Azərbaycan və Ermənistan deputatları Moskvada görüşəcəklər
Qarabağ nizamlanması ilə bağlı “xalq diplomatiyası” parlamentarlar səviyyəsində davam edir
Azərbaycan Milli Məclisinin deputatları Rusiyanın paytaxtı Moskvada Ermənistan parlamentinin üzvləri ilə görüşəcəklər. İki ölkə parlamentarlarının görüşü oktyabrın 22-də baş tutacaq.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Moskvaya gedəcək Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.
Millət vəkili R.Rzayev deyib ki, Rusiya Dövlət Dumasında təşkil olunacaq görüşdə Azərbaycan və Ermənistan parlamentinin 5 deputatı, o cümlədən Rusiya Dövlət Dumasının 5 üzvü iştirak edəcək.
Görüşdə Qarabağ problemi ilə bağlı müzakirələr aparılacağını bildirən R. Rzayev “müzakirələr zamanı ortaq məxrəcə gəlməyə, anlaşmağa çalışacağıq” deyib.
Millət vəkili Azərbaycan nümayəndə heyətində onunla yanaşı, parlamentin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın, MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynovun, deputatlardan Sabir Hacıyev və Gülər Əhmədovanın təmsil olunacağını açıqlayıb.
MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bu kimi görüşlərin keçirilməsinə normal yanaşdıqlarını deyib: “Bu, indiyə kimi keçirilən görüşlərin davamdır. Orada hər hansı sənədin imzalanması gözlənilmir”.
Moskva görüşündə Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoyun da iştirak edəcəyi bildirilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı - millət vəkilləri, mədəniyyət xadimləri, jurnalistlər, ictimaiyyət təmsilçiləri 2009-cu iyulun 3-də Xankəndi-Şuşa-Yerevan-Bakı marşrutu üzrə “xalq diplomatiyası” səfəri həyata keçirmişdilər.
Azərbaycan və Ermənistan ziyalılarının ilk belə missiyası isə iki il əvvəl, 2007-ci il iyunun 28-də gerçəkləşmişdi.