“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.08.2009, 10:06
503

Vardan Oskanyanın ikibaşlı fikirləri: o, nədə haqlı və nədə haqsızdır

Yaxud bir daha erməni tərəfin Qarabağa dair “Madrid prinsipləri” ətrafında apardığı spekulyasiyalar barədə
A- A+

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Azərbaycanın Dağlıq Qarabağa bitişik işğal edilmiş 7 rayonunun azad olunmasının zəruriliyini qeyd edərək demişdir: “Əvvəllər bizə ən pis halda Dağlıq Qarabağ üçün Azərbaycanın tərkibində yüksək muxtariyyət, ən yaxşı halda isə ümumi dövlət strukturu tərkibində Azərbaycan ilə Qarabağ arasında üfüqi əlaqələr yaradılması təklif edilirdi. Bunu nəzərə alsaq, Madrid prinsiplərində... Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi nəzərdə tutulur. Bu isə, aşkardır ki, Dağlıq Qarabağın müstəqilliyi və ya onun Ermənistanla birləşməsi deməkdir”. 

Oskanyanın “aşkar” hesab etdiyi fikri Madrid prinsiplərinin hansı hissəsində gördüyü məlum deyildir. Ağ Evin mətbuat xidmətinin saytında dərc edilmiş sənədin preambulasında açıq-aşkar deyilir: “Baza prinsipləri Helsinki Yekun Aktının zor tətbiq edilməməsi, dövlətlərin ərazi bütövlüyü, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi haqqında müddəalarına əsaslanan ağlabatan kompromisdir”.

Helsinki sənədində dəqiq göstərilir ki, xalqların öz müqəddəratını təyin etməsi hüdudları dövlətlərin ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bu beynəlxalq sənədin hər hansı ekspert-linqvistik və ciddi hüquqi təhlili aparılsa şəksiz müəyyən edilər ki, dövlətlərin ərazi bütövlüyü xalqların öz müqəddəratını təyin etməsi prosesi başa çatdıqdan sonra təsbit edilmir, əksinə, xalqların öz müqəddəratını təyin etməsi dövlətlərin ərazi bütövlüyü təsbit olunandan sonra baş verir.

Sadə dildə desək, dövlətin ərazi bütövlüyü təmin ediləndən sonra həmin ərazidə yaşayan xalqların, milli azlıqların və digər qrupların öz müqəddəratını təyin etməsindən danışmaq mümkündür. Öz müqəddəratını təyin etməyin hüdudları Helsinki sənədinin VIII maddəsində birmənalı şəkildə müəyyən edilmişdir və bu, dövlətin ərazi bütövlüyü nəzərə alınmaqla həmin hüququ həyata keçirməyə imkan verir (“daxili təyini-müqəddərat”). Burada ikinci yozum ola bilməz.

Oskanyan demişdir: “Mən əminəm ki, əgər biz Qarabağ əhalisinin öz müqəddəratını təyin etmək hüququnun tanınması imkanını əldən versək, gələcəkdə bir də bu hüququ əldə etmək çox çətin olacaqdır və danışıqlar tamam başqa istiqamətdə gedə bilər, vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə başlaya bilərlər”.
Sabiq nazirin sonuncu cümləsinin nə demək olduğu yenə tam aydın deyildir. Maraqlıdır, vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü haçan dəstəkləməyiblər?

Hətta Azərbaycan tərəfindən rədd edilmiş ümumi dövlət konsepsiyasında da ərazi bütövlüyü nəzərdə tutulmuşdu. O vaxt Bakının həmin modeli rədd etməsinin yeganə səbəbi mərkəz ilə əyalət arasında üfüqi münasibətlər məsələsi idi, çünki bu, unitar dövlət üçün qeyri-məqbuldur. Ərazi bütövlüyü prinsipi həmişə əsas götürülmüşdür, bu prinsip Madrid prinsiplərinin də təməl daşıdır.

Lakin bir məsələdə Oskanyan haqlıdır - bu gün Ermənistana həqiqətən elə şey təklif olunur ki, sabah, xüsusən Azərbaycanın bütün sahələrdə güclənməsi nəzərə alınmaqla, onu təklif etməyə bilərlər. Axı gələcəkdə, xüsusən beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın xeyrinə qəbul edilmiş qətnamələrin sayının artması fonunda getdikcə zəifləməkdə olan Ermənistana Qarabağ münaqişəsinin ildən-ilə güclənməkdə olan Azərbaycanın ziyanına tənzimlənməsi modelini kim təklif edəcəkdir?

