“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.02.2013, 15:26
369

Əkrəm Əylisli “Xalq yazıçısı” adından məhrum edildi

A- A+

“Yazıçının xalqımızın ruhuna yad tərzdə yazdığı əsərdə tarixi keçmişimizə qara yaxılmışdır”

Prezident İlham Əliyev fevralın 7-də Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində (“Daş yuxular” – red.) tariximizlə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir: “Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.

Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 15-ci bəndinin “b” yarımbəndinə uyğun olaraq qərara alıram:

1. Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilsin.

2. “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 314) “Naibov Əkrəm Nəcəf oğluna” hissəsi ləğv edilsin”.

* * *

Dövlət başçısı Əkrəm Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə də sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 349) 1-ci hissəsinin “Naibov Əkrəm Nəcəf oğlu” bəndi ləğv edilsin”.

* * *

Əkrəm Əylisli "Xalq yazıçısı" fəxri adına 1998-ci ildə, Prezidentin fərdi təqaüdünə isə 2002-ci ildə layiq görülmüşdü:

 

"Xalq yazıçısı" fəxri adının verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan nəşrinin inkişafındakı böyük xidmətlərinə görə  

Əfəndiyev Elçin İlyas oğluna

İbrahimbəyov Maqsud Məmmədibrahim oğluna

İbrahimbəyov Rüstəm Məmmədibrahim oğluna

İbrahimov Hüseyn Məmmədəli oğluna

Naibov Əkrəm Nəcəf oğluna

Rzayev Anar Rəsul oğluna

Vəkilov Yusif Səməd oğluna

 

"Xalq yazıçısı" fəxri adı verilsin.

 

Azərbaycan Respublikasının Prezidenti   

HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 23 may 1998-ci il

                    N 708

  * * *

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

 (Siyahıdan çıxarış)

....Mustafayev Ramiz Hacı oğlu

Naibov Əkrəm Nəcəf oğlu

Nəcəfova Hökumə Yusif qızı....

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2002-ci il
№ 942

* * *

►Mövzuya dair:

Əkrəm Əylislinin "Şöhrət" ordenini alarkən söylədiyi nitq (1998)

“Biz elə bir dövr keçirdik ki, Mirzə Cəlilimizə "kollaborasionist" dedilər

 

Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimlərinin böyük bir qrupuna "Şöhrət" ordenlərinin təqdim edilməsi mərasimi. Prezident iqamətgahı, 21 avqust 1998-ci il

 

Prezident Heydər Əliyev: Xalq yazıçısı Əkrəm Əylislini yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edirəm. Mən o zaman dedim ki, gələn dəfə bu ordeni sənə təqdim edəcəyəm. İndi vaxtı