“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.07.2011, 17:17
390

Kazandan Qarabağa yol görünmədi

A- A+

Sülh danışıqlarının bundan sonrası qeyri-müəyyən olaraq qalır...

Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin iyunun 24-də Kazanda keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini razılaşdırmaq mümkün olmadı.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan uğursuzluğu Azərbaycanın beynəlxalq vasitəçilərin təklif etdiyi baza prinsiplərinə 10-a yaxın dəyişiklik təklif etməsi ilə bağlayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Kazan görüşündə prinsipial məsələlər üzrə kompromis əldə olunmamasını Ermənistanın maksimum güzəştlər tələb etməsi ilə izah edib.

Danışıqlar konkret hansı sənəd üzərində gedir? Bu sual açıqdır. Çünki indiyədək nə münaqişə tərəfləri, nə də vasitəçilər sənəd açıqlayıblar. Baza prinsipləri, əsas prinsiplər, Madrid prinsipləri kimi müxtəlif adlarla təqdim olunan bu həll planı indiyədək tam şəkildə açıqlanmadığına görə naməlum prinsiplər də adlandırıla bilər.

İlkin sənəd

2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri İspaniya paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası zamanı baş tutan görüşə Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini də qatılıb. Həmin görüşdə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsini təqdim ediblər. Bundan sonra sülh danışıqları həmin sənəd əsasında aparılıb.

2009-cu il iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ baza prinsiplərinin mahiyyəti haqda rəsmi açıqlama verib. Ağ evin bəyanatında bu prinsiplərin Helsinki Yekun Aktına, güc tətbiqindən imtinaya, ərazi bütövlüyü, bərabər hüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslandığı qeyd olunub.

Madrid prinsiplərinin konkret maddələri həmin bəyanatda belə sıralanıb: Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan öz müqəddəratını ifadə etmək hüququ; bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ; sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.

Yenilənmiş sənəd

2009-cu ilin dekabrında Madrid prinsipləri yenilənib və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2010-cu il martın 15-də keçirdiyi mətbuat konfransında bu haqda deyib: “Madrid prinsiplərinin yenilənmiş variantı növbəti addım atmağa və böyük sazişin üzərində işə başlamağa imkan verir. Biz bu sənədi qəbul edirik”.

O, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin detallarını açıqlayıb: “Bütün mərhələlər sənəddə göstərilib. Mərhələlər məlumdur. İlk növbədə Ermənistan qoşunları işğal altında olan 5 rayondan və Laçın rayonunun 13 kəndindən çıxmalıdır. Bu zaman bütün kommunikasiyalar açılır, donor konfransı elan olunur, torpaqlar bərpa edilir, su kəmərləri bərpa edilir, məcburi köçkünlər geri qayıdır. Artıq bununla bağlı xeyli proqram hazırdır.

Əlbəttə, təhlükəsizlik baxımından sülhməramlı müşahidəçilərdən də söhbət gedir. Çünki azərbaycanlı məcburi köçkünlər geri qayıdanda təhlükəsizlik problemləri də ortaya çıxacaq və bu məsələ həll olunmalıdır. Bundan sonra Ermənistan öz qoşunlarını 2 rayondan - Laçın və Kəlbəcərdən çıxarmalıdır. Birinci və ikinci mərhələdə bütün yollar, kommunikasiyalar açılır. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra bu, imkan verəcək ki, sonuncu mərhələni həyata keçirək və Dağlıq Qarabağın statusunu müəyyənləşdirək”.

Ən son məlumat

Kazan görüşü ərəfəsində - iyunun 20-də Ermənistanın “Aykakan jamanak” qəzeti Madrid prinsipləri adlı sənədi dərc edib.

Həmin sənəd erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çıxarılmasını nəzərdə tutur. Bu zaman Kəlbəcər istisna olunur - müvəqqəti olaraq beynəlxalq komissiyanın nəzarətinə verilən bu rayon Azərbaycanın nəzarətinə sülh müqaviləsi imzalanandan sonra keçir.

Həmin sənədə görə, Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ əhalisi (Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış bütün xalqların nümayəndələri nəzərdə tutulur - 1988-ci il proporsiyası üzrə) arasında keçiriləcək plebisitdə müəyyən olunacaq.

Keçid dövründə Dağlıq Qarabağ aralıq status alacaq. Dağlıq Qarabağda faktiki hakimiyyət legitimləşəcək, bölgə özünə aid məsələlərin müzakirəsi zamanı ATƏT-in sessiyalarında müşahidəçi kimi iştirak etmək, dövlət kimi tanınmaq şərti qoyulmayan beynəlxalq təşkilatlara qoşulmaq, xarici ölkə  və beynəlxalq təsisatlardan yardım almaq hüququ qazanacaq.
 
Laçın isə Azərbaycana Ermənistanla Dağlıq Qarabağın dəhlizlə birləşməsi məsələsi hüquqi baxımdan həll olunandan və Dağlıq Qarabağın yekun statusu müəyyənləşəndən sonra veriləcək.

