“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.03.2010, 20:16
417

«Soyqırım» qətnaməsi Ankara-Yerevan dialoqunu vurdu

A- A+

Konqresdəki səsvermə ilə Türkiyə-Ermənistan protokollarının təsdiqi mümkünsüz hala gəldi

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində «erməni soyqırımı» qətnaməsinin müzakirəsi gözlənilən nəticə ilə yekunlaşdı. Martın 4-ü Bakı vaxtilə saat 19-da başlanan və gecə saat 1-dək sürən iclas qətnamənin 23 səs lehinə, 22 əleyhinə olmaqla qəbulu ilə başa çatdı.

Nümayəndələr Palatasının erməni məsələləri üzrə qrupunun (konqresmenlər Adam Şiff və Mark Kirk tərəfindən) təqdim etdiyi 252 saylı qətnaməyə görə, ABŞ prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri rəsmi olaraq «erməni soyqırımı» kimi səciyyələndirməli və hər il 24 apreldə ölkənin erməni mənşəli vətəndaşlarına müraciətdə məhz bu termindən istifadə etməlidir.

İclas öncəsi komitədəki qüvvələr nisbəti erməni tərəfin xeyrinə olsa da, beş saata yaxın davam edən müzakirələr olduqca gərgin keçib. İclası Türkiyə və Ermənistan parlamentinin deputatları, eləcə də Amerika erməni icmasının rəhbərləri də müşahidə ediblər.

Layihənin dəstəkçilərindən olan komitə sədri, kaliforniyalı konqressmen Hovard Berman iclasında əvvəlindəki çıxışında deyib ki, Türkiyənin ABŞ-ın mühüm və etibarlı tərəfdaşı olması «erməni soyqırımı» reallığından boyun qaçırmağa əsas verməməlidir: «ABŞ erməni soyqırımını tanımalı, mənəvi məsuliyyətini yerinə yetirməlidir».

Komitə sədri 2009-cu ildə imzalanmış Türkiyə-Ermənistan protokollarına da toxunaraq deyib ki, türk tərəfi sənədlərin ratifikasiyasını ləngidir, bu prosesi Qarabağ münaqişəsinin həllinə bağlayır. Bununla bağlı Türkiyə baş nazirinin bəyanatlarını misal gətirən Bermanın sözlərinə görə, Ankara Qarabağ məsələsini önə sürməklə protokolları təsdiq etmək istəmir.

Komitə sədrinin mövqeyini bölüşən konqresmenlər Edvard Roys, Dana Rorabaker, Lin Vulsli, Cim Kosta, Cozef Krouli, Kristofer Smit və digərləri vurğulayıblar ki, Amerikanın 42 ştatı, NATO ölkələrindən 11-i 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri «erməni soyqırımı» adlandırıb. Qətnamənin lehinə çıxış edənlər əksər etibarilə demokrat konqresmenlər (Kaliforniya, Massaçusets və digər ştatlar) olub.

İclasa 1915-ci il olaylarını yaşadığı iddia olunan 97-105 yaşlarında üç erməni də dəvət edilmişdi. Konqresmen Geri Akerman qoca erməniləri göstərərək “Onlar buraya ədalət üçün gəliblər. Biz onları daha nə qədər gözlədəcəyik” deyə bildirib.

Konqresmen Bred Şerman isə bildirib ki. Türkiyənin qətnaməyə sərt reaksiya verəcəyindən ehtiyatlanmaq lazım deyil. Onun sözlərinə görə, Türkiyənin sərt münasibəti uzun sürməyəcək: «Fransa erməni soyqırımını tanıyanda Türkiyə bu ölkə ilə ticarət əlaqələrinin pozulacağını bildirmişdi. Amma türklər bu ölkə ilə ticarət dövriyyəsini dörd dəfə artırıblar”.

