Azərbaycan XVIII-XIX əsrlərdə
Azərbaycanın yeni tarixi xronoloji baxımdan XVIII əsrin 30-40-cı illərindən (xanlıqlar dövründən) başlayaraq XX əsrin əvvəlinədək - 1917-ci ildə çar Rusiyasının süqutu və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək (1918) olan dövrü əhatə edir.
Azərbaycan tarixinin çox mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi proseslərlə xarakterizə olunan bu dövrünün başlanğıcında - XVIII əsrin 30-cu illərində görkəmli hərbi-siyasi xadim Nadir şah Əfşar qüdrətli Əfşar xanədanlığını (1736-1747) yaratmaqla Azərbaycanda Səfəvilər dövründən bəri mövcud olan vahid dövlətçilik ənənələrini qoruyub saxladı. O, Azərbaycanda əvvəllər mövcud olan inzibati-ərazi bölgüsünü-bəylikləri ləğv edərək yeni inzibati bölgə yaratdı, şah elan edilməsinə mənfi münasibət bəsləyən bəzi Azərbaycan feodallarını cəzalandıraraq Xorasana sürgün etdi, bir çoxlarının isə hüquqlarını məhdudlaşdırdı, ciddi mübarizə şəraitində öz hakimiyyətini keçmiş Səfəvilər dövlətinin bütün hüdudları çərçivəsində bərqərar etdi. Lakin, bu dövrdə əhalinin istismarının daha da güclənməsi, vergilərin sayının artması, orduya zorla səfərbərliyin keçirilməsi, Hindistana və digər ərazilərə təşkil olunan davamlı hərbi yürüşlər və s. amillər şəraitində Əfşar xanədanı güclü iqtisadi və siyasi əsaslara malik dövlətə çevrilə bilmədi, çox böyük əraziləri əhatə edən dövlətin demək olar ki, bütün guşələrində - Astarada, Car-Balakəndə, Şirvanda, Şəkidə, Təbriz və Ərdəbildə feodal zülmünə və şah hakimiyyətinə qarşı fasiləsiz silahlı üsyanlar baş verdi. I, II, III Sam Mirzələrin Səfəvi sülaləsi adından istifadə edərək əhalini öz ətraflarında birləşdirmək və hakimiyyəti ələ keçirmək cəhdləri heç bir nəticə verməsə də bütövlükdə fasiləsiz üsyanlar dövlətin qüdrətini sarsıtdı.
Nadir şah Əfşarın sui-qəsd nəticəsində öldürülməsindən sonra onun qurduğu nəhəng imperiya parçalandı və ölkə ərazisində bir-biri ilə rəqabət aparan çoxsaylı müstəqil xanlıqlar meydana gəldi. XVIII əsrin II yarısında feodal dağınıqlığı, siyasi pərakəndəlik, natural təsərrüfatın hökmranlığı, xanlıqlar arasında mövcud olan çəkişmələr şəraitində Urmiya, Quba, Şəki, Qarabağ xanlarının, eləcə də Ağa Məhəmməd şah Qacarın Azərbaycan torpaqlarını yenidən vahid dövlət halında birləşdirmək təşəbbüsləri nəticəsiz qaldı.
Bir tərəfdən xanlar arasında ardı-arası kəsilməyən ara müharibələrinin baş verməsi, feodallarla ölkə ərazisinin böyük əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi tənəzzül kimi daxili amillər, digər tərəfdən isə Rusiya, Fransa, İngiltərə kimi Avropa dövlətlərinin Yaxın Şərq və Cənubi Qafqaz regionunda güclü rəqabət mübarizəsi ilə xarakterizə olunan gərgin beynəlxalq siyasi şəraitlə əlaqədar XIX əsrin əvvəllərinə doğru Azərbaycanın daxili və beynəlxalq vəziyyəti daha da ağırlaşdı. Azərbaycanda vahid dövlətin olmamasından və xanlar arasındakı ziddiyyətlərdən istifadə edən Rusiya Cənubi Qafqaz və Xəzəryanı bölgələrlə bağlı hərbi təcavüzkarlıq siyasətini yenidən aktivləşdirdi. Kartli–Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında 1801-ci il 12 sentyabr tarixli car manifesti ilə çarlıqdan vassal asılılığında olan Qazax, Borçalı, Şəmsəddin sultanlıqları da Rusiyanın himayəsinə keçdi və bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu. Azərbaycanın feodal hakimləri arasında Rusiyaya birmənalı münasibətin olmaması da işğalı asanlaşdırırdı. Belə bir şəraitdə 1803-cü ildə Car-Balakən camaatlığı, 1804-cü ildə Gəncə, 1805-ci ildə Qarabağ, Şəki və Şamaxı, 1806-cı ildə Bakı, Quba və Dərbənd xanlıqları Rusiya tərəfindən işğal edildi.
Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalını böyük narazılıqla qarşılayan Qacar xanədanlığının rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması tələbinin rədd olunması ilə 1804-1813-cü illəri əhatə edən I Rusiya-İran müharibəsi baş verdi. Hərbi kompaniyalar gedişində Abbas Mirzənin başçılıq etdiyi İran qoşunlarının məğlub edilməsi çar hökumətinə Azərbaycanda öz mövqelərini daha da möhkəmləndirməyə, 1805-ci ildə Şirvanı, 1806-cı ildə isə Bakı, Quba və Dərbənd ərazilərini tabe etməyə imkanı verdi. 1812-ci ilin sonda baş verən Aslandüz və Lənkəran döyüşlərində İran qoşunlarının qəti məğlubiyyəti və bunun ardınca Lənkəranın ruslar tərəfindən işğalı ilə I Rusiya-İran müharibəsinin taleyi həll olundu. Rusiya və Qacar xanədanlığı arasında imzalanan 1813-cü il 12 oktyabr Gülüstan sülhü ilə İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan, Şərqi Gürcüstan və Dağıstanın çar Rusiyası tərəfindən istilası təsdiq olundu, Rusiya Xəzər dənizi hövzəsində şəriksiz strateji mövqe əldə etdi.
Cənubi Qafqazın böyük hissəsinin itirilməsini özü üçün böyük rüsvayçılıq hesab edən Qacar xanədanlığı ilə Rusiya arasında 1826-1828-ci illərdə baş verən növbəti müharibə də İran tərəfi üçün uğursuzluqla başa çatdı. 1828-ci fevralın 10-da imzalanan Türkmənçay sülhü ilə Qacar xanədanı Şimali Azərbaycan torpaqlarına olan iddialarından tamamilə əl çəkdi və bu ərazilər üzərində Rusiyanın hakimiyyətini tanıdı. Bununla da, vahid Azərbaycan xalqı zorla iki hissəyə bölündü, ölkəmizin şimal və cənub hissələri fərqli sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu.
XIX əsrin I yarısında reallaşan işğal nəticəsində Azərbaycan çar Rusiyasının xammal bazasına və satış bazarına çevrildi, ölkənin iqtisadiyyatı və idarəçiliyi bütünlüklə müstəmləkə sisteminə uyğunlaşdırıldı. İstila edilmiş ərazilərdə yeni inzibati idarə sistemi tətbiq edildi, xanlıqlar əllərində hədsiz hakimiyyət cəmləşdirmiş komendantlar tərəfindən idarə olunan əyalət və dairələrə çevrildi. Komendant idarə sistemi çarizm tərəfindən bərqərar edilmiş müstəmləkəçilik rejiminin konkret təzahürü, komendantlar isə müstəmləkəçilik siyasətinin bilavasitə icraçıları idilər.
Çar Rusiyasının müstəmləkə rejimi, milli və dini zülm, mənfur köçürmə siyasəti, komendantların və digər məmurların özbaşınalığı, rüşvətxorluğu və azğınlığı XIX əsrin 30-cu illərində Azərbaycanda əhalinin çox güclü narazılığına səbəb oldu. 1830-cu ildə Car-Balakəndə, 1831-ci ildə Lənkəranda, 1837-ci ildə Qubada, 1838-ci ildə isə Şəkidə güclü üsyanlar baş verdi. Azərbaycan xalqının milli mübarizə əzmini sübut edən bu üsyanlar çətinliklə yatırılsa da Komendant idarə-üsulunun iqtisadi və siyasi cəhətdən mütləqiyyətin qarşısına qoyduğu məqsədlərə cavab vermədiyini aşkara çıxardı. Bu hadisələrdən sonra Çar Rusiyası Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın idarəsi ilə bağlı siyasətində müəyyən dəyişikliklər etməyə məcbur oldu.
Rus çarı I Nikolayın 1840-cı il aprelin 10-da verdiyi “Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun”la Cənubi Qafqazın idarəçilik sistemi ümumimperiya inzibati-ərazi bölgüsünə uyğunlaşdırıldı, yəni komendant idarə üsulu ləğv edildi, bölgə inzibati cəhətdən quberniya, qəza və nahiyələrə bölündü. Həmin qanunla Azərbaycan torpaqlarında Xəzər vilayətinin yaradılması ilə yanaşı bir çox tarixi ərazilərimiz - Qazax və Şəmşəddil distansiyaları, Yelizavetpol, Balakən, İrəvan, Naxçıvan qəzaları Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatıldı ki, bu da əslində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünün pozulması demək idi və gələcəkdə milli zəminli münaqişələrin baş verməsinə şərait yaradırdı.
