“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.01.2011, 18:18
359

Qarabağ mövzusunda daha bir internet sayt hazırlanıb

A- A+

www.diyarshunasliq.az - işğal olunmuş rayonların muzeylərinin virtual pilot şəbəkəsi

Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa vurub.

Yanvarın 14-də “Kaspian plaza” Biznes Mərkəzində layihənin təqdimatı ilə bağlı “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda “dəyirmi masa” keçirildi. Tədbirdə millət vəkili və dövlət rəsmiləri, işgal altında olan rayonların mədəniyyət şöbələrinin və muzey rəhbərləri, QHT təmsilçiləri, o cümlədən “Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyinin direktoru Xanlar Məmmədov iştirak edib.

Layihə barədə məlumat verən Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli deyib ki, üç ay ərzində layihə çərçivəsində işğal altında olan 9 rayonun tarix-diyarşünaslıq muzeyləri barəsində geniş informasiya bazası yaradılıb, 300-dən artıq eksponatın surətləri çıxarılıb. Bununla yanaşı, toplanılmış materiallar əsasında www.diyarshunasliq.az  informasiya portalı istifadəyə verilib.

V.Tofiqli bildirib ki, işğal altında olan rayonların yalnız üçü - Şusa, Füzuli və Cəbrayıl rayon muzeylərinin eksponat fondundan qismən materiallar çıxarıla bilib. Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Xocalı və Laçın rayon muzeylərinin eksponatları tamamilə erməni işğalı altında qalıb. O qeyd edib ki, 40 mindən artıq eksponatın toplandığı 22 muzey Ermənistan tərəfindən işğal olunmuş ərazilərdədir: “Daşınmaz tarix və mədəniyyət abidələrindən başqa Azərbaycana dəyən ümumi zərərin məbləği orta hesabla 7 milyard ABŞ dolları təşkil edir. İşğal altında olan rayonların tarix diyarşünaslıq muzeylərinin birləşmiş mərkəzi inşasına da ehtiyac var. Bundan əlavə, muzey əməkdaşlarının sosial vəziyyətinin artırılması da diqqətdən kənarda qalmamalıdır”.

Müzakirələrdə millət vəkili Flora Qasımova (122 saylı Xankəndi seçki dairəsi), Mədəinyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, QHT-ə Dövlət Dəstəyi Şurasını üzvü Dilarə Vəliyeva, Cəbrayıl Tarix diyarşünaslıq muzeyinin direktoru Taryel Abbaslı, QHT təmsilçiləri mövzu ətrafinda öz fikir və mülahizlərini bildiriblər.

* * *

Qeyd etmək lazımdır ki, Azərbaycanın bir nömrəli problemi olan Qarabağ mövzusunda hazırlanan hər bir elektron resurs, internet sayt və s. özlüyündə təqdirəlayiq hadisədir. Çünki informasiya-kommunikasiya texnologiyalarının geniş təşəkkül tapdığı müasir dövrdə elektron vasitələrin təbliğat nöqteyi-nəzərindən xüsusilə mühüm rolu var.

Eyni zamanda, onu da nəzərə almaq gərəkdir ki, Azərbaycanın tarixi həqiqətlərini, Qarabağ gerçəklərini dünyaya yaymaq, təbliğ etmək üçün yaradılan internet resursların mütləq xarici dillərdə versiyaları hazırlanmalıdır.

Bu baxımdan arzuediləndir ki, gələcəkdə www.diyarshunasliq.az  saytının resurs bazası daha da genişləndirilməklə yanaşı, onun xarici dillərdə versiyası da istifadəyə verilsin.

www.azerbaycanli.org

Xəbərlər
Redaktorun seçimi