Layihənin əleyhinə çıxan respublikaçı azlığın rəhbəri İleana Ros-Letinen qeyd edib ki, qətnamənin Konqresdə tanınması NATO müttəfiqi kimi Türkiyənin ABŞ-a münasibətini dəyişdirər, İraq və Əfqanıstandakı silahlı qüvvələrin təhlükəsizliyini azalda bilər.

Bu fikrə Bill Delahant və Ras Karnahan da qoşulublar. Onların fikrincə, Türkiyə-Ermənistan protokolları bütün bölgədə sabitlik yaratmaq potensialına malikdir və qətnamənin qəbulu nə Türkiyə, nə Ermənistan, nə də ABŞ-a xeyir gətirəcək.

Konqresmenlər Mayk Pens, Dən Barton, Cerald Konnoli, Maykl Makmahon da layihəyə qarşı çıxıblar.

Ümumilikdə iclasda xarici əlaqələr komitəsinin 50 üzvündən 46-sı iştirak edib. Müzakirələrdən sonra keçirilən səsvermə öncə layihənin əleyhinə (22-20-yə) olsa da, komitə sədri Berman fasilə elan edərək zalda olmayan 4 konqresmenin qayıtmasını gözləyib.

Nəticədə səsvermə prosesi bir saatdan çox çəkib və sənəd 23 konqresmenin (17 demokrat, 6 respublikaçı) lehinə, 22 nəfərin (13 respublikaçı, 9-demokrat) əleyhinə səsi ilə qəbul olunub. Bir konqresmen (Shila Jackson) səsvermədə iştirak etməyib.

Müqayisə üçün bildirək ki, 2005-ci ilin sentyabrında eyni qətnamə Nümayəndələr Palatasının komitəsində qəbul olunarkən onun lehinə 35, əleyhinə isə cəmisi 11 konqresmen səs vermişdi. 2007-ci il oktyabrın 10-da səsverməyə çıxarılan 106 saylı qətnamə 27 lehinə, 21 əleyhinə olmaqla qəbul olunmuşdu.

Eyni zamanda, istər 2007 və 2005-ci illərdə, istərsə də daha öncə - 2000-ci ildə komitələrdən keçən qətnamələr sonradan ABŞ administrasiyasının müdaxiləsi nəticəsində Nümayəndələr Palatasının ümumi müzakirəsinə çıxarılmayıb və beləcə proses dayandırılıb.

Hazırkı layihənin də Nümayəndələr Palatasının gündəminə gələcəyi şübhə doğurur. Hərçənd bu məsələdə prezident Barak Obamanın mövqeyindən çox şey asılıdır.

Qeyd edək ki, prezident Obama layihənin müzakirəsinə faktiki müdaxilə etməyib və yalnız iclas gedən zaman dövlət katibi Hillari Klinton komitə sədrinə zəng edərək ABŞ administrasiyasının qətnamənin əleyhinə olduğunu bildirib. Dövlət katibi layihənin qəbul ediləcəyi təqdirdə Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların risk altında qalacağını nəzərə çatdırıb.

Bir gün öncə, martın 3-də bu məsələ ABŞ və Türkiyə prezidentlərinin telefon danışığında da müzakirə olunmuşdu. Məlumatlara görə, Obama qətnamənin Konqresdən keçməməsi üçün Türkiyəyə Ermənistanla imzalanmış protokolların ratifikasiyasını sürətləndirməyi tövsiyə edib.

Ümumilikdə görünən odur ki, ABŞ administrasiyası «soyqırımı» qətnaməsinə münasibətdə bir qədər məsafəli davranaraq əslində bu yolla Türkiyəni Ermənistanla protokolları təsdiqləməyə məcbur etmək istəyir. Güman ki, Amerika tərəfi «soyqırımı» qətnaməsinin Nümayəndələr Palatasına gələ biləcəyinə eyham vuraraq Türkiyəyə qarşı bu təzyiq-təşviq diplomatiyasını 24 aprelədək sürdürəcək.