1841-ci il 25 aprel və 28 may tarixlərində verilən qanunlarla Azərbaycanın bəy və ağalarının torpaq sahibliyindən və kəndlilər üzərindəki hüquqlarından, kənd idarəçiliyindən mərhum edilməsindən sonra çarizmə qarşı kütləvi narazılığın yenidən güclənməsi hökuməti qanunların icrasını dayandırmağa məcbur etdi. Müsəlman əyalətlərində yeganə sosial dayaq ola biləcək bəy və ağalardan istifadə etmək zəruriyyəti hökumətin bu zümrəyə münasibətini əsaslı şəkildə dəyişdirdi. Rus çarı I Nikolayın 1843-cü il 10 mart fərmanı ilə «Ali müsəlman silki» təsis edildi, 1846-cı il 6 dekabr tarixində isə “Bəy və ağaların hüquqları haqqında reskript” elan edildi. Bu sənədə əsasən bəy və ağaların torpaq və sahibkarlıq hüququ toxunulmaz elan edildi, onlara kənqdlilər üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verildi. Reskript ali müsəlman silkinə torpaq hüquqları baxımından Rusiya zadəganları ilə bərabər hüquqlar verirdi və çarizmin yerli feodallarla ittifaqı istiqamətində mühüm addım oldu.
İşğaldan sonrakı dövrdə dövlət və sahibkar kəndlilərinin hüquqi statusunda da müəyyən dəyişikliklər baş verdi. 1847-ci il aprelin 27-də və dekabrın 28-də nəşr olunan «Kəndli əsasnamələri» ilə 15 yaşına çatmış sahibkar kəndlilərinə 5 desyatindən az olmayaraq yararlı torpaq sahəsi, eləcə də başqa sahibkarların yanına köçmək hüququ verildi. 1853-cü ildə dövlət kəndlilərinin bir yerdən başqa yerə köçmə hüququnun ləğv edilməsi isə köçmə prosesinin qarşısını ala bilmədi. 1852-ci ildə dövlət kəndlilərinin xəzinəyə vergini məhsulla yox pulla verməsini nəzərdə tutan yeni vergi sisteminin tətbiq olunması təsərrüfatın qapalılığına zərbə vurdu və əmtəə-pul münasibətlərinin inkişafına təkan verdi
1865-ci ildə verilən “Kənd Cəmiyyəti haqqında qanun”la bəy və ağalar yenidən kəndlərin inzibati məhkəmə işlərindən uzaqlaşdırıldılar, kəndlərdə idarəçiliyi həyata keçirmək üçün vahid kənd idarələri yaradıldı. Bu çarizmin kənddə feodal-aslı münasibətlərini sarsıtmağa və feodal-kəndli münasibətlərini nizamlamağa yönəlmiş mühüm addımı idi.
Şimali Azərbaycan Rusiyasının tərkibində olduğu bir şəraitdə - XIX əsrin 50-60-cı illərindən etibarən ölkə kapitalizmin coşqun inkişaf yoluna qədəm qoydu. Xammal istiehsal edən sahələrdə və dağ-mədən sənayesində- neft, ipək, mis emalı sahələrində fabrik-zavod istehsalı meydana gəldi. 1859-cü ildə Suraxanıda rus kapitalistləri Kokorev və Quboninin ilk ağ neft emalı zavodu, 1861-ci ildə Pirallahıda Vittenin parafin zavodu, Nuxada Avropanın ən böyük ipək fabriki, 1863-cü ildə Cavad Məlikovun ağ neft zavodu, 1865-ci ildə Simens qardaşlarının Gədəbəydə misəritmə zavodu, Daşkəsəndə isə kobalt zavodu fəaliyyətə başladı.
XIX əsrin II yarısında kapitalizmin sürətli inkişafı, ümumi bazarın yaranması, iqtisadi və mədəni mərkəzlərin meydana gəlməsi, cəmiyyətin strukturunun dəyişməsi, burjuaziya və fəhlələrin formalaşması ilə Azərbaycanda millətin təşəkkülünə şərait yarandı. Bu dövrdə Azərbaycan xalqının milli şüurunu oyanmasında M.F.Axundov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, H.Zərdabi, Ə.Topçubaşov, F.Köçərli, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirov, N.Nərimanov və b. Kimi demokratik ruhlu ədib və ziyalıların ictimai-siyasi, ədəbi və elmi-publisistik fəaliyyəti, “Əkinçi”, “Ziya”, “Kəşkül” kimi milli mətbuat orqanlarının yaranması, teatr və mədəni-maarif müəssisələrinin inkişafı, H. Z. Tağıyev, M.Nağıyev, Ş. Əsədullayev və kimi milli burjuaziya nümayəndələrinin təşəkkülü, xaricdə təhsil almış gənclərin fəaliyyəti və s. kimi amillər mühüm rol oynadı.
XX əsrin əvvəllərində Şimali Azərbaycanın istisnasız olaraq bütün təsərrüfat sahələrində bazar iqtisadiyyatı və kapitalist münasibətləri, bir çox sahələrdə isə təsərrüfatın təşkilinin yüksək forması sayılan inhisarlar həlledici mövqe əldə etdi.
XX əsrin əvvəllərində həm də Azərbaycan xalqının milli şüurunun inkişafı tarixində keyfiyyətcə yeni mərhələ başladı. Milli-azadlıq mübarizəsinin çoşqun inkişafı ilə xarakterizə olunan bu dövrdə milli-siyasi təşkilatlanma başa çatdı və Azərbaycan xalqı rus müstəmləkə əsarətindən çıxaraq öz milli dövlətini - Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.