“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.12.2013, 15:28
1191

Avropa İttifaqı Azərbaycanla viza rejimini sadələşdirir

“Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində Avropanın enerji təchizatında Azərbaycanın strateji rolu vurğulanıb
A- A+

Noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.

Sammiti hazırda Avropa İttifaqına sədrlik edən Litvanın Prezidenti Darya Qribauskayte açaraq bütün tərəfdaş ölkələrin dövlət və hökumət başçılarını salamladı. O, sammit çərçivəsində imzalanacaq sənədlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Həmin sənədlərin xalqlarımız arasında əlaqələrin də möhkəmlənməsinə töhfə verəcəyini deyən Litva Prezidenti onların real həyatda əks olunması üçün güclü siyasi iradəyə ehtiyac duyulduğunu diqqətə çatdırdı.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy sənədlərin imzalanması münasibətilə tərəfdaş ölkələrin dövlət başçılarını təbrik etdi. Herman Van Rompuy Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutan sazişin imzalanması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Aİ Şurasının prezidenti bu sənədin imzalanmasını Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdıran mühüm addım kimi qiymətləndirdi. Bildirildi ki, “Şərq tərəfdaşlığı”na üzv ölkələr ilə imzalanacaq digər sənədlər də bu prosesə töhfəsini verəcəkdir.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da sənədlərin imzalanması münasibətilə təbriklərini çatdırdı, bu Sammiti əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirdi.
Ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığına yönələn səylərini alqışladığını deyən Xose Manuel Barrozu bir daha əminliyini ifadə etdi ki, III sammit “Şərq tərəfdaşlığı” proqramının nailiyyətlərini daha da artıracaqdır.

“Şərq tərəfdaşlığı” Sammitinin ruhunu əks etdirən musiqi kompozisiyası nümayiş etdirildikdən sonra sənədlərin imzalanması mərasimi oldu.

Mərasimdə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalandı. Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzaladılar.

Sonra sammitin iştirakçıları birgə foto çəkdirdilər.

* * *

Daha sonra III “Şərq tərəfdaşlığı” Sammitinin plenar iclası keçirildi. Prezident İlham Əliyev iclasda iştirak etdi.

İclasda III “Şərq tərəfdaşlığı” Sammitinin Yekun Bəyannaməsi qəbul olundu.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla altı ölkəni əhatə edən “Şərq tərəfdaşlığı” Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür.

“Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Çexiyanın paytaxtı Praqada keçirilmiş, ikincisi isə 2011-ci ilin sentyabrında Varşavada təşkil edilmişdir. Növbəti Sammit 2015-ci ildə Latviyanın paytaxtı Riqada keçiriləcəkdir.

 

Sammitin yekun bəyannaməsində Avropanın enerji təchizatçısı kimi Azərbaycanın strateji rolundan bəhs olunur

Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrə Cənub qaz dəhlizinin inşasını, Ukraynanın qaz-nəqliyyat sisteminin modernləşdirilməsini və vahid enerji bazarının yaradılmasını davam etdirməyi vəd etmişdir.

Bu müddəa Avropanın “Şərq Tərəfdaşlığı” Proqramının noyabrın 29-da Vilnüsdə başa çatan zirvə görüşünün yekun bəyannaməsində yer almışdır.

Bəyanatda deyilir: “Zirvə görüşünün iştirakçıları qarşılıqlı enerji təhlükəsizliyinin, o cümlədən tərəfdaş dövlətlərin qaz-nəqliyyat sisteminin inkişaf etdirilməsi və onların Avropa enerji bazarına mərhələ-mərhələ inteqrasiya olunmaları yolu ilə artırılmasına, habelə enerji ehtiyatlarının transsərhəd ticarətinin inkişaf etdirilməsinə yönəlmiş fəaliyyəti alqışlamışlar”.

Zirvə görüşünün iştirakçıları Cənub dəhlizi layihəsi çərçivəsində “Cənubi Qafqaz və Transadriatik qaz kəmərlərini modernləşdirmək”, habelə “Aİ ilə Xəzər regionunu birləşdirən yeni infrastruktur yaratmaq” niyyətini təsdiq etmişlər.

Zirvə görüşünün iştirakçıları Avropanın enerji ehtiyatları təchizatçısı kimi Azərbaycanın strateji rolunu xüsusi vurğulamışlar.

Zirvə görüşünün yekun bəyannaməsində təkcə Ukraynanın qaz-nəqliyyat sistemini modernləşdirmək deyil, həm də qazın revers nəqlini, o cümlədən Slovakiya ərazisi, habelə Xorvatiya, Macarıstan və Ukraynanı birləşdirən “Adriatik qaz dəhlizi” ilə nəqlini genişləndirmək niyyəti vurğulanır.

Zirvə görüşünün yekun bəyannaməsinin enerji məsələlərinə dair hissəsində Avropanın enerji ehtiyatları təchizatını təmin edən tranzit ölkə kimi Belarusun da vacib rolu vurğulanmışdır.

* * *

Viza anlaşmasında qazancımız nə olacaq?

Vilnüsdə  keçirilən Şərq tərəfdaşlığı sammitində Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi sazişi imzalanıb. Gələn il qüvvəyə minəcək bu razılıqdan sonra yaranan ilk sual sadədir: anlaşma Azərbaycana nə verəcək? Hazırda sammitdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bu barədə fikirlərini “Media forum” saytı ilə bölüşüb:

- Əvvəla, bu anlaşmaya Sengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması kontekstindən yanaşmaq lazımdır. Bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır.

Bu anlaşma Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan dəyərlidir.

Anlaşma Azərbaycanla birlik arasında assosiativ müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir.

Nəhayət, bu anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfəri üçün zəmin yaradacaq. Moldova təcrübəsi bu yanaşmanı tam olaraq təsdiq edir.

- 29 noyabr sazişi Şengen zonasına səyahət edən Azərbaycan vətəndaşlarına nə vəd edir?

- Anlaşmanın əsas məqsədi Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaq ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlərlə viza almasını özündə ehtiva edir.

Uzunmüddətli vizalarda Şengen ölkəsində qalmaq müddəti 90 gündən 180 günədək artırılacaq. Əvvəllər uzunmüddətli, məsələn, 3 illik Şengen vizası alanlar üçün birlik ölkələrində maksimum qalma müddəti 3 ay idi, indi bu rəqəm 6 ay olacaq.

Uzunmüddətli vizaların müddətİ 3 ildən 5 ilədək uzadılacaq. Yəni əvvəllər səfirliklər Şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə, indi bu zaman 5 ilədək uzadılacaq.

Müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün Şengen vizaları pulsuz təklif olunacaq. Bu kateqoriya kifayət qədər geniş təbəqəni əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir.

Şengen vizasının rəsmiləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək.

Vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq.

Viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq.

Şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan (məsələn, səhiyyə xidməti alanlar) ölkəyə qayıdaraq səfirliyi müraciət etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.

Xəbərlər
Redaktorun seçimi