Azərbaycan tarixi günbəgün: 19 avqust
19 avqust 1634 – Səfəvi-Osmanlı müharibəsi gedişində sultan IV Muradın başçılıq etdiyi türk qoşunları İrəvan qalasını ələ keçiriblər...
19 avqust 1634 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində sultan IV Muradın başçılıq etdiyi türk qoşunları İrəvan qalasını ələ keçiriblər. Lakin Osmanlı qoşunları İrəvan qalasını uzun müddət əlində saxlaya bilmədi. Müharibənin yekunları ilə bağlı imzalanan Qəsri-Şirin sülh müqaviləsinə (1639) görə, Qərbi Gürcüstan Osmanlı imperatorluğunun, İrəvan daxil olmaqla Qərbi Azərbaycan torpaqları və Şərqi Gürcüstan ərazisi Səfəvi dövlətinin əlində qaldı.
19 avqust 1768 - Fətəli xan Qubalının qoşunları ilə Şəki hakimi Hüseyn xanın qoşunları arasında döyüş baş verib. Döyüşdə Fətəli xan qalib gəlib və Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirilib. Bundan bir qədər öncə (1767) Fətəli xan Bakı xanlığını da Quba xanlığına birləşdirmişdi. Lakin onun Azərbaycan torpaqlarını birləşdirmək niyyəti digər xanlıqlar tərəfindən qəbul olunmayıb. Fətəli xana qarşı birləşən Azərbaycan və Dağıstan hakimlərinin qüvvələri Xudat yaxınlığındakı Gavduşan döyüşündə (1774) onu ağır məğlubiyyətə uğradıblar. Bundan sonra Fətəli xan Rusiya ilə müttəfiqlik yaratmaq üçün zar II Yekaterinanın yanına elçilər göndərib.
19 avqust 2000 – MDB dövlət başçılarının Yaltada (Ukrayna) keçirilən qeyri-formal sammitində Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti danışıqlar olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: