“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.04.2022, 16:00
3992

Artıq sülh sazişini imzalamağın vaxtı gəlib

A- A+

İlham Əliyev: “Ümid edirəm ki, Ermənistanla olan bütün anlaşılmazlıqlar, problemlər həll ediləcək...”

Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib.

Prezident İlham Əliyev bu sözləri aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik: “Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”.

Prezident vurğulayıb ki, mayın əvvəllərində Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək planı var.

Avropa İttifaqını Azərbaycanın mühüm tərəfdaşı adlandıran Prezident İlham Əliyev deyib: “Bizim çox geniş əməkdaşlıq gündəliyimiz var. Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər”.

Prezident qeyd edib ki, biz sülh və ərazi bütövlüyümüzün tanınmasını istəyirik. Ölkəmizdə yaşayış standartlarının Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri ilə müqayisədə qat-qat üstün olduğunu qeyd edən dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb. “Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”.

Dövlət başçısı qeyd edib ki, çox da uzaq olmayan gələcəkdə Cənubi Qafqazda sıx üçtərəfli əməkdaşlığın yaranması üçün fürsət və imkanlar var. regional layihələrin reallaşdırılmasında çox mühüm rol oynayır.

“Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”, – deyə İlham Əliyev əlavə edib.

Prezident qeyd edib  ki, Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq: “Eyni zamanda, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”.

İlham Əliyev əlavə edib ki, ötən 30 il ərzində separatçılıq və işğalçılıq siyasəti nəticəsində Ermənistan bu imkanları itirib, Cənubi Qafqaza inteqrasiya olunmayıb: “Ermənistanın üçtərəfli görüşün keçirilməsi haqqında Azərbaycan tərəfinin təkliflərini rədd etməsi, onların belə siyasəti heç bir məntiqə sığmır. Bəlkə də onlara bir qədər vaxt lazımdır, onlar burada mümkün riskləri qiymətləndirməlidirlər, lakin mən hesab edirəm ki, bu, qaçılmazdır. Biz və bizim gürcü həmkarlarımız buna hazırdır. Məncə, bu, ilk addım ola bilər”.

Prezident deyib: “Siz Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat marşrutlarını nəzərə almaqla nə qədər inteqrasiya olunduğunu bilirsiniz. Mən hesab edirəm ki, Ermənistanı regional inkişafa qoşulmağa dəvət etmək imkanları da mövcuddur. Onlar bundan faydalanacaqlar. Onlar bizim enerji resurslarımıza çıxış əldə etməklə faydalana və müəyyən dərəcədə beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilə bilərlər. Bunlar, öz-özlüyündə müəyyən gəlir gətirə bilər. Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün hətta indi proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq...”.

***

Qeyd edək ki, aprelin 28-də Şuşada işinə başlayan və ayın 29-da Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.

Beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa – dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Xəbərlər
Redaktorun seçimi