“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.10.2014, 19:21
13720

Rafiq Səməndər. 24 gün əsirlikdə (sənədli povest)

- 24 gün girovluqda…

- Yox, xahiş edrəm, girov yazmayın.

- Niyə?

- Mən əsir olmuşam… 24 gün əsirlikdə olmuşam.

- Neçə ilin müharibəsində hələ əsir sözü işlənməyib axı…

- Yox, məni əsir yazın, mən əsir olmuşam.

- Yaxşı, qoy siz deyən olsun. 24 gün əsirlikdə.

- Ay sağ ol… Bax belə…

* * *

«Xalq» qəzeti. 16 noyabr, 1991-ci il.

«Noyabrın 14-də Stepanakertdə (niyə Xankəndində yox?! - R.S.) avtomatlarla silahlanmış erməni yaraqlılar dəstəsi vilayət prokurorluğunun binasına soxulub ölümlə hədələyərək Azərbaycan Respublikası Prokurorluğu istintaq şöbəsinin prokuroru Şükür Rzayevi tutub girov aparmışlar. Cinayətkarlar onu avtomaşına əyləşdirib maşını naməlum tərəfə sürmüşlər».

Azərbayacan Respublikası Prokurorluğunun mətbuat qrupu.

* * *

Əsirliyin 1-ci günü.

14 noyabr. 1991-ci il. Xankəndi… Vilayət komitəsinin birinci binası. Səhər saat 10:00. Otaqların birində telefon zəng çalır.

- Bəli.

- Prokuror Rzayevi olar?

- Bu dəqiqə…

Pəncərə qabağında əyləşən prokuror adını eşidib ağır-ağır telefona sarı gəlir.

- Bəli…

- Sabahınız xeyir, yoldaş Rzayev.

- Sabahınız xeyir olsun, kimdi danışan?

- Ayrapetyandı, yoldaş prokuror.

- Hə, eşidirəm, Robert…

- Yoldaş prokuror, dünən tapşırdığınız sənədlərin hamısını yığıb hazırlamışıq, neyləyək?

- Lap yaxşı, indi gəlirəm.

- Gözləyirik, yoldaş prokuror.

- Gəlirəm, gəlirəm, - deyib Rzayev dəstəyi yerinə qoyub, cəld asılqandan papağını, paltosunu götürüb otaqdan çıxır.

Yazıçı:

- Yoldaş prokuror, zəhmət olmasa, bir ayaq saxlayıb bizi başa salın görək, hara gedirsiniz, o Ayrapetyan kimdi, hansı sənədləri hazırlayıb belə?

(içimdə öz-özümə verdiyim bu sualdan sonra bir anlıq Şükür bəyin çönüb mənə sarı baxan zəhmli gözlərini gördüm. Kipriklərini qırpmadan gözlərimin içinə baxırdı).

Prokuror: - Ayrapetyan kim olacaq? Əvvəla, erməni, sonra da köpəyoğlunun dal ayağı. Vilayət prokuroru Plavski vardı ha, vertolyotda bizimkilərlə öldürdülər, onun müavini idi… Lap əvvəllər - Bakıda işləyəndə isə mənim işçim olub. 1979, 1980, 1981-ci illərdə Respublika Prokurorluğunda məhkəmələrdə baxılan cinayət işlərinə nəzarət şöbəsinin rəisi ldim, bu Ayrapetyan Robert də həmin şöbədə prokuror işləyirdi. Çörəyimizlə böyüyüb. Məni də yaxşı tanıyır. Bilir ki, mənnən necə danışmaq olar. Sonradan bu Ayrapetyanı Bakıdan Şaumyan rayonuna prokuror göndərdilər… Oradan da vilayət prokuroruna müavin gəlib… Dünən (yəni noyabrın 13-də, 1991-ci il - R.S.) mən onu çağırmışdım obkoma ki, filan-filan işlərlə niyə məşğul olmursuz?

- Hansı filan-filan işlərlə?

- Əşşi, o qədər iş var ki…

- Məsələn, biri…

- Məsələn, elə dünən SSRİ Daxili İşlər komandanı var idi, Savkin, gəlib obkomun binasından hökumət telefonu ilə Respublika hərbi komissarı Qasımova zəng eləyib dedi ki, bu erməni kəndlərindən bir adam da olsa əsgərliyə gəlmir… Mən də bu Ayrapetyanı çağırıb dedim ki, balam, prokurorluq niyə tədbir görmür?.. Dedi görrük… Dedim, hanı, hansına cinayət işi qaldırmısınız? Gördü ki, sıxışdırıram, tez biclik eləyib qayıtdı ki, yoldaş prokuror, siz də bizi incidirsiz. Odey, 20-21 kənddə erməni ölümü ilə bağlı cinayət işi qaldırıb, tapşırıqlar göndərmişik. Cavab vermirlər, bizi saymırlar. Mən də rəhmətlik İsmətlə…

- Allah rəhmət eləsin.

(İsmət Qayıbov Respublika prokuroru idi. O vaxt vertolyot qəzasına yenicə düşmüşdü - R.S.)

- Allah rəhmət eləsin. Hə, rəhmətlik İsmətlə onun müavini məni Xankəndinə göndərəndə tapşırdılar ki, onların icraatları ilə də məşğul olum. Hə… mən də bu Ayrapetyan şikayət eləyəndə ki, onları saymırlar, tapşırıqlarına cavab vermirlər, qayıtdım ki, get o sənədlərin hamısını hazırla, mən baxıb məşğul olacağam. İndi Ayrapetyan həmin sənədləri hazırlayıb. Mən də Obkomun binasından çıxıb Vilayət prokurorluğunun binasına gedirəm ki, o sənədlərlə məşğul olum…

- Saat neçədir, yoldaş prokuror?

- On birə işləyib…

… 14 noyabr. 1991-ci il… Səhər saat on birə işləmiş prokuror Şükür Rzayev Xankəndinin baş küçəsiylə prokurorluğun binasına tərəf addımlayır. Görəsən, bu küçəylə, bu səkiylə son illər bir türk belə sərbəst, qorxusuz-hürküsüz addımlayıbmı?!. Bir müsəlman ayağı dəyibmi, görən, bu küçəyə, bu səkiyə?!. Dünyanın işinə bir bax, öz torpağımız, öz şəhərimiz, öz küçəmiz, öz səkimiz öz ayaqlarımıza həsrət qalıb… Şükür Rzayev isə Xankəndinin xan küçəsiylə xan-bəy kimi yeriyir… Geriyə baxmadan gedir… gedir… Xəyalən mən də onunla addımlayıram. Siz də gəlin ardımca…

Bu da Vilayət prokurorluğunun binası. Şükür Rzayev həyətə gərir… Orda qabağına Ayrapetyan çıxır.

- Xoş gəlmisən, Şükür Rzayeviç… Həmişə sən gələsən. Buyur, keç içəri… Necəsən: Nə var, nə yox? Necə yatmısan… maşallah, havalar yaxşı keçir bu il…

(Ayə, bu Ayrapetyan Şükür müəllimi nə çox istəyirmiş. Vallah, buna heç erməni demək olmaz. Elə bil can-ciyərdi kişiynən?)

Şükür müəllim içəri keçib paltosunu çıxara-çıxara Ayrapetyana baxır,

- Düz deyirsən, Robert, havalar yaxşı keçir.

Robert prokurorun paltosunu alıb asılqandan asanda ürəyindən nələr keçirdi - onu bir özü bilir, bir də Allahı. Ancaq dönəndə tülkü kimi gülümsəməyini gizlədə bilmədi.

- Ancaq, Şükür Rzayeviç, hayıf ki, təkcə havalar yaxşı keçir. (Burada Şükür müəllimin bayaq dediyi bir cümlə yadıma düşdü: «Robert mənim işçim olub. Bilir ki, mənnən nə təhər danışmaq olar».)

- Robert, o hava məsələlərinə siz baxırsız, - deyib prokuror otaqdakı ikinci masanın arxasında əyləşən erməniyə əl uzatdı…

Robert o dəqiqə yaxına gəlib tanış elədi.

- İstintaq şöbəsinin rəisidi. Volodya Osipyan. Şükür müəllim Robertin iş masasının üstündə onun üçün hazırlanmış qovluqları görüb əyləşdi… Götürüb tək-tək işlərlə tanış olmağa başladı. Tanış olduqca müxtəlif suallar, göstərişlər verdi. Qeydlər, məsləhətlər elədi, tələblər irəli sürdü. Amma eyni zamanda da hiss edirdi ki, bu qeydlərin, məsləhətlərin, tədbirlərin hamısıyla Ayrapetyanla Osipyan üzdə razılaşır, içlərində isə büküb atırdılar küncdəki zibil yeşiyinə. Nəhayət, küncdəki «zibil» yeşiyi dolanda otağın qapısı «təpik»lə açıldı. Hay-küylə içəri dörd nəfər avtomatlı girdi…

Yazıçı:

- Bir dəqiqə üzr istəyirəm, Şükür bəy.

Prokuror:

- Buyur.

- Əvvəla, zəhmət olmasa deyin, otaqda neçə saat işlədiniz?

- Təxminən bir-iki saat…

- Sonra, otaq neçənci mərtəbədəydi?

- Küçədən birinciydi, həyətdən baxanda ikinci.

- İçəri girənlər saqqallı idi?

- Biri saqqallı idi, üçü yox.

- Geyimləri necəydi?

- Sovet ordusunun geyimindəydilər.

- Hansı dilşdə danışırdılar?

- Rus dilində.

… Beləliklə, Ayrapetyanın otağı zərblə açılır, içəri dörd nəfər əli silahlı hay-küylə girir.

- Tərpənməyin, vuracağıq.

- Əllər yuxarı,

- Səsiniz çıxmasın.

- Tez olun, qaldırın əllərinizi.

Yazıçı:

- Cəm halında danışırlar axı… Onlara da deyirdi bəyəm, əllərinizi qaldırın yuxarı?

- Yox… təkcə mənə… biri dayandı qapının ağzında, üçü cumdu üstümə.

- Bəs, Ayrapetyanla Osipyan neylədi?

- Osipyanın ürəyi gedib yıxıldı. Ayrapetyan isə dimdik dayanıb durmuşdu. Sonradan biləcəyəm ki, bu işləri elə Ayrapetyan özü qurubmuş…

(Ayrapetyanın dimdik durmasına inanıram. Ancaq Osipyanın ürəyi gedib yıxılmasına yox. - R.S.)

Erməni yaraqlıları otaqda qorxusuz-hürküsüz Şükür bəyin qollarını burur… Avtomatın lüləsiylə gicgahına döyəcləyir, qundağıyla böyrəklərinə vururlar… Şükür bəyin qollarını isə burmaq o qədər də asan deyildi… Qoluzorlu kişiydi. Qolu sıyrılıb ermənilərin əlindən çıxırdı.

«Bu nə hərəkətdi, neyləyirsiz?» - deyirdim. Onlar isə ermənicə söyürdülər.

«Ubyom»… deyib necə vurdularsa, Şükür bəy böyrü üstə yerə yıxıldı… Ermənilər tez üstünü alıb gözlərini qara əskiylə bağladılar. Qollarından tutub küçəyə sürüitdədilər. O anda Şükür bəy heç nə görməsə də, ermənilərin səsini eşidirdi… Acıqlı çığır-bağır, söyüş… Həyətdə qollarından yapışıb ayağa qaldırdılar. Arada kimsə dedi:

- Düş qabağımıza…

Şükür bəysə ayaqlarını hara atırdı, bilmirdi… Ancaq hiss edirdi ki, küçəyə sarı gedir. Küçədə onu saxlayıb, maşının qapısını açıb içəri itələdilər.

- Tez ol… tez ol…

Avtomat lülələri bədənini az qala deşik-deşik eləyirdi. Hər tərəfində bir erməni oturub, qolundan bərk-bərk yapışmışdı… Söyüşə-söyüşə, dümsükləyə-dümsükləyə ermənicə danışırdılar. Maşın yerindən tərpənəndə kiriyib bir qədər rahat nəfəs aldılar. Hiss olunurdu ki, əməliyyatı belə rahatca yerinə yetirməklərinə sevinirlər.

Yazıçı:

- Şükür bəy, doğrudan əskinin arxasından heç nə görmürdünüz? Axı o cür tələsikdə bağlanan əskinin harasındansa işıq ucu gəlməliydi…

- Azca… Burnumun kənarlarından… O da ancaq yeri görürdüm. Ayaqlarımı, maşının içini görürdüm… Bir də dərə-təpə maşın yellənəndə qabaq iki oturacağın arasında qoyulmuş ratsiyanı görürdüm.

- Hiss eləmədiniz nə maşın idi?

- Qaz 21 - köhnə volqa…

Qaz-21 - köhnə volqa hansı yolla gedirdi, hansı yoxuşları qalxıb, hansı enişləri enirdi - yaraqlılardan başqa heç kəs bilmirdi. Dünyanın ən böyük faciəsidir: doğulub boya-başa çatdığın torpaqlarda - ana torpaqda səni gözüyumulu yadellilər, yad əllilər aparırlar, apara-apara söyürlər, təhqir edirlər, sənsə heç nə görmürsən… Öz torpağında səni hara aparırlar, bilmirsən… Niyə aparırlar, bilmirsən… Bircə gülləyə qurbanmı aparırlar? Görəsən, dünyanın bundan ağır, bundan qara dərdi varmı?  Çətin… çox çətin… O anlarda, o yollarda, o dərə-təpələrdə görəsən nə düşünür, nə danışırdı Şükür bəy?

