“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.08.2013, 09:52
1646

Azərbaycan tarixi günbəgün: 10 avqust

A- A+

10 avqust 1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-nin rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb...

 

10 avqust 1895 – Görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski (1895-1938) anadan olub. Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı - altıncı generalıdır. Cəmşid Naxçıvanski I Dünya müharibəsində Rusiya ordusunda müsəlmanlardan ibarət süvari eskadrona başçılıq edib. 1918-ci ildə Azərbaycana qayıdıb, Xalq Cümhuriyyətinin Milli Ordusunun qurulmasında, Bakının erməni daşnak-bolşevik qüvvələrindən azad olunmasında iştirak edib. Sovetləşmədən sonra Cəmşid Naxçıvanski Azəbaycanda diviziya komandiri olub, Moskvada Frunze adına Hərbi Akademiyanı bitirib və orada dərs deyib. 1938-ci ildə repressiya olunaraq güllələnib.

 

10 avqust 1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb. Rusiya K(b)P-nin Qafqaz Bürosunun qərarına əsasən, həmçinin Azərbaycanın Qarabağ və Zəngəzur bölgələri Ermənistan SSR-lə “mübahisəli ərazilər” elan olunub. Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı. 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi. Sonrakı illərdə Qazaxın dağlıq hissəsi – Dilican ərazisi, 1927-ci ildə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, 1929-cu ildə daha aşağı Zəngəzurdan Nüvədi, Tuğut və Yernəzir kəndləri, Naxçıvandan 9 kənd Ermənistana verildi.

 

10 avqust 1939 – Şair, “Qızıl Qələm” mükafatı laureatı Zəki İslam oğlu Yusifov anadan оlub.  

 

10 avqust 1990 – Erməni hərbi-təxribatçı dəstələri Azərbaycana qarşı növbəti qanlı terror aksiyalarını həyata keçiriblər. Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı avtobus partladılıb: 17 nəfər həlak olub, 26 nəfər yaralanıb.

 

10 avqust  1995 – Azərbaycan Respublikası ilə Kanada (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi