“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.07.2010, 19:11
463

Dağlıq Qarabağda səsvermə üçün xüsusi komitə yaradılacaq

A- A+

Komitədə azərbaycanlı və erməni nümayəndələr, həmsədr ölkələr yer alacaq, qərar konsesusla qəbul olunacaq

Rəsmi Bakı iyulun 16-17-də Almatıda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin görüşünə razılıq verib.

Bunu iyulun 9-da jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Elmar Məmmədyarov Edvard Nalbəndyanla görüşündə Azərbaycan tərəfinin əsasən Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müddətinin müzakirə etmək istədiyini deyib. Dağlıq Qarabağ ətrafındakı digər işğal altında olan rayonların boşaldılması məsələsinə gəldikdə isə, nazir bildirib ki, bu proses sülh sazişi imzalandıqdan dərhal sonra başlayacaq:

«Azərbaycan yenilənmiş Madrid prinsipləri əsasında böyük sülh sazişi üzərində işə başlamağa hazırdır. Ermənistan tərəfi nə hə, nə də yox deyir. Prezidentlərin Sankt-Peterburq görüşündə Rusiya prezidenti Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın bəzi məqamları tezliklə yekunlaşdırmasını və yaxın bir mətn üzərində işin davam etdirilməsini istədilər. Düzünü deyim ki, bəzi təkliflər yenə səsləndirilib. Biz hesab etmirik ki, yenidən həmin məqamlara qayıtmaq lazımdır. Bu, Laçın və Kəlbəcərlə bağlı olan məqamlardır».

Nazir deyib ki, 2007-ci ildən Laçın və Kəlbəcərin məsələsi ilə bağlı iş aparılıb, prezidentlərin 9 görüşü olub, həmsədrlər regiona intensiv səfərlər ediblər:
 

«Həmsədrlər Afinada Madrid prinsiplərinin yenilənmiş variantını təqdim edəndə Azərbaycan bu məsələnin artıq tarixdə qaldığını və razılaşma əldə olunduğunu saydı. Madrid prinsiplərinə görə, 5 il ərzində Kəlbəcər və Laçın boşaldılmalıdır. Ermənistan tərəfi yenə də bu məsələ ilə bağlı müzakirələri davam etdirmək istəyir».

E.Məmmədyarov deyib ki, Kəlbəcər və Laçın tarixdə heç vaxt Dağlıq Qarabağın tərkibində olmayıb:

«Ona görə bu rayonlar da birmənalı olaraq digər 5 rayon kimi Azərbaycana qaytarılmalıdır. Biz hesab edirdik ki, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Laçının cənub hissəsi birinci mərhələdə Azərbaycana qaytarılmalıdır. Kəlbəcər və Laçına gəlincə, Ermənistanda Robert Koçaryan prezident olanda təklif edirdi ki, bu rayonlar 10 ilə qaytarılsın. Biz isə 1 il təklif edirdik.

Sonra Serj Sərkisyan gəldi, 7 il təklif etdi. Azərbaycan isə 3 il müddətin üzərində dayandı. Həmsədrlər isə 5 il təklif etdilər. Azərbaycan tərəfi buna razılıq verib. Biz inanırdıq ki, Ermənistan rəhbərliyi də buna razılıq verəcək. Ancaq prezidentlərin Soçi və Sankt-Peterburq görüşündə ermənilər yenidən bu məsələyə qayıtdı».

Dağlıq Qarabağın statusunun necə müəyyənləşdiriləcəyinə gəlincə, XİN başçısı deyib ki, danışıqlar zamanı Ermənistan Dağlıq Qarabağda referendum keçirilməsini təklif edib:

«Biz isə bildirmişik ki, Azərbaycan Konstitusiyasının 3-cü maddəsinə əsasən, referendum bütün ölkə ərazisində keçirilməlidir. Lakin bizdə rəy sorğusu da var və hüquqi qüvvəyə malikdir. Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün erməni icması ilə birgə Azərbaycan icması da mövqeyini bildirməlidir».

«Azərbaycanlılar Dağlıq Qarabağa qayıdanda yenə azlıqda qalacaqlar. Rəy sorğusunun sonunda referendum keçirilməsi məsələsinin ortaya çıxacağından ehtiyat etmirsiz ki» sualına E.Məmmədyarov belə cavab verib:

«Masada olan prinsiplərə əsasən, Dağlıq Qarabağda rəy sorğusu keçirmək üçün xüsusi bir komitə yaradılacaq. Komitədə azərbaycanlı və erməni nümayəndələri ilə yanaşı Minsk qrupu həmsədri olan ölkələr də təmsil olunacaq. Orada konsesus əsasında hansı sualların rəy sorğusuna çıxarılması, bunun necə keçirilməsi müzakirə olunacaq.

Bu məsələlər sonrakı mərhələyə qalır. Çünki indi bunu etmək heç cür mümkün deyil. Orada etnik təmizləmə olub. Azərbaycanlılar ora qayıtmalıdır. Qayıdandan sonra isə «Kalaşnikov» avtomatının altında rəy sorğusu keçirmək mümkün deyil. Bunun üçün orada sabitlik, demokratik mühit yaradılmalıdır».

Xəbərlər
Redaktorun seçimi