“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.01.2014, 17:03
5254

Əməkdaşlığın xronikası

Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır. 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.

1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 (1994) saylı qətnamə qəbul etmişdir.

3 fevral 1995-ci ildə AŞPA Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın «xüsusi dəvət edilmiş qonaq» statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

17- 18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.

28 iyun 1996-cı il tarixində AŞPA Bürosu Azərbaycana «xüsusi dəvət edilmiş qonaq» statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə Avropa Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilmişdir.

22 aprel 1997-ci ildə keçirilən AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 (1997) saylı qətnamə qəbul edilmişdir.

10-11 oktyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən 2-ci zirvə toplantısında iştirak etmiş, Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlamışdır. 

20 yanvar 1998-ci ildə  Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında» sərəncam imzalamışdır.

3 fevral 1998-ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi Respublika Prezidentinin qanunvericilik təşəbbüsü əsasında ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul etmişdir (1993-cü ildən etibarən ölüm hökmünün icrasına faktiki surətdə moratorium qoyulmuşdur.) 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.

21 oktyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti «Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında» sərəncam vermişdir. 

2000-ci il martın 23-25-də AŞPA Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin siyahısını göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır. Bir neçə gün sonra, martın 27-28-də  Azərbaycan Respublikasının Xarici İşlər Naziri V. Quliyev Strasburqa səfər edərək Milli Məclisdə təmsil olunmuş siyasi partiyalar tərəfindən imzalanmış öhdəliklərin siyahısını və Azərbaycanın 8 Avropa Şurası konvensiyasına qoşulması barədə ratifikasiya sənədlərini Avropa Şurasının Baş Katibinə təqdim etmişdir.

26 – 28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyası keçirilmişdir; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir. 6 sentyabr 2000-ci ildə Avropa İttifaqının üzvü olan ölkələr adından Sədrlik (Fransa) tərəfindən Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlük üçün müraciətləri ilə bağlı bəyanat qəbul edilmişdir. Bu dövlətlərdə mövcud olan siyasi şəraitin müəyyən zaman kəsiyində Avropa Şurası tərəfindən müdafiə olunan dəyər və prinsiplərə uyğun şəkildə inkişaf edəcəyinə ümidin ifadə olunduğu bu bəyanatda bildirilir ki, Katiblik tərəfindən göstərilən məsələ haqqında hazırlanmış təhlillərin bu iki dövlətin qoşulmasının siyasi və maliyyə tərəfləri ilə əlaqədar olaraq, Avropa Şurası Nazirlər Komitəsinin Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun (GR-EDS) 15 sentyabr 2000-ci il tarixində keçiriləcək iclasında nəzərdən keçirilməsi üçün ona ötürülməsi və onun tərəfindən bu məsələyə dair hazırlanmış məruzənin Nazirlər Komitəsində nəzərdən keçirilməsi Avropa İttifaqının üzvü olan dövlətlər tərəfindən məqsədəuyğun hesab edilir.

10 oktyabr 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab V. Quliyev Strasburqa səfər etmiş və bu təşkilatın Nazirlər Komitəsinin iclasında çıxış etmişdir. Nazir V. Quliyev səfər çərçivəsində üzv dövlətlərin Səfirləri, Avropa Şurasının Baş Katibi V. Şvimmer, Avropa Şurası Parlament Assambleyasının Sədri Lord Rassel-Conston, Avropa Şurası Katibliyinin Siyasi məsələlər üzrə Baş Direktoru, Avropa Şurasının Nazirlər Komitəsinin Katibi ilə görüşərək qarşılıqlı maraq doğurun bir sıra məsələləri müzakirə etmişdir.

7-9 noyabr 2000-ci il tarixində keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı 14 (2000) saylı Qətnamə qəbul edilmişdir. Bu sənəddə aşağıdakı qərarlar öz əksini tapmışdır: 

1. Azərbaycanın Avropa Şurasına üzv olmağa və Nizamnaməyə qoşulmağa dəvət edilməsi;

2. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər həddində müəyyənləşdirilməsi;

3. Bu qətnamənin əlavəsinə uyğun şəkildə Azərbaycanın Avropa Şurasına müxtəlif bölgülü maliyyə ödəmələrinin miqdarının müəyyənləşdirilməsi.

Bu sessiyada qəbul olunmuş “Ermənistan və Azərbaycan: Avropa Şurasının üzvlüyünə dəvət” adlı Qərarda Azərbaycanla bağlı aşağıdakı müddəalar təsbit edilmişdir:

1. Nazirlər Komitəsinin Sədri və Azərbaycanın Xarici İşlər Naziri arasında 2000-ci ilin oktyabrında aparılmış məktub mübadilələrinə uyğun olaraq, ölkənin demokratik inkişafının müntəzəm şəkildə, zərurət yaranarsa bu məqsədlə təsis edilmiş işçi qrupların köməyi ilə izlənməsi;

2. Azərbaycan hökumətindən bir ay ərzində seçkiləri müşahidə üzrə beynəlxalq missiya tərəfindən ilkin qeyd və yekunlar üzrə bəyanatda edilmiş tənqidlərə cavab məruzəsinin təqdim olunması və qeyd edilən saxtakarlıqlarda düzəlişlərin edilməsinin xahiş edilməsi;

3. Nümayəndələrin, Avropa Şurası Parlament Assambleyasının növbəti hissəvi sessiyasından əvvəl keçiriləcək 737-ci (17 yanvar 2001-ci il) iclasına qədər məruzə edəcək monitorinq qrupunun yaradılması;

4. Venesiya Komissiyasını Konstitusiya, seçki qanunu və mətbuat haqqında qanunda Avropa Şurası standartlarına uyğun şəkildə islahatların aparılması məqsədilə Azərbaycan hakimiyyət orqanlarına yardım göstərməyə dəvət edilməsi;

5. Həm Nazirlər Komitəsi, həm də Parlament Assambleyası qarşısında götürülmüş öhdəliklərə müvafiq olaraq, Azərbaycan hökumətindən Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmaq üçün Ermənistan hökuməti ilə birgə səylərini gücləndirməyin xahiş edilməsi.

20 noyabr 2000-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə Azərbaycanla bağlı aşağıdakılar qərara alınmışdır:

1. Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun (GR-EDS), özünün, Avropa Şurası Parlament Assambleyasının 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti hissəvi sessiyasına qədər bütün iclaslarının gündəliyinə “Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi” adlı bənd daxil etməyə dəvət edilməsi;

2. Monitorinq Qrupunun ("Aqo" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya (Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun Sədri qismində) nümayəndələrindən təşkil edilməsi. 

3-4 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Sədri, Latviyanın Xarici İşlər Naziri cənab İ.Berzinş Latviya, Almaniya, Niderland və İsveçin həmin təşkilat yanında Səfirləri ilə birlikdə Bakıda səfərdə olmuşdur. Nümayəndə heyəti Bakıda Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər Naziri, Konstitusiya Məhkəməsinin Sədri və digər şəxslərlə görüşlər keçirmişdir.

6-9 yanvar 2001-ci ildə İtaliyanın Avropa Şurası yanında Daimi Nümayəndəsi P. Erkole Aqonun rəhbərlik etdiyi və Niderland, İsveç, Türkiyə, Yunanıstan Səfirlərindən təşkil edilmiş digər nümayəndə heyəti yuxarıda qeyd edilən məsələlərlə əlaqədar olaraq Bakıda səfərdə olmuş, Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər Naziri, Konstitusiya Məhkəməsinin Sədri, Mərkəzi Seçki Komissiyasının Sədri və digər şəxslərlə görüşlər keçirmişdir.

17 yanvar 2001-ci ildə AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN NÜMAYƏNDƏLƏR SƏVİYYƏSİNDƏ KEÇİRİLMİŞ İCLASINDA AZƏRBAYCAN RESPUBLİKASININ AVROPA ŞURASINA TAMHÜQUQLU ÜZV QƏBUL EDİLMƏSİNƏ DAİR QƏRAR QƏBUL EDİLMİŞDİR.

25 yanvar 2001-ci il tarixində Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir.

