“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.09.2009, 09:11
466

Türkiyə-Ermənistan dialoqu və Qars müqaviləsi

A- A+

Türkiyə müxalifəti Ermənistanla imzalanacaq protokolun 1921-ci il Qars müqaviləsini qüvvədən salacağını iddia edir

Türkiyə və Ermənistan arasında razılaşdırılan “Diplomatik münasibətlərin qurulması haqqında” və “İkitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında” protokollar müxtəlif arqumentlərlə tənqid olunur. 

Son günlər Türkiyə müxalifətinin səsləndirdiyi iddialardan biri Türkiyənin bu protokollarla Qars müqaviləsinin taleyini təhlükə altına atmasıdır. İddianın müəllifi Cümhuriyyət Xalq Partiyasından olan deputat, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Şükrü Ələkdağdır.

Onun iddiasına görə, Ankara ilə Yerevan arasında imzalanan protokollarda Qars müqaviləsində əksini tapmış “Türkiyənin iştirakı olmadan Naxçıvanın statusu məsələsinə baxıla və dəyişdirilə bilməz” müddəası ilə bağlı məsələ açıq qalır. Ələkdağa görə, protokollar ratifikasiya olunarsa, Qars müqaviləsi qüvvədən düşmüş sayıla bilər.

Türkiyə hökuməti təmsilçiləri isə bildirirlər ki, bu iddia doğru deyil, protokollarda Qars müqaviləsinə təhlükə sayıla biləcək heç bir maddə yoxdur, əksinə, Ermənistanın dolayısı ilə Qars müqaviləsini tanıması anlamına gələcək bənd var.

Həmin bənd “diplomatik münasibətlərin qurulması haqqında” protokolda əksini tapıb.

“Media forum” saytı həmin protokolun rəsmi olmayan tərcümə mətnini və bugünlərdə haqqında çox danışılan Qars müqaviləsinin tam mətnini oxucularının diqqətinə çatdırır:

 

Ermənistan Respublikası və Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlərin qurulması haqqında protokol

- Ermənistan Respublikası və Türkiyə Cümhuriyyəti xaqlarının mənafeləri üçün siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı qonşuluq münasibətlərinin qurulmasını və ikitərəfli əməkdaşlığın inkişafını istəməkdə;

- Birləşmiş Millətlər müqaviləsi, Helsinki Müqavilələri və Yeni Avropa üçün Paris müqaviləsi çərçivəsindəki öhdəliklərini xatırlamaqda;

- ikitərəfli və beynəlxalq müqavilələrdə əksini tapan bərabərlik, suverenlik, digər dövlətlərin daxili işlərinə, ərazi bütövlüyünə və sərhədlərinin pozula bilməyəcəyinə dair öhdəliklərini bir daha təsdiqləməkdə;

- iki ölkə arasında regionda sülhə, təhülkəsizliyə və sabitliyə xidmət göstərəcək güvən və stabillik atmosferinin yaradılıb qorunmasının, eyni zamanda, təhdid və gücdən istifadədən çəkinmənin problemlərin dinc yolla həllini dəstəkləmədəki, insan haqları və fundamental azadlıqları qorumadakı önəmini diqqətə almaqda;

- iki ölkə arasındakı sərhədlərin beynəlxalq hüququn müvafiq müqavilələrində müəyyənləşmiş şəkliylə qarşılıqlı olaraq qəbul olunmasını təsdiqləməkdə;

- ortaq sərhədi açma mövzusundakı qərarlılığı vurğulamaqda;

- yaxşi qonşuluq münasibətlərinin ruhuna uymayacaq siyasət tətbiq etməkdən çəkinəcəklərinə dair vədlərini təkrarlamaqda;

- səbəbi nə olursa olsun, hər cür terror, şiddət və aqressivliyi qınayıb bu cür hərəkətləri cəsarətləndirmək və onlara imkan verməkdən çəkinməyi üzərinə götürüb terrora qarşı mübarizədə əməkdaşlıq etməkdə;

- əlaqələrin ortaq mənafelər, xoş niyyət, sülh cəhdləri, qarşılıqlı anlayış və uyğunluq çərçivəsində yenidən formalaşdırılmasında könüllü olduqlarını təsdiqləməkdə;

- bu protokolun 1961-ci ildə imzalanmış Vyana Konvensiyasının şərtləri çərçivəsində qüvvəyə minməsindən etibarən ölkələr arasında diplomatik münasibətlərin qurulmasında və diplomatik vəzifəlilərin mübadiləsində anlaşıblar.

