“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.06.2012, 15:53
426

Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir

A- A+

Son bir ay ölkəmizin regional və beynəlxalq münasibətləri üçün mühüm sınaq dövrü oldu

“Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan çatmışdır. Amma bu məsələ hərbi yolla həll edilə bilməz. Mən hər iki prezidentə vəd etmişəm ki, münaqişənin həllinin tapılmasına öz dəstəyimi verəcəyəm”. 

Bu fikirlər ABŞ-ın dövlət katibi Hillari Klintonun iyunun 6-da Bakıya səfərinin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında səslənib. Prinsipcə burada Amerika rəsmilərinin daha öncəki bəyanatlarından, o cümlədən xanım Klintonun iki il əvvəl (iyul 2010) Bakıya ilk səfəri zamanı dediyi fikirlərdən fərqli bir tezis yoxdur. Amma bu səfərin özü zamanlama baxımdan çox diqqətçəkicidir.

Hillari Klintonun regional turnesi, ilk növbədə, İranla, habelə Amerikanın artıq rejim dəyişikliyinə qərar verdiyi Suriya ilə bağlı idi. Təsadüfi deyil ki, dövlət katibi Tiflis, Yerevan və Bakıdakı danışıqlardan sonra Ankaraya getdi və Türkiyə rəhbərliyi ilə Suriya və İran barədə məsləhətləşmələr apardı. Eyni zamanda, Amerika üçün İranla bağlı veriləcək hər hansı qərarın Cənubi Qafqaza, ələlxüsus da İranla həmsərhəd olan Azərbaycan və Ermənistan arasındakı münaqişəyə necə təsir edəcəyi çox mühümdür.

Dövlət katibinin gündəliyində Azərbaycan rəhbərliyi ilə danışıqların xüsusi yeri vardı. Azərbaycan enerji və təhlükəsizlik sahəsində Amerikanın regionda mühüm tərəfdaşıdır. Üstəlik ölkəmiz 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Deməli, müzakirələrin mövzu dairəsi kifayət qədər geniş idi. Digər yandan, bu müzakirələr Azərbaycan üçün regional və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən gərgin keçən bir ayın tamamına təsadüf edirdi.  

 

BMT TŞ-yə sədrlik, “Eurovision”a ev sahibliyi və dünyanın bizə diqqəti

 

2012-ci ilin mayı Azərbaycanın 20 illik müstəqilik tarixində görünməmiş bir miqyasda beynəlxalq nəzər-diqqətin bizə ünvanlandığı dövr oldu. Hətta 1992-1993-cü illərin Ermənistan-Azərbaycan müharibəsində dünya bizə bu qədər diqqət kəsilməmişdi. Bu ay Azərbaycan tarixində ilk dəfə olaraq dünyanın ən mötəbər siyasi təşkilatına – BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Lakin bu fakt daha çox beynəlxalq dairələr, siyasi icmalçılar üçün əhəmiyyət kəsb edirdisə, ölkəmizin “Eurovision 2012” musiqi yarışmasına ev sahibliyi etməsi bütün dünyanın diqqətini bizə yönəltmişdi. Müsabiqənin 41 iştirakçı ölkəsindən nümayəndə heyətlərinin, dünyanın dörd yanından minlərlə turistin, yüzlərlə media təmsilçisinin Bakıya gəlməsi Azərbaycan üçün həm çətin, məsuliyyətli, həm də qürurverici hadisə idi.

Təbii ki, dünyanın nəzər-diqqətinin sözün həqiqi mənasında (telekameralar, fotoobyektivlər) üzərimizdə olduğu bu günlər bizə, bir tərəfdən, ölkəmizin uğurlarını, iqtisadi inkişafın nailiyyətlərini daha geniş miqyasda tanıtmaq, nümayiş etdirmək imkanı verirdisə, digər yandan, mövcud problemlərin, neqativlərin də geniş çapda diqqətə gəlməsinə meydan açırdı. Bu baxımdan dünya mediasında, o cümlədən Avropanın ayrı-ayrı informasiya vasitələrində bu günlər haqqımızda yazılan tənqidlərə, bir sıra hallarda hətta əsassız ittihamlara da dözümlü yanaşmaq, tolerantlıq göstərmək gərəkdir. Çünki dünyanın bütün sivil ölkələrində mətbuat, ifadə azadlığı, fərqli düşüncəyə dözümlü münasibət yüksək inkişafın, demokratiyanın başlıca ünsürüdür. Əksinə, bu məsələdə ifrat emosionallığa varıb, sözügedən media vasitələrinə, onların təmsil etdiyi ölkələrə qarşı mətbu kampaniya aparmaq ancaq neqativ nəticələr doğurar ki, bunu da, qismən də olsa, bu günlərdə müşahidə etdik.

 

Avropa ilə münasibətlər: inteqrasiya yolu həmişə rəvan olmur

 

Bəllidir ki, Azərbaycanın regional və beynəlxalq miqyasda nailiyyətlərinə təqdirlə yanasan dost və tərəfdaşlarımızla yanaşı, bunu qısqanclıqla qarşılayan, gözü götürməyən qüvvələr də çoxdur. Ermənistanın ölkəmizə qarşı informasiya savaşını, beynəlxalq təşkilatlarda geniş imkanları olan erməni diasporunun əleyhimizə apardığı qaralama kampaniyasını diqqətə alsaq, “Eurovision” ərəfəsində Azərbaycanla bağlı tənqidi çıxışların əsas motivlərini təxmin etmək mümkündür. Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsini bu qəbildən saymaq olar.

Azərbaycan Avropaya inteqrasiya yolunu özünün əsas inkişaf prioritetlərindən biri kimi seçib və Avropa qurumları ilə əməkdaşlığa xüsusi önəm verir. 2008-ci ildə Avropa Birliyinin postsovet ölkələri ilə “Şərq tərəfdaşlığı” Proqramı gündəmə gələndə, 2011-ci ildə bu proqramın mühüm institutlarından biri kimi Avronest Parlament Assambleyası yaradılanda da Azərbaycan bu təşəbbüsləri ilk dəstəkləyənlərdən olub. Sözsüz ki, ölkəmizin demokratik inkişaf yolunda, islahatlar prosesində nöqsanlar, həlli vacib problemlər də var. Bu baxımdan səslənən tənqidləri də anlayışla qarşılamaq mümkündür.

Lakin Avropa Parlamentinin Bakıda keçirilən Avropa musiqi bayramının finalına iki gün qalmış Azərbaycanla bağlı ittihamedici tonlu qətnamə qəbul etməsinə bu anlayışı göstərmək çətindir. Avropa parlamentarları tərəfindən belə bir addım Azərbaycanın Avropa institutları ilə münasibətlərinin konstruktiv məcrada inkişafına fayda gətirmir, o cümlədən “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq prosesinə zərbə vurur. Təsadüfi deyil ki, qətnamə ilə bağlı Azərbaycan Milli Məclisinin qəbul etdiyi bəyanatda da bu məqam xüsusilə qeyd olunur.

Bununla yanaşı, yuxarıdakı fikrə qayıdaraq bir daha qeyd etmək yerinə düşər ki, haqqımızda səslənən bu tənqidlərə (əsaslı və ya əsassız) emosional tərzdə deyil, təmkinlə yanaşmaq lazımdır. Avropa Parlamenti Avropa Birliyinə üzv ölkələrin fərqli siyasi baxışlı deputatlarını bir araya gətirən məşvərətçi orqandır və bir qətnaməyə görə bu təşkilatla, ümumilikdə Avropa ilə münasibətləri korlamağa dəyməz. Yada salaq ki, Avropa Parlamenti iki il öncə, 2010-cu il mayın 20-də "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı başqa bir qətnamə də qəbul etmişdi. Həmin sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və ona bitişik rayonlarından dərhal çıxarılması tələb olunmuşdu.

Bu baxımdan son prosesləri Azərbaycan-Avropa münasibətlərində növbəti sınaq dövrü saymaq olar. Çünki enerji sektorundan siyasi, sosial, mədəni sahələrədək tərəfləri bağlayan mühüm məqamlar nəzərə alınarsa, nə Avropanın Azərbaycandan vaz keçəcəyi, nə də Azərbaycanın Avropaya arxa çevirəcəyi real deyil. Mayın 20-21-də Prezident İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakı ölkəmizin xarici siyasət prioritetinin Avropa və Avroatlantika məkanına inteqrasiya olduğunu bir daha nümayiş etdirdi.

 

Cənubdan soyuq küləklər və yaxud İran bizə, sadəcə, qonşu deyil

 

Yuxarıdakı fikri son dönəmdə mürəkkəb dolanbaclardan keçən Azərbaycan-İran münasibətlərinə də ümumən şamil etmək olar. Azərbaycan müstəqilliyini əldə edəndən bu yana cənub qonşumuzla münasibətlərdə “qabarma-çəkilmə” dövrləri çox olub. İrandan Azərbaycan Respublikasına qarşı informasiya təbliğatı, ideoloji müdaxilə, demək olar ki, heç vaxt səngiməyib. Bununla belə, İran tərəfi prinsipcə bir gerçəyi özü üçün aydınlaşdırıb ki, Azərbaycanın dövlətçilik seçimini, siyasi quruluşunu fərqli məcraya yönəltmək cəhdləri əbəsdir.

Eyni zamanda, Azərbaycan da İranla dinc qonşuluq, qarşılıqlı səmərəli əməkdaşlıq münasibətlərinə tərəfdar olduğunu hər zaman sözdə də, əməldə də nümayiş etdirib. Çünki İran bizə, sadəcə, 760 km-dən çox sərhədimiz olan yaxın qonşu deyil, bu sərhəddən o tayda milyonlarla soydaşımızın yaşadığı torpaqdır. Təsadüfi deyil ki, İranla bağlı zaman-zaman kənar qüvvələrdən gələn müxtəlif plan və təşəbbüslərə Azərbaycan birmənalı olaraq yox cavabı verərək “bu oyunların” içində olmayacağını nəzərə çatdırıb.

