“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.12.2011, 16:05
462

Minsk Qrupunun həmsədr ölkələri Qarabağa dair bəyanatla çıxış ediblər

A- A+

“Təəssüf ki, tərəflər sülhə doğru qəti addım ata bilməyiblər”

Dekabrın 6-da ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə (Litva) keçirilən 18-ci toplantısında iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri və Azərbaycanla Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatla çıxış ediblər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi bir daha təsdiqlənir. 

Bəyanatı ABŞ, Rusiya və Fransa nümayəndə heyətləri adından dövlət katibi Hillari Klinton, xarici işlər naziri Sergey Lavrov və Avropa məsələləri üzrə nazir Jan Leonettin, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan imzalayıb.

Bəyanat müəllifləri Minsk Qrupu çərçivəsində təmasları davam etdirməyin və sülhün əldə edilməsi üçün zəruri olan etimad mühitinin formallaşmasının mühümlüyünü qeyd ediblər. Bəyanatda habelə bildirilir ki, atəşkəs rejiminin pozulmasının araşdırılması üzrə mexanizmin işlənməsi istiqamətində səylər davam etdirilməlidir.

“Azərbaycan və Ermənistan prezidentlərini Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş baza prinsipləri üzərində işi yekunlaşdırmağa çağıran prezidentlərin 2011-ci ilin may ayında qəbul etdikləri Dovil bəyanatını xatırladaraq Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təəssüflə qeyd edirlər ki, tərəflər qəti addım ata bilməyiblər. Nümayəndə heyətlərinin rəhbərləri bir daha xatırladırlar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

ABŞ, Fransa və Rusiya nümayəndə heyətlərinin rəhbərləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 2007-ci ildə keçirilən Madrid toplantısından başlayaraq aparılan intensiv danışıqlar prosesi fonunda tərəfləri təkidlə həmsədr ölkələrin irəli sürdüyü təklifləri yenidən diqqətlə nəzərdən keçirməyə çağırıblar.

Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri bəyanatda hamı tərəfindən məqbul sayılacaq sülh yolu ilə nizamlanmanın əsaslarının hazırlanması üçün tərəflərə göstərdiyi köməyə görə həmsədr ölkələrə, o cümlədən prezidentlər Dmitri Medvedev, Barak Obama və Nikola Sarkoziyə minnətdarlıqlarını bildiriblər. Onlar həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini məlumatlandırıblar ki, Azərbaycan və Ermənistan prezidentləri yaxın zamanlarda həmsədr ölkələrin himayəsi altında yenidən görüşməyə və birbaşa dialoqu davam etdirməyə, xalqları sülh, sabitlik və rifaha qovuşdurmağa hazırdırlar”.

* * *

Elmar Məmmədyarov: “Münaqişənin həllində tərəqqi Ermənistandan asılıdır”  

“Azərbaycan Cənubi Qafqazın gələcəyində müəyyənləşdirici rol oynayır, çünki ölkəmiz Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən dövlətlərdən biridir. Biz çoxlu sayda transregional layihələr üzərində işləyir və gözləyirik ki, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı təhlükələr təkcə Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi kontekstində deyil, daha böyük miqyasda – Avropanın təhlükəsizliyi, stabilliyi və inkişafı kontekstində dəyərləndirilsin”.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında çıxışı zamanı deyib.

XİN başçısı Dağlıq Qarabağ münaqişəsini bütün regionun inkişafı üçün böyük təhlükə mənbəyi adlandırıb: “Sülh prosesi bu gün çox mühüm mərhələdədir. Status-kvo vəziyyətinin davam etməsi regionda təhlükəsizlik üçün ən böyük təhdiddir. Həmsədr ölkələr status-kvonun qəbul edilməz olduğunu bir neçə dəfə bəyan ediblər. Üç həmsədr ölkənin hazırladığı Madrid prinsiplərinin yenilənməsinə dair son təkliflər tərəflərə təqdim olunub və Azərbaycan hamını qane edəcək saziş üzərində işlərin başlaması üçün dialoqu davam etdirməyə hazır olduğunu bəyan edib. Təəssüf ki, Ermənistan bu təkliflərdən imtina edib. Danışıqlar prosesində tərəqqi Ermənistanın davamlı sülhə nail olmaq məqsədilə mövcud status-kvonun dəyişməsini nə dərəcədə arzu etməsindən asılıdır”.

Elmar Məmmədyarov bildirib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri Ermənistanla Azərbaycan arasında etimad mühitinin bərpa olunmasıdır: “Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan artıq insanımız öz yurdlarından qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri arasında birbaşa əlaqələr və görüşlər bu qarşıdurmada atmosferi dəyişə bilər”.

Nazir qeyd edib ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması regionun inkişafı üçün daha böyük imkanlar yaradacaq: “Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında zəruri kompromislərə getməyə hazırdır. Gələn il ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların başlanmasının 20 ili tamam olur. Təəssüf ki, prosesdə indiyə kimi əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Azərbaycan xalqı hələ də ümid edir ki, erməni xalqı münaqişənin nizamlanmasının verəcəyi üstünlükləri anlayacaq. Bu, bütün regionda əməkdaşlıq və inkişafa təkan verəcək”.

APA

Xəbərlər
Redaktorun seçimi