“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.08.2021, 11:00
3003

"Bu gün bölgəyə tam sahibik, söz sahibiyik"

A- A+

İlham Əliyev: "Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində". 

Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlərdə tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq.

Prezident İlham Əliyev bu sözləri avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyib. Mərasimdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Dövlət başçısı bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. “Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident diqqətə çatdırıb ki, indiyədək şəhid ailələri və müharibə əlilləri olan insanlar 10 minə yaxın mənzillər, fərdi evlərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il 3 minə yaxın mənzil veriləcək və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Bu kateqoriyadan insanlara ümumilikdə 7200 avtomaşın təqdim edilib. Prezident bildirib ki, 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilir. Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olub və minlərlə insan öz əmlakını itirib.

“Təbii ki, bütün bunlar böyük vəsait tələb edir və bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir, öz hesabına edir və edəcək.

O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur. Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il – 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”, – deyə Prezident İlham Əliyev əlavə edib.

İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq

Dövlət başçısı vurğulayıb ki, müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər, sözün əsl mənasında, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir.

“Ancaq, eyni zamanda, onu da bildirmək istəyirəm ki, şəhidlərin sayı daha çox ola bilərdi. Əgər biz əməliyyatları planlaşdıranda bu amili nəzərə almasaydıq. Ona görə Ermənistan ordusu ilə müqayisədə bizdə itkilər kifayət qədər azdır. Düzdür, Ermənistan öz itkilərini gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə ən azı 7-8 min itki vermişdir. Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Burada da Azərbaycan humanistlik göstərir. Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Ancaq biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük. Biz bütün əməliyyatları planlaşdıranda əməliyyatların gedişatını izləyirdik, canlı rejimdə izləyirdik. Biz bilirik ki, düşmən ən azı 7-8 min itki verib. Azərbaycan isə 3 minədək şəhid verib. Nəzərə alsaq ki, biz əks-hücum əməliyyatı keçirirdik. Nəzərə alsaq ki, 5-6 müdafiə xətti var, böyük mühəndis istehkamları var idi, təbii relyef bizim üçün əlverişsiz idi. Anlamaq olar ki, biz insanların sağlamlığını, həyatda qalmasını nə qədər düşünürdük və buna nail olduq”, – deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq: “Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar”.

Dövlət başçısı bildirib ki, müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü: “Çünki müharibəyə qədər işğal dövründə Ermənistan tərəfi o vaxt işğal edilmiş torpaqlara heç kimi buraxmırdı. Eyni zamanda, bu məsələ ilə məşğul olan vasitəçilər də oraya getməyə o qədər can atmırdılar. Halbuki qanunsuz məskunlaşma hərbi cinayət sayılır. Əgər 1990-cı illərin əvvəllərində Ermənistan bu qanunsuz məskunlaşmanı gizlin şəkildə edirdisə, son vaxtlar o qədər azğınlaşmışdılar ki, bunu açıq şəkildə edirdilər. İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televiziyalarında hansı reportajlar gedirdi. Xaricdən – Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər. Deyirdilər ki, bəli, biz gəlmişik buraya. Bura Ermənistan torpağıdır. Biz burada yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara bizdən başqa söz deyən yox idi. Minsk qrupu onlara bir söz demirdi. Qanunsuz məskunlaşma tək Şuşada getmirdi, Cəbrayılda da gedirdi, Zəngilanda da gedirdi, Kəlbəcərdə də, Laçında da. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orda heç nə yox idi, hər şeyi dağıdıblar, bütün şəhər və kəndlərimizi yerlə yeksan ediblər”.

Prezident qeyd edib ki, ermənilər işğal olunmuş ərazilərdə 60-dan çox məscidi dağıdıblar: “Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməzliyə vurmayın. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir. Biz azad edilmiş torpaqlara xarici qonaqları, jurnalistləri, siyasətçiləri, ictimai xadimləri müntəzəm olaraq gətiririk ki, görsünlər və bilsinlər, biz təkcə öz ərazimizi işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik”.

Bəzilərinin heç yuxusuna gəlməyən işləri görürük

Dövlət başçısı daha sonra deyib: “Bu gün biz bu əraziləri bərpa edərək tarixi ədaləti bərpa edirik. Əfsuslar olsun ki, xalqımız uzun illərdir ədalətsizliklərlə üzləşir. XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar.

İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar. Xalqımıza iki böyük zərbə dəymişdi. Ondan sonra da zərbələr oldu. 1940-1950-ci illərdə Ermənistan ərazisindən - qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan oxuyurdular. Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi. Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O canlı bomba, hansı ki, 1923-cü ildə qoyuldu Azərbaycanda və o partladı o vaxt. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi. Bəzi hallarda xəyanət etdi, satqınlıq etdi. Nəticə etibarilə hələ sovet vaxtında Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycandan defakto ayrılmışdı. Orada bir xüsusi komitə yaradılmışdı. O komitəyə rəhbərlik üçün Moskvadan ermənipərəst bir adam gətirilmişdi. Hansı ki, faktiki olaraq orada ermənilərlə birləşib bizə qarşı iş aparılırdı.

Azərbaycanlılar öz doğma torpağında artıq müdafiəsiz bir topluma çevrildilər. Ondan sonrakı tarix məlumdur. Biz isə tarixi, bu antiazərbaycan siyasətini geri çeviririk. Biz bəzilərinin heç yuxusuna gəlməyən işləri görürük. Bu gün bölgəyə tam sahibik, söz sahibiyik, işğal edilmiş torpaqları azad etmişik. Bu torpaqlarda indi möhkəmlənirik”.

Prezident bir məqamı da diqqətə çatdırıb: “Mən görürəm, bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair fərman imzalandı, tarixi ədalət bərpa edildi”.

Prezident çıxışının sonunda bir daha şəhidlərimizin əziz xatirəsini yad edərək deyib: “Siz – onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır”.

Xəbərlər
Redaktorun seçimi