“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.06.2021, 14:00
2886

Helsinki və Haaqada azərbaycanlı diasporunun informasiya aksiyaları

A- A+

Azərbaycan diasporunun uğurları erməniləri və ermənipərəst qüvvələri qəzəbləndirib

Ermənilərin və onların havadarlarının dünyada azərbaycanlılara qarşı haqsız və qərəzli münasibətlərinə tez-tez rast gəlinir. Bunun bir səbəbi sadəcə ermənilikdən irəli gələn yalançılıq, riyakarlıq olsa da, digər bir səbəbi də bəzi qərb siyasətçilərinin erməni yalanlarına göz yumması və bəzən də bu yalanları körükləməsidir.

Bu günlərdə Finlandiyanın Helsinki və Niderlandın Haaqa şəhərlərində Azərbaycanın mədəni və tarixi irsinin, ərazi bütövlüyünün təbliğ olunması məqsədilə diaspor təşkilatlarının həyata keçirdiyi məlumatlandırıcı aksiyalara ermənilərin və ermənipərəst qüvvələrin qısqanc, qərəzli yanaşması da bunun bariz nümunəsidir. 

Son dövrlər dünya azərbaycanlılarının birliyi, mütəşəkkilliyi, yerli cəmiyyətlərə yaxından inteqrasiya olunaraq kütləvi tədbirlər keçirməsi antiazərbaycan qüvvələri ciddi narahat edir. Bütün dövlətlərdə yerli qanun-qaydalara hörmətlə yanaşaraq, qanunvericiliyin, pandemiyanın tələblərini nəzərə alan soydaşlarımızın uğurları qarşısında aciz qalan ermənilərin öz məkrli hisslərini sosial şəbəkələr üzərindən müxtəlif ünvanlara məktublar göndərməklə ifadə edirlər.

Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzində dəmiryolu vağzalında və metro stansiyasında, metro, tramvay və qatarların içərisində "28 May- Azərbaycanın Respublika Günü!” şüarı yazılmış rəqəmsal lövhələr quraşdırılıb. İri ekranlarda nümayiş etdirilən və şəhər mərkəzində insanların ən sıx olduğu yerdə quraşdırılan ekranlar Helsinki sakinlərinin və turistlərin marağına səbəb olub.

Eyni zamanda, mayın 31-dən etibarən Niderland Krallığının Haaqa şəhərinin  mərkəzi hissəsində hərəkət edən 16 nömrəli tramvayın üzərində Azərbaycanın üçrəngli dövlət bayrağının, Bakıdakı İsmailliyə binasının, Qarabağ bölgəsinin füsunkar təbiətinin, Şuşa qalasının fotoşəkilləri yerləşdirilib. Komitənin saytında verilmiş informasiyaya görə, bu marşrut Parlament binası, Sülh sarayı, mərkəzi dəmiryolu vağzalı yerləşən küçələri, yay mövsümündə isə çimərliklərə uzanan yolları da əhatə edir. Avqustun 31-ə qədər davam etdiriləcək aksiya əhalinin və şəhərin qonaqlarının diqqətini Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və füsunkar təbiətinə cəlb etmək məqsədi daşıyır.

Azərbaycanın dünya ölkələrində, xüsusən Avropada müasir metodlarla təbliğ olunmasından qıcıqlanan ermənilər Helsinkidə rəqəmsal lövhələri quraşdıran reklam şirkətinə israrlı şəkildə zəng edir, məktub ünvanlayır və qara-qışqırıq salırlar. 

Haaqa şəhərindəki 16 nömrəli tramvayın üzərində Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin təsvirlərinin yerləşdirilməsi isə Niderland Nümayəndələr Palatasının üzvü Raymon de Runu "özündən çıxarıb".  Ermənipərəst siyasətçi "twitter" hesabı üzərindən aksiyaya etirazını bildirib. Ermənilər də sevinə-sevinə niderlandlı havadarlarının statusunu sosial şəbəkələrdə  paylaşmaqla, bir növ özləri deyib, özləri eşitməklə təskinlik tapıb.

