“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.01.2014, 22:28
4929

Qara dəniz hövzəsi: “soyuq müharibə”dən işbirliyinə

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) 1992-ci il iyunun 25-də İstanbulda təsis olunub. Türkiyənin o vaxtkı prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammit "soyuq müharibə"nin başa çatması və sosializm düşərgəsi ilə Qərb dünyası arasında ayırıcı xətlərin ləğv edilməsindən sonra yaranmış yeni geosiyasi reallığın göstəricisi idi. Yeni əməkdaşlıq müstəvisi kimi Qara dəniz regionunun seçilməsi də təsadüfi deyildi. Qara dəniz uzun müddət "soyuq müharibə"nin ayırıcı xətlərindən biri olmuşdu.

Odur ki, bu təşəbbüs həm də yeni geosiyasi mənzərədə Türkiyənin nüfuz və barış missiyasını təsdiqləmək niyyəti daşıyırdı. Qara dəniz hövzəsinə aid olmayan və Qarabağ müharibəsində qarşı-qarşıya dayanan Azərbaycanla Ermənistanın bu əməkdaşlığa cəlb edilməsi də Ankaranın üzərinə götürdüyü missiyanın tərkib hissəsi idi. Eyni zamanda, Azərbaycana bu əməkdaşlıq formatında önəmli yer ayrılması gələcək regional layihələrdə ölkəmizin oynayacağı strateji rolun etiraf edilməsi idi. Sonrakı proseslər Azərbaycanın Qara dəniz-Qafqaz-Xəzər dənizi regionunun kilid ölkəsi, Avropa-Asiya enerji və nəqliyyat dəhlizlərinin qovuşduğu strateji məkan olduğunu təsdiqlədi.      

1992-ci ildə İstanbulda imzalanan «Bosfor bəyannaməsi"nə 9 ölkə (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) imza atmışdı. 1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, ən son isə Serbiya (2004-cü ildə) təşkilata üzv oldu.

1994-cü ildən QİƏT-in Parlament Assambleyası (PA) fəaliyyət göstərir.

1998-ci ilin Yalta sammitində QİƏT-in nizamnaməsi (1999-cu il mayın 1-dən qüvvəyə minib) qəbul edildi, onun daimi katibliyi (İstanbul şəhərində) yaradıldı. 1999-cu ilin 8 oktyabrında BMT Baş Assambleyasının 54-cü sessiyasından QİƏT-ə BMT-də müşahidəçi təşkilat statusu verilib. Sonrakı dövrdə təşkilatın bir sıra sttukturları, Qara dəniz İqtisadi Ticarət Bankı, QİƏT Fondu və s. təsis olunub. Təşkilatda sədrlik 6 ayda bir dəyişir.

Qurumun başlıca məqsədi region ölkələri arasında iqtisadi münasibətləri inkişaf etdirməkdir.

Hazırda quruma 12 ölkə (Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Yunanıstan, Bolqarıstan və Serbiya) daxildir.

QİƏT-in toplantılarında müşahidəçi statusuna malik 10-dan çox ölkənin (Avstriya, Almaniya, ABŞ, İtaliya, Polşa, Slovakiya, Misir, İsrail, Xorvatiya, Tunis və s.), eləcə də BMT, Avropa Birliyi, ATƏT, Dünya Ticarət Təşkilatı, Dünya Bankı və s. təşkilatların nümayəndələri iştirak edirlər.

Lakin üzv ölkələt arasında iqtisadi işbirliyi yetərli səviyyədə deyil. QİƏT üzvü 12 ölkənin xarici ticarət dövriyyəsinin həcmi 700 milyard dollar olduğu halda, üzv ölkələr arasındakı ticarət dövriyyəsinin cəmi 600 milyon həcmində (2008-ci il) olması da buna sübutdur.

Azərbaycan ötən müddətdə QİƏT-in təşkilat kimi daha səmərəli tərəfdaşlıq müstəvisinə çevrilməsi istiqamətində mühüm səylər göstərib. Ölkəmiz QİƏT Fondu və Qara dəniz İqtisadi Ticarət Bankı vasitəsilə bir çox layihələrə dəstək verir.

Bununla yanaşı, Azərbaycan rəhbərliyi dəfələrlə diqqətə çatdırıb ki, QİƏT məkanındakı münaqişələr regional əməkdaşlığın qarşısında ciddi maneə olaraq qalır. Regionda sabitliyin bərqərar olması üçün mühüm maneə Dağlıq Qarabağ münaqişəsidir.

QİƏT-ə üzv ölkələrdə separatizm probleminin regional əməkdaşlığa əngəl törətdiyi Gürcüstan tərəfindən də daima vurğulanır.

Yeri gəlmişkən, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər olmasa da, QİƏT-in İstanbuldakı katibliyində bu ölkənin nümayəndəliyi fəaliyyət göstərir.

Hazırladı: Vüqar Orxan (vuqar-orxan@mail.ru)

 

Xəbərlər
Redaktorun seçimi