“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.11.2020, 12:00
1933

Regionda yeni, çox ümidverici şərait yaranıb

A- A+

Prezident İlham Əliyev: “Ümid edirəm ki Dağlıq Qarabağ barədə danışanda vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik”

Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri noyabrın 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən səsləndirib.

Rusiya Prezidenti Vladimir Putinin şəxsi rolunu xüsusi qeyd edən dövlətimizin başçısı deyib: “O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır”.

Prezident İlham Əliyev regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd edib: “Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar”.

Prezident İlham Əliyev deyib: “Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə, çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik”. .

Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən ATƏT Minsk qrupunun digər üzvlərinin gec də olsa, bəyanata müsbət münasibət bildirmələrindən danışan Prezident bildirib ki, əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik: “Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq”.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentinin bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid etməsi barədə fikrinə də tamamilə şərik olduğunu vurğulayıb: “Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik”.

Regiona idarələrarası nümayəndə heyəti ilə gəldiklərini, Bakıdan öncə Yerevanda da olduqlarını bildirən Rusiya XİN başçısı deyib: "Biz azərbaycanlı həmkarlarımızla birlikdə erməni tərəfin də iştirakı ilə sülhməramlılarımız vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafeyi naminə humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılaşdırırıq. Buraya mülki infrastrukturun yaradılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qaçqınlar, ərzaq məsələləri, uşaqların problemləri üzrə strukturlarının, bu qədim regionda mədəni, dini irsin qorunub saxlanması məsələləri ilə daha fəal məşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir".

***

Noyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxış edib.

Sergey Lavrov qeyd edib ki, Azərbaycan Prezidenti ilə danışıqlar həm geniş formatda keçirilib, həm də məhdud tərkibdə əlavə məsləhətləşmələr aparılıb.

Rusiya XİN başçısı deyib: “Əsas nəticə belədir: noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar, qan tökülməsini dayandırmış, Dağlıq Qarabağ ətrafında vəziyyətin uzunmüddətli nizamlanması üçün təməl yaratmış razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqləndi. Bu gün Azərbaycan Prezidenti həmin birgə üçtərəfli Bəyanatın bütün elementlərinin ardıcıl və vicdanlı şəkildə yerinə yetirilməsinin zəruriliyinə xüsusi diqqət ayırdı. Biz buna şərait yaradacaq, Azərbaycan və erməni tərəfləri ilə birlikdə həyata keçirəcəyimiz bir sıra konkret istiqamətləri müzakirə etdik.

Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq. Bu işin daha səmərəli olması barədə Azərbaycan Prezidentinin konkret təklifləri var və bu gün biz onları maraqla müzakirə etdik, bu istiqamətdə bundan sonra da birgə işləyəcəyik...

Buna görə də danışıqların yekunlarını çox müsbət hesab edirik, onlar Prezidentə məruzə etməyə imkan verəcək ki, idarələrarası nümayəndə heyətinin Ermənistana və Azərbaycana səfəri barədə onun tapşırığı yerinə yetirilib. İndi biz yekun vuracaq, öz rəyimizi məruzə edəcəyik. Ümidvaram ki, bu rəy bizim əlaqələrin inkişafına dair əlavə qərarların əsasını təşkil edəcək”.

Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatda əksini tapan regional iqtisadi və nəqliyyat əlaqələrinin açılması barədə suala cavabında Lavrov vurğulayıb ki, bu, əsas bəndlərdən biridir, bu gün bu barədə çox ətraflı danışdıq.

“Azərbaycan Prezidenti səmimiyyətlə buna tərəfdardır ki, nəqliyyat, iqtisadi, infrastruktur kommunikasiyalarının açılması ilə bağlı yaranan imkanlar və layihələr mümkün qədər tezliklə reallaşsın. Bu regionda həyati əhəmiyyətli marşrutlar, o cümlədən Şimal-Cənub, Şərq-Qərb marşrutları kəsişir. Yeri gəlmişkən, həmin marşrutlarda Azərbaycanın və Ermənistanın qonşuları olan Türkiyə və İran tərəfləri də iştirak edir. Həqiqətən, burada təqribən 30 il mövcud olmuş bütün məhdudiyyətlər götürüləndə çox gözəl perspektivlər yaranacaq. Bu gün biz bu barədə ətraflı danışdıq. Bütün bu əlaqələrin qurulması region iqtisadiyyatına yeni həyat verəcək, bu da yəqin ki, hər hansı məhdudiyyətlərdən azad olacaq insanların həyat şəraitinin tezliklə təmin edilməsi məsələsinə uyğun olacaq, konfessiyalararası, etnoslararası sülhün bərqərar olması üçün ən mühüm maddi ilkin şərt olacaq. Beləliklə, bu, həqiqətən ən yaxın perspektivdə bizim işimizin əsas istiqamətlərindən biridir” – Rusiya XİN başçısı bildirib.

 

Xəbərlər
Redaktorun seçimi