“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.03.2010, 20:06
451

Kosovo presedenti Qarabağ münaqişəsində tətbiq edilə bilməz

A- A+

Minsk Qrupunun fransalı həmsədri “Madrid təklifləri”nin mahiyyətini açıqlayıb

Kosovo presedenti Dağlıq Qarabağ münaqişəsinə tətbiq edilə bilməz. APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda NATO-nun «Rouz Rot» seminarında iştirak edən ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie bildirib.

Onun sözlərinə görə, Kosovo münaqişəsi ilə Dağlıq Qarabağ münaqişəsi arasında heç bir ümumi cəhət yoxdur: “Kosovo ölkə daxilində, Dağlıq Qarabağ münaqişəsi isə mərkəzi hakimiyyət olan Azərbaycanla mübarizə aparan Dağlıq Qarabağ və Ermənistanla Azərbaycan arasında münaqişədir. Bundan əlavə, Kosovoda uzun illər ərzində beynəlxalq qüvvələr mövcud olub, Qarabağda isə bu olmayıb”.

Vasitəçinin fikrincə, Ermənistan Kosovo presedentinin Qarabağ münaqişəsində tətbiqini istəsə də, bu, mümkün deyil: “Qarabağ dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tərəfindən tanınmayıb”.

 * * *

ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasie Madrid təkliflərinin mahiyyətini açıqlayıb 

“Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Qarabağın müvəqqəti statusunu, təhlükəsizliyi, məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmasını təmin etməlidir”.

APA-nın məlumatına görə, bu fikirləri İrəvanda NATO Parlament Assambleyasının “Rose Roth” seminarında iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasie söyləyib.

Vasitəçi bildirib ki, “Madrid təklifləri” Dağlıq Qarabağda müharibədən öncə yaşamış əhalinin iştirakı ilə referendumun keçirilməsini, Ermənistanla Qarabağ arasında dəhlizin olmasını, qaçqınların qayıtmasını və beynəlxalq qüvvələrin köməyi ilə münaqişə zonasında təminatlı sülhün olmasını nəzərdə tutur.

Xatırladaq ki, fransalı vasitəçinin söz etdiyi bu müddəalarda elə bir yenilik yoxdur. Bu müddəalar hələ 2009-cu ilin iyulunda ABŞ admistrasiyası tərəfindən “Madrid prinsipləri”nin əsas məzmunu kimi mətbuata açıqlanmışdı.


Bernar Fasie hesab edir ki, danışıqlar prosesinin aktivləşməsi üçün münasib vaxt yetişib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə vasitəçilərlə görüşdüyünü xatırladan Fasie deyib ki, martın 16-da Ermənistan xarici işlər naziri Parisə gedəcək və orada analoji görüş keçiriləcək

 * * *

Fransalı həmsədr: “Müharibə başlasa, Azərbaycan qələbə qazana bilməz” 

“Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlayarsa, Azərbaycan qələbə qazana bilməz. Şəxsən mən Ermənistan və Qarabağ döyüşçülərinin mərdliyinə bələdəm”.

Ermənistanın “Novosti-Armeniya” agentliyinin verdiyi məlumata görə, bu sözləri ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie NATO Parlament Assambleyasının Ermənistan paytaxtında keçirilən “Rose Roth” seminarında çıxışında deyib.

Diplomat hesab edir ki, müharibə Azərbaycana fayda gətirməyəcək və onun maliyyə maraqlarına, neft satışına zərər verəcək. Həmsədr bildirib ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyan beynəlxalq sərmayədarlar öz vəsaitlərinin təhlükə altında qalmasını istəməyəcəklər və Azərbaycana kapital qoymaqdan imtina edəcəklər.

Xəbərlər
Redaktorun seçimi