 

Qars müqaviləsi (13 oktyabr, 1921-ci il)

Bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər:

Ermənistan Sosialist Sovet Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı, Poqos Makinzyan, xalq daxili işlər komissarı.

Azərbaycan Sovet Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı.

Gürcüstan Sosialist Sovet Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı, Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı.

Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı, Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili, Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini, Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.

Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətli nümayəndə, onlar lazımi və qanuni formada tərtib edilmiş səlahiyyətlərin mübadiləsindən sonra aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Türkiyə Böyük Millət Məclisi hökuməti və Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hazırda razılığa gələn tərəflərin ərazilərinin tərkibinə daxil olan ərazilərdə öz suveren hüquqlarını əvvəllər həyata keçirmiş dövlətlər arasında bağlanan yuxarıda xatırlanan ərazilərə aid olan müqavilələri, eyni dərəcədə üçüncü dövlətlər tərəfindən Zaqafqaziya Respublikalarına dair bağlanmış müqavilələri ləğv edilmiş və öz qüvvəsini itirmiş hesab edirlər.

Müəyyən edilmiş hesab olunur ki, bu maddə Moskvada 16 mart 1921-ci ildə bağlanmış Türkiyə-Rusiya müqaviləsinə tətbiq edilmir.

Maddə 2. Razılığa gələn tərəflər onlardan birinin zorla qəbul etməyə məcbur edildiyi hər hansı sülh müqaviləsini və sair beynəlxalq aktları tanımamaq barədə razılaşırlar. Bunun qüvvəsincə, Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları Türkiyəyə dair və hazırda onun Böyük Millət Məclisi ilə təmsil olunan Türkiyə Milli hökumətinin tanımadığı heç bir beynəlxalq aktı tanımamaq barədə razılaşırlar.

(Bu müqavilədə Türkiyə anlayışı altında Konstantinopolda Osmanlı deputatlar palatası tərəfindən işlənib hazırlanmış və elan edilmiş, mətbuatda bütün dövlətlərə çatdırılmış 8 yanvar 1920-ci il (1336) tarixli Türkiyə Misaqi-Milli sərhədlərinə daxil edilmiş ərazilər nəzərdə tutulur).

Öz tərəfindən Türkiyə Böyük Millət Məclisi Hökuməti bu ölkələrin hazırda Ermənistan, Azərbaycan və Gürcüstan sovetləri ilə təmsil olunan müvafiq Hökumətlərinin tanımadığı hər hansı beynəlxalq aktı tanımamaq barədə razılaşır.

Maddə 3. Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hökumətləri təslim rejimini hər hansı ölkənin azad milli istəkləri ilə, eləcə də onun suveren hüquqlarının tam həyata keçirilməsi ilə bir araya sığmadığını hesab edərək, bu rejimə hər hansı aidiyyəti olan hər hansı hərəkəti və hüququ öz qüvvəsini itirmiş və ləğv edilmiş sayırlar.

Maddə 4. Türkiyənin şimal-şərq sərhədləri (Rusiya Baş Qərargahının 1/21000 miqyasında - düymdə 5 verst xəritəsinə əsasən) Qara dənizdə yerləşən Sarp kəndindən başlanan Xedis-Mta dağından, Şavşet dağındakı Kannı-Dağ ayırıcından keçən, daha sonra Ərdəhan və Qars sancaqlarının köhnə şimal inzibati sərhədləri ilə Aşağı Qars-suyun mənsəbinədək Arpa-çay və Araz çaylarının talveqi ilə keçib gedən xətlə müəyyən edilir.(Sərhədlərin müfəssəl təsviri və ona aid məsələlər razılığa gələn hər iki tərəfin imzaladığı 1-ci və 2-ci əlavədə və ona qoşulan xəritədə müəyyən edilmişdir).

Müqavilənin mətni və xəritə arasında fərq ortaya çıxdığı təqdirdə mətnə həlledici əhəmiyyət verilir. Dövlət sərhədlərinin naturada müfəssəl müəyyən edilməsi və çəkilişi, eləcə də sərhəd işarələrinin qoyulması razılığa gələn tərəflərin bərabər sayda üzvlərdən ibarət qarışıq sərhəd komissiyası tərəfindən və RSFSR nümayəndələrinin iştirakı ilə icra olunur.

Əlavə 4: xəritə.

Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır.

Maddə 6. Türkiyə Batum şəhəri və limanı və bu müqavilənin 4-cü maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin bir hissəsini təşkil edən ərazilər üzərindəki suverenliyini bu şərtlə Gürcüstana güzəştə getməyə razılıq verir ki,

1) bu maddədə göstərilən yerlərin əhalisi hər icmaya onun mədəni və dini hüquqlarını təmin edən inzibati baxımdan geniş yerli muxtariyyətdən faydalanacaq və əhaliyə göstərilən yerlərdə onun istəyinə uyğun torpaq qanununu müəyyənləşdirmək imkanı veriləcək;

2) Türkiyəyə Batum limanı vasitəsi göndərilən və ya Türkiyənin göndərdiyi bütün mallara rüsumsuz, hər hansı bir ləngitmə və hər hansı gömrük yığımı qoyulmadan sərbəst tranzit, Türkiyəyə Batum limanından buna görə ondan xüsusi rüsumlar tutulmadan istifadə hüququ veriləcək.

Bu maddənin həyata keçirilməsi üçün bu müqavilə imzalandıqdan dərhal sonra razılığa gələn tərəflərin nümayəndələrindən ibarət komissiya yaradılacaq.

Maddə 7. Gürcüstan Sosialist Sovet Respublikası hökuməti və Türkiyə Millət Məclisinin hökuməti buna dair qarışıq komissiyanın müəyyənləşdirəcəyi gömrük, polis və sanitar qaydalara əməl etmək şərti ilə sərhəd zonası sakinlərinin sərhədi keçmələrini asanlaşdırmağa razılaşırlar.

Maddə 8. Gürcüstan Sosialist Sovet Respublikası və Türkiyə Böyük Millət Məclisi hökuməti hər iki tərəfin sərhəd yerlərinin sakinləri üçün sərhədin o biri tərəfində yerləşən yaylaq və qışlaq otlaqlarından istifadə etmələri üçün zərurəti nəzərə alaraq, bu sakinlərə onların sürüləri ilə birlikdə sərhədi keçmək və ənənəvi otlaqlarından istifadə etmək hüququ barədə razılığa gəlirlər.

Gömrük qaydaları, eləcə də sərhədin keçilməsi üçün polis, sanitar və digər tədbirlər qarışıq komissiya tərəfindən müəyyənləşdiriləcək.

Maddə 9. Boğazların açılması və bütün xalqların ticarət münasibətləri üçün onlardan sərbəst keçidin təmin edilməsindən ötrü Türkiyə və Gürcüstan Qara dənizin və boğazların beynəlxalq statusunun qəti olaraq müəyyənləşdirilməsini sahil ölkələrinin nümayəndələrindən ibarət xüsusi konfransa bu şərtlə verməyə razılaşırlar ki, onun çıxardığı qərarlar Türkiyənin tam suverenliyinə, eyni dərəcədə Türkiyənin və onun paytaxtı Konstantinopolun (İstanbulun - red.) təhlükəsizliyinə xələl gətirməyəcək.

Maddə 10. Razılığa gələn tərəflər öz ərazilərində digər ölkənin hökuməti roluna iddia edən təşkilatların və qrupların yaradılmasına və ya yerləşdirilməsinə, eləcə də digər dövlətlə mübarizə məqsədi olan qrupların yerləşməsinə yol verməmək barədə razılığa gəlirlər. Müəyyən edilmiş sayılır ki, bu müqavilədə xatırlanan Türkiyə ərazisi dedikdə, Türkiyə Böyük Millət Məclisi hökumətinin bilavasitə hərbi və mülki idarəsi altında olan ərazilər nəzərdə tutulur.

Maddə 11. Hər iki razılığa gələn tərəfin digər tərəfin ərazisində olan vətəndaşlarına milli müdafiə üzrə mükəlləfiyyətlər istisna olunmaqla, onların olduğu ölkənin qanunlarından irəli gələn bütün hüquqlar və vəzifələr şamil olunacaq, onlar bundan azad ediləcəklər. Hər iki tərəfin ailə hüququna, hər iki tərəfin vətəndaşlarının miras hüququna və iş qabiliyyətlərinə dair məsələlər də bu müqavilənin qərarlarından istisna təşkil edirlər. Onlar xüsusi sazişlə həll ediləcəklər.

Maddə 12. Hər iki razılığa gələn tərəf digər tərəfin ərazisində olan, razılığa gələn tərəflərin hər birinin vətəndaşlarına ən əlverişli şərait prinsipini tətbiq etməyə razıdır.

