“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.10.2014, 17:53
1801

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına töhfə

A- A+

Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib. 

tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov aktual mövzuya həsr olunan kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, kitabın ən böyük məziyyəti onun rus dilində yazılması və Moskvada nəşr olunmasıdır.
Rafael Hüseynov qeyd edib ki, akademik Ramiz Mehdiyevin yeni əsərində Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri dərindən araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Rus dilinin dünyada geniş yayılması kitabın daha çox oxucuya çatdırılacağını şərtləndirir və əsərin əhəmiyyətini daha da artırır.

Rafael Hüseynov vurğulayıb ki, akademik Ramiz Mehdiyevin qələmindən çıxan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan ən sanballı əsərlərdən olan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı təkcə bir alimin deyil, bütövlükdə Azərbaycan xalqının mövqeyini əks etdirir. Kitab alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib ki, akademik Ramiz Mehdiyevin yeni kitabı dövlətçiliyimizin möhkəmlənməsi, erməni saxtakarlığının ifşa edilməsi yolu ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfədir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə yaratmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixşünaslığımızda, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edən əsərdir.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli, tarix elmləri doktorları Abbas Seyidov, Kamil İbrahimov monoqrafiyanın tarixi əhəmiyyətindən, qarşıya qoyulmuş problemin tədqiqat-araşdırma istiqamətlərindən danışıblar. Kitabın məziyyətlərindən bəhs edən alimlər bildiriblər ki, Ramiz Mehdiyevin yeni əsəri çox yüksək elmi-nəzəri səviyyədə, tarixi faktlar, zəngin mənbələr əsasında yazılıb. Monoqrafiya tarix elmimizin böyük nailiyyətidir. Burada qədim mənbələr, arxeoloji, antropoloji faktlar əsasında sübut olunur ki, ermənilər Qarabağ ərazisinə, o cümlədən Cənubi Qafqaza gəlmədirlər, onlar bu yerlərə çar Rusiyası tərəfindən köçürülüblər. Moskvada nəşr olunan kitab rusdilli oxucular üçün, eləcə də münaqişənin kökləri ilə maraqlanan tarixçi alimlər üçün əhəmiyyətli mənbədir.

Tədbirdə kitabın müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılması təklif edilib.

AzərTAc, “Azərbaycan” qəzeti (10.10.2014, səh. 2)

* * * 

“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tarixşünaslığımızın böyük nailiyyətidir

Oktyabrın 10-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının təqdimatı və müzakirəsi keçirildi. 

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov iştirakçılara kitab haqqında geniş məlumat verdi. Bildirdi ki, əsərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılıb. 

Diqqətə çatdırıldı ki, akademik Ramiz Mehdiyevin əsərində çoxsaylı mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara istinad edilərək Dağlıq Qarabağın ən qədim dövrlərdən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması sübuta yetirilir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir. 

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədov qeyd etdi ki, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabında tarixi sənədlər əsasında münaqişənin qədim dövrdən zəmanəmizə qədər yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını sübut edən müxtəlif tarixi mənbələr öz əksini tapıb. 

Müəllif kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır: “Akademik Ramiz Mehdiyev düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranına və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə edilmək üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülmüşlər. Akademik ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini açıqlayır”. 

Əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktların ortaya çıxarıldığını, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahının verildiyini deyən Qarabağ Araşdırmalar Mərkəzinin müdiri vurğuladı ki, kitabda ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni olması sübuta yetirilir. 

Bununla yanaşı, əsərdə Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, “böyük Ermənistan” ideyasını ön plana çəkməsi və siyasi iflasa uğraması müfəssəl araşdırılır. 

Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov monoqrafiyanın tarixi əhəmiyyətindən, elmi dəyərindən, qarşıya qoyulmuş problemin tədqiqat-araşdırma istiqamətlərindən danışaraq, əsərin tarix elmində xüsusi yer tutacağını qeyd etdilər.

Bildirildi ki, akademik Ramiz Mehdiyevin bu kitabı tarixşünaslığımızda, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edən fundamental əsərdir. Kitabın məziyyətlərindən danışan natiqlər vurğuladılar ki, monoqrafiya çox yüksək elmi-nəzəri səviyyədə, tarixi faktlar, zəngin mənbələr əsasında yazılıb. Əsər tarix elmimizin böyük nailiyyətidir.

Qeyd olundu ki, kitabın rus dilində çap olunması oxucu auditoriyasının genişlənməsi ilə əsərin elmi əhəmiyyətini daha da artırır. Əsərin rus dilində nəşrinin önəmi ondan ibarətdir ki, milyonlarla rusdilli oxucuya təqdim edilən bu kitab Dağlıq Qarabağ münaqişəsinin taleyinin həllində mühüm rol oynayan bir ölkənin paytaxtında işıq üzü görüb.

Təqdimat mərasimində “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müxtəlif dillərə tərcümə edilməsinin əhəmiyyəti xüsusi vurğulandı.

 

Xəbərlər
Redaktorun seçimi