“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.08.2014, 20:51
1979

Soçidə Qarabağ danışıqları

A- A+

Rusiya prezidentinin dəvəti ilə bir araya gələn Azərbaycan və Ermənistan rəhbərləri öncə döyüş sambosu üzrə yarışı izləyiblər

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-10-da Rusiya Vladimir Putinin dəvəti ilə Soçi şəhərində səfərdə olub.

Səfərin ilk günü Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:

- Hörmətli İlham Heydər oğlu!
Hörmətli dostlar, həmkarlar!

Sizi Rusiyada görməyimizə çox şadıq. Çox sağ olun ki, dəvətimizi qəbul etmisiniz. Bizim xeyli ikitərəfli və regional məsələlərimiz var. Şükür Tanrıya ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, bəzi başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq. Yəqin ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət edəcəyik. Bir sözlə, Sizi görməyə çox şadıq. Xoş gəlmisiniz.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Sağ olun, hörmətli Vladimir Vladimiroviç! Dəvət üçün sağ olun. Rusiyaya yenidən səfər etməkdən məmnunam, Sizinlə yenidən görüşmək, münasibətlərimizin çox geniş gündəliyini müzakirə etmək imkanına görə şadam.

Qeyd etdiyiniz kimi, bizim münasibətlərin çox pozitiv dinamikası – çoxillik, davamlı inkişaf dinamikası müşahidə edilir. Biz bunu çox yüksək qiymətləndirir və Rusiyanı beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri hesab edirik. Əməkdaşlığımız çox sahələri əhatə edir – həm qarşılıqlı siyasi fəaliyyət sahəsində, həm də iqtisadi sahədə yaxşı nəticələr müşahidə olunur. Əmtəə dövriyyəsi artır. Bu göstərici keçən il də artıb, bu il də artım görürük. Struktur yaxşılaşır. Artıq sanballı həcmdə qarşılıqlı sərmayələr qoyulur. Təbii ki, bu, bizim münasibətlərə yeni dinamika verir. Sizin keçənilki çox uğurlu səfərinizi Azərbaycanda çox səmimi xatırlayırıq. Düşünürəm ki, bu səfər bizim münasibətlərin inkişafına ciddi təkan verib. Biz əməkdaşlıq potensialını qətiyyətlə artırmaq əzmindəyik.

Əlbəttə ki, regional təhlükəsizlik və regionumuzda sabitlik məsələləri daim gündəlikdədir. Biz, əlbəttə, həddən artıq uzanmış və öz həllini tələb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə edəcəyik.

* * *

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Prezidenti Serj Sarkisyan Soçidə “Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar.

“Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlar Soçidə 5-ci dəfədir keçirilir. Peşəkar samboçuların budəfəki yarışlarında Rusiya yığması ABŞ, Fransa, Qazaxıstan, Braziliya, Latviya, Litva və Belarus idmançılarının daxil olduğu dünya seçmə komandası ilə qarşılaşıb.

Prezident Vladimir Putin yarışda qalib gələn Rusiya komandasının mükafatlandırılması mərasimində çıxış edərək sambonun Azərbaycanda yaxşı inkişaf etdiyini vurğuladı. Rusiya Prezidenti sambo idman növünün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmasına nail olduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

* * *

Avqustun 10-da Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü keçirilib.

Rusiya dövlətinin başçısı Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərini salamlayaraq dedi:

- Hörmətli İlham Heydər oğlu,
Hörmətli Serj Azatoviç,
Sizinlə Rusiyada görüşmək imkanına görə bir daha təşəkkür etmək istəyirəm.
Dünən bizim həm Ermənistan Prezidenti, həm də Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlər barədə söhbət etmək imkanımız oldu. Axşam qeyri-formal şəraitdə də görüşdük. Düzdür, şükür Tanrıya ki, dünən axşam biz işgüzar xarakterli məsələlərə toxunmadıq. Bununla belə, bir-birimizlə müxtəlif mövzularda söhbət etməyə imkan oldu. Mənim fikrimcə bu, regional tənzimləmə ilə bağlı ən mürəkkəb, ağır məsələlər barədə səmimi söhbət etmək üçün müəyyən şərait yaradır. 

Təbii ki, bu problemlərin həllinin, Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq formatları mövcuddur. Şübhəsiz ki, biz bütün bu beynəlxalq formatlara hörmətlə yanaşırıq və həmkarlarımızla işləməkdə davam edəcəyik. 

Lakin hər halda bizim xüsusi, daha yaxın münasibətlərimizin mövcud olmasını nəzərə alsaq, dərin tarixi keçmişimiz bizim harada olmağımız və keçmişdən bizə miras qalmış bütün bu problemlərin nizamlanmasında irəliləmək üçün nə etmək lazım gəldiyi barədə səmimi fikir mübadiləsi aparmağa imkan verir. Hər halda mənə elə gəlir ki, bu, faydalıdır. İstənilən halda faydalıdır. Bu gün sizinlə görüşmək və bütün bu mövzular barədə söhbət etmək imkanına görə çox şadam.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Sağ olun, Vladimir Vladimiroviç. 

Bu məsələyə münasibətinizə görə sağ olun. Dünən müzakirə etdiyimiz kimi, bu məsələ öz həllini tələb edir. O, həddən artıq uzandı. Ümidvaram ki, bu prosesdə Sizin şəxsən iştirak etməyiniz danışıqlar prosesinə yeni təkan verəcəkdir.

Qeyd etdiyiniz kimi, danışıqların formatı artıq mövcuddur, münaqişənin tənzimlənməsi üçün hüquqi baza da vardır. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çox keçib, amma həmin qətnamələr hələ də kağız üzərində qalıb.

Minsk qrupu həmsədrlərin şəxsində işləyir, tərəfləri yaxınlaşdırmağa cəhd göstərir, lakin bu, o qədər də yaxşı alınmır. Buna görə düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, tənzimləmə prosesində əlbəttə, xüsusi rol oynayır. Ümid edirik ki, biz ən yaxın vaxtda danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli tapacağıq.

Rusiya Prezidenti Vladimir Putin dedi:

- Məmnuniyyətlə bildirirəm ki, Azərbaycan Prezidenti də problemin sülh yolu ilə həll edilməsinin zəruriliyinə diqqət yetirdi. Bu, həqiqətən ən başlıca məsələdir, çünki insanların həlak olmasından daha böyük faciə yoxdur.

Hər halda, bunu nəzərə almaq lazımdır ki, münaqişəli vəziyyət çoxdan yaranıb, bizə keçmişdən, deyə bilərik və demək lazımdır ki, Sovet İttifaqının mirası kimi qalıb. Biz bu məsələnin həllini tapmaq üçün səbir, müdriklik, bir-birimizə hörmət nümayiş etdirməliyik.

Şübhəsiz, xoş məram varsa, hər hansı mürəkkəb vəziyyət tənzimlənə bilər. Mənə elə gəlir ki, Azərbaycan xalqı tərəfindən, erməni xalqı tərəfindən bu cür xoş məram mövcuddur. Gəlin, bu tərkibdə söhbət edək, sonra isə həmkarlarımızla bərabər oturub bir qədər də məsləhətləşək.

AzərTAc

 

Xəbərlər
Redaktorun seçimi