“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.09.2010, 18:54
89

Rusiya prezidenti Bakı və Yerevanı sülh danışıqlarını sürətləndirməyə çağırıb

A- A+

Medvedevin sözlərinə görə, Rusiyanın Ermənistandakı bazasının Azərbaycana heç bir təhlükəsi yoxdur

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təmas intensivliyini aşağı salmamağa çağırıb.

Dmitri Medvedev bu fikirləri sentyabrın 3-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib.

O, son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: “Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram”.

Azərbaycan prezidenti İlham Əliyev isə Qarabağ nizamlanmasında vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: “Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən daha effektli olur”.

Qeyd edək ki, Rusiya prezidenti sentyabrın 2-də Bakıya ikigünlük səfərə gəlib.

* * *

Dmitri Medvedev: “Rusiyanın Gümrüdəki hərbi bazasının Azərbaycan üçün heç bir təhlükəsi yoxdur” 

“Rusiyanın Gümrüdəki hərbi bazası və bu bazanın dislokasiya müddətinin uzadılması Azərbaycan üçün heç bir təhlükə kəsb etmir”.

Bu açıqlamanı jurnalistlərə Rusiya prezidenti Dmitri Medvedev verib. O, Qafqazda stabilliyin qorunmasının Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini deyib:

“Biz burada sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıyıq. Mənim Ermənistana səfərinin nəticələrini də belə dəyərləndirmək lazımdır. Burada heç bir gizli və ya digər niyyət mövcud deyil”.
Xatırladaq ki, Rusiya prezidentinin bir müddət əvvəl Ermənistana gerçəkləşən səfəri zamanı Gümrüdəki Rusiya hərbi bazasının dislokasiya müddətinin 49 il artırılmasına dair müqavilə imzalanıb.

* * *

Azərbaycanla Rusiya arasında dövlət sərhədi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanıb 

Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə prezidentləri dövlət sərhədi haqqında müqavilə imzalayıblar. Müqaviləni tamamlayan, dövlət sərhədinin təsvir olunduğu əlavə də imzalanıb.

Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş də imzalanıb. Sazişə əsasən 2010-2011-ci illərdə “Qazprom”a satılan təbii qazın həcmi artırılacaq.

Tərəflər Samur transsərhəd çayının rasional istifadəsi və mühafizəsi haqqında saziş də imzalayıblar.

Xəbərlər
Redaktorun seçimi