- Heç nə. Neç nə yadımda deyil… Elə bil adamın gözləri bağlı olanda, ürəyi, düşüncəsi, hissiyyatı da bağlı olur…

- Görən neçə il, neçə ay, neçə saat, neçə ömür yol gediblər?

- Bilmirəm, mənə elə gəlirdi ki, bu yol tükənən deyil.

… Kim keçə bilər bu yolu? Heç kim, heç kim. Torpağımız böyük, meşələrimiz geniş, dağlarımız, düzlərimiz saya gəlimsiz. Yollarımız isə dostun, düşmənin üzünə açıq…

Yazıçı:

- Şükür bəy, təxminən neçə saat yol getdiz?

- Məncə, bir saat… Çox olmazdı. Bilmirəm hansı kənd idi, gəlib saxladılar. İtələyə-tələyə məni düşürtdülər maşından. Dar bir pilləkənlə qalxızdılar yuxarı. Qapını açdılar… Qapı cəftələrinin yumşaq açılmasından hiss elədim ki, adam yaşayan evlərdəndir… İtəlyib içəri saldılar… Ayağım taxta döşəməyə dəyəndə gözlərimi açdılar. Adi bir yaşayış evi idi. Görünürdü ki, bu evdə yaşayanları qabaqcadan harasa köçürüblər. Dər-divardan hələ insan nəfəsi gəlirdi… İstilik duyulurdu. Ancaq qapı-pəncərələr hər tərəfdən pərdəylə örtülmüşdü. Biri qolumdan tutub itələdi: «Keç otur». Gözüm açılandan ilk dəfə məni gətirən bu vəhşilərə diqqətlə baxdım. Baxdım gördüm ki, onlar da mənə vəhşi kimi baxır. Əyin-başımı diqqətlə süzürdülər.

Yazıçı:

- Əyninizdə nə var idi ki?

- Mülki geyimdə idim… Bizim geyim, bizim xidməti işarələr hərbçilərin general mayor nişanələrinə çox oxşayır. Hiss etdim ki, bu nişanlar onları həm təəccübləndirib, həm də çaş-baş salıb. Hiss elədim ki, indicə məni döyəcəklər.

- Otaqda neçə nəfər idilər?

- Ən azı iyirmi nəfərə yaxın…

… İyirmi nəfərin qəzəbli gözü ona zillənmişdi. İyirmi nəfərin qan tutmuş gözləri… İyirmi nəfərin yumruğu, söyüşü, hədəsi ona zillənmişdi. Bir anlıq prokuror gözlərini qırpmadan, rəngi avazımadan, dizləri əsmədən bu vəhşilərin üstünə qalxdı.

- Əgər kişisiz, biriviz qabağa gəlin. Qabaqcadan xəbərdarlıq edirəm, söysəz, söyəcəm, vursaz, mən də vuracağam. Sizin heç birinizdən dalaşmada geri qalan deyiləm. Yaşıma baxmayın, Sovetskidə böyümüşəm. Yəqin bilirsiz, Bakıda Sovetskidə adam nəyi bacarır, nəyi bacarmır. Əlimdə bıçaq yerlərinə baxın… (Hələ onlara boks üzrə respublika çempionu oldığımı demədim…) Yenə deyirəm ha… kişisiz, təkbətək gəlin…

Ermənilər ona baxıb o ki var güldülər:

- Ha… ha…ha-a-aa…

Ancaq gülə-gülə təkbətək gəlməkdən də qorxdular… Gülüb-gülüb özləri sakitləşdilər… Ancaq heç birisi Şükür bəyə yaxın durmadı. Heç kim Şükür bəyə əl qaldırmadı.

Yazıçı:

- Sizcə, niyə əl qaldırmadılar. Qorxdular ki, sizdən?

- Yox… Qorxmadılar… Mənə elə gəlir ki, yaşıma hörmət elədilər.

- Onların neçə yaşı olardı ki?

- 22, 23, 24, 30-a kimi… Çox olmazdı. Sonralar bildim ki, niyə onlar mənə əl qaldırmayıblar…

- Niyə?

- Vaxtı gələndə açaram.

Evin bir küncündə kətilin üstünə çökən prokuroru döymədən, söymədən dindirməyə başladılar. İyirmi nəfərin hərəsi bir sual verirdi. İyirmi nəfərin hərəsinin ağzından bir avaz eşidilirdi:

- Sumqayıt qırğını yadınızdan çıxıb?

- Prezidentiniz nə fikirləşir? Necə adamdır?

- Xalq Cəbhəsinin planlarından xəbərin var?

- Hücuma nə vaxt keçəcəksiniz?

- Son vaxtlar hansı silahları almısınız?

- Neçə min ordunuz var?

- Bakı qırğını necə, yadınızdadır?

- Qarabağ bizimdir, bunu bilirsiz?

- Əsas qüvvələriniz harada yerləşir?

- Əsas hücumunuz nə vaxt olacaq?

- Sizə kimlər kömək edir? Türklər, yoxsa iranlılar?

- Bunlar bir kənara, bircə kəlmə deyin görək, hücuma nə vaxt keçəcəksiz, vəssalam, bizə, sizdən başqa heç nə lazım deyil.

Prokuror: - Bütün əsirliyim boyu bircə onu hiss etdim ki, ermənilər bizdən it kimi qorxur. Hər dəfə qorxa-qorxa, səsləri titrəyə-titrəyə soruşurdular: «hücuma nə vaxt keçəcəksiniz?»

- Cavab vermirsən, eləmi?

- Biznən danışmaq istəmirsən, eləmi?

- Məsləhət verərdik danışasan, onsuz da son danışığın olacaq.

- İt kimi gəbərdəcəyik səni…

- Danış… danış dedim sənə…

Ermənilər qışqırıb boğazlarını yırtır, avtomatları Şükür bəyin üstündə yellədir, hədələyir, əl qaldırır, ancaq vurmurdular, təpik çəkir, yenə vurmurdular…

- Cavab vermirsən, hə… Onda səni bu dəqiqə çıxarıb çölə gəbərdərik…

Şükür bəy ermənilərin ürəyini boşaldıb heydən düşdüklərini görən kimi əvvəl ağır-ağır dilləndi, sonra isə birdən-birə coşdu:

- Yaxşı, gəlin açıq danışaq. Soruşursuz Sumqayıt qırğını yadındadı? Mən də sizdən soruşuram, kim saldı qırğını? Hə? Niyə dinmirsiz?.. Bunu hamı bilir ki, bu qırğını elə siz ermənilər saldız. Sübutlar, faktlar, şahidlər, kino lentləri var… Sonra Bakı qırğını da eləcə… Ermənistandan o qədər azərbaycanlını döyə-döyə, öldürə-öldürə başıaçıq, ayağıyalın çöllərə qovduz. Öləni öldü, qalanı qaldı. Yadıvızdan çıxıb… Soruşursuz neçə min ordunuz var. bilmirsiz? 7 milyon. Bəli, bəli. 7 milyon azərbaycanlı uşaqdan tutmuş böyüyünədək torpağını qorumağa qalxıb… Deyirsiz Qarabağ sizindir. Hardan sizin oldu bu torpaq? Hardan? Özünüzü dünyanın ən ağıllısı, ən oxumuşu sayırsız. Erməni cızmaqaralarından başqa, harda rast gəlmisiz ki, Qarabalğ sizindir? Qulağınızı yaxşı açıb eşidin, Qarabağ bizimdir, bizim olub, bizimki də qalacaq… Bunu birdəfəlik sırğa edib asın qulağınızdan…

Şükür bəy özü də bilmədən coşmuşdu.

- Qışqırma. Qışqırma üstümüzə - deyə ermənilərdən biri Şükür bəyin üstünə cumdu ki, vursun. Avtomatın qundağını necə qaldırdısa, eləcə də aşağı endirdi, ona görə endirdi ki, Şükür bəy o avtomatın zəhmli qundağı altında gözünü belə qırpmadı. Erməni Şükür bəyin üstünə gəldiyi kimi də geri qayıtdı:

- Bunu ancaq güllələmək lazımdır.

Sonra qapının ağzında dayanan ermənilərdən biri Şükür bəyin gözlərinin içinə baxa-baxa düz üstünə gəlməyə başladı. Asta-asta, ağır-ağır, özündən razı bu erməninin belə gəlişdə məqsədi deyəsən qorxutmaqdı Şükür bəyi. Şükür bəy isə heç yerindən qımıldanmadı. Erməni gəlib düz Şükür bəyin yarım addımlığında dayandı. Prokuror onu altdan-yuxarı, erməni isə onu çox diqqətlə yuxarıdan aşağı süzdü…

Yazıçı:

- Niyə belə edirdilər bu ermənilər, a Şükür bəy?

- Bilirsən, bunlar əvvəl-əvvəl mənə psixi təsir göstərməyə çalışırdılar. İçəridən sındırmaq istəyirdilər məni. Mən də o qədər belə dələduzlarla üzbəüz oturmuşam ki… Bilirsən, ola bilər sən bir adamı, deyək düşmənini sümükləri sınıncaya qədər döyüb əzişdirə biləsən, ancaq o içəridən əgər bütöv qalıbsa, sən ona heç nə eliyə bilməyəcəksən. Bunlar da indi məni əvvəlcə içəridən döymək istəyirdilər… Mən də ki, hərtərəfli özümü ələ alıb dayanmışdım.

- Ustunuzə gələn bu erməni cavan idi, yoxsa?

- Yaşı az olardı… Ancaq gecə-gündüz bu dağda-dərədə dolaşdıqlarından vəhşiləşmişdilər, az qala qocalıb, qartımışdılar.

- Bir söz dedi?

- Yox… cibindən qara yaylığı çıxarıb gözlərimi bağladı… Əlini cibinə atanda da qorxuzmaq istədi məni. Heç gözümü də qırpmadım.

Küncdə köhnə kətilin üstündə oturan Şükür bəy bu cavan-qoca erməninin gözlərinin içinə baxa-baxa, gözləriynən didib parçalayırdı onu. Cavan erməni Şükür bəyin yaşlı gözləri önündə davam gətirə bilmədi. Əlini cibinə atıb bayaqkı qara yaylığı çıxartdı. Yaylığı bürmələyib Şükür bəyin gözlərini bağlayanda erməni fikirləşdi ki, nə ola bu qoca türk bir balaca əl-qol atıb gözlərini bağlamağa qoymaya. Bəhanəsi ola. Onda bu cavan erməni otaqdakı bu kimsəsiz qoca türkə bir neçə şapalaq vurardı. Ürəyi soyuyardı… Şükür bəy isə tükünü belə tərpətmədi. Erməni də içində qovrula-qovrula qaldı. Bəhanəsiz vurmaq isə ona ləzzət eləmirdi.

Yazıçı:

- Şükür bəy, otağın içində gözlərini niyə bağladılar?

- Əvvəlcə mən də heç nə başa düşmədim. Elə bildim güllələməyə aparırlar… Bilirsiz, gözlərimi bağlayanda bir az deyəsən qorxmağa başladım. Sonra gözlərimi bağlayıb kənara çəkildilər və heç bir komanda-filan olmadı. Onlar da nəsə gözləyirdi, mən də… Sonra da bildim ki, əsl dindirilmə hələ indi başlanırmış. Məni dindirən adamın üzünü görməyim deyə gözlərimi bağlayığlar.

… Qarabağda bir qara otaq. Şükür bəyin gözləri bağlı, otaqdakı ermənilərinsə gözü açıq. Əslində isə hər şey əksinə idi. Şükür bəyin gözləri apaçıq idi. Ermənilərinsə gözlərini ilahi bağlamışdı, ancaq xəbərləri yox idi. Bu vaxt qapı açıldı. İçəri kim girdi, onu Şükür bəy görmədi. Ancaq səsini eşitdi…

- Adınız, familiyanız, atanızın adı.

Şükür bəy bir anlıq susdu… Sonra soruşdu:

- Mənimləsiz?

- Bəli… Xahiş edirik suallarımıza düzgün və tez cavab verəsiniz. Beliəliklə, adınız, familiyanız, atanızın adı.

- Rzayev Şükür Həbib oğlu.

- Harada və nə vaxt anadan olmusunuz?

- 1929-cu ildə, Şuşada.

- Harada işləyirsiniz? Peşəniz, ailəniz.

- Sıravi hüquq işçisiyəm - deyən kimi Şükür bəy qarşısındakı ermənilərin gülməyini eşitdi.

- Heç olmasa əyninizdəki general-mayor formasına baxıb vəzifənizi düzgün deyin.

Şükür bəy hiss etdi ki, əynindəki formayla vəzifəsini düz tutuşdurmayıb. O dəqiqə zarafata keçdi:

- Əynimdəki formanı görmürəm, gözlərim bağlıdır.

- Aydındır. Ailəniz haqqında danışın.

- Adi ailədir. İki oğlum var.

- Harda işləyirlər?

- Bakıda orta məktəblərin birində müəllimdir.

- Adları nədir?

- Sərdar, Səlim.

- Evlidirlər?

- Xeyr, hələ evləndirməmişəm.

- Bəs həyat yoldaşınız harda işləyir?

- İşləmir, evdar qadındır.

Yazıçı:

- Şükür bəy, dindirən adam hansı dildə sorğu-sual aparırdı?

- Rus dilində. Arabir yanındakılara ermənicə nəsə deyirdi.

- Danışığından hiss eləmədiniz, yerli erməni idi, yoxsa gəlmə?