Bu maddə sovet respublikalarının öz ərazilərində müttəfiq sovet respublikalarının vətəndaşlarına verilən hüquqlara, eyni dərəcədə Türkiyənin ona müttəfiq olan müsəlman ölkələrinin vətəndaşlarına verdiyi hüquqlara tətbiq olunmur.

Maddə 13. 1918-ci ilə qədər Rusiyanın bir hissəsini təşkil etmiş və indi Türkiyənin suverenliyi altında olduğu tanınan ərazilərin hər hansı sakini əgər arzu edərsə, sərbəst şəkildə Türkiyəni tərk etmək, özü ilə əşyalarını, öz əmlakını və ya onun dəyərini götürmək hüququna malikdir.

Eyni şəkildə üzərindəki suverenliyin Türkiyə tərəfindən Gürcüstana güzəşt edilmiş ərazilərin bütün sakinləri əgər arzu edərlərsə, Gürcüstan vətəndaşlığından çıxmaq, Gürcüstan ərazisini sərbəst şəkildə tərk etmək və özü ilə öz əşyalarını, əmlakını və ya onların dəyərini götürmək hüququna malikdir.

Yuxarıda göstərilən maddədə xatırlanan sakinlər xatırlanan əraziləri tərk etmək arzularını bildirdikdən sonrakı bir ay müddətində hərbi mükəlləfiyyətdən möhlət hüququndan faydalanacaqlar.

Maddə 14. Razılığa gələn tərəflər bu müqavilənin imzalandığı gündən sonrakı altı ay ərzində 1918-1920-ci illər müharibələrinin qaçqınlarına dair xüsusi saziş bağlamağı öhdələrinə götürürlər.

Maddə 15. Razılığa gələn hər bir tərəf bu müqavilə imzalandıqdan dərhal sonra Qafqaz cəbhəsində hərbi hərəkətlərdən irəli gələn cinayətlərə və əməllərə görə digər tərəfin vətəndaşlarına tam amnistiya elan etməyi öhdəsinə götürür.

Maddə 16. Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı iki ay ərzində razılığa gələn tərəflərdən birinin ərazisində olan köhnə hərbi əsirləri və mülki əsirləri qaytarmağa razıdırlar.

Maddə 17. Öz ölkələri arasındakı münasibətlərin fasiləsizliyini təmin etmək məqsədi ilə razılığa gələn tərəflər müştərək razılaşma yolu ilə dəmiryol, teleqraf və s. rabitə vasitələrinin saxlanması və mümkün sürətlə inkişafı, eyni dərəcədə hər iki ölkə arasında insanların və malların hər hansı ləngidilmə olmadan sərbəst yerdəyişməsini təmin etmək məqsədi ilə bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər. Lakin etiraf edilir ki, həm səyahət edənlərin, həm də malların yerdəyişməsinə, girişinə və çıxışına münasibətdə hər ölkədə buna dair müəyyən edilmiş qaydalar tam tətbiq ediləcəkdir.

Maddə 18. Razılığa gələn tərəflər arasında dostluq münasibətlərini möhkəmləndirmək üçün ticarət münasibətləri qurmaq, bütün iqtisadi, maliyyə və digər məsələləri tənzimləmək məqsədi ilə bu müqavilə imzalandıqdan dərhal sonra Tiflisdə maraqlı tərəflərin təmsilçilərindən ibarət komissiya yaradılacaq.

Maddə 19. Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı 3 ay ərzində Konsul Konvensiyasını başa çatdırmağı öhdələrinə götürülər.

Maddə 20. Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanmış bu müqavilə ratifikasiya edilməlidir.

Ratifikasiyalarla mübadilə ən qısa müddətdə Erivanda olacaq.

Bu müqavilə ratifikasiya olunduğu andan qüvvəyə minir. 6, 14, 15, 16, 18 və 19-cu maddələr istisnadır, onlar müqavilə imzalandıqdan dərhal sonra qüvvəyə minirlər.

Bu göstərilənləri təsdiq etmək üçün yuxarıda adları çəkilən müvəkkillər bu müqaviləni imzaladılar və ona öz möhürlərini vurdular.

Qarsda 13 oktyabr 1921-ci ildə (1337) beş nüsxədən ibarət tərtib edilmişdir.

(M.Y.) imza. Askanaz Mravian, (M.Y.) imza. Kazım Qarabəkir.

(M.Y.) imza. Poqos Makinzian. (M.Y.) imza. Vəli bəy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.

(M.Y.) imza. Aleksandr Svanidze.

(M.Y.) imza. Qanetski.

Əlavələr

Xəbərlər
Redaktorun seçimi