Eramızdan əvvəl IX-VII əsrlər
Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik taixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur.
Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda - Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqdə - Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi.
Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.
Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir.
Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam etmiş və qüdrətli qonşuların aramsız hücumlarına duruş gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni toplumdan olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Avrasiyanın qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə Baş Qafqazın cənub aşırımlarından və Dərbənd keçidindən cənuba axın edən bu tayfalar Böyük Qafqazın cənub ətəklərində - Şimali Azərbaycan torpaqlarında möhkəmləndikdən sonra buradan cənuba doğru - Manna ərazisinə və Anadolunun şərqinə də yayılmışdılar.
Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla yanaşı güclü türk toplumları da vardı. "Tarixin atası" Herodotun (e.ə.V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir. Herodotun yazdığına görə, iskitlər at südü ilə qidalanırdılar; iskitlərlə qohum olan massagetlər də onlar kimi geyinir və onlarınkına bənzər həyat sürürdülər. Onlar yeganə bir allaha - Günəş allahına sitayiş edir, göydə sürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan - atdan qurban verirdilər.
İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərində uğurla müdafiə etmişdilər.
Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran - Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi.
Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın etmişdi. "Məğluğedilməz" Kirin özü də bu döyüşdə öldürülmüşdü.
Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə "Böyük Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.
İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş ərazilərində yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə üçün də əlverişli şərait yarandı. Qədim Azərbaycan mədəniyyəti daha da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazilərində İskit-Sak-Massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur.
Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və hərbi-strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan torpaqlarını ələ keçirmək siyasətinə baxmayaraq dövlətçilik ənənələrimiz davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran imperiyasının uzunsüoən işğal rejimi, nə də Makedoniyalı İskəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyəti məhv edə bilmədi.
Makedoniyalı İskəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi.