“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.12.2009, 21:58
452

Avropa Birliyi “Şərq Tərəfdaşlığı” üçün xüsusi proqram təsdiqləyib

A- A+

2010-2012-ci illərdə “Şərq Tərəfdaşlığı” ölkələrinə 600 milyon avro yardım ediləcək

Ötən həftə (10-11 dekabr) Brüsseldə keçirilmiş Avropa Birliyinin sammitində «Şərq Tərəfdaşlığı» xüsusi əməkdaşlıq proqramı təsdiqlənib. 
 
APA-nın məlumatına görə, xarici əlaqələr və yeni qonşuluq üzrə komissar Benita Ferrero-Valdner jurnalistlərə deyib ki, bu proqramın iştiralşısı olan 6 ölkənin hamısı assosiasiya haqqında sazişin imzalanması üçün kifayət qədər hazırdır:

“Bu o demək deyil ki, həmin sənəd yaxın zamanda imzalanacaq. “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələr onlara təqdim olunmuş siyasi və iqtisadi islahatlar və köklü dəyişikliklər paketini yerinə yetirməlidir. Bu sənəd Avropa Birliyi ilə müxtəlif formada əməkdaşlıq etmək üçün münbit şəraitin yaradılmasını nəzərdə tutan sənəddir”.

Sammitdə yaxın 3 ildə “Şərq Tərəfdaşlığı” ölkələrinə 600 milyon avro həcmində maliyyə yardımı etmək qərarı qəbul olunub. Belarusa bu yardım o şərtlə veriləcək ki, orada lazımi şərait yaradılsın. Yardım dövlət institutlarının və kiçik müəssisələrin möhkəmlənməsi məqsədi ilə veriləcək.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan üzvdür.

Bu proqram həmin ölkələrin Avropa Birliyinə üzvlüyünü nəzərdə tutmur, siyasi və iqtisadi yaxınlaşma, viza rejiminin sadələşdirilməsi və enerji sahəsində əməkdaşlığı nəzərdə tutur.

 * * *

Benita Ferrero-Valdner: “Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə səfər imkanlarının genişləndirilməsinə çalışacağıq”

-10.12.2009-

Avropa Birliyinin Ticarət və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdnerin “Şərq tərəfdaşlığı - böyük nailiyyət hekayəsi” adlı məqaləsi yayılıb.

Məqalə AB və “Şərq tərəfdaşlığı”na üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 8-də keçirilən toplantısından öncə yazılıb.
Yazıda deyilir: “Polşa və İsveç hökumətləri də daxil olmaqla, bir neçə tərəfin ideyaları əsasında bu siyasətə dair təklif irəli sürdüyüm vaxtdan heç bir il də keçməyib. Bu siyasətin bir neçə təşəbbüskarı olub, lakin fəxrlə deyə bilərəm ki, artıq əhəmiyyətli dərəcədə inkişaf etmiş bu ideyaya həyat verən mən olmuşam. Artıq bizim körpə ideyamız püxtələşib və gözəl yeniyetməyə çevrilməkdədir.

Mayın 7-də Praqada keçirilmiş təsis sammitindən sonra “Şərq tərəfdaşlığı”nın hər iki komponenti - həm ikitərəfli, həm də çoxtərəfli əsaslar üzərində işləmişik. İkitərəfli əsasda “Şərq tərəfdaşlığı”nda verilən vədi yerinə yetirmək üçün tədbirlər görmüşük ki, bu vəd də zəruri şərtlərin ödənməsi ilə bütün tərəfdaş ölkələrlə assosiativ sazişlər ətrafında danışıqların başlanması təklifidir. Bu sazişlər bizim əməkdaşlıq dairəmizi əhəmiyyətli dərəcədə genişləndirəcək, azad ticarət sahəsindəki uzun perspektivli tədbirlərimizi də əhatə edəcək. Ukrayna ilə danışıqlara artıq başlamışıq, 2010-cu ilin əvvəllərində Moldova ilə danışıqlara başlayacağıq, eyni zamanda Qafqaz ölkələri ilə danışıqlar üzrə direktivləri yekunlaşdırmaq üzrəyik.

Bununla yanaşı, viza verilməsi prosedurunun asanlaşdırılması, sonradan uzunmüddətli məqsəd kimi vizasız səfər rejiminin tətbiq edilməsi vasitəsilə Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə səfər imkanlarının genişləndirilməsini qarşımıza məqsəd qoymuşuq”.

B. Ferrero-Valdner yazının sonunda bildirib ki, bu mühüm işi başqasına təhvil verənə qədər “Şərq tərəfdaşlığı”nın daha da güclənməsi üçün bütün siyasi gücündən istifadə edəcək.

Xəbərlər
Redaktorun seçimi