- Yox, siftə dindirən yerli erməni idi. Ona görə də gözümü bağlamışdılar ki, tanımayım onu. Hələ çox şey soruşdular məndən. İndi o qədər yadımda qalmayıb. Ancaq bir şeyi bilirəm ki, ad-familiyamdan başqa bütün faktları dəyişib dedim. Oğlanlarımın adına və iş yerinə qədər… Heç qızımın olduğunu demədim. Həya elədim.

- Oğlanlarınız həqiqətən müəllimdir?

- Xeyr, ikisi də hüquq sistemində işləyir, adları Rəşid, Rövşən... Rəşid evlidir, bir oğlu da var. Həyat yoldaşım Solmaz xanım da ali təhsillidir. Biologiya elmələri namizədidir. Botanika İnstitutunda işləyir.

… Dindirmə əməliyyatı başa çatan kimi gedən getdi, qalan qaldı. Şükür bəyin gözləri açılanda otaqda beş erməni qalmışdı. Şükür bəy xeylaq gözlərini ovuşdurdu. Handan-hana gözlərinə işıq gəldi. Gözlərinə işıq gələn kimi də dər-divarı süzməyə başladı. Sanki bayaqdan bu otaqda deyilmiş. İlk dəfə qapı-pəncərəyə diqqətlə baxdı.

Hiss olunurdu ki, adam yaşayan evdir. Döşəmədə köhnə palaz… Otağın hər tərəfində bir dəmir çarpayı. Ortada odun peçi. Görünür, bir qədər əvvəl ev yiyələrini harasa göndəriblər. Dər-divardan hələ yaraqlı demirəm, insan qoxusu gəlirdi…

… İkisi peçin qırağında, üçü də qapı ağzında əyləşən erməni yaraqlılarının beşinin də gözü Şükür bəyə zilləmişdi. Şükür bəy də dər-divarı tamam süzüb qurtarandan sonra erməniləri süzməyə keçdi… Baxışları erməni baxışlarıyla toqquşan anda bayırdan fit səsi eşidildi… Hiss olunurdu ki, içəridəkilərdən birini eşiyə çağırırlar… Elə də oldu. Qapının kəndarında əyləşən ermənilərdən biri qalxıb daldalı qapıdan çıxdı. Bir qədər keçəndən sonra əlində qəfədan və bir bağlamayla qayıtdı. Gəlib qəfədanı peçin üçtünə qoydu… Bağlamanı isə peçin yanında səliqəylə açmağa başladı.  Çiynindəki avtomatın qundağı mane olsa da, erməni peçin qırağında yüngülvari süfrə açdı.

Yazıçı:

- Şükür bəy, süfrədə nə var idi?

- İnanırsan, gözümə heç nə görünmürdü.

- Səhər çörək yemişdiz ki?

- Hardan? Deyəsən, bir stəkan çay içmişdim.

- Bəs, acmamışdız?

- Heç çörək yadıma düşmürdü.

Yaraqlı erməni avtomatın qundağını dala çəkə-çəkə nəhayət, süfrəni birtəhər aça bildi… Qış havası… odun peçi… isti otaq, pıqqapıqnan qaynayan şəfədan, peçin yanında açılan süfrə… Və ac-susuz adam. Əslində, həmin ac-susuz, yorğun-halsız adam üçün yuxarıda adlarını çəkdiklərimdən daha vacib heç nə ola bilməz. Ancaq ac-susuz, mənən döyülmüş-söyülmüş, yorğun-əzgin Şükür bəyin gözlərində bunların hamısı bir-birinə qarışmışdı və gözü heç nə görmürdü.

- Yaxın gəl, çörək ye, - deyə süfrə açan erməni avtomatın qundağıyla Şükür bəyə işarə elədi.

Şükür bəy dinmədi… Otaqdakı ermənilərin hamısı süfrə başına toplaşdı. Və elə əyləşdilər ki, bir oturumluq yer də Şükür bəyə qaldı. Yenə həmin erməni üzünü Şükür bəyə tutdu.

- Gəl, gəl çörək ye…

Şükür bəy bu səfər çörəyin xətrinə ağır-ağır cavab verdi:

- Nuş olsun, siz yeyin…

Süfrədəki o biri erməni pendir-çörəyi loxmalayıb ağzına ata-ata?

- Acmamısan? - deyə soruşdu.

- Yox, toxam, - deyə Şükür bəy bu dəfə özündən ixtiyarsız cavab verdi və gözünü də süfrədən çəkdi ki, acmadığını bir daha büruzə versin…

Bayaq süfrəni açan erməni əl boyda təndir çörəyinin üstünə bir tikə penqdir qoyub Şükür bəyə uzatdı:

- Al, ye… sonra acıyanda bunu da tapa bilmərik. Səmimi deyilmiş bu sözlərdən sonra Şükür bəy həmin erməninin əlindən o pendir-çörəyi aldı. Aldı və heç nə demədi… Erməni də ondan cavabmı, çoxsağolmu heç nə gözləmədən üzünü süfrəyə çevirdi. Ermənilərin üzü  süfrəyə dikiləndə Şükür bəy çörəkdən bir loxma qoparıb pendirlə ağzına atğdı… Atdı və…

Prokuror iki barmağının yarısını göstərir:

- İnan ki, bu boyda çörəyi qoyurdum ağzıma, nə qədər çeynəyirdim, Allah-Allah, mən belə şey görməmişdim. Bir loxma çörək adamın ağzında nə qədər böyüyərmiş?!. Çeynəyirdim, çeynəyirdim, uda bilmirdim ki, uda bilmirdi.

… Elə bil çörək verən erməni Şükür bəyin bu vəziyyətini görüb ona bir stəkan çay uzatdı.

- Niyə yeyə bilmirsən, hələ çörəkdi. O loxma çörəyi çeynəyə-çeynəyə Şükür bəyin fikri hardasa lap uzaqlarda idi. Erməninin səsi onu xəyaldan ayırdı və o erməninin nə dediyini Şükür bəy, əslində, heç eşitmədi də. Gözünü o uzaq nöqtədən çəkib buğlanan çaya baxdı. Şükür bəy çayı görüb sevindi və loxmanı o dəqiqə udub erməninin əlindən çay stəkanını aldı. Aldı və tez də loxmanın üstündən bir qurtum içdi ki, loxma onu boğmasın.

Bir loxma çörəyin əlindən qurtulan Şükür bəy bir anlıq sevindi və rahatca qurtum-qurtum çay içməyə başladı.

… Ermənilər çörəyini yeyib hərə öz yerinə çəkildi. Süfrəni salan erməni yenə eləcə avtomatın qundağı əlinə ilişə-ilişə süfrəni yığışdırıb bir küncə qoydu. Sonra qalxıb çarpayıların birini Şükür bəyə göstərdi:

- Burda yatacaqsan…

Prokuror:

- Nə danışırsan, gözümə yuxu gedər? İllah da birinci gecə. Yerimdə qovrula-qovrula qalmışdım.

Yazıçı:

- Ermənilər necə, yatmışdılar?

- İkisi ayaq-baş, o biri çarpayıda, biri peçin yanında, ikisi də qapının ağzında uzanmışdı. Ancaq hiss edirdim ki, qapının ağzındakılar yatmayıb.

… Beləcə, öz torpağında, öz doğma ayının, ulduzlarının damı altında Şükür bəy qorxa-qorxa, hürkə-hürkə, ürəyində min cür fikir-xəyal qovrula-qovrula nə vaxt yuxuya getdi, bilmədi. O gecə yuxuda nə gördü, ümumiyyətlə, yuxu gördümü?!. Çətin… Çünki yuxusu, xəyalı da o gecə ermənilərin əsiri idi. Beləliklə, Şükür bəyin əsirlikdə ilk günü, ilk gecəsi belə keçdi.

 

Əsirliyin 2-ci günü

15 noyabr 1991-ci il.

Dağlıq Qarabağ. Hansı kəndi, hansı obası, hansı nöqtəsi, bilinmir. Daha doğrusu, Şükür bəy bilmir.

Prokuror səhərin açılmasını otağın havasından duydu. Pəncərələr qara örtüklə örtülü, pəncərələrdə zülmət gecəydi. Fikirləşdi ki, görəsən ermənilər belə qalın qara örtüyü hardan tapıblar. Dağların bu bəyaz havasından heç rəngi də avazımırdı o qara örtüyün. Şükür bəy işığın özündən qabaq oyanmışdı. (Heç gözünə yuxu getmişdi ki…) Səhəri dirigözlü açmışdı… Ürəyində bir-biriylə deyişən, əlləşən sözləri, fikirləri, xəyalları onu bir yerdə rahatca oturmağa, uzanmağa belə qoymurdu. İçindəki narahatlığıyla yerindəcə qovrulurdu… Ermənilərinsə bir gözü yuxulu, bir gözü oyaq idi. Şükür bəy çarpayıdan qalxanda beşi də birdən sıçrayıb yerindən durdu. Şükür bəy onlara heç fikir vermədi, adəti üzrə qolundakı saata baxdı. Saat yox idi. İndicə yadına düşdü ki, onu tutanda saatını da açmışdılar.

Yazıçı:

- Saatı soyğunçuluq məqsədiylə çıxarmışdılar, yoxsa?

- Yox, inanmıram… Məni tutanlar soyğunçuya oxşamırdılar.

… Şükür bəy qolunda saatın olmadığını görüb kövrəldi… Elə bil sol qolunun yarısını itirmişdi. Belə yerdə saatsız, vaxtsız necə keçinəcəkdi, heç bilmədi. Başını qaldırıb divarlara baxdı. Saat adlı şey yox idi divarlarda. Sonra gözünü ermənilərin qoluna dikdi. Heç birisində saat yox idi.

Dözməyib soruşdu:

- Saat neçədi?

Ermənilər bir-birlərinə baxıb dinmədiləər.

Şükür bəy bir də soruşu:

- Saat neçə olar?

Erməninin biri yaxın gəlib Şükür bəyin düz gözlərinin içinə baxa-baxa:

- Saatı neyniyirsən, - deyə soruşdu.

- Saatı neyləyərlər, vaxtı bilmək istəyirəm, neçədi?..

- Bizdə saat yoxdu, - deyə başqa  birisi tez cavab verdi.

Bayaqdan Şükür bəyin gözlərinin içinə baxan erməni isə kipriyini qırpmadan asta-asta, Şükür bəy yaxşı başa düşsün deyə, ikimənalı cavab verdi:

- Bizim üçün vaxt məfhumu yoxdur.

Prokuror:

- Çox qəribədir. 24 gün ərzində neçə erməniylə prastlaşdım, heç birinin qolunda saat görmədim. Məxsusi baxırdım, fikir verirdim. Kimin qolunda saat olsaydı, vaxtı soruşacaqdım. Heç kimdə saata rast gəlmədim. Və sonrakı günlərdə bir daha əmin oldum ki, bu adamlar üçün dolğrudan da vaxt məfhumu yoxdur. Gecə, gündüz, səhər, qaranlıq - belə şeylər yoxdur. Ancaq bir şeyi də hiss eləmişdim. Elə bil bunlar saatı bilə-bilə taxmırdılar.

Yazıçı:

- Sizi dəyişəndə saatınızı qaytardılar?

- Yox, heç yada düşmədi saat.

- Bəs deyirsiniz, soyğunçu deyildilər?..

… Bir stəkan çaydan sonra bayırda eşidilən hənirtidən içəridəkil ermənilər əl-ayağa düşdülar. Biri eşiyə çıxıb, tez də otağa qayıtdı…

- Gözlərinizi bağlamalıyıq.

- Niyə?

- Dünən sizi sorğu-suala tutan yoldaşımız gəlib - deyən erməni cibindən qara əski çıxarıb Şükür bəyin gözlərini bağladı. (Pəncərədə qara pərdələr, gözlərində qara əski… günlər də qara…) Bir müddət heç kəs dinmədi. Otaqda ancaq odun peçinin səsi eşidilirdi.

Bu vaxt qapı açıldı və içəri cəld addımlarla bir nəfər girdi. Girməyi ilə az qala çığırmağı bir oldu.

- Utanmırsınız bizə yalan danışırsınız? Biz yaşınıza, işinizə hörmət eləyirik, sizsə…

Şükür bəy qara pərdənin o üzündən dilləndi:

- Başa düşmədim, nəyi deyirsiniz, nə olub ki?

- Siz, Şükür Rzayev Həbib oğlu, 1930-cu ildə Şuşada anadan olmusunuz, 1942-ci ildən Yazıçılar İttifaqında kuryer, qarovulçu, dvornik, mantyor işləmisinz. 1953-cü ildə hüquq fakültəsini bitirmisiz. Müxtəlif illərdə müstəntiq, prokuror köməkçisi, şöbə rəisi, Azərbaycan nəqliyyat prokuroru işləmisiz. Hazırda Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru işləyirsiz. Dediyiniz kimi, iki yox, üç uşağınız var. İki oğlan, bir qız. Oğlanlarınız müəllim yox, sistem işçiləridir. Həyat yoldaşınız eomlər namizədidir. Botanika İnstitutunda işləyir.

Prokuror:

- İnanın ki, ayaqlarım yerə yapışdı. Bütün tərcümeyi-halımı danışdılar, şəxsi işimi oxudular. Uşaqlarımın adlarını da, kimin harda işlədiyini də dedilər. Məəttəl qaldım. Bir gecənin içində, gecə nədi, bir neçə saatın içində bu dağların ətəyində bu məlumatları hardan alıblar, necə tapıblar… Yaman işləyir köpək uşaqları…

Beləcə, əsirliyin ikinci günündən Şükür bəyin yadında təkcə bu qalıb. Bu azdımı?

 

Əsirliyin 3-cü günü

16 noyabr 1991-ci il. Yenə həmin naməlum kənd.

Yenə həmin ev. Yenə həmin qara örtüklü pəncərələr. Yenə həmin otaq… həmin odun peçi… Otaqda da həmin beş nəfər erməni və min cür fikir-xəyalların, şübhələrin içində çabalayan Şükür Rzayev.

Bunlar məni öldürəcəklər. Bu səhər (səhərmi, günortamı, alatoranmı bilinmirdi) gözünü açanda Şükür bəy evin iki otaqlı olduğunu elə bil birinci dəfəydi görürdü. «Görəsən, nə var o qaranlıq otaqda? Necə olub mən bu otağı bu vaxta kimi görməmişəm?» elə bil ermənilər də Şükür bəyin ürəyindən keçənləri uzaqdan-uzağa oxudular. Ermənilədən biri qalxıb həmin qapısı açıq otağa keçdi. Otaqdan bir maqnitofon gətirib kətilin üstünə qoydular. Bu vaxt eşikdə olan ermənilər də qapını açıb içəri keçdilər. Hərə bir divara söykənib maqnitofona sarı baxmağa başladı. Öz aralarında nə isə danışandan sonra maqnitofonun düyməsini basdılar. Əvvəlcə bir kişi zəhmli səslə ermənicə az qala bağıra-bağıra nitq söylədi. Tez-tez də «Azərbaycan şnel», «Türk şnel» sözlərini işlədirdi. Bu səsi, bu çağırışı Şükür bəy dünən də yan otaqdan eşitmişdi. Ancaq o qədər fikir verməmişdi. Maqnitofondan o zəhmli səs gəldikcə ermənilər yerində qurdalanır, gözləri bərəlir, ovurdları şişirdi. Arada Şükür bəy dözməyib soruşdu:

- Kimdi, nə deyir o?

Otaqda yığışan ermənilərdən biri zəncir gəmirə-gəmirə Şükür bəyə sarı baxdı.

- Özün yaxşı başa düşürsən.

- Mən ermənicə bilmirəm.

… Söhbətin bu yerində maqnitofonda qəzəblə danışan kişi səsini mülayim bir gəlin səsi əvəz elədi. Kişi səsindən ahıl adama oxşayırdısa, gəlin hiss olunurdu ki, cavan adamdı. Ancaq gəlin də həmin ruhda, həmin acıqla, həmin əsəblə danışırdı. Şükür bəy bu gəlinin da danışığını diqqətlə dinlədi. Lakin yenə bir-iki tanış kəlmədən savayı heç nə anlamadı. Gəlin arada «türk çaqqal» deyəndə ermənilərdən biri çönüb qeyzlə küncə sıxılmış Şükür bəyə baxdı…

- Şuşalı olasan, özün də ermənicə bilməyəsən, gör necə aldadır.

- Nə olar şuşalı olanda… Uşaqlıqdan şəhərdə yaşayıram…

O birisi daha kəskin cavab verdi deyə Şükür bəy dialoqu kəsdi.

- Yalan deyirsən!..

Maqnitofonda isə bu vaxt səfərbəredici mahnılar oxunmağa başlandı…

Yazıçı:

- Şükür bəy, hardan bildiz ki, bu mahnılar məhz səfərbəredici mahnılardır?

- Havasından… Ermənilərin üz-gözündən. Bir də bilirsiz bu mahnılar mənə nəyi xatırlatdı?

- Nəyi?

- Müharibə vaxtı radiodan eşitdiyim mahnıları. «Cərgə-cərgə, qatar-qatar! Düzülən, düşmənin üstünə yeriyən…» bax, uşaqlıqdan o havalar yadımda qalıb. O erməni mahnıları həmin müharibə mahnılarını yadıma saldı.

… Maqnitofonda artıq Andronikə həsr olunmuş mahnılar səslənirdi. Ermənilşər də bu mahnılarda qulaq asa-asa üst-başlarını düzəldib, avtomatlarını götürüb evdən çıxdılar…

Yazıçı:

- Hamısı?

- Yox, üç nəfər məni qorumağa qaldı, qalanları getdi.

- Hara?

- Onlar ki, kökdə, o havada evdən çıxdılar, ancaq müsəlman qırmağa gedə bilərdilər. Ən qəribəsi və məni vahiməyə gətirən o idi ki, 24 gün əsir saxlandığım müddətdə bütün evlərdə bu lent yazısına ermənilər gündə ən azı iki-üç dəfə qulaq asır və hər dəfə qulaq asıb qurtarandan sonra beləcə geyinib müsəlmanla döyüşə gedirdilər.

… Otaqda vahimə… Otaqda qorxulu bir sükut… Otaqda odun peçindən divarlara yeriyən, divarlardan da Şükür bəyin üstünə yeriyən alovun dilləri ölüm deyə hayqırır… «Yox, bunlar məni öldürəcəklər»…

 

Əsirliyin 4-cü günü

17 noyabr 1991-ci il. Bayırda qar… Ancaq Şükür bəy o qarı görmürdü, duyurdu, hiss edirdi… Eşikdə dağlar, ağaclar… Şükür bəy o dağları, o ağacları görmür, ancaq, dağlar, ağaclar gözü yumulu Şükür bəy apaydınca görürdü…

… Bu səhər eşikdən yenə səs-küy, hənirti eşidəndə Şükür bəy anladı ki, yenə onu dindirməyə gəliblər. Gözlərini ovuşdurub işıqlı otağa doyunca baxdı və gözlərinin bağlanmasına hazırlaşdı… Cibində qara parçanı gəzdirən erməniyə baxdı. Erməni nədənsə yerindən tərpənmirdi... Gələnlərin səsi isə artıq lap astanadan eşidilirdi. Az qala Şükür bəy erməniyə deyəcəkdi ki, gəlirlər, dur gözlərimi bağla. Erməni isə oturduğu kimi oturmuşdu. Heç qımıldanmırdı da. Bu vaxt qapı zərblə açıldı və içəri iki nəfər girdi. İkisi da zabit formasında. İkisi da maska taxmışdı. Şükür bəy indi anladı ki, onun gözlərini niyə bağlamadılar. Sir-sifətlərindən zəhrimar yağırdı. Biri bir addım qabağa yeriyib Şükür bəyin üstünə bağırdı:

- Niyə ayağa qalxmırsan?

Şükür bəy təmkinini itirmədən:

- Sən kimsən axı, mən səninçün ayağa durum? - dedi.

Yazıçı:

- Şükür bəy, kimdi axı onlar, tanımadınız?

- Yox, ancaq hiss elədim ki, Yerevandan gəlmədilər. Adətən Yerevandan gələnlər belə vəhşi kimi danışırdı. Adam istəyirdi o anda parça-parça eləsin onları.

- Nə soruşdular, nə istəyirdilər sizdən?

- Yenə eyni suallar, Sumqayıt, Bakı qırğını. Torpaq bizimdi… Nə vaxtsa hücuma keçəcəksiz… Belə-belə sözlər. Mən də eyni cavabları verirdim. Onlar da bu cavablardan bərk əsəbiləşirdi.

… Maskalı ermənilər danışıb-danışıb yoruldular. Və bir qədər ara verib sərt addımlarla Şükür bəyə yaxınlaşdılar…

- Səni öldürəcəyik…

- Sən çox şey bilirsən, ancaq danışmırsan.

Bu vaxt maskalı ermənilrdən biri qapının ağzında dayanmış siyahıyla üzünü çevirib dedi:

- Gözlərini bağlayın.

Əli silahlı erməni cibindən qara əskini çıxarıb Şükür bəyin üstünə yeridi. O bir maskalı Şükür bəyin gözlərinin içinə baxa-baxa:

- Aparıb çöldə güllələyin, - dedi.

Bir anlıq Şükür bəyi vahimə bürüdü. Ancaq bu vahiməni, bu qorxunu büruzə verməməyə çalışdı.

Yazıçı:

- Doğrudan güllələmək istədilər?

- Hə, gözlərimi bağlayıb həyətə düşürtdülər. Bir qədər evdən kənara aparıb «burda dayan» dedilər. Kənara çəkilib şaqqaşaqla tətiyi çəkdilər. Sonra yenə gəlib qolumdan tutub evə gətirdilər.

… Otaqda Şükür bəyin gözünü elə maskalı ermənilərdən biri açdı. Aça-aça da diqqətlə Şükür bəyin gözlərinin içinə baxdı. Bu gözlərdə qorxu olmadığını görüb dilləndi:

- Gəl, hələ bir az söhbət eləyək.

O gecə səhərə kimi, çöldə qulağının dibindən, başının üstündən atılan güllələrin səsi Şükür bəyə rahatlıq vermədi. Güllələr də elə hey gedib-qayıdırdı. Vıyıltısı da kəsilmirdi ki, kəsilmirdi. «Yox, bunlar məni öldürəcəklər!!!»

Prokuror:

- Dörd gün nağd eləmişdim ki, bunlar məni öldürəcəklər. Ancaq beşinci gün bu qorxu hissi tamam çəkilib getdi.

 

Əsirliyin 5-ci günü

 

18 noyabr 1991-ci il. Şükür bəyə bu divarlar, bu tavan, bu döşəmə, bu odun peçi, b uqara pərdəli pəncərələr, hətta bu beş erməni də doğmalaşmışdı.

Prokuror yazıçı ilə üz-üzə oturub yenə də həmin günləri xatırlamağa çalışırdı:

- İnandırım səni ki, beş erməni doğrudan mənnən adam kimi danışırdı. Hiss olunurdu ki, yerlidirlər.

- Adları nəydi?

- Qəribədir, bu müddətdə nə qədər erməni görmüşəmsə, hamı bir-birini «Yaşa» çağırırdı. Hamısının adı guya Yaşadır. Başa düşürdüm ki, qurama addır.

… Səhər yeməyindən sonra ermənilər yenə yan otağa yığışıb həmin kasetə, həmin çağırışlara qulaq asıb yaraqlanıb çıxıb getdilər. Otaqda qalan o biriləri isə radioqəbuledicidə müxtəlif dalğaları tutub xəbərlərə qulaq asmağa başladılar.

Prokuror:

- Çox qəribədir, bizim bütün xəbərlərimizin saatına, dəqiqəsinəcən bilirdilər vaxtını. Hamısına qulaq asırdılar. İstər radioda, istərsə də televiziyada. Mən özüm heç o vaxtları diqiqliklə bilmirdim.

Belə xəbərlərin birində Şükür bəy öz adını eşitdi. Öz adını efirdən eşidəndə Şükür bəy bir anlıq həyəcan keçirdi. Sevincək də oldu bir az. Sevindi ki, hələ hər şey itirilməyib. Hələ yaddan çıxmayıb.

Yazıçı:

- Xəbərlərdə nə deyilirdi?

- De   yəsən, «Bi-Bi-Si» idi, xəbər verdi ki, məni dəyişmək istəyirlər, müxtəlif danışıqlar gedir. Mənim isə bundan qəti xəbərim yox idi.

O gecə, yəni əsirliyin beşinci günü ilk dəfə Şükür bəyin adi bir insani yuxusu gəldi. İlk dəfə rahat yatdı. Öz taleyi, öz həyatı üçün narahat olmadı. O gecə azad bir yuxu gördü Şükür bəy. O gecə bir qurtum çay, bir loxma çörək boğazından rahatca keçdi. O gecə odunpeçinin alovu da mülayim idi. Deyəsən ilk gün işığı da məhz elə o gecənin səhəri otağa düşdü… Hansı pəncərədən, hansı pərdənin üzülmüş sapından - fərqi yox idi. Ən başlıcası o idi ki, artıq Şükür bəy bambaşqa şeylər haqıqnda fikirləşirdi.

 

Əsirliyin 6-cı günü

 

19 noyabr 1991-ci il. Həmin otaq, ancaq başqa rəngdə. Həmin ermənirlər, ancaq başqa görkəmdə, həmin pəncərələr, ancaq başqa işıqda. Həmin Şükür bəy, ancaq başqa fikirlərdə, başqa xəyallarda.

… Səhər obaşdannan otaqdakı ermənilər də çəkilib harasa getdilər. Otaqda Şükür bəy tək-tənha qaldı. Bu vaxt qapı açıldı, iki nəfər başqa erməni otağın ortasına kəndir və bir parça taxta atıb getdilər. Şükür bəyi fikir götürdü. Nəydi bu belə? Nə tapmacadır. Taxta, kəndir nəyə lazım?  Handan-hana Şükür bəy bu tapmacanın açmasını taprdı.

Yazıçı:

- Nəydi ki, Şükür bəy, o taxta kəndir?

- Bilirsən, məni tək qoyub taxta-kəndir atıb getdilər ki, mən özümü asım. Daha bilmirdilər ki, mən artıq dəyişdirilmə xəbərini eşitmişdim. Bu da bir sınaq idi, yoxlayırdılar məni. İradəmi, dözümümü imtahana çəkirdilər.

Taxta parçası və kəndir necə atılmışdısa, eləcə də düşüb evin ortasında qalmışdı. Ancaq Şükür bəy hiss eləyirdi ki, dəlmə-deşikdən onu güdür, gözdən qoymurdular. Adam da öz torpağında özünə qəsd edərmi? Gərək o qədər zəif, iradəsiz olasan ki, bu addımınla bir sürü düşməni sevindirəsən…

Bir qədər keçəndən sonra gəlib taxtanı, kəndiri atdıqları kimi də götürüb küçəyə tulladılar. Arada, deyəsən, biri dodaqucu mızıldandı da:

 - Eybi yox, vaxt gələcək, bunlar sənə lazım olacaq. Şükür bəy guya bu söhbəti, bu mızıltını eşitmədi, özünü heç o yerə qoymadı da. Sonra bir başqası dözməyib qayıtdı ki:

- Biz hələ belə möhkəm adam görməmişik.

Yazıçı:

- Şükür bəy, doğrudan o cür möhkəm dayanmışdınız, yoxsa onlara elə gəlirdi?

- Yox, möhkəm dayanmışdım. İlk günləri əgər az-maz qorxu hissi var idisə, sonra inan ki, çəkilib getdi. Bir də əgər üzdən özümü elə göstərsəydim, o dəqiqə hiss edərdilər.

… Əsirliyin daha bir günü beləcə keçdi. Hava nə vaxt qaraldı, gün nə vaxt keçdi, necə ötdü, xəbər tutmadı Şükür bəy. Ancaq hiss elədi ki, ermənilər acıqlı və hirslidirlər. Yenə yan otağa toplaşıb o maqnitofon yazısına, o çağırışlara qulaq asıb gecə ovuna, gecə döyüşünə çıxdılar.

«Azərbaycan şnel», «Türk şnel», «Azərbaycan çaqqal», «Türk çaqqal». Maqnitofonda eşitdiyi bu tanış söyüşlərin, hədyanların hamısını Şükür bəy ürəyində eşiyə çıxan ermənilərin ardınca söylədi.

 

Əsirliyin 7-ci günü

20 noyabr 1991-ci il.

Səhər yuxudan oyananda Şükür bəy gördü ki, odun peçi sönüb. Əvvəlcə buna o qədər də fikir vermədi. Sonra ermənilərin yır-yığış elədiyini görüb şübhələndi:

- Hara yığışırsız?

Heç kim dinmədi. Sakitcə gəlib Şükür bəyin gözlərini bağladılar. Qolundan tutub eşiyə çıxartdılar. Eşikdə qar havası var idi. Ancaq Şükür bəy hiss eləyirdi ki, ayağının altında qar yoxdu.

Palçıq idi. Qolundan tutub maşina mindirdilər. Hamı ermənicə danışırdı.

Yazıçı:

- Hara aparırlar, fikirləri nədir?

- Heç nə hiss eləimədim. Təxminən bir saat, saat yarım dərə-təpə yolla gəlib harasa çıxdıq. Yenə məni maşından düşürüb bir otağa saldılar. Ancaq onda başa düşdüm ki, saxladıqları yeri - evi dəyişirlərmiş. Gözlərimi açanda ətrafımda yenə həmin ermənilər idi. Həmin sifətlər, həmin gözlər, həmin silahlar. Ancaq otaq başqa otaq idi.

- Necə otaq idi? O biri otaqdan nəylə fərqlənirdi?

- Hiss eləyirdim ki, bu otaq bir qədər o birinə nisbətən adam yaşayan yerdir. Hətta otaqda televizor da var idi. Yenə evin pəncərələri odeyalla örtülmüşdü.

… O axşam heç kəs televiziora baxmadı. O axşam hamının üzündə bir yorğunluq var idi. Ancaq həmin kasetə qulaq asandan sonra yorğunluqları çəkildi, bir anın içindəcə quduzlaşıb yola düzəldilər. Şükür bəysə bir tikə pendir-çörək, bir stəkan çay içib öz küncünə çəkildi. Öz fikirləri, öz xəyallarıyla yaşamağa başladı. Onu maraqlandıran bircə şey idi, dəyişilmək barədə kiminləsə söhbət etmək, kimdənsə nəsə öyrənmək! Kimdən öyrənsin? Məqam tapıb ermənilərin birindən soruşdu:

- Aranızda böyük kimdir?

O dəqiqə də cavab aldı:

- Hamımız birik.

Ancaq Şükür bəy hiss eləyirdi ki, bir Yaşaya hamı nədənsə qulaq asır. Yaşa bütün Yaşalara göstəriş verir, nəyi necə eləməyi məsləhət görür. Şükür bəy imkan tapıb həmin Yaşayla danışmaq istədi. Əvvəlcə bu söhbət alınmadı. Ancaq səhəri söhbətləri tutdu. Hələliksə əsirliyin yeddinci gününə qaranlıq çökürdü… Hələliksə əsirliyin yeddinci günü peçin yaş odunlarına qarışıb yanırdı.

 

Əsirliyin 8-ci günü

21 noyabr 1991-ci il.

 

«Təzə» kənd, «təzə» ev, «təzə» mənzil, «təzə» pəncərələr, «təzə» pərdələr, köhnə ermənilər, köhnə söhbətlər…

Yenə eşikdən fit səsi eşidildi. Qapının ağzında dayanan Yaşa yenə çölə çıxıb sonra əlində bir qazan yeməklə yenə içəri girdi. Həmin forma, həmin qayda, həmin təchizat. Şükür bəy də həmin küncdə, həmin Şükür bəy idi. Bir az arıqlamışdı. Bir az sınıxmışdı. Ancaq ümidini, dözümünü qoruyub saxlamışdı. İndii Şükür bəyin içində tək bircə fikir, bircə xəyal, bircə məqsəd dolaşırdı. «Bu gün necə olursa-olsun, ermənilərdən dəyişilmək barədə bir söz öyrənmək, bir şey soruşmaq lazımdır». Ancaq necə, nə cür soruşasan ki, ermənilər başqa yerə yozmasın, özgə xəyallara düşməsin?!. Ermənilərin növbəti kasetə qulaq asma mərasimində Şükür bəy imkan tapıb birindən soruşdu:

- Dünən radioda eşitdim ki, dəyişdirmək istəyirsiz məni, düzdür?

Ermənilər özlərini eşitməzliyə vurdular… Bir qədər keçəndən sonra eşikdən gələn ermənilərin biri qapının kəndarında dayanıb bir xeylaq Şükür bəyi süzdü. O, Şükür bəyə baxdı, Şükür bəy də ona. Handan-hana erməni dilləndi:

- Səni dəyişdirmək istəyirik.

… Şükür bəyin sevincdən dili-dodağı tutuldu, cavab verə bilmədi. Ancaq bütün cavabını, demək istədiyini aydınca üz-gözündən oxumaq olardı. Deyəsən, ermənilər də elə bu sevinci oxudular.

- Hə, dəyişmək istəyirik. Ancaq sizinkilər inanmırlar ki, sən sağsan.

- Niyə inanmırlar?

- İnanmırlar da.

- Bə neyləyək?

Erməni Yaşa bir qədər evin içində var-gəl edəndən sonra gəlib peçin yanında dayandı.

- Sən bir zapiska yaz ver, göndərim olara, görsünlər ki, sağsan.

Sevincindən dil-dodağı əsən Şükür bəy heç bilmədi nə vaxt Yaşaya yaxınlaşdı, nə vaxt cavab verdi.

- Zapiskaynan inanacaqlar?

- Hə, inanarlar.

- Necə?

- Deyiblər sənin bir sevimli nəvən var. O nəvənin də bir sözü var. O sözü çox xoşlayırsan. Əgər o sözü zapiskaya yazsan, inanacaqlar ki, sən sağsan.

Erməni evi ermənilərlə birgə Şükür bəyin başına necə fırlandı, ilahi?!. Şükür bəy özünü ayaq üstə güclə saxladı. Tez əlini atiıb pencəyinin qoltuğundan qələmi və dəftərçəni çıxarmaq istədi. Yadına düşdü ki, onu tutanda qələmlə dəftərçəsini də alıblar. Erməni o dəqiqə hiss elədi ki, Şükür bəy nə istəyir və ürəyində nə deyinir. Tez çevrilib bir başqa erməniyə baxdı. O da tez yan otaqdan Şükür bəyin öz doğma qələmini və dəftərçəsini gətirib qabağına qoydu.

Yazıçı:

- Şükür bəy, o anda keçirdiyiniz hisslər…

- Sözlə onu demək olmaz. Ancaq təkcə onu bilirdim ki, nəvəm gözümün qabağından çəkilmir.

- Adı nədi?

- Nurlan. Rövşənin oğludur.

- Neçə yaşı var?

- İndi dörd yaşı var (söhbət 1992-ci ilin yanvarında qələmə alınıb).

- Nurlanın dediyi hansı kəlməni yazmalıydız ki?

- Bilmirəm, onu kim fikirləşmişdisə, çox ağıllı fikirləşmişdi. Sonradan heç öyrənmədim, deyəsən həyat yoldaşım demişdi ki, əgər Şükür o sözü yazsa, inanacağam ki, sağdır. O da Nurlanın «malades» sözüdür. «Malades» deyə bilmirdi, «madales» deyirdi.

… Erməni Şükür bəyin qabağına qələmini və dəftərçəsini qoyan kimi o, yazacağı cümlələri artıq düzüb qoşmuşdu. Və nəvəsinin o kəlməsi üçün o cümlələrdə yer tapmışdı. Təkcə qələmi götürüb kağıza köçürmək qalırdı. Şükür bəy cəld qələmi götürüb dəftərçənin boş səhifəsini doldurmağa başladı.

Yazıçı:

- Nə yazdız?

- Yazdım ki, əziz ailə üzvlərim, qohumlarım, dostlarım, həmkarlarım. Mən sağam, siz də həmişə sağ olasınız. Həmişə sizi sağlam görüm və madales deyim. Öpürəm hamınızı, Şükür. Erməni Yaşa vərəqi dəftərçədən qoparıb eşiyə çıxdı. O biri Yaşa isə gəlib dəftəri və qələmi götürüb getdi.

- Dəftəri-qələmi niyə götürdülər ki? 

- Bilmirəm.

- Sonra qaytarmadılar?

- Yox qaytarmadılar. Hətta əsirlikdən gələndən sonra bir neçə dostum, yoldaşım inciyib məndən ki, həmişə bizə zəng eləyən Şükür nə oldu bizi unutdu, zəng eləmir. Daha bilmirlər ki, o kitabçada bütün dost-tanışın, qohum-əqrəbanın telefon nömrələri yazılmışdı. Getdi. İndi təzə kitabçaya təzədən yığıram telefon nömrələrini.

… Əsirliyin o günü beləcə həyəcanlı, narahat keçdi. Nəvəsini, evini, ailəsini bir daha yadına salıb keçdi əsirliyin boz günü.

 

Əsirliyin 9-cu günü

 

22 noyabr 1991-ci il. Şükür bəyin əsirlikdə saxlandığı ikinci ev.

Yazıçı:

- Şükür bəy, ümumiyyətlə, bu 24 gün əsirliyiniz müddətində sizi neçə evdə saxlayıblar?

- Üst-üstə yeddi evdə. Birinci evdə iki dəfə saxlayıblar. Bir tutub gətirəndə, öir də axırda - dəyişəndə.

O gün Şükür bəy ilk dəfə televizora baxdı. Ermənilər televizorun başına yığılıb Bakıdan verilən xəbərlərə qulaq asırdılar. Qulaq asa-asa hirslənir, tez-tez də üzlərini Şükür bəyə tutub etirazlarını bildirirdilər:

- Görürsən, düz demirlər, biz yaraqlı deyilik, biz Qarabağın müdafiəçiləriyik.

Prokuror:

- Sonra da yadımdadır. Ali Sovetin qabağında arvadları göstərirdilər. Analar əsəbi, hirsli-hirsli Qarabağın müdafiəsindən danışırdılar. Arada bir az çığır-bağır düşdü. Ermənilərin biri qaytdı ki, görürsən hay-küyünüzü? Bu da sizin mədəniyyətiniz. Çığır-bağırnan işləmək olar? Heç yadımdan çıxmır, sonra da Ağdamdan cavan uşaqlarımızı göstərdilər. Uşaqlardan bir sısqası qayıtdı ki, məmə, mənimçün narahat olma, mən Qarabağı müdafiəyə gəlmişəm. Şəhərdə sənə desəydim, buraxmazdın. Ermənilər necə güldülərsə, hirsimdən dodaqlarımı çeynədim. Bu məmə deyən gəlir mənim üstümə? Mənnən vuruşmağa gələnə bax. Bu ki əlində tüfəng tuta bilmir. Mənnən necə döyüşəcək? Mən Əfqanıstanı keçib gəlmiş adamam. Bu uşaq mənim üçün heç nədi», -  dedi. O erməni dığasına söz tapmadım deməyə. Ancaq bir şeyi hiss elədim ki, nə qədər üzdən gizlətsələr də, içlərində bir qorxu var idi. Elə o qorxu mənə bəs idi. O qorxunu da canlarına elə o «məmə» deyən uşaqlar salırdı.

… O gün gecə yarısına kimi Şükür bəy ermənilərlə birgə televizora baxdı. O gün gecə yarısına kimi ermənilər hər söz üstündə Şükür bəylə mübahisə etdi. O gün Şükür bəy də ilk dəfə ermənilərin inamsız vuruşduğunu və bu vuruşun onlar üçün işıqlı sonluqla qurtarmayacağını özlərinin də başa düşdüyünü hiss etdi…

Prokuror:

- Vallah, heç mən bilməzdim ki, televizor gecə səhərə kimi işləyirmiş. Səhərə kimi televizor işlədi. Onlar da baxdı.

 

Əsirliyin 10-cu günü

 

23 noyabr 1991-ci il. Səhər o başdannan yenə Şükür bəyin gözlərini bağlayıb çölə çıxartdılar. Qapının kəndarında Şükür bəy soruşdu:

- Hara aparırsınız?

Erməni yarızarafatla qayıtdı:

- Köçürük.

… Beləcə, o gun Şükür bəyi yenə gözübağlı maşına əyləşdirib dərə-təpə yolla harasa apardılar.

Arada erməninin biri Şükür bəyin gözündən qara əskini yoxladı.

- Görmürsən ki?

- Yox.

- Görürsən axı, - deyib erməni qara əskini bir qədər də tarıma çədi.

Şükür bəy də dözmədi:

- Əşi, görmürəm də, nə sıxırsan?

Yazıçı:

- Doğrudan görmürdüz?

- Yox, görürdüm.

Yenə təxminən saat yarım yol gedəndən sonra soyuq bir komada Şükür bəyin gözlərini açdılar. Şükür bəy gözləri açılan kimi otağa nəzər saldı. Hiss elədi ki, bu otaqda çoxdan adam yaşamayıb. Vur-tut bir otaq idi. Pəncərələrindən də heç nə görünmürdü. Şüşələri örtən toz-torpaq pərdələrdən də qalın idi. Ermənilər özləri də narahat idi. Şükür bəy hiss elədi ki, bu otaqda çox qalmayacaqlar. Elə də oldu. Bir təhər gecəni keçirtdilər.

Prokuror:

- O gecə demək olar ki, heç kim yatmadı. Nə olar, nə mən. Səhər açılar-açılmaz yenə yerimi dəyişdilər.

… Qarabağ torpağı nə qədər böyük, nə qədər geniş qəlbli imiş. Evləri, kəndləri, dağları, meşələri gəzdikcə gəzilir, yolları getdikcə uzanır… Şükür bəyin ürəyindən bir fikir keçdi. Görəsən, bu yerləri bir də gəzəcəyəmmi? Görəsən, gözlərim açıq olsa, bu keçib gəldiyim yerləri, qorxu-hürküylə gecələdiyim evləri tanıyarammı?

Yazıçı:

- Bəs, o erməniləri görsəz necə, tanıyarsız?

- Qəşəng, çox qəşəng tanıyaram.

 

Əsirliyin 11-ci günü

 

24 noyabr 1991-ci il. Soyuq otaq. Toz-torpaq bürümüş pəncərələr. Hərbi «meşok»da yatan ermənilər gözlərini Şükür bəyə zilləyib durmuşdular. Şükür bəy isə yalnız bir şey fikirləşirdi. «Dəyişmək məsələsindən niyə söhbət salmırlar? Bəlkə fikirlərini dəyişiblər? Bəlkə… Bəlkə…» «Bəlkə»lər də belə vaxtlarda, belə anlarda sürüynən axıb gəlirdi adamın üstünə…

… Ermənilər yığışıb kimisə gözləyirdilər. Kimi? Yenə eşikdən tanış fit səsi eşidildi. Yaşalardan biri əlində bir qazan xörək içəri girdi. Xörəyin ətrindən hiss ounurdu ki, toyuq bişirib gətiriblər. Görəsən, evləri dağılmış, yandırılmış, malı talan edilmiş azərbaycanlıların toyuğu idimi? Allah bilir.

Prokuror:

- Bilirsən, xörək də adamların sayına görə idi, qablar da… Evin ortasında süfrə açdılar. Xörək çəkdilər. Bir şüşə araq da çıxartdılar. Tut arağı idi. Özlərinə də süzdülər, mənə də.

… Yaşa arağı Şükür bəyə uzatdı.

- Götür iç, qızışarsan.

- Çox sağ ol, içən deyiləm.

Erməni gülə-gülə arağı birnəfəsə başına çəkdi.

- Qorxursan zəhərləyək səni?

- Mən qorxan adam deyiləm, - deyib Şükür bəy də stəkanını götürüb arağı içdi.

Prokuror:

- Neçə dəfə görmüşəm. Bir şüşə aprağı beş-altı nəfər qoyub qabağına, ancaq axıra qədər içməyiblər. Bir də fikir vermişəm, o gün ki, bir əməliyyata, bir döyüşə gedəcəklər, heç dillərinə də vurmurdular. Mat qalası şeydir.

Yeməkdən sonra yenə Şükür bəyin gözlərini bağlayıb başqa bir evə gətirdilər.

 

Əsirliyin 12-ci günü

 

25 noyabr 1991-ci il. Dördüncü ev, dördüncü kənd, dördüncü otaq. Bu otaqda yaşamaq olardı. Ancaq neçə gün?! Onu Yaşa bilirdi.

… Bu dördüncü otağa Şükür bəy elə təzə-təzə öyrəşmişdi ki, içəri girən ermənilərdən biri qanını qaraltdı. Yox, qanını qaraltdı o söz deyil… Bütün ümidlərini az qala yerlə yeksan etdi.

- Bilirsən də, səni dəyişmirlər…

Yenə ev-eşik, qara pərdələr, döşəmə, tavan Şükür bəyin başına hərləndi. Ermənilər də istehza ilə güldülər. Şükür bəy oturduğu yerdən divarı tutub qalxdı.

- Necə dəyişmirlər?

- Dəyişmirlər də. Sən olara lazım deyilsən.

Şükür bəy bir anlıq özünü ələ aldı. İçində özünə toxtaqlıq, təsəlli verdi. Fikirləşdi ki, ola bilər ermənilər onu yenə sınayır.

- Ola bilməz, - deyib erməniyə yaxınlaşdı. Erməni də sakitcəsinə, təmkinlə bir daha təkrar etdi:

- Yox, dəyişmək istəmirlər səni.

- Bəs neyləyəcəksiniz?

- Heç, Yerevana göndərəcəyik.

- Nə?

Prokuror:

- Əvvəlcə olara o qədər də inanmadım. Sonra Yerevan sözünü eşidən kimi dedim bunlardan nə desən çıxar.

- Yəni Yerevana göndərə bilərdilər?

- Niyə göndərmirlər ki? Hara desən yollaya bilərdilər. İstədim bir də danışam bunlarla, gördüm xeyri yoxdu. Bular buyruq quludular. Aralarındakı o bir nəfər var ki, mən onu komandir sayırdım, o otaqda yox idi. Dedim gələr, onunla danışaram. Və ona nə deyəcəyimi götür-qoy eləmək üçün çəkilib öz yerimə əyləşdim.

«Səni Yerevana göndərəcəyik!» Bir neçə gündə Şükür bəyin eşitdiyi ən ağır cümlə idi, ən ağır söyüş idi bu. Və nə qədər fikrini dağıtmağa, o cümləni başından çıxarmağa çalışsa da, çıxara bilmədi. Elə iki dəqiqədən bir o erməninin dediyi söz xəncər kimi kürəyinə sancılırdı. «Səni dəyişmək istəmirlər!», «Səni Yerevana göndərəcəyik!»

O gün Şükür bəyin komandir saydığı o Yaşa gəlib çıxmadı. O gün yenə Şükür bəy nə çay içə bildi, nə də çörək yeyə. Gecəni də yata bilmədi. Gözlərinin qabağında isə əl-qolu, gözü bağlı Şükürün Yerevana aparılmasını görürdü.

Prokuror:

- İnan ki, bu, mənim üçün ölümdən betər idi. Səbirsizliklə o Yaşanın gəlməyini gözləyirdim. Ona deyəsi sözlərim var idi.

 

Əsirliyin 13-cü günü

 

26 noyabr 1991-ci il. O gün, o səhər öz torpağında, adını bilmədiyi o kənddə, o evdə ermənilərin arasında Şükür bəyin nə keçirdiyini bir özü bilir, bir də Allahı.

Yazıçı:

- Şükür bəy, belə anlarda adam adətən bir siqaret çəkir, fikrini yayındırır, dərdini dağıdır. Siz necə?

- Mən 1942-ci ildən düz 1974-cü ilədək siqaret çəkmişəm. 1974-cü ilin yanvarın 4-də işə gəldim. Bir siqaret yandırıb baxdım üzünə və dedim ki, çəkmirəm. Ancaq möhkəm kökəldim.

- Ermənilərin arasında heç könlünə siqaret çəkmək düşməyib?

- Yox, çəksəydim, zəiflik əlaməti olardı. Yaşa içəri girən kimi, Şükür bəy ona yaxınlaşdı.

- Komandir, eşitmişəm məni Yerevana göndərmək istəyirsiz?

Komandir sözündən heyrətlənən Yaşa Şükür bəyə baxdı:

- Kim dedi?

- Sizin əsgərlər.

- Əvvəla, mən komandir deyiləm, ikincisi də elə bir şeydən xəbərim yoxdur.

Şükür bəy Yaşanın bu sözündən ürəkləndi.

- Bax, mən sizə deyirəm, mən azərbaycanlıyam. Əgər mən ölməliyəmsə, öz torpağımda öləcəyəm. Yox, əgər məni aldadıb Yerevana aparmaq istəsəz, elə eləyəcəm ki, məni elə yolda öldürəsiz.

- Neyləyəcəksən?

- Özüm bilərəm.

Yazıçı:

- Aparsaydılar, neyləyəcəkdiz ki, Şükür bəy?

- Neyləyəcəkdim, ya qaçacaqdım, ya gözlərinin qabağında elə bir şey edəcəkdim ki, olar məni vurub öldürsünlər. Ancaq əsas məqsədim, şübhəsiz, qaçmaq olacaqdı.

- Ümumiyyətlə, bu müddət ərzində heç qaçmaq fikrinə düşmüsüzmü?

- Hə, təkcə bir dəfə o fikir beynimdən keçib.

O gün Şükür bəy Yaşayla kəskin danışandan sonra bir daha əmin oldu ki, onu Yerevana aparmaq məqsədləri yoxdur. Hər halda, Şükür bəy ürəyini boşaltmışdı. Ermənilər də artıq bu müddət ərzində Şükür bəyi yaxşı tanıdıqlarından duymuşdular ki, dediyini eləyə bilər.

 

Əsirliyin 14-cü günü

 

27 noyabr 1991-ci il. O günün səhərisi Şükür bəyin yerini yenə dəyişdilər. Yenə gözübağlı, yenə maşınla. Neçənci divarlar idi görürdü. Neçənci qara pərdələr idi pəncərələrdən asılmışdı.

Prokuror:

- Deyəsən beşinci ev idi dəyişirdilər.

Yazıçı:

- Niyə belə tez-tez yerinizi dəyişirdilər?

- Nə bilim. Yəqin məni axtarırdılar, ona görə.

- Kim axtarırdı ki?

- Sonralar öyrəndim ki, Qarabağda olan daxili qoşunların komandanlığı da axtarışla məşğul olub. Bir neçə gün ərzində müxtəlif yoxlamalar keçirilbər.

- Nə əcəb?

- Nə bilim. Ancaq əsas axtarışlarla, dəyişmək söhbətləriylə qohum-qardaşım məşğul olub.

- Konkret kimlər?

- Kiçik qardaşım Əbülfət, oğlanlarım, bir də rəhmətlik İsmət Qayıbov, bir neçə dəfə Ağdamnan ratsiya ilə Stepanakertlə danışıb tapşırıq verib.

…Bu evin böyründən maşın yolu keçirdi. Tez-tez maşın səsi eşidilirdi. Ağır yük maşınları keçib gedəndə az qala pəncərənin şüşələri titrəyirdi. Hər dəfə maşın səsi gələndə Şükür bəy çevrilib pəncərəyə baxırdı. Bəlkə bir işıq ucunda keçib gedən maşını görə… Yolu görə… Ancaq gurultusu gəlib keçirdi evin içindən. Şükür bəyin içindən, ürəyindən, gözlərindən, xəyallarından gəlib keçirdi  maşınlar. Və ilk dəfə bu maşınların ardıyca düşüb qaçmaq fikri keçdi beynindən. Ermənilərə baxdı. Hərə öz işiynən məşğul idi. Öz aralarında, öz dillərində nəsə danışır, söhbət edirdilər. Qaçmaq olardımı burdan? Necə?

Prokuror:

- Fikirləşdim ki, ermənilərin başı qarışanda və maşın gəlib keçəndə pəncərədən tullanım çıxım. Sonra bir də fikirldəşdim ki, yaxşı, lap pəncərədən tullanıb çıxdım maşının qabağına. Bilirdimmi ki, hansı maşındı, kimin maşınıdı, hara gedir bu yol? Bəlkə elə erməni maşınlarıdır gəlib keçir. Ona görə bir anlıq beynimdə dolanan bu fikri atdım başımdan. Maşınlarsa gəlib səs sala-sala Şükür bəyin söykəndiyi pəncərənin altından keçib gedirdi. Hər keçib gedən maşınla Şükür bəy xəyalən qaçır, xəyalən uçurdu bu evdən. Və hər dəfə də maşın keçib edəndən sonra Şükür bəyin xəyalları, bu arzuları çilik-çilik olub düşürdü odun peçinə.

 

Əsirliyin 15-ci günü

 

28 noyabr 1991-ci il. Adi bomboz bir gün.

Prokuror:

- Desəm ki, günlər bütün təfsilatı ilə o qədər də yadımda qalmayıb, inanın. Ancaq o günü ömrüm boyu unutmayacağam.

… İçəri girən ermənilərdən biri Şükür bəyə qayıtdı ki, Ağdama gəlmiş qardaşınız və oğlanlarınız təklif edib ki, onları sizinlə dəyişək. Şükür bəyin fikri başqa yerdəydi deyən əvvəlcə o qədər də anlamadı onların dediklərini. Bəlkə də qulaqlarına inanmadı. Bəlkə də inanmaq istəmədi.

- Nə dedi?

- Deyirəm ki, qardaşınız və oğlanlarınız təklif edir ki, sizi onlarla dəyişək.