Sənəddə bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtması, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi müddəalları da yer alır.

Sənəd rəsmən açıqlana bilərmi?

“Media forum” saytına danışan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov sənədin açıqlanıb-açıqlanmayacağına dair bir söz deyə bilməyəcəyini söyləyir: “Mənim belə bir qərar qəbul etmək səlahiyyətim yoxdur. Qərar müvafiq instansiyalarda qəbul olunur. Yenilənmiş Madrid sənədi ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın prezidentlərinin bəyan etdiyi prinsiplər əsasında tərtib olunub. Sənəddə əsas prinsiplər, müxtəlif detallar, yanaşmalar yer alır. Müxtəlif zamanlarda ölkə rəhbərliyi, xarici işlər naziri bu sənəddə hansı prinsiplərin nəzərdə tutulduğuna dair açıqlamalar verib. Orada bir necə texniki detal var. Azərbaycan həmin texniki detallar istisna olmaqla sənədi qəbul edib. Bunu dəfələrlə bəyan etmişik və mövqeyimiz dəyişməyib.

Ermənistan indiyədək yenilənmiş Madrid prinsiplərinə dair mövqeyini bildirməyib. Bu, masa üzərində olan yeganə sənəddir. Amma Ermənistan sənədə münasibət bildirmir. Yerevan müxtəlif zamanlarda işçi qaydada tərtib olunmuş sənədlərə dair mövqe bildirib. Amma yekun olaraq hazırlanan və sənəd formasında təqdim olunan yenilənmiş Madrid prinsiplərinə ermənilər dəqiq və birmənalı mövqe bildirməyib.

Ermənistan sənədə münasibət bildirsə və onu qəbul etsə, sülh sazişinin hazırlanması üçün imkan yarana, həmin prinsiplər əsasında detallı sülh sazişi üzərində iş başlaya bilər”.

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri daim Azərbaycan və Ermənistan rəhbərliyini öz xalqlarını sülhə hazırlamağa çağırır. Münaqişənin həllini nəzərdə tutan prinsiplər, sənəd gizlədildiyi halda xalqı sülhə necə hazırlamaq olar? Xalqı sülhə hazırlamaq üçün yenilənmiş Madrid prinsipləri açıqlana bilərmi?

Elxan Poluxov suala belə cavab verib: “Faktiki olaraq sənədin əsas prinsipləri, məqamları açıqlanıb və əhaliyə bəllidir. Çünki Azərbaycan tərəfi sənədlə bağlı ən yüksək səviyyədə dəfələrlə açıqlamalar verib. Əsas prinsip - Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qorunub saxlanması prinsipi yenilənmiş Madrid sənədində öz əksini tapıb. Digər məsələlər üzərində texniki iş aparılır. Biz heç vaxt öz əhalimizdən nəyisə gizlətməmişik. Vətəndaşlarımız Azərbaycanın tutduğu mövqeyin nədən ibarət olmasını həmişə bilib və bundan sonra da biləcək. Bizim mövqeyimiz birmənalı və dəyişməzdir. Azərbaycanin ərazi bütövlüyü müzakirə mövzusu olmayıb, ola bilməz və olmayacaq. Burada söhbət Ermənistan tərəfinin öz əhalisini kompromislərə və sülhə hazırlamasından gedə bilər”.

Kazan görüşündən sonra artan müharibə çağrışlarına gəlincə, XİN rəsmisi bildirib ki, bu, vətəndaşların, partiyaların və ekspertlərin şəxsi mövqeyidir: “Rəsmi mövqe danışıqların davam etdirilməsidir. Prezidentlər danışıqların nəticəsinə dair qərar qəbul ediblər və xarici işlər nazirlərinə tərəflərin mövqelərini yaxınlaşdırmağa dair işləri davam etdirmək tapşırığı verilib. Müvafiq qrafikə uyğun olaraq bu çərçivədə iş davam etdiriləcək. Hazırda danışıqlar qrafiki üzərində iş gedir. Amma hələlik konkret bir qrafik yoxdur”.

“Media forum”

* * *

►Mövzuya dair:

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanat qəbul etmişlər  

İyunun 24-də Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən birgə bəyanat qəbul etmişlər.

Bəyanatda deyilir: “2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının prezidentləri Kazanda görüşmüş və onların tapşırığına əsasən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçirmişlər.

Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə edilməsini, bu məsələlərin həllinin Əsas Prinsiplərin bəyənilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi Rusiya, ABŞ və Fransa liderlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə daimi diqqətinə görə onlara minnətdarlıq bildirmiş və Rusiya Federasiyası Prezidentinin razılaşma əldə edilməsinə kömək üçün göstərdiyi şəxsi səylərini yüksək qiymətləndirmişlər”.

AzərTAc

* * *

►Bax həmçinin:

Ermənistanda “Madrid prinsipləri”ni dərc etdilər

Xəbərlər
Redaktorun seçimi