“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.07.2009, 10:49
474

Amerika Senatı Dağlıq Qarabağa yardım ayırmaqdan imtina edib

A- A+

Nümayəndələr Palatasının qəbul etdiyi layihə Konqresin yuxarı palatasından keçməyib

Birləşmiş Ştatlar Konqresinin yuxarı palatası olan Senatının xarici yardımlar üzrə komitəsi iyulun 9-da keçirilən səsvermə zamanı Dağlıq Qarabağa birbaşa iqtisadi yardımın ayrılmasını nəzərdə tutan layihəni təsdiq etməyib. 

Senatdan açıqlanan məlumata görə, Amerika Konqresinin yuxarı palatası 2010-cu il üçün Ermənistana 30 milyon, Azərbaycana isə 22 milyon məbləğində iqtisadi yardım ayrılmasına qərar verib. Konqresin Nümayəndələr Palatasında qəbul edilən və Dağlıq Qarabağ ermənilərinə 10 milyon dollar birbaşa yardım ayrılmasını nəzərdə tutan bənd isə Senatda keçməyib. Başqa sözlə, Senat prezident administrasiyasımın təqdim etdiyi qanun layihəsini heç bir əlavə olmadan qəbul edib.

Qeyd olunur ki, Azərbaycan hökumətinin Konqresdə yəhudi lobbisinin köməyi ilə apardığı fəaliyyətlər nəticəsində Senatda bu düzəlişin keçməsinin qarşısını almaq mümkün olub. Amerika Erməni Milli Komitəsi isə Senatın qərarı ilə bağlı qəzəbli bəyanat yayaraq Barak Obama administrasiyasını günahlandırıb.

Qeyd edək ki, Barak Obama administrasiyasının Konqresə göndərdiyi xarici yardımlar üzrə qanun layihəsində Dağlıq Qarabağa ayrıca yardım göstərilməsi barədə müddəa yer almamışdı. Qanun layihəsində Ermənistana gələn il üçün 30 milyon dollar yardım göstərilməsi nəzərdə tutulmuşdu. Nümayəndələr Palatasının altkomitəsi isə büdcə paketinə 2010-cu ildə Dağlıq Qarabağa 10 milyon dollar yardım göstərilməsi barədə bənd əlavə etmişdi.

Nümayəndələr Palatasının altkomitəsində həmçinin Ermənistana yardım payı 60 faiz artırılaraq 48 milyon dollara çatdırılmışdı. Müqayisə üçün qeyd edək ki, ABŞ administrasiyası 2009-cu il üçün büdcə layihəsində Ermənistan üçün 24 milyon dollar nəzərdə tutmuş, Konqresdəki müzakirələr sonrası bu rəqəm iki dəfə artırılaraq 48 milyon dollara çatdırılmışdı.

Dağlıq Qarabağa gəldikdə isə, bundan öncəki illərdə də Ağ Ev xarici yardımlar paketində konkret olaraq Dağlıq Qarabağa ayrıca yardım nəzərdə tutmasa da, Konqresdəki erməni lobbisi bir qayda olaraq belə bir bəndin sənədə daxil edilməsinə nail olur.

Düzdür, bu məsələ hökumət, eləcə də Konqresin hər iki palatası (Senat və Nümayəndələr Palatası) arasında müəyyən uzlaşma ilə həllini tapır. Məsələn, 2008-ci ildə erməni lobbisi büdcə paketində «humanitar yardım» bölümü üzrə Dağlıq Qarabağa 10 milyon dollar ayrılmasını istəsə də, sonda bu rəqəm 6 milyon dollar həcmində rəsmiləşdi.

Odur ki, 2010-cu ildə ABŞ-ın Ermənistana nə qədər yardım ayıracağı, eləcə də Dağlıq Qarabağa ayrıca yardımın göstərilib-gəstərilməyəcəyi Nümayəndələr Palatası və Senat arasında uzlaşma komitəsinin çıxaracağı qərardan sonra bəlli olacaq.

 

Mövzuya dair:

ABŞ Konqresi Qarabağ ermənilərinə 10 milyon dollar yardım ayırır  (19.06.2009)

Xəbərlər
Redaktorun seçimi