24-27 aprel 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etmişdir. Cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində nümayəndə heyətimiz tərəfindən elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri uğurla Avropalıların diqqətinə çatdırılmışdır. Belə ki, sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış «Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması» adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış «Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları» adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanmışdır.

10-11 may 2001-ci il tarixində Strasburqda  keçirilmiş Avropa Şurası Nazirlər Komitəsinin 108-ci sessiyasında ilk dəfə olaraq, Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab V. Quliyev iştirak etmişdir. 

4-7 iyul 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə “Aqo” Monitorinq qrupu Azərbaycana səfər etmişdir.

23 yanvar 2003-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması barədə öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin Genişləndirilmiş Bürosunun iclası keçirilmişdir. İclasda Azərbaycan tərəfindən Xarici işlər nazirinin müavini A. Əzimov iştirak etmişdir.

27 yanvar 2003-cü il tarixində AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, cənab İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse Prezidenti seçilmişdir.

2 aprel 2003-cü ildə AŞPA Azərbaycan tərəfindən ilk dəfə olaraq İnsan hüquqları üzrə Avropa Məhkəməsinə irəli sürülmüş namizədlər arasından hakimi seçmişdir. Belə ki, səsvermə nəticəsində Azərbaycan tərəfindən irəli sürülmüş X. Hacıyev 83 səs toplayaraq Avropa Məhkəməsinə hakim seçilmişdir. 

9-12 iyul 2003-cü il tarixlərində Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə “Aqo” Monitorinq qrupunun Azərbaycana növbəti səfəri baş tutmuşdur.

24-26 noyabr 2003-cü ildə Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin payız sessiyasında Konqres rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikasının Ədliyyə naziri F. Məmmədov iştirak etmişdir. Səfər zamanı Ədliyyə naziri, həmçinin, İtaliyanın regional məsələlər üzrə Naziri E. Loqia, Avropa Şurasının Baş katibi V. Şvimmer və digər rəhbər şəxsləri ilə görüşlər keçirmişdir.

7-9 aprel 2004-cü ildə Avropa Şurasının Baş katibi V. Şvimmer Azərbaycana səfər etmişdir.

28-29 aprel 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyev Strasburqa səfər etmiş və Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşmüşdür. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri P. Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim etmişdir.

18-21 noyabr 2004-cü ildə Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə “Aqo” Monitorinq qrupu Azərbaycana səfər etmişdir.

8-9 dekabr 2004-cü ildə Xarici işlər nazirinin müavini M. Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Avropa Komissiyası və Avropa Şurası arasında Cənubi Qafqaz bölgəsində demokratik sabitliyin təşviq edilməsi, gücləndirilməsi və münaqişələrin qarşısının alınması üzrə Birgə Proqram”a dair dəyərləndirmə hesabatının müzakirə və təsdiq edilməsi üçün müvafiq tərəflərin iştirakı ilə Strasburqda keçirilən görüşdə iştirak etmişdir.

25 yanvar 2005-ci ildə AŞPA-nın qış sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416(2005) saylı Qətnamə və 1690(2005) saylı Tövsiyə qəbul olunmuşdur.  Assambleya bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırlatmış və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrini xatırlatmış və tərəfləri silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət etməsini tələb edərək, AŞ PA Bürosundan ATƏT-in Minsk konfransı ölkələrinin milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu altkomitə yaratmağı xahiş etmişdir.

16-17 may 2005-ci ildə Varşavada Avropa Şurasının üzvü olan Dövlət və Hökumət başçılarının Üçüncü Zirvə Toplantısı keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

15-16 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri E. Məmmədyarov Strasburqda işgüzar səfərdə olmuşdur. Səfər zamanı Avropa Şurasının Baş Katibi T. Devis, Avropa Şurası Parlament Assambleyasının Baş Katibi B. Haller və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir.

30 iyun-1 iyul 2005-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə “Aqo” Monitorinq qrupu Azərbaycana səfər etmişdir.

4-6 sentyabr 2005-ci ildə Avropa Şurasının Baş katibi T. Devisin Azərbaycana səfəri baş tutmuşdur.

13-14 iyun 2006-cı ildə Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə “Aqo” Monitorinq qrupu Azərbaycana növbəti səfərini etmişdir.

2008-ci il dekabrın 2-4-də Avropa Şurası üzv ölkələrinin Mədəniyyət nazirlərinin «Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda konfransı keçirilmişdir. Konfransın yekunlarına əsasən mədəniyyətlərarası dialoqun təşviqinə dair "Bakı Bəyannaməsi" imzalanmışdır. Bakı Bəyannaməsi ilə “Bakı prosesi”nin əsası da qoyulmuşdur ki, bu da mədəniyyətlərarası dialoq sahəsində müxtəlif istiqamətlər üzrə AŞ ölkələri arasında, eləcə də AŞ ilə qonşu bölgələr arasında əməkdaşlığı ehtiva edir. Konfransda həmçinin AŞ Baş Katibi T.Devis iştirak etmişdir. 

2008-ci il iyununda keçirilmiş AŞPA-nın yay sessiyası çərçivəsində, iyunun 25-də, həm-məruzəçilər Andres Herkel və Yevgeniya Jivkova tərəfindən hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzə və qətnamə layihəsi müzakirə olunmuşdur və müvafiq düzəlişlərlə 1614(2008) saylı Qətnamə qəbul edilmişdir. Qətnamədə xüsusilə diqqəti çəkən məqam, Dağlıq Qarabağ münaqişəsinə aid hissələrin ölkəmizin maraqlarına uyğun olmasıdır. Belə ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana qədər, davamlı demokratik inkişafın çox çətinliklə gedəcəyini vurğulayan Qətnamədə, BMT Baş Assambleyasının 2008-ci il martın 14-də qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” barədə Qətnaməyə istinad edilir hansı ki, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etdiyini vurğulayır və erməni qüvvələrinin dərhal işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir.

2009-cu ilin dekabrında Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərini müşahidə etmək məqsədilə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin (AYRHK) müşahidə missiyası Azərbaycana səfər etmişdir.  Missiyaya Türkiyənin AYRHK-dakı nümayəndə heyətinin rəhbəri xanım Q. Doğanoğlu rəhbərlik etmişdir. Missiya üzvləri Azərbaycan hakimiyyət qurumlarının nümayəndələri ilə görüşmüş, eləcə də yerlərə səfər edərək seçkilərə hazırlıq işləri və bilavasitə seçkilərin keçirilməsi ilə tanış olmuşlar.

2010-cu il aprelin 14-16-da AŞPA-nın yeni seçilmiş Sədri M. Çavuşoğlu Azərbaycana səfər etmişdir. Səfəri çərçivəsində AŞPA Sədri müxtəlif dövlət rəsmiləri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı Azərbaycan-Avropa Şurası münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa Şurasının oynaya biləcəyi rola dair müzakirələr aparmışdır.

2010-cu ilin 24-25 may tarixlərində Bakıda Avropa Şurasının Qadınlar və Kişilər arasında bərabərlik üzrə Nazirlər Konfransı keçirilmişdir. Konfransın yekunlarına əsasən Qətnamə və Fəaliyyət Planı qəbul edilmişdir.

AŞPA-nın 2010-cu ilin iyunun 21-25-də keçirilmiş yay sessiyası çərçivəsində iyunun 24-də “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabat dinlənilmiş və ona dair müvafiq Qətnamə qəbul edilmişdir. Hər iki sənəd əvvəlki hesabat və qətnamələrə nisbətən balanslaşdırılmış, obyektiv və qərəzsiz xarakteri ilə seçilmişdir. 

2010-cu il 8 dekabrında AŞ Nümayəndələr Komitəsinin növbəti iclasında “Aqo” Monitorinq Qrupunun fəaliyyəti ilə əlaqədar müzakirələr aparılmış və ölkədə insan hüquqlarının qorunması və demokratikləşdirmə sahəsində əldə edilmiş nailiyyətlər nəzərə alınaraq, “Aqo” Qrupunun fəaliyyətinə son qoyulmuş və ölkəmiz AŞ Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun (GR-DEM) daha sadələşdirilmiş monitorinqi altına keçmişdir. AŞ Nazirlər Komitəsinin müvafiq qərarında “Aqo” Qrupunun fəaliyyətinin bitməsi və Azərbaycan və Ermənistanın yerdə qalan öhdəlikləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi öhdəliyi üzərində monitorinqin GR-DEM-ə keçməsi təsdiqlənmişdir.

2010-cu il avqustun 1-dən etibarən Azərbaycan Respublikası AŞ Qlobal Qarşılıqlı Asılılıq və Həmrəylik üzrə Avropa Mərkəzinə (Şimal-Cənub Mərkəzi, ŞCM) qoşulmuşdur.

Avropa Şurası Nazirlər Komitəsinin 2010-cu il sentyabrın 16-da keçirilmiş 1091-ci iclasında ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəsi səfir Arif Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər və Ətraf Mühit üzrə Məruzəçi Qrupuna sədr təsdiq edilib.  

AŞPA Bürosunun 2011-ci il yanvarın 28-də keçirilmiş iclasında AŞPA-nın Dağlıq Qarabağ üzrə ad-hoc Komitəsinin fəaliyyətinin bərpasına dair qərar qəbul edilmişdir. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin Komitənin fəaliyyətinin davam etdirilməsinə qarşı yönəlmiş səylərinə baxmayaraq, qurumun yaradılmasına dair qərar AŞPA Bürosu tərəfindən yekdilliklə (Ermənistan nümayəndə heyəti istisna olmaqla) qəbul edilmişdir. AŞPA-nın İspaniyalı üzvü, cənab Jordi Xucla i Costa (Avropa uğrunda Liberallar və Demokratların Alyansı- ALDE) ad-hoc Komitənin yeni sədri seçilmişdir. AŞPA Bürosunun 2011-ci il 7 fevral tarixli qərarı ilə Komitənin yeni tərkibi müəyyən edilmişdir. Yeni tərkibə Sədrlə yanaşı, Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri, bu nümayəndə heyətlərinin müxalifətdən olan üzvləri, eləcə də hər iki ölkə üzrə AŞPA-nın Monitorinq Komitəsinin məruzəçiləri daxil edilmişdir.

2011-ci il yanvarın 26-da AŞ-nin binasında ölkəmizin AŞ-yə üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilmişdir. Tədbirdə həm Azərbaycandan həm də Avropa Şurasından yüksək vəzifəli şəxslər iştirak etmişdir. 

2011-ci il iyunun 20-də AŞPA-nın yay sessiyası çərçivəsində AŞPA-nın Dağlıq Qarabağ üzrə ad-hoc Komitəsinin ilk iclası keçirilmişdir. Xüsusi qeyd etmək istərdik ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyəti Komitənin ilk iclasında iştirakdan imtina etmiş və görüşə gəlməmişdir. 

2012-ci ilin sentyabr ayının 20-21-də AŞ üzv ölkələrinin Parlament Sədrlərinin Avropa Konfransı keçirilmişdir.  Konfransda ölkəmizi AR Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

2013-2015-ci illər üçün AŞ-Azərbaycan Fəaliyyət Planının layihəsinin müzakirəsi məqsədilə AŞ-nin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti 2012-ci il oktyabrın 30-31-də ölkəmizə səfər etmişdir. Nümayəndə heyətinə AŞ Baş Katibinin müavini xanım Q.Battaini-Draqoni rəhbərlik etmişdir.

2012-ci ilin mayın 14-15-də Ekstradisiya ilə bağlı Avropa Şurası (AŞ) Konvensiyasının 3-cü Əlavə Protokolunun imzalanması məqsədilə AR Ədliyyə Naziri F.Məmmədovun  Strasburqa səfəri təşkil edilmişdir.

2012-ci ilin 8-9 oktyabr tarixlərində AR Baş prokuroru Z.Qaralov Strasburqa səfər etmişdir. Səfərin məqsədi “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyaya 15 may 2003-cü il tarixli Əlavə Protokolu”nun Azərbaycan Respublikası tərəfindən imzalanması olmuşdur.

2012-ci ilin oktyabrında keçirilmiş Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin (AYRHK) plenar sessiyasında Azərbaycanla bağlı dinləmələr olmuş və Azərbaycanda yerli və regional demokratiyanın durumunu əks etdirən 345 (2012) saylı qətnamə və 326 (2012) saylı tövsiyə layihəsi AYRHK tərəfindən qəbul edilmişdir.

2013-ci ilin may ayının 22-24-də Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks Azərbaycana səfər etmişdir. Səfər zamanı Komissar Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri tərəfindən qəbul edilmişdir.

Mütəmadi olaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həm-məruzəçiləri Pedro Aqramunt (İspaniya) və Debono Qreç (Malta) tərəfindən Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə Azərbaycana səfərlər həyata keçirilir. Səfərlər çərçivəsində həm-məruzəçilər müxtəlif dövlət qurumlarında görüşlər keçirir, ölkəmizin Avropa Şurası qarşısında götürdüyü mövcud öhdəliklərlə bağlı fikir mübadiləsi aparırlar. 

Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin qış sessiyası çərçivəsində yanvar ayının 23-də Azərbaycanla bağlı iki məruzə müzakirə edilmişdir: “Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi” və “Azərbaycanda siyasi məhbus məsələsinin davamı”. Monitorinq komitəsinin həm-məruzəçiləri P.Aqramunt və D.Qreç tərəfindən hazırlanmış “Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi” adlı məruzənin müzakirələri zamanı, məruzəçilər bildirmişlər ki, Azərbaycan demokratiya sahəsində mühüm inkişafa nail olmuşdur. İspaniyalı məruzəçi  P.Aqramunt Azərbaycana dəstək verməyə çağırmış və bildirmişdir ki, Azərbaycanın yerləşdiyi geosiyasi məkan gərgindir və onun ərazisinin iyirmi faizi digər qonşusu Ermənistan tərəfindən işğal olunmuşdur. 

İkinci məruzə isə AŞ-nin Hüquqi məsələlər və İnsan hüquqları komitəsinin məruzəçisi Kristof Ştrasser tərəfindən hazırlanmış “Azərbaycanda siyasi məhbus məsələsinin davamı” adlı məruzə olmuşdur. Məruzə ilə bağlı çıxış edən əksər ölkələrin nümayəndələri qeyd etmişlər ki, belə bir məruzənin qəbul olunmasına ehtiyac yoxdur. Nəticədə K.Ştrasserin qərəzli məruzəsi rədd edilmişdir. 

10-11 Aprel 2013-cü il tarixində AŞ Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun (GR-DEM) Azərbaycan və Ermənistan üzrə alt qrupunun nümayəndə heyəti Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tərəqqinin nəzərdən keçirilməsi məqsədilə Azərbaycana səfər etmişdir. Səfərdən sonra, AŞ Nümayəndələr Komitəsinin 7 May 2013-cü ildə keçirilən 1170-ci iclasında Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzəni nəzərdən keçirərək, bundan sonra Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı xüsusi prosedura son qoyulması və bu sahədə tərəqqinin GR-DEM-in adi iclaslarında nəzərdən keçirilməsinə dair qərar qəbul etmişdir. 

2013-cü ilin may ayının 26-28-də AŞPA Sədri Jan-Klod Minyonun Bakıya rəsmi səfəri təşkil edilmişdir. Səfər zamanı AR Prezidenti cənab İ.Əliyev və digər yüksək vəzifəli şəxslər tərəfindən qəbul edilən AŞPA sədri Azərbaycan müstəqillik əldə etdikdən və Avropa Şurasına daxil olduqdan sonra, Azərbaycanda Avropa dəyərləri üzərində və Avropa və transatlantik əməkdaşlığa istiqamətlənmiş çiçəklənən cəmiyyət qurulması ilə bağlı həyata keçirilmiş əhəmiyyətli dəyişikliklərdən mütəəssir olduğunu bildimişdir. 

2014-cü ilin may ayından etibarən altı ay müddətində Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi həyata keçirəcək.

Mənbə: mfa.gov.az (Son yenilənmə: 2013)

 

Xəbərlər
Redaktorun seçimi