İndi vaxt birmənalı olaraq Ermənistanın zərərinə işləyir və bunu yalnız sadəlövh adamlar başa düşməyə bilər. Artıq ikinci dəfədir ki, erməni siyasətçiləri (indi artıq keçmiş siyasətçilər olsalar da) öz cəmiyyətinə xəbərdarlıq edirlər ki, maksimalizmdən imtina etmək və kompromisə getmək zəruridir.

Oskanyan daha sonra demişdir: “Bu gün öz müqəddəratını təyin etmə prinsipinə riayət edilməsi baxımından biz Azərbaycandan üstünük”.

Əgər o, gələcəkdə keçiriləcək səsvermənin ərazi bütövlüyü prinsipindən üstün olacağını nəzərdə tutursa, çox səhv edir, çünki səsvermə iştirakçılarının öz iradələrini ifadə etməsi prosesində Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən heç bir məsələ qoyulmayacaqdır. Azərbaycan ərazisinin pozulmazlığı elə son həddir ki, heç bir səsvermə həmin həddi aşmamalıdır.

İki prinsipin birləşdirilməsi daxili təyini-müqəddərat, yəni geniş muxtariyyat deməkdir. Bu model ermənilərin xoşuna gəlsə də, gəlməsə də. Lakin vasitəçilərin məqsədi məhz bundan – həmin iki prinsipi birləşdirməkdən ibarətdir.
Oskanyan sözünün sonunda demişdir: “Əgər erməni tərəfi ərazilərin qaytarılmasını və azərbaycanlı qaçqınların geri qayıtmasını istisna etmək, “düşmənə bir qarış da torpaq verməyək” demək istəyirsə, bu, əla qərar olardı, bu halda Ermənistan da, Dağlıq Qarabağ da - hər ikisi danışıqlardan çıxmalıdır. Əgər biz danışıqları davam etdirsək, bu prinsiplər həmişə danışıqlar masası üzərində olacaqdır”.

İndiki danışıqlarda “Dağlıq Qarabağ”ın danışıqların tərəfi hesab edilməsini yalnız çəpgöz adamın biri iki görməsinə, ya da yuxuya bənzətmək olar. Danışıqlardan yalnız Ermənistan çıxa bilər. Dağlıq Qarabağın erməni icmasının rəhbərləri isə danışıqlara qoşula bilərlər - hər iki icmanın ortaq doğma diyarda birgə yaşaması ilə əlaqədar məsələləri Azərbaycan icmasından olan həmkarları ilə müzakirə etmək üçün.

Azərbaycanın Dağlıq Qarabağa bitişik yeddi rayonunun qaytarılması, bütün məcburi köçkünlərin həmin rayonlara və Dağlıq Qarabağa qaytarılması məsələsində isə Oskanyan haqlıdır – bu elə bir zərurətdir ki, Ermənistan cəmiyyətinin bununla barışma vaxtı çatmışdır. Gələcəkdə ərazilərin azad edilməsini və məcburi köçkünlərin qaytarılmasını nəzərdə tutmayan heç bir təklif olmayacaqdır – nə modifikasiya edilmiş Madrid prinsipləri, nə də təmiz vərəqdən başlayaraq tərtib edilən yeni təkliflər.

Lakin Azərbaycanın mövqeyi birmənalıdır və bu mövqe gələcəkdə də dəyişməyəcəkdir – Ermənistanın işğal etdiyi yeddi rayonu azad etməsi və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa, öz evlərinə qayıtması Yerevan tərəfindən güzəşt deyil, sülh danışıqlarının davam etdirilməsi üçün zəruri şərtdir. Bu, danışıqsız, ilkin şərtlər irəli sürülmədən belə olmalıdır. Bunu hər hansı başqa proseslərlə əlaqələndirmək və ya əvəzində özü üçün nəsə qazanmaq cəhdlərinin mənası yoxdur.


Vüqar Seyidov,

AzərTAc-ın xüsusi müxbiri, Berlin.

Xəbərlər
Redaktorun seçimi