciddi vəzifələr qoyur. Bu daha da məqsədyönlü və intensiv tərəfdaşlığımıza böyük töhfədir. Bu əməkdaşlığımızın inkişafına təkan verəcək”.

Diasporlarımızın müasir inkişafı üçün mühüm əhəmiyyət daşıyan proqram xarakterli sənəddə müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəyi bəyan edilir. Qeyd olunur ki, Tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

Beləliklə, bu günədək “Bir millətin iki diasporu olmaz” ideyası ilə ortaq dəyər və mədəniyyətimizi təbliğ edən, problemlərimizin dünyaya çatdırılmasında birgə addımlayan diasporumuzun qarşısında daha ciddi işbirliyi, birgə fəaliyyət tələb edən üfüqlər açılıb. Şuşa Bəyannaməsində diaspor fəaliyyətinin tam olaraq birləşdirilməsi bəndinin yer alması indiyədək aparılmış işlərin məntiqi davamı, dövlət başçıları səviyyəsində yüksək dostluq münasibətlərinin, xalqlar arasında mövcud bağların daha da möhkəmləndirilməsi, bütün sahələrdə birgə fəaliyyətə dayanıqlı və davamlı stimul yaradılması deməkdir. Bundan sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor fəaliyyətinin əlaqələndirilməsi, türk dünyasının birləşmiş diaspor hərəkatının formalaşdırılması istiqamətində apardığı davamlı işlər artıq yeni bir müstəvidə, daha səmərəli və dayanıqlı platformalar üzərindən inkişaf etdiriləcək.

Xalqlarımız üçün önəmli təqvim günləri və onların təbliği, dünyada mövqelərimizin möhkəmləndirilməsi məqsədilə daha təsirli vasitələrin tətbiqi istiqamətində yeni konsepsiyanın müəyyənləşdirilməsinə, çoxsaylı türkdilli diaspor qurumlarının birləşdirilməsinə, xüsusilə Xocalı soyqırımı və qondarma “erməni genosidi” ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ortaq fəaliyyət strategiyasının qurulması zərurəti yaranıb. Məhz bu zərurətdən irəli gələrək son illər DİDK tərəfindən Türkiyənin eyniprofilli qurumu və ümumilikdə türk diasporlarının yaxınlaşması, səmərəli əməkdaşlığı istiqamətində bir sıra mühüm addımlar atılıb. Bu xüsusda, Türk Şurası tərəfindən “Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı”nın qəbul edilməsini göstərmək olar. Eləcə də DİDK ilə YTB arasında imzalanmış Memorandum çərçivəsində hər iki qurumun rəhbərliyi arasında qarşılıqlı səfərlər, faydalı görüşlər keçirilib, Bakı, Ankara, Berlin və Nyu-Yorkda təcrübə mübadiləsi proqramları gerçəkləşdirilib.

Eyni zamanda, DİDK sədri Fuad Muradovun 2018-ci ilin noyabrında ABŞ-a səfəri zamanı Vaşinqtonda Türkiyə-Amerika Təşkilat Komitəsinin (TASC-Turkish-American Steering Committee) həmsədri Günay Evinç və Komitə üzvləri ilə görüşünü xüsusi qeyd etmək lazımdır. Görüşdə gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi, xüsusilə Vaşinqton kimi dünyanın siyasi mərkəzləri olan şəhərlərdə vahid strategiya üzrə fəaliyyət göstərilməsi qərara alınıb. DİDK sədri elə həmin səfər zamanı Kaliforniyada Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Can Oğuz və türk diaspor təşkilatlarının rəhbərləri, fəalları ilə də görüşüb. Hər iki görüşdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.

Beləliklə, qarşımızda qoyulan mühüm vəzifə və funksiyaların yerinə yetirilməsi ilə Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsində vahid diaspor hərəkatı mütəşəkkil xarakter alacaq və daha səmərəli fəaliyyət həyata keçiriləcək. Bununla da “Bir millətin iki diasporu olmaz” şüarı sözdə deyil, real həyatda öz əyani təsdiqini tapacaq.

Xəbərlər
Redaktorun seçimi