“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 18:12
3685

Qarabağ ədəbiyyatının ensiklopedik xronoqrafı

"Qarabağ ədəbiyyatı - ensiklopedik xronoqraf" layihəsi Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.

Layihə təşkilatımızın QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2009-cu ildən icra etdiyii "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir.

Layihədə qoyulan problemin təsviri

Hər bir xalqın yaşadığı torpaqdakı tarixinin əzəli və qədimliyini sübut edən başlıca meyarlardan biri onun yaratdığı mədəni irsdir. Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti var. Həmin mədəni zənginliyin mühüm bir qolunu Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın mədəni və ədəbi irsi təşkil edir. Bu baxımdan xalqımızın əsrlər boyu Qarabağda, özəlliklə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının başlıca hədəfi olan Dağlıq Qarabağda yaratdığı mədəni sərvətin, bu torpağın mütəfəkkir və ədiblərinin həyat və yaradıcılığının tədqiq və təbliği, dünyaya çatdırılması müstəsna əhəmiyyət kəsb edir.

Bu istiqamətdə son illərdə dövlət və qeyri-dövlət xəttilə işlər görülməkdədir. O cümlədən 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı sayəsində Qarabağın tarixindən, xalqımızın bu torpaqdakı zəngin mədəniyyətindən bəhs edən müxtəlif nəşrlər, internet saytlar hazırlanıb. Bununla yanaşı, hələ çox işlər görülməlidir. Təqdim olunan layihə də bu fəaliyyətə əlavə töhfə vermək məqsədi daşıyır.

Qarabağ tarixən Azərbaycanın mədəniyyət beşiyi olub. Bu torpaqda Azərbaycan ədəbiyyatının da zəngin tarixi var.

X-XI əsrlərdə Qarabağda müsəlman Şərqinin görkəmli mütəfəkirləri - Səid Əmirül Bərdəyi, Məhəmməd Abdulla Bərdəyi kimi mütəfəkkirlər yaşayıb. XI əsrin qarabağlı şairi Məsud Namidar "İncil"i ərəb, fars və türk dillərinə tərcümə etməsi ilə məşhurlaşıb. XVI əsrin filosof-yazarı Məhəmməd Qarabağinin əsərləri Qahirə (Misir) kitabxanasında saxlanılır. Azərbaycan ədəbiyyatında yeni milli şeir məktəbinin əsası XVIII əsrdə Qarabağda Molla Pənah Vaqif tərəfindən qoyulub və Qasım bəy Zakir tərəfindən inkişaf etdirilib.

XIX əsrdə Qarabağ ədəbiyyatı “qızıl dövrünə” qədəm qoyub, Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilib. Şuşalı rəssam, şair, alim Mir Möhsün Nəvvabın tərtib etdiyi "Tərkireyi-Nəvvab" əsərində bu şəhərdə yaşamış 100-dək ədibin adı çəkilir. Böyük şairə Xurşudbanu Natəvan, Aşıq Pəri, “Qarabağnamələr”in müəllifləri olan tarixçi yazarlar Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Mirzə Mehdi Xəzani, Əhməd bəy Cavanşir və s. bu dövrün tanınmış simalarıdır.

XIX əsrin sonu – XX əsrin əvvəlində Şuşada Azərbaycanın görkəmli ədibləri – Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi yazıçı və dramaturqlar yetişib. Müasir Azərbaycan ədəbiyyatında da qarabağlı yazarların yaradıcılığı özünəməxsus yer tutur.

Onu da qeyd etmək lazımdır ki, Qarabağ tarixən həm coğrafi-ərazi baxımdan, həm də mədəni zənginliyinə görə geniş bölgəni əhatə edib. Buraya həm Yuxarı (Dağlıq) Qarabağ adlanan ərazilər (Xankəndi, Şuşa, Ağdərə, Xocalı, Xocavənd), həm Aran (Düzən) Qarabağ (Ağdam, Bərdə, Füzuli, Cəbrayıl), həmçinin Laçın və Kəlbəcər bölgələri daxildir. Hazırlanması nəzərdə tutulan ensiklopedik xronoqraf əsasən Dağlıq Qarabağı, eləcə də vaxtilə Şuşa qəzasının tərkibinə daxil olmuş əraziləri (Ağdam və s.) əhatə edəcək. Topluda əslən Dağlıq Qarabağdan olan və Azərbaycandan kənarda yaşayıb-yaradan ədiblərə də (C.Hacıbəyli, Ə.Ağaoğlu və s.) yer veriləcək. Materiallar xronoloji qaydada veriləcək və ədiblərin həyat-yaradıcılığı, əsərləri (o cümlədən əsərlərinin elektron resursları) əhatəli, ensiklopedik şəkildə əksini tapacaq.

Qarabağdakı Azərbaycan tarixini saxtalaşdırmağa çalışan ermənilər işğal etdikləri ərazilərdə mədəniyyət abidələrimizi məhv ediblər. Bu torpağın yetirdiyi mədəniyyət xadimlərimizin, ədiblərimizin yazılı əsərləri isə yaşamaqdadır.