İran tərəfin “Eurovision” müsabiqəsi öncəsi Azərbaycan əleyhinə informasiya-ideoloji savaşında yeni cığır açması isə qonşuluq münasibətlərimizə xeyli ziyan vurdu. Sonuncu dəfə iki ölkə arasında bu miqyasda soyuqluq 2001-ci ilin yayında yaşanmışdı. O vaxt İran hərbi gəmilərinin Xəzərin cənubunda geoloji kəşfiyyat işi aparan Azərbaycan gəmisini təhdid etməsi ilə başlanan gərginlik 2002-ci ilin aprelinədək (Prezident Heydər Əliyevin İrana rəsmi səfəri) davam etmişdi.

Əslinə baxanda İran dairələrinin “Eurovision”la bağlı Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamlar bizdən daha çox bu ölkənin özünün daxili auditoriyasına ünvanlanmışdı. Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara Avropa ölkələrinin də tədricən qoşulması (İran neftindən imtina) İranın iqtisadi vəziyyətini getdikcə çətinləşdirir, daxildə narazılıq dalğaları artır. Odur ki, ölkənin hakim dairələri müxtəlif üsullarla ictimai rəyi məşğul etməyə çalışırlar. Rəsmi Tehran “Eurovision” əleyhinə kampaniya ilə həm də Avropadan bir növ açıq çıxmaq istəyirdi.

Yaranmış vəziyyətdə rəsmi Bakının nümayiş etdirdiyi təmkin və özünəinam qarşı tərəfi, təbii ki, düşünməyə vadar etdi. Əks təqdirdə, münasibətlərin daha da korlanması ilk növbədə İrana ziyan vuracaqdı. 11 il əvvəl İran Azərbaycanı təhdid edəndə Amerika, Türkiyə rəhbərliyi bizə dəstək bəyanatları vermişdilər. Bu dəfə isə buna ehtiyac qalmadı. Çünki indi Azərbaycan daha güclü, özünə arxayın və ona yönələn təhdidlərə adekvat cavab vermək imkanında olan dövlətdir. 

 

Qarabağda közərən ocaq: diplomatlar susanda, silahlar “danışır”

 

“Eurovision” müsabiqəsinin damğasını vurduğu və Azərbaycanın həm Avropa ilə, həm də cənub qonşusu ilə münasibətləri üçün mühüm sınaq olan may ayının ardından Qarabağ problemi həm lokal (cəbhə), həm də beynəlxalq ölçüdə gündəmə gəldi. İyun Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində silahlı toqquşmalarla başlandı. Hər iki tərəfdən itkilərlə müşayiət olunan insident Qarabağ münaqişəsinin “dondurulmadığını”, əksinə, müharibə ocağının daima közərdiyini və hər an alovlana biləcəyini göstərdi. Cəbhə xəttində toqquşmanın ABŞ dövlət katibi regiona səfəri ilə bir vaxta təsadüf etməsi isə hadisəni beynəlxalq gündəmə daşıdı.

Yuxarıda qeyd etdiyimiz kimi, əslində xanım Klinton regiona Amerika üçün daha vacib olan məsələlərlə (İran, Suriya) bağlı gəlmişdi. Və yəqin ki, Yerevan və Bakıda Qarabağ mövzusunda bir iki ümumi cümlə ilə fikrini tamamlayacaqdı. Amma, necə deyərlər, diplomatlar susanda, silahlar dillənməyə başlayır. Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi, bir ildir ki, dayanıb. Vasitəçilərdən heç bir hərəkət yoxdur. Nəhayət, Azərbaycan və Ermənistan XİN başçılarının iyunun 18-də Parisdə görüşəcəyi elan edilmişdi ki, cəbhədə toqquşma baş verdi.

Yaranmış vəziyyətdə beynəlxalq vasitəçilər daha fəal hərəkət etməlidirlər. “Bu vəziyyət məni çox narahat edir. İnsan tələfatının qarşısı alınmalıdır. Sülhün təmin olunması üçün birgə çalışmalıyıq” – ABŞ dövlət katibinin Bakıda verdiyi bu açıqlamanın ardınca Fransa və Rusiya XİN də bənzər bəyanatlar yaydı. Çünki Qarabağda savaşın yenidən alovlanması onların da marağında deyil. Amma münaqişə zonasındakı status-kvo (işğal) da sonsuzluğadək davam edə bilməz. İndiliksə görünən odur ki, mövcud vəziyyətin dəyişməsində tək maraqlı olan Azərbaycandır.

Bu arada ABŞ-ın “The Wall Street Journal” qəzeti (6 iyun) Ermənistan-Azərbaycan cəbhəsində son toqquşmalardan bəhs edərək yazır ki, artıq azərbaycanlılar nəticəsiz diplomatiyadan məyus olublar və problemi hərbi yolla həll etmək çağırışları güclənməkdədir. Qəzet yazır ki, vəziyyətin kəskinləşməsi Rusiya, Türkiyə və İranı da müharibəyə cəlb edə bilər: “Bunun nə ilə nəticələnəcəyini isə təxmin etmək mümkün deyil”.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu

"525-ci qəzet", 12 iyun 2012-ci il, səhifə 4.

Xəbərlər
Redaktorun seçimi