“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.10.2009, 08:33
503

Bayraq məsələsi Milli Məclisdə müzakirə olundu

A- A+

Parlamentin 1-ci vitse-spikeri Ziyafət Əsgərov: “Niyə Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız?”

Azərbaycan Milli Məclisinin oktyabrın 20-də keçirilən iclasında cari məsələlərin müzakirəsi Türkiyə-Ermənistan və Türkiyə-Azərbaycan münasibətlərinə həsr olunub. 

“Media forum” saytı xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bu məsələlərin xeyli müddətdir müzakirə olunduğunu söləyib və qeyd edib ki, ümummilli məsələlərdə hamı birləşməyi bacarmalıdır: “Kim ki Türkiyə-Azərbycan münasibətlərini korlamaq istəyir, onun ermənidən heç bir fərqi yoxdur”.

O.Əsədov bildirib ki, konflikti bir kənara qoymaq lazımdır: “Bursada Azərbaycan bayrağına münasibət hamımızın hissiyatına toxundu. Stadion 15 min bayraq tutmaz, həmin bayraqları yığıb bir kənara qoysaydılar, başqa məsələ olardı. Amma bayraqların üzərində WC yazılmış qablara tökülməsi hamımızın hissiyyatına toxunur. Rusiya ilə Azərbaycanın futbol komandaları arasında keçirilən görüşdə Türkiyə bayrağı ən yüksəkdə dalğalanırdı və buna heç kim heç nə demədi”.

Spiker hazırda bu məsələdən təxribat məqsədilə istifadə etmək istəyənlərin olduğunu da söyləyib: “Türkiyədə ermənilərin sayı Azərbaycandan qat-qat çoxdur. Türkiyə-Azərbaycan münasibətlərində heç kim qızışdırıcı mövqedən çıxış etməsin. Bir dəfə demişəm, yenə deyirəm - iqtidarlar gəldi-gedərdi, xalqlar və onların dostluğu isə əbədidir. Xalqlar arasında düşmənçilik salanlar əsl düşmənlərdir”. 

Parlamentin vitse-spikeri Bahar Muradova çıxışında bildirib ki, Bakıdakı Şəhidlər Xiyabanında Türkiyə bayraqlarının götürülməsi ilə bağlı ajiotaj yaratmaq lazım deyil: “Bu, qanun çərçivəsində həyata keçirilib. Əslində “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanun qüvvəyə minən kimi icra olunmalı idi”.

Millət vəkili İkram İsrafil isə deyib ki, Azərbaycanla Türkiyə arasında yaranan gərginliyə son qoymaq üçün Bakının işğaldan azad olunduğu günü - sentyabrın 15-ni “Türkiyə- Azərbaycan dostluğu günü” elan etmək lazımdır.

Deputat İqbal Ağazadə təklif edib ki, Türkiyə bayrağı Azərbaycanda ən yüksək yerdən asılmalıdır: “Türkiyə bayraqlarının götürülməsi düşmənə rəvac verər”.

MM-in 1-ci vitse-spikeri Ziyafət Əsgərov Bakıdakı Türk Şəhidliyindən Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağının da götürüldüyünü xatırladıb: “Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız? Mən bayrağımızı o vəziyyətdə görəndə özümü təhqir olunmuş saydım. Biz istəyirik ki, Türkiyə yetkililəri Azərbaycanın milli maraqlarını nəzərə alsınlar”.

* * *

Mövzuya dair:

Dövlət Baxçalı: “Bakıda Türkiyə bayraqlarının endirilmədi bizi dərindən yaralayıb”

Millətimizin və partiyamızın bayraq məsələsində həssaslığı ortadaykən Azərbaycan iqtidarında qəzəbin hakim olduğu görünməkdədir. Bakıda Türkiyə bayraqlarının endirilməsi bizi üzüb və dərindən yaralayıb”.

“Media forum” xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı oktyabrın 20-də Türkiyə Böyük Millət Məclisində belə deyib.

Partiyasının qrup toplantısında danışan Baxçalı qeyd edib ki, Türkiyənin Ermənistanla imzaladığı protokolların məsuliyyəti AKP iqtidarının üzərindədir və türk millətinin mövqeyini əks etdirmir: “Bu hökumət sabah olmayacaq. Onun yanlışları bizim millətimizin gələcəyini və dostluğumuzu pozmamalıdır. Türk milləti Qarabağ məsələsində Azərbaycanı müdafiə edib və Azərbaycan bayrağını başı üzərində dalğalandırıb.

Al bayrağımıza və xatirələrə sayğı göstərmək hamımızın məcburiyyətidir. Al bayrağımızla Azərbaycan bayrağı sonsuza qədər bir yerdə dalğalanmalıdır. O ay-ulduzları şəhidliyə tikən AKP zehniyyəti deyil. Başda hörmətli prezident Əliyev olmaqla azərbaycanlı qardaşlarımızdan bu vahiməli səhvi düzəltmələrini tələb edirəm”.

Xəbərlər
Redaktorun seçimi