Ermənilərin bu əsərləri qəsb etməsi mümkün deyil. Odur ki, bu diyarda Azərbaycan ədəbi irsinin geniş təbliği, “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın (həm elektron, həm də nəşr) gələcəkdə xarici dillərdə yayılması vacib məsələdir.

Effektiv Təşəbbüslər Mərkəzinin 2009-cu ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində 2010-cu ildə “Qarabağ tarixinin salnaməsi” elektron xronoqraf hazırlanıb. Yeni layihə təşkilatımızın bu sahədə qazandığı təcrübəyə müvafiq olaraq tərtib edilib.

Layihənin məqsədi:  Azərbaycanın milli mədəni sərvətinin mühüm qolunu təşkil edən Qarabağ ədəbi irsini, bu torpaqda yaşayıb-yaratmış şair, yazıçı və mütəfəkkirləri xronoloji qaydada təqdim edən, onların həyat və yaradıcılığı, əsərləri haqqında məlumatları sistemli və əhatəli şəkildə əks etdirən “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın (elektron və nəşr variantı) hazırlanması.

Layihədən faydalananlar

Layihədən həm ölkəmizdə, həm də xaricdə Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, ədəbiyyatı, ayrı-ayrı şair və yazıçıları, mütəfəkkirləri, publisist-yazarları barədə məlumatlar almaq istəyən, habelə Azərbaycanın mədəni sərvətinin ayrılmaz hissəsi olan Qarabağ ədəbi irsinin dünyada tanınması və təbliğinə töhfə vermək istəyən hər kəs faydalana bilər:

Layihə çərçivəsində görülən işlər

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın ümumi biblioqrafiyası və adlar göstəricisinin (150-dək şair, yazıçı, mütəfəkkir, ədəbiyyatşünas, publisist-yazar) toplanması. 
  • Qədim dövrdən XIX əsrədək. 40-50 yazarın həyat və yaradıcılığı, əsərləri barədə əhatəli məlumat (o cümlədən əsərlərinin elektron resursları). 
  • XIX əsr. 50-60 yazarın həyat və yaradıcılığı, əsərləri barədə əhatəli məlumat (o cümlədən əsərlərinin elektron resursları). 
  • XX əsr və müasir dövr. 30-40 yazarın həyat və yaradıcılığı, əsərləri barədə əhatəli məlumat (o cümlədən əsərlərinin elektron resursları). 
  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqraf üzrə rus dilində mənbələrdə olan materailların tərcüməsi. 20-dək yazar (qədim dövr və orta əsrlər) haqqında.
  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqraf üzrə toplanan materialların kompyuter emalı, redaktəsi.
  • Hazır materialların müntəzəm olaraq veb-səhifədə (www.azerbaycanli.org saytında ayrıca link) yerləşdirilməsi, veb-səhifənin dizaynı (foto, illüstrasiya və s.).

Layihənin icra müddəti

Layihə 2011-ci ilin aprel-iyul aylarında icra olunub.

Gözlənilən nəticələr

  • Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın ədəbi irsini, bu torpaqda yaşayıb-yaratmış şair, yazıçı və mütəfəkkirlərin həyat və yaradıcılığı, əsərləri (o cümlədən əsərlərin mövcud elektron resursları) haqqında əhatəli məlumatları əks etdirən “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı (elektron) yaradılacaq. İndiyədək belə bir toplu hazırlanmayıb.
  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı (www.azerbaycanli.org saytında ayrıca link) Qarabağın tarixi, bu torpaqda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının keçdiyi inkişaf yolu, ayrı-ayrı yazarlar, onların əsərləri barədə məlumatlar almaq istəyən hər kəsin faydalana biləcəyi mənbə olacaq.
  • Ensiklopedik xronoqraf Azərbaycanın mədəni sərvətinin ayrılmaz hissəsi olan Qarabağın ədəbi irsinin, bu diyarın azərbaycanlı şair, yazıçı və mütəfəkkirlərinin dünyada tanınması və təbliğinə töhfə verəcək.
  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı Azərbaycanın tarix və mədəniyyətinin tədqiq və təbliği məqsədilə yaradılmış (QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə) www.azerbaycanli.org saytının daha da zənginləşməsinə, əhatə dairəsinin böyüməsinə vəsilə olacaq və bu da öz növbəsində internetdə “Virtual Azərbaycan” məkanının genişlənməsinə xidmət edəcək.

 * * *

Qeyd: Layihənin davamlılığının təmin olunması üçün gələcəkdə yeni fəaliyyətlərin həyata keçirilməsi, o cümlədən “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın kitab halında nəşr olunması, xarici dillərə tərcüməsi və yayılması nəzərdə tutulur.

 

Layihənin rəhbəri: Vüqar Orxan (Əliyev)

vuqar-orxan@mail.ru

vuqar@azerbaycanli.org

 

Xəbərlər
Redaktorun seçimi