Türkiyə isə Nümayəndələr Palatası komitəsinin qərarına sərt təpki verməklə bu yöndə təzyiqlərə boyun əyməyəcəyini nəzərə çatdırıb. Komitənin qərarından dərhal sonra Türkiyə hökuməti bəyanat yayıb: “Türk xalqının heç vaxt törətmədiyi bir cinayətdə ittiham edilməsini pisləyirik”. Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan müzakirələr üçün geri çağırılıb.

Türkiyə prezidenti Abdullah Gül Amerika konqresmenlərinin qərarının təkcə Türkiyə-ABŞ əlaqələrinə deyil, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına da ziyan vuracağınını bildirib. Prezident tarixi reallıqdan uzaq və təktərəfli olan bu qərar türk xalqı tərəfindən tanınmadığını vurğulayıb: «Siyasi dividentlərə hesablanmış bu qərarın tarixə qarşı haqsızlıq olduğunu bəyan edirəm».

Baş nazir Rəcəb Tayyib Ərdoğan da amerikalı konqresmenlərin qərarını pisləyib.

Məsələ ilə bağlı mətbuat konfransı keçirən XİN başçısı Əhməd Davudoğlu isə Nümayəndələr Palatası komitəsinin qərarının Türkiyə-Ermənistan normallaşma prosesinin dayanmasına gətirə biləcəyini deyib: “Bu qərar türklərlə ermənilərin böyük tarixi barışını əngəlləməkdədir”.

Türkiyə XİN rəhbəri dünya ermənilərinə və Ermənistana səslənərək ikili məsələləri üçüncü tərəfin müdaxiləsi olmadan müzakirə etməyə və çözməyə çağırıb: «Gəlin, üz-üzə oturub hər şeyi müzakirə edək. Tarix yazmağı üçüncü ölkələrə həvalə etməyək. Amerikada qəbul edilən qərar bu yolun nə qədər yanlış olduğunu göstərdi. Bir səs “hə” deyil, “yox” ola bilərdi. Tarixə bu qədər qeyri-ciddi münasibət ola bilərmi?”

Davudoğlu ermənilərə çağırışında tarixçilərdən ibarət birgə komissiyanın yaradılması barədə Türkiyənin daha əvvəl irəli sürdüyü təklifi təkrarlayıb: “Parlamentlər vasitəsilə tarixi hökm vermək yerinə, gəlin üz-üzə danışaq, arxivlərimizi açaq. Bizə təzyiq etməyə çalışmaq Türkiyəni tanımadığınızı göstərəcək. Türkiyə heç vaxt təzyiqlərə boyun əyməz”.

Nazir Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının Qarabağ problemi ilə əlaqəsi barədə amerikalı konqresmenlərin tənqidlərinə də cavab verib. Türkiyə XİN rəhbəri bildirib ki, Cənubi Qafqaza daimi sülhün yaranması önəmlidir: “Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəmirlərsə, bunu söyləsinlər, biz də işimizi bilək. Biz həm Ermənistanla münasibətləri normallaşdırmaq, həm də azəri-erməni barışı istəyirik. Azərbaycan torpaqlarına da sülh gəlməlidir”.

Türkiyənin «soyqırımı» qətnaməsi ilə bağlı bundan sonra atacatı addımlara gəldikdə isə, nazir konkret qərarların müzakirələrdən sonra veriləcəyini deyib. Jurnalistlərin “Türkiyədəki Amerika bazasının taleyinin müzakirəsi, Əfqanıstandakı türk əsgərlərinin geri çağırılması mövzuları gündəmə gələ bilərmi” sualına cavabında nazir deyib: “Səfirimiz gəldikdən sonra bu məsələləri müzakirə edəcəyik. Nazirlər Kabinetində də müzakirə aparacağıq. Prezident, müxalifət partiyalarının liderləri ilə də görüşə bilərik. Bu, bizim üçün milli qürur məsələsidir”.