Yazıçı:

- Olub belə şey, yoxsa…

- Hə, kiçik qardaşım Əbülfət və oğlanlarım Rəşid, Rövşən Ağdamdan ratsiya ilə xəbər veriblər ki, biz razıyıq, bizi atamızla dəyişin. Fikirləşiblər ki, qoca kişiyəm, dözmərəm.

… Ermənilərin bu sözündən sonra elə bil tavandan Şükür bəyin başına bir qazan qaynar su itökdülər. İçində qovrula-qovrula qaldı Şükür bəy. Üzünü pəncərəyə sarı çevirib Allaha yalvardı:

- Allah, sənə qurban olum… Sən mənə dözüm ver… Sən məni bu kafirlərin qabağında ağlatma. Kişi düşməninin qabağında ağlamaz. Allah, sənə qurban olum.

Prokuror:

- İnanın, gözlərim dolmuşdu. Bir himə bənd idim. Qurban olum Allaha, məni erməni qabağında xar eləmədi. Gözümün yaşını qurutdu Allah.

… Şükür bəy bir xeylaq öz ürəyilə danışa-danışa, içində dolub, içində kövrəlib, içində sızıldaya-sızıldaya, içində ağlaya-ağlaya, içində toxtaya-toxtaya ermənilərə sarı çevrildi:

- Bəs, siz nə dediz?

Erməni də sanki Allahın Şükür bəyin başı üstündə durduğunu görüb sözünü dəyişdi:

- Biz dedik ki, o elə adam deyil.

Şükür bəy dinmədi.

- Dedik o dünyasında belə işə qol qoymaz.

Handan-hana özünə gələn Şükür bəy dilləndi:

- Düz demisiz.

Yazıçı:

- Bu təklifi kimə deyib ki, uşaqlar?

- Stepanakert komendantının müavininə. O da bulara çatdırıb.

 

Əsirliyin 16-cı günü

 

29 noyabr 1991-ci il. Axşamüstü idi. Ermənilər çay dəmləmişdi. Bir stəkan da Şükür bəyə süzüb verdilər. Hiss olunurdu ki, ermənilər Şükür bəylə söhbət etmək, dialoqa girmək istəyir.

Yazıçı:

- Şükür bəy, bu müddət ərzində olar sizə heç əl qaldırmayıb?

- Yox, qətiyyən yox. Arabir bağırırdılar, qışqırırdılar üstümə… O da Yerevandan gələnlər idi. Ancaq döymək məsələsi olmayıb.

- Axı girovlarımızı adətən döyür, işgəncələr verirlər. Sizə nə əcəb əl qaldırmayıblar?

- Nə bilim, vallah. Yenə deyirəm, ola bilər yaşıma, əynimdəki formaya hörmət eləyiblər. Ancaq sonradan mən bir şeyi də öyrəndim. Mən ki uzun illər bu sistemdə işləmişəm, ermənilər arasında həm burda, həm də Moskvada çoxlu dostlarım olub. Eşitdiyimə görə, Moskvadan bunları xəbərdar ediblər ki, ona çox əziyyət verməyin. Hər halda, bu 24 gün ərzində mənə çırtma da vurmadılar.

… Erməni stəkandakı çayı Şükür bəyin qabağına çəkəndə, Şükür bəy erməninin gözlərinin içinə baxdı. Cavan oğlan idi. Çox olsa, 25 yaşı olardı. Ancaq söhbətləri özündən yaşlı idi.

- Biz axı həmişə azərbaycanlılarla yaxşı dolanmışıq. Bax, Əfqanıstanda mənim azərbaycanlı dostlarım var idi. Bilirsən, onlarla necə yaxşı dolanmışıq? Axı niyə belə oldu?

Şükür bəy o dəqiqə cavab verdi:

- Onu bir sizdən soruşmalıyıq.

- Siz məndən çox görmüsüz, çox yaşamısız. «Nujenni» hiss eləmirsiz ki, bu davanı ruslar salıb?

Şükür bəy dinmədi. Erməni Yaşanı axıradək dinləmək qərarına gəldi. Yaşa isə Şükür bəy üçün hamımızın bildiyi tarixi açıqlayırdı.

- Yəni bilmirsiz ki, 1905-ci ildə bu davanı Nikolay, 1918-ci ildə Lenin, indi də Qorbaçov salıb?

Şükür bəy Yaşanı bir müddət süzəndən sonra cavab verdi:

- Bunu biz bilirik, bəs siz niyə bilmirsiz? Bax, bizimçün də bu, bir sirrdir. Əfqanıstan döyüşü keçmiş bu cavan Yaşa Şükür bəyin bu sözündən sonra çayını içib eşiyə siqaret çəkməyə çıxdı.

Yazıçı:

- Şükür bəy, oyun oynayırdılar, yoxsa həqiqi sözləri idi?

- Yox, həqiqi sözləri idi. Özləri də səhvlərini başa düşmüşdülər. Ancaq artıq gec idi axı. Neyləsinlər, dala yol yox idi.

… O gecə cavan erməni səhərə qədər siqaret çəkdi.

 

Əsirliyin 17-ci günü

 

30 noyabr 1991-ci il. Yenə adi, soyuq, bomboz günlərdən biri.

Günlər bir-birinə, ermənilər də bir-birinə, evlər bir-birinə oxşayırdı. Ancaq hər gün bir təzə söhbət çıxırdı. O günün səhəri yenə Şükür bəyin gözlərini bağladılar. Ancaq eşiyə çıxarmadılar. Şükür bəy anladı ki, görünür, yenə dindirilmə mərasimi başlanacaq. Elə də oldu. İçəri iki nəfər girdi. Hədə-qorxuyla:

- Səni dəyişməyəcəyik.

- Səni öldürəcəyik.

- Sən çox şey bilirsən, ancaq bizə demirsən. Şükür bəy sakitcə, aramla cavab verirdi.

- Mən heç nə bilmirəm.

- Necə yəni heç nə bilmirsən?!

- Siz məndən çox şey bilirsiz.

Birdən gəlmə ermənilərin biri hirslə ayağa qalxıb silaha əl atdı.

- Bəsdirin daha bunun nazıyla oynadıq.

- Qalx ayağa, üzünü divara çevir.

Kimsə Şükür bəyin qolundan yapışıb divara sarı gətirdi. Üzünü də divara sarı çevirdi.

Yazıçı:

- Əsirliyinizin ən ağır anı.

- Bax, əsirliyimin ən ağır anı o gün idi. Dirədilər məni divara. Üzümü çevirib sakitcə olara dedim ki, mən 62 il ömür sürmüşəm, gördüyümü görmüşəm, yaşadığımı yaşamışam, amma siz heç 32 il də yaşamayacaqsınız.

… Ermənilər hirsindən zəncir gəmirirdilər. Ancaq…

- Bəsdi çərənlədin. Üzünü divara çevir.

Şükür bəysə üzü ermənilərə sarı dayanıb durmuşdu.

- Öldürürsüz, öldürün, mən artıq ömrümü başa vurmuşam.

- Üzünü divara çevir, dedim.

- Çevirmirəm, vurursuz vurun. Ya alnımdan, ya sinəmdən, mən qorxmuram.

Yazıçı:

- Həqiqətən qorxmurduz?

- Yox, həqiqətən qorxmurdum. Doğrudan da, axı nədən qorxmalıydım? Ölümdən? Onsuz da bir gün öləsiyik. Qoy elə torpağımızın yolunda ölək də…

… Ermənilər bir qədər öz aralarında deyinib «ladno, potom» deyib çıxıb getdilər. Şükür bəyinsə gözləri bir xeyli bağlı qaldı…

 

Əsirliyin 18-ci günü

 

1 dekabr 1991-ci il. Noyabr keçdi, dekabr gəldi. Səhər tezdən yenə Şükür bəyin gözlərini qara əskiylə bağladılar. Yenə eşiyə çıxardılar.

Şükür bəyin gözlərini yenə görünür, tələsik bağlamışdılar. Əməlli-başlı ayağının altını görürdü. Maşına yaxınlaşanda hələ bir üzünü döndərib qabaq tərəfinə nömrə üçün baxdı. Ermənilər şübhələndilər.

- Görürsən bəyəm ki, nömrə tərəfə baxırsan?

- Yox, heç nə görmürəm.

Prokuror:

- Əslində, əməlli-başlı görürdüm. Maşın QAZ-69 idi. Özü də bu gün ikiqapılı idi.

- Bəs, nömrə yerinə niyə baxırdız ki?

- Deyirdim əgər nömrəsi varsa, heç olmasa baxıb yadda saxlayım. Ancaq onu da bilirdim ki, bu maşınların hamısı nömrəsizdi.

… Şükür bəyi yenə bir neçə saat dərə-təpəylə harasa aparıb-gətirib bir kəndə çıxardılar. Bu bir saatı ermənilər maşında elə hey ermənicə danışırdılar. Bu danışıqlardan da heç nə başa düşmədi Şükür bəy.

Yazıçı:

- Şükür bəy, doğrudan Qarabağda anadan olmusuz, nə əcəb erməni dilini bilmirsiz?

- Bayaq dedim ki, Şuşada doğulmuşam, ancaq uşaq vaxtı çıxmışıq ordan. Şəhərdə böyümüşəm. Doğrudan da heç erməni dilini öyrənməyə cəhd göstərməmişəm.

- Deməli, erməni dilini bilməməyiniz sirr yox, həqiqətdir. Çünki bayaq elə bildim ermənilərə qəsdən demisiz ki, dili bilmirsiz.

- Yox, yox, həqiqi bilmirəm.

… Və beləcə Şükür bəyi əsirliyinin on səkkizinci gününda altıncı mənzilə gətirdilər.

 

Əsirliyin 19-ci günü

 

2 dekabr 1991-ci il. Adi bir mənzil. Bir qədər istidir. Radiosu var.

Maqnitofon öz yerində, kaset öz yerində.

Yazıçı:

- Şükür bəy, o maqnitofonu özləriylə daşıyırdılar, yoxsa evlərdə var idi?

- Mənə elə gəlir var idi. Nə bilim, daşıya da bilərdilər. Fikir verməmişəm.

… Elə bil bütün evlərdə Şükür bəy üçün qabaqcadan küncdə bir stul hazır qoyurdular. Bir qədər keçdi, yenə eşikdən fit səsi gəldi. Yenə Yaşalardan biri həyətə düşüb yeməyi alıb gətirdi. Ermənilər yeməkdən sonra yenə səfərbərlik kasetinə qulaq asırdılar. Yenə yaraqlanıb harasa getdilər.

Yazıçı:

- Şükür bəy, bəs onlar harasa gedəndə səni güdməyə neçə erməni qalırdı?

- Hər dəfə azı dörd-beş erməni otaqda mənim yanımda otururdu. Daha çöldəkilərdən xəbərim olmurdu.

… Axşamüstü ermənilər radioda xəbərlərə qulaq asanda Şükür bəy də nəfəsini dərib oturmuşdu. Müxtəlif hadisələr, şərhlərdən sonra nəhayət, söz Şükür bəyin üstünə gəldi. Efirdən adını eşidən Şükür bəy həyəcanını güclə saxlayırdı. Arada ürək döyüntülərindən başqa heç nə eşitmirdi.

Yazıçı:

- Sovet radiostansiyaları idi xəbərləri verən?

- Hamısı qarışırdı bir-birinə. Ancaq xarici radiostansiyanın son cümləsi indiyə kimi yadımda qalıb. Çünki o cümlə mənə hava, su verdi. Çörək verdi, güc verdi, yaşamaq ümidi verdi.

- Nə dedilər ki?

- Dedilər ki, filankəsi ermənilər on altı dustaqla dəyişmək istəyirlər. Razılıq əldə olunub. Və bu günlər dəyişəcəklər.

… O gecə Şükür bəy rahat yatdı. Əsirliyin altıncı mənzilində, altıncı küncündə gözünə şirin bir yuxu da gəldi.

 

Əsirliyin 20-ci günü

 

3 dekabr 1991-ci il. Altıncı mənzildə ikinci gün. Yenə qara pərdələr. Yenə əlisilahlı ermənilər. Hansınınsa cibində Şükür bəyin gözlərini bağlamaq üçün gəzdirdiyi qara əski var və kim bilir hansınınsa silahında Şükür bəyə yetəcək, ömrünə nöqtə qoya biləcək bir güllə var. Şükür bəysə artıq ancaq azadlıq haqqında, əsirlikdən qurtulmaq barədə fikirləşirdi.

Yazıçı:

- Radiodan o xəbəri eşidəndən sonra özünüzü necə hiss edirdiz?

- Desəm ki, çox yaxşı hiss edirdim, inanın. Ancaq bu gədalardan nə desən gözləmək olardı.

- O gün yadınızda necə qalıb?

- Yadımda heç qalmayıb. Belə… dumanlı xatırlayıram.

… Bəli, elə hava da dumanlı olub. Bəlkə də duman qarlı dağların başını bürüyəndə Şükür bəyin də ürəyinə bir əlçim qonub. Axı dumandan sonra adətən tərtəmiz bir gün üzə çıxır.

 

Əsirliyin 21-ci günü

 

4 dekabr 1991-ci il.

O gün sonuncu dəfə Şükür bəyin yaşadığı, saxlanıldığı mənzili dəyişdilər. Lakin Şükür bəyin hələ bundan xəbəri yox idi. Şükür bəy buna adicə bir şey kimi baxırdı. Yenə gözlərini bağlayıb otaqdan çıxartdılar. Yenə maşına əyləşdirdilər. Yenə dərə-təpəli yollarla harasa apardılar. Yenə yol boyu ermənilər danışa-danışa, söhbət eliyə-eliyə Şükür bəyin qollarından möhkəmcə tutmuşdular.

