“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.01.2014, 20:59
3261

Azərbaycan III-XVIII əsrlərdə

Azərbaycanın orta əsrlər tarixi III-XVIII yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini-ideoloji, mədəni həyatında əsaslı dəyişikliklər baş vermişdir.

III əsrin 20-ci illərindən VII əsrin I yarısınadək Azərbaycan Albaniyası və ölkənin cənub qismi (Atropatena) Sasanilər imperiyasının təsiri altında olmuşdur. Azərbaycan Albaniyası bu tarixi dövrün mühüm, müstəqil siyasi gerçəkliyi kimi diqqəti cəlb edir.

VII əsrin I yarısından etibarən Azərbaycanın şimal və cənub əraziləri Ərəb Xilafətinin tərkibinə daxil edildi. Ölkənin şimal və cənub ərazilərində yaşayan əhalinin yenidən vahid dövlət tərkibində olması Azərbaycan xalqının konsolidasiyası prosesini sürətləndirdi. Xalqın siyasi müstəqilliyə olan meyli IX əsrin II yarısından ölkədə yeni dövlətlərin meydana çıxmasını sürətləndirdi. 861-ci ildə Şirvanşahlar dövləti yarandı və həmin dövlət 1538-ci ilədək Azərbaycanın, Yaxın və Orta Şərqin həyatında nəzərəçarpacaq rol oynadı. Sacilər, Şəddadilər, Rəvvadilər, Salarilər dövlətləri XI əsrin II yarısınadək ölkənin siyasi, mədəni həyatına əhəmiyyətli təsir göstərdi.

XI əsrin II yarısından etibarən Azərbaycan Səlcuqilər dövlətinin (sonralar imperiyasının) təsiri altına düşdü. 1136-1225-ci illərdə mövcud olmuş Azərbaycan Atabəyləri dövləti bu tarixi dövrün ən qüdrətli siyasi gerçəkliyi idi və bir çox hallarda İraq Səlcuq sultanlığını öz təsiri altında saxlayırdı.

XIII əsrin 20-40-cı illərində Azərbaycan monqol hərbi yürüşlərinin obyektinə çevrildi. 1258-1357-ci illərdə mövcud olmuş Hülakular (Elxanilər) dövləti də əsasən Azərbaycanın ictimai-iqtisadi, siyasi, dini-ideoloji, mədəni potensialına istinadlanırdı. Müəyyən müddət ərzində ölkə Qızıl Orda xanlarının, Teymurilərin, Cəlairilərin və Şirvanşahların çəkişmə meydanına çevrildi.

1410-1468-ci illərdə mövcud olmuş Azərbaycan Qaraqoyunlu dövləti Azərbaycanın siyasi, ictimai-iqtisadi və mədəni tarixində önəmli rol oynadı.

XV əsrin 50-ci illərindən XVI əsrin əvvəllərinədək mövcud olmuş Azərbaycan Ağqoyunlu dövləti Azərbaycanın siyasi, ictimai-iqtisadi, mədəni təkamülündə əsaslı dönüş mərhələsinin başlanğıc məqamı kimi diqqəti cəlb edir.

Xalqımızın tarixinin 1501-1736-cı illəri Azərbaycan Səfəvilər dövlətinin yaranması, bu dövlətin tədricən imperiyaya çevrilməsi, tədrici tənəzzülü prosesləri ilə bağlıdır. XVI əsr Azərbaycan xalqının mədəni-tarixi təkamülü prosesində İntibah dövrü kimi qiymətləndirilir. Azərbaycan (türk) dilinin rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi, əski (antik) türk dəyərlərinin ədəbiyyatda, miniatür rəssamlığında, incəsənətin bir çox sahələrində İntibah həmin yüzilliyin diqqəti cəlb edən, fenomenal hadisəsi idi.

1736-1747-ci-illərdə Azərbaycan əraziləri Nadir şah Əfşarın yaratdığı dövlət tərkibində olmuşdur. Nadir şah Əfşar qətlə yetirildikdən sonra Azərbaycanın şimal və cənub ərazilərində müstəqil xanlıqlar yarandı.

Orta əsrlər ərzində Azərbaycan saysız-hesabsız dövlətlərarası müharibələrin, daxili siyasi çəkişmələrin, ictimai-siyasi, dini-ideoloji hərəkatların, təbii miqrasiya proseslərinin, müxtəlif dövlət rəhbərləri tərəfindən həyata keçirilmiş köçürmə siyasətinin və digər tarixi hadisələrin məkanı olmuş, bu isə ölkənin ictimai-iqtisadi, siyasi, mədəni təkamülünə əhəmiyyətli təsir göstərmişdir. Həmin dövrdə Azərbaycan daim qlobal və regional miqyasda baş vermiş önəmli hadisələrin mərkəzində olmuş, yaranmış bir çox dövlətlərin, böyük əraziləri əhatə edən imperiyaların metropoliyası (mərkəzi ölkəsi) olmuş, böyük türk siyasi, mədəni ocağı kimi tanınmışdır.

Yuxarıda səthi şəkildə nəzərdən keçirdiyimiz böyük tarixi dövrdə Təbriz, Dərbənd, Şamaxı, Bakı, Ərdəbil, Qəbələ, Bərdə, Beyləqan, Qəzvin, Gəncə, Naxçıvan, Marağa və b. şəhərlər Azərbaycanın ictimai-iqtisadi, dini-ideoloji, mədəni həyatında aparıcı rol oynamışlar. Bu dövr ərzində Azərbaycan dünya mədəniyyəti xəzinəsinə «Kitabi-dədə Qorqud» dastanını, müxtəlif məktəblərə və zamanlara aid olan memarlıq incilərini, Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Saib Təbrizi, Vaqif və Vidadi kimi şairləri, Səfiəddin Urməvi və Əbdülqadir Marağayi kimi musiqişünasları, Bəhmənyar əl-Azərbaycani, Nəsirəddin Tusi və Mahmud Şəbüstəsri kimi alimləri və filosofları, Təbriz miniatür məktəbinin uğurlarını və qısa icmalda öz əksini tapa bilməyən bir çox mədəni dəyərləri bəxş etmişdir.

Xəbərlər
Redaktorun seçimi