Konqresdəki müzakirəni bilavasitə izləmiş Türkiyə parlamentinin xarici işlər komissiyasının sədri Murad Mərcan isə bundan sonra Türkiyə-Ermənistan protokollarının təsdiqinin daha mümkünsüz hala gəldiyini deyib. Onun sözlərinə görə, mövcud vəziyyətdə «protokolların TBMM-in gündəminə gətirilməsi təhlükəlidir”.

ABŞ Konqresinin Türkiyə üzrə işçi qrupunun həmsədrləri də “erməni soyqırımı” layihəsi bəyanat yayıblar. «Bu sənəd ABŞ-ın Türkiyə ilə əlaqələrinə və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərəcək», - deyə konqresmenlər Ed Vitfild, Key Grenger və Stiv Kohenin imzaladığı bəyanatda bildirilir.

Bu arada ABŞ dövlət katibi Hillari Klinton da məsələyə münasibət açıqlayıb. O ümidvar olduğunu bildirib qətnamə Nümayəndələr Palatasının müzakirəsinə çıxarılmayacaq. Kosta-Rikaya səfəri gedişində jurnalistlərin sualını cavablandıran xanım Klinton deyib ki, layihənin Nümayəndələr Palatasının gündəliyinə salınmasına ehtiyac yoxdur.

Vüqar Orxan, “525-ci qəzet”, 06.03.2010.

 * * *

Mövzuya dair:

Amerikalı ekspert: “Protokolların Türkiyə parlamentində ratifikasiyasına əsas maneə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasıdır” 

-09.03.2010-

“Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin “erməni soyqırımı” ilə bağlı qərarı Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının sonu deyil”.

Bunu
APA-nın Vaşinqton müxbirinə açıqlamasında ABŞ-ın nüfuzlu düşüncə mərkəzlərindən biri olan RAND korporasiyasının Avropa təhlükəsizliyi şöbəsinin rəhbəri Stiven Larrabi deyib. O bildirib ki, protokolların Türkiyə parlamentində ratifikasiyasına əsas maneə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasıdır: “Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyiş əldə olunmadan Türkiyə parlamentinin protokolları ratifikasiya etməsi ehtimalı azdır”.

Analitikin fikrincə, Xarici Əlaqələr Komitəsindəki səsvermə Türkiyəni narahat etsə də, qətnamə Nümayəndələr Palatasında səsverməyə çıxarılmasa, ABŞ-Türkiyə münasibətlərində ciddi problem yaranmayacaq: “Komitədəki səsvermə yox, bütövlükdə palatadakı səsvermə vacibdir. Bəzi məlumatlara görə, Obama administrasiyası palatanın rəhbərliyi ilə qətnamənin səsverməyə çıxarılmayacağı barədə razılıq əldə edib. Əgər bu məlumatlar doğrudursa, gərginlik azalacaq”.

Siyasi elmlər doktoru, Nyu-Yorkda müxtəlif kolleclərdə siyasət, tarix və hüquq elmlərini tədris edən Mark Meirovitz isə hesab edir ki, komitənin qərarı lüzumsuzdur: “Məncə Xarici Əlaqələr Komitəsi tarixi hadisələri dəyərləndirmək üçün uyğun platforma deyil. Düşünürəm ki, erməni soyqırımı qətnaməsi ABŞ-Türkiyə münasibətlərini zədələyəcək. Bu sənədin heç bir əhəmiyyəti yoxdur və qəbul olunmamalıdır. Türkiyə hökuməti sakit olmalı, öz enerjisini Ermənistanla münasibətləri normallaşdırmağa sərf etməli, hadisələri araşdırmaq üçün komissiya yaratmalıdır. Nə qədər ki, Nümayəndələr Palatası qətnaməni qəbul etməyib, zərər məhdud olacaq. Hətta palata qətnaməni qəbul etsəydi belə, bu, tövsiyə xarakterli sənəd olacaqdır".

Xəbərlər
Redaktorun seçimi