Yazıçı:

- Şükür bəy, əllərinizi bağlayırdılar?

- Yox, əllərim açıq olurdu. Sadəcə olaraq, hər tərəfimdə biri oturub qollarımdan tuturdular.

Yenə təxminən saat, saatyarım yol gedəndən sonra maşını bir evin qarşısında saxlayıb Şükür bəyi düşürdülər. Yenə qollarından tutub bir otağa saldılar. Otaqda gözlərini açanda Şükür bəy hiss elədi ki, bu otaq artıq ona tanışdır. Bu odun peçi, bu pəncərələr, bu qara pərdələr, bu tavan, bu döşəmə artıq əsirlik ömründən bir dəfə keçib gedib.

Yazıçı:

- Hansı ev idi, Şükür bəy, hardan tanıdız?

- Bu evdə, bu otaqda məni birinci gün tutub gətirəndə artıq beş-altı gün saxlayıblar.

- Bir dəyişiklik hiss elədiz otaqda?

- Hə, hiss elədim ki, evin yiyəsinin arvad-uşaqlarını otaqdan lap indicə çıxarıb harasa yollayıblar.

… Beləcə, üç çarpayıdan yenə həmin çarpayını Şükür bəyə verdilər. Beləcə, dörd küncdən yenə həmin küncü Şükür bəyə tapşırdılar.

 

Əsirliyin 22-ci günü

 

5 dekabr 1991-ci il.

Prokuror:

- Yadımda həmin ermənilərdən, həmin evdən savayı heç nə qalmayıb.

- Bəlkə söhbətləri xatırlayasız?

- Bilirsiz, söhbətlər hər gün bir-birinə oxşayırdı. Sumqayıt, Bakı, Qarabağ…

- Bəlkə yeməkləri?

- Yox, yadımda deyil, toyuq olurdu, pendir-çörək olurdu.

- Bəlkə ermənilərdən kimsə yadda qalıb?

- Yox, fərqlənmirdilər. Təkcə o Yerevandan gələnlər seçilirdilər. Adam istəyirdi cırıq-cırıq eləsin onları…

… Beləcə, Şükür bəy əsirliyin 22-ci günündə dörd divar arasında bütün günü var-gəl elədi. Qara pərdələrə baxdı. Odun peçinin istisinə qızındı. Erməni əlindən bir stəkan çay içdi. Erməni süfrəsindən bir loxma çörək kəsdi. Havanın qaralmasını nə gördü, nə də duydu. Yuxusu gələndə uzanıb yatdı.

 

Əsirliyin 23-cü günü

 

6 dekabr 1991-ci il.

Azad olunmağına bir gün qalmış Şükür bəy qara pərdələr arasında oyananda özünü tanımadı. Yatağından quş kimi qalxdı. Ancaq ürəyindən elə bil ağır yük asılmışdı.

Prokuror:

- Azı on-on beş kilo arıqlamışdım. Son günlər hiss elədim. Sonra görən də deyirdi nə yaman arıqlamısan?

- Bilirdizmi ki, nə vaxt azad olacaqsız? Nə vaxt dəyişiləcəksiz?

- Yox, soruşdum, heç nə demirdilər. Elə deyirdilər ki, danışırıq. Vəssalam, başqa söz demirdilər.

… Ermənilər də özlərini elə aparırdılar ki, guya heç nədən xəbərləri yox idi. Biri odun gətirir, biri peçi qalayır, biri çay qoyur, biri fit gözləyir… Və guya heç birinin xəbəri yoxdur ki, bir gündən sonrna Şükür bəy dəyişilib azadlığa çıxacaq. Bəlkə də xəbərləri yoxdur. Bəlkə də onlar növbəti girovu, növbəti əsiri gözləyirlər.

- Bəs, nə əcəb erməniliyini bildirmirdilər.

Prokuror:

- Erməniliklərini bildirməyə bildirirdilər. Düşmən hər yerdə, hər vaxt düşməndir.

… Bəli, düşmən hər yerdə, hər vaxt düşməndir. Özü də erməni öz torpağımızın üstündə gəzib, çörəyimizi yeyən, suyumuzu içən erməni.

Şükür bəy də belə ermənilərin arasında, belə ermənilərin gülləsi qabağında idi.

 

Əsirliyin 24-cü günü

 

7 dekabr 1991-ci il.

Bu son gün nə qədər mənəvi, fiziki əzab-əziyyətlərdən keçib gəlmişdi. Şükür bəy bu son günə kimi neçə-neçə erməni sifəti görmüşdü. Bu son günə kimi gözübağlı, qapı-pəncərəsi bağlı gəlib çıxmışdı. Şükür bəy bu son günə dərəli-təpəli yollar keçib gəlmişdi. Neçə-neçə avtomat, tüfəng lüləsinin qabağından keçib gəlmişdi. Bəs, bu son günü necə keçmişdi Şükür bəyin?

- Bilmirəm… Bilmirəm… Heç nə yadımda deyil. Bəyəm bilirdimmi sonuncu gündür?!.

 

Əsirliyin 25-ci, azadlığın 1-ci günü

 

8 dekabr 1991-ci il. Bu adi bir gün neçə aylar, illər, günlər sonra Şükür bəy üçün qeyri-adi birgün olacaq. Və bu qeyri adi günü Şükür bəy bəlkə də ikinci ad günü, dünyaya gəliş günü kimi qeyd edəcək. Hələliksə dekabrın 8-i onun üçün adi bir əsirlik günü idi. Qapı taybatay açılır. İçəri girənlər yenə Şükür bəyin gözlərini bağlamaq istəyirlər.

- Dur gedək.

- Hara?

Heç vaxt Şükür bəyin gözlərini bağlayanlara belə bir sual verməmişdi. Ancaq bu gün özünü saxlaya bilmədi.

- Hara gedirik?

Erməni yaraqlısı onun gözünü bağlaya-bağlaya:

- Dəyişirik səni…

Qulaqlarına inanmadı Şükür bəy. Gözlərinə inanmadı. Ancaq gözlərini özü bağladı. Özü bağladı ki, bir az tez yola düşsünlər.

Yazıçı:

- Niyə inanmırdız?

- Onlara inamım qalmamışdı. Ancaq bir gün qabaq radiodan eşitmişdim ki, məni on altı erməni ilə dəyişmək istəyirlər. Özləri isə heç nə demirdi.

- Yerli radiodan eşitmişdiz?

- Yox, deyəsən, xarici radiostansiya idi. Elə ona görə də bir az inamım var idi.

… Şükür bəy gözlərini bağlayan ermənidən bir də hər ehtimala qarşı soruşdu. Bəlkə də yoxlamaq istəyirdi onları.

- Harda dəyişəcəksiz?

- Ağdamla Əsgəran arasında. - deyib Şükür bəyi eşiyə çıxardılar. Eşikdə isə maşın hazır durmuşdu.

Prokuror:

- Hə, özü də «xodda» idi. Həyətə düşəndən əvvəl onu hiss elədim ki, yer qurudur. Palçıq yox idi. Yenə də arxada iki nəfərin arasında əyləşdirdilər məni. Ancaq bu dəfə heç biri qolumdan yapışmamışdı. Sərbəst idim.

- Çox yol getdiz?

- Onu demə. İnanın ki, bu mənim bəlkə də ən uzun yolum idi. Təxminən iki saat, iki saat yarım yol getdik, ancaq mənə elə gəldi ki, iki illik bir yolu gəlirəm. Çox yorucu, çox uzun gəldi bu yol mənə. Bax, elə o anlarda həqiqətən dəyişilməyə aparıldığıma inandım.

… Bəli, Şükür bəyin ömrü boyu yaddan çıxarmayacağı bu uzun yol dərə-təpə idimi, hamar idimi, qarlı-buzlu, sürüşkən idimi, nə yadında qalıb, nə də fərqinə varıb. Heç öz aralarında danışan ermənilərin söhbətini də yadına sala bilmir. Gözlərinin qabağında isə təkcə Ağdam olub, qohum-qardaşı, can-ciyərləri və bir də azadlıq işığı olub.

Uzun və yorucu gəlişdən sonra maşın birdən dayandı. Maşın dayanan kimi Şükür bəy şirin xəyallardan səksənib ayıldı. Qapı açıldı. Qabaqda əyləşən ermənilər düşüb harasa etdilər. Bir qədər sonra qayıdıb gəldilər:

- Prokuror, qardaşın Əbülfət gəlir.

«Əbülfət gəlir» deyəndə Şükür bəy əl atıb gözlərini açmaq istədi. Qoymadılar. Və bu vaxt boynuna sarılan doğma qolların istisini duydu Şükür bəy. Üz-gözündən öpən, duz kimi yalayan Əbülfətin nəfəsi Şükür bəyin üzünə dəydikcə sanki Şükür bəy o dünyadan pilə-pillə bu dünyaya üz tutub gəlməyə başladı. Şükür bəy yenicə bu görüşün röya deyil, həqiqət olduğuna inanmışdı ki, zəhmli bir komanda eşitdi:

- Qurtarın, bəsdi!

Əbülfət çəkilib getdi. Şükür bəy isə gözləri bağlı qaldı yenə maşının içində.

Prokuror:

- Yenə bir on-on beş dəqiqə qaldım gözüyumulu maşının içində.

- Saat neçə olardı?

- Gözlərimi açanda hiss etdim ki, axşam saat səkkizə yaxındır.

- Gözlərinizi nə vaxt açdılar?

- Elə Əbülfət gedəndən bir on-on beş dəqiqə sonra. Bu müddət ərzində sən demə, əvvəlcə erməniləri keçiriblərmiş bu tərəfə.

- Neçə erməniyə dəyişiblər?

- Altı erməniyə.

… On, on beş dəqiqə keçmiş ermənilərin ikisi maşina - Şükür bəyə yaxınlaşıb. Biri gözlərini açıb, o birisi isə qollarından tutub aşağı düşürüb.

- Tez ol, düş aşağı.

Şükür bəy aşağı düşən kimi ilk anda əlli-altmış metrlikdə dumanda dayanan «Jiquli» maşınını görüb. Bəlkə də hava dumanlı olmayıb, gözləri dumanlı olub.

- Keç, tez əyləş o maşına.

Günlərlə gözlədiyi bu əmri, komandanı Şükür bəy bir andaca yerinə yetirdi. «Jiquli»nin qapısını açıb əyləşən kimi qardaşı Əbülfət yenə boynuna sarıldı.

- Qurban olum sənə, ölmüşdük biz…

Yazıçı:

- Şükür bəy, maşında daha kimlər var idi?

- Qardaşım sukan arxasında idi. Yanında da, deyəsən, Ağdamın hərbi komendantı ildi. Famili yadımldan çıxıb.

- Ermənilər dayanıb gözləyirdilər, yoxsa?

- Bircə onu bilirəm ki, mən maşına oturan kimi tez sürüb getdik. Onlardan daha xəbərim olmadı. Ağdamın yaxınlığında hərbi postu keçən kimi qohum-əqrəba tökülüşdü üstümə. Ağdamda bibim oğlu yaşayır. Gəldik onlara. Hər tərəfdən qoşum-əqrəba tökülüb gəlmişdi. Tərtərdən də gəlmişdilər. Səhərə kimi yatmayıb danışdıq.

- Bilmirdiz dəyişilən ermənilər kimlər idi?

- O ermənilərin hərəsində silah və bir neçə güllə tutulmuşdu. Ona görə həbs olunublar. Olar da amnistə düşüb işləri xətm olunub, ona görə dəyişiblər. Əgər ermənilər bunu bilsəydi, bəlkə də heç məni onlara dəyişməzdilər.

- Arada söz-söhbət gəzirdi ki, sizi guya jurnalist Salatın Əsgərovanın qatilləriylə dəyişiblər?

- Yox, yox, tamam yalandır. Salatın mənim doğmaca bibim nəvəsidir. Əgər elə bir iş olsaydı, heç özüm razı olmazdım. Nə danışırsız?

- Bəs, Bakıya nə vaxt gəldiz?

- Elə həmin günün səhəri.

Şükür bəylə söhbətim qarlı bir gündə oldu. Artıq qələmi və dəftərçəmi cibimə qoyub ayağa durmaq istəyirdim. Və birdən ürəyimdən bir sual da keçdi:

- Şükür bəy, 24 gün əsirliyiniz müddətində erməni yaraqlılarında gördüyünüz hansı cəhətlər daha çox yadınızda qalıb?

- Birinci, öz aralarında çox mehribandılar. Can deyib, can eşidirlər. İkincisi - bizim haqqımızda hər şeydən xəbərdardılar, hər addımımızı qabaqcadan bilirlər. Aramızda xainlər çoxdur. Üçüncüsü - möhkəm nizam-intizam və bir də özlərinə inam. Böyük inam!

… Şükür bəyin bu sözləri məni yaman tutu. Elə onun özünü də. Bunu hiss edib iyirmi il çəkmədiyi və yarımçıq saxladığı siqaret qutusundan çıxarıb bir siqaret uzatdı mənə.

- Çək, bəlkə yüngülləşəsən.

Siqareti alıb çəkdim və söhbəti başqa axara yönəltdim.

- Bəs, nəvəniz Nurlan sizi görəndə nə dedi?

- Dedi, baba əsgər gedib, qayıdıb.

 

“Ulduz” jurnalı, 2006, №6 

 

Xəbərlər
Redaktorun seçimi