Qeyd etmək lazımdır ki, Respublika Gününün builki təbliğat kampaniyasında əsas məqsədlərdən biri də yerli sakinlərin diqqətini Azərbaycanın tarixinə və torpaqlarımızın işğaldan azad edilməsinə cəlb etmək idi. Elə buna görə də Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkil etdiyi məlumatlandırıcı aksiyalarda yük maşınlarının led ekranları "28 may – Azərbaycanın Respublika Günü" və "Şərqdə ilk demokratik respublika" sözləri ilə yanaşı, Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb. Eyni zamanda, işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam şəhərlərindəki tarixi memarlıq və dini abidələrin, Xudafərin körpüsünün, hər güşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri əks olunub.

Bu cür aksiyalar ABŞ-ın onlarla şəhər və ştatında – Nyu York, Los-Anceles, Atlanta kimi böyük meqapolislərində, Avropanın London, Amsterdam, Rotterdam, Stokholm, Haaqa, Helsinki və digər şəhərlərində təşkil olunub.

Azərbaycanın işğaldan azad olunmuş şəhərlərinin gözəlliklərinin əks olunduğu təsvirləri ardıcıl olaraq bir-birini əvəz etməsi Qarabağ zəfərindən sonra böyük ruh düşkünlüyünə düçar olmuş və sürətlə parçalanmaqda olan erməni diasporunu daha da məyus edib. 

Bu günlərdə Ermənistana səfər edən ABŞ-ın Kaliforniyada ştatındakı erməni diasporunun rəhbəri Elen Asatryan da yerli mediaya müsahibəsində müharibədəki məğlibiyyətdən sonra yaşadığı ştatda erməni icmasının dağıldığını etiraf edib. Əslində isə erməni diasporu artıq bir neçə ildir ki, Azərbaycan diasporunun koordinasiya işini gücləndirməsi, həmrəyliyinin möhkəmlənməsi, mütəşəkkilliyinin artması, Türkiyə diasporu ilə birləşmənin fonunda erməni diasporunun zəifləməsi və passivləşməsindən narahatlıq keçirirdi.

Məsələn, Fransanın Alforvil şəhərinin erməni mənşəli vitse-meri Saro Mardiryan hələ bir il əvvəl deyirdi ki, Prezident Ərdoğan Fransaya gedən hər bir türkə öz ölkəsinin səfiri olduğunu unutmamağı bildirir, soydaşlarına aktiv olmağı, uğur qazanmağı, yaşadığı ölkədə siyasətlə məşğul olmağı və yüksək postlar tutmağa çağırışlar edir. Azərbaycan da aktiv diaspor siyasəti yürüdür. Azərbaycan və Türkiyə diasporunun aktivliyi bizim üçün mənfi nəticələrə səbəb olacaq. O, həmçinin erməni  diasporunun əvvəlki vaxtlarda olduğu kimi güclü və həmrəy olmadığını, Azərbaycan diasporunun daha aktiv və mütəşəkkil fəaliyyət göstərdiyini narahatlıqla qeyd edirdi.

Erməni diasporu Azərbaycan diasporunun işğaldan azad olunmuş torpaqlarımızı tanıtması istiqamətindəki fəaliyyətini, yerli azərbaycanlıların aktiv siyasətlə məşğul olaraq yaşadıqları ölkələrdə qanunverici və icraedici orqanlarda postlar əldə etməsini, ayrı-ayrı ölkələrdə Koordinasiya şuraları, "Qarabağ evləri”, "Azərbaycan məktəbləri”i yaratmasını  narahatlıqla izləyir.

Görünən isə odur ki, ermənilərin bu narahatlığı qarşıdakı dövr ərzində bir qədər də artacaq. Çünki erməni diasporunun açıqlamalrı və cılız hərəkətləri Azərbaycan diasporunun qarşıya qoyulan hədəflərə çatdığını ifadə edir. Azərbaycan diasporu Türkiyə, dost xalqların diasporu, türkdilli ölkələrin icması ilə əməkdaşlıq çərçivəsində nüfuz dairəsini genişləndirir, Ermənistan isə hərb meydanında olduğu kimi beynəlxalq  arenadakı savaşda da Azərbaycana daha böyük fərqlə məğlub olmaqda davam edir.

Bütün bunların əsasında isə, müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, ordumuzun şücaəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilmiş TARİXİ ZƏFƏR və bu zəfərin dünya azərbaycanlılarına yaşatdığı SEVİNC-QÜRUR hissi dayanır.

Xəbərlər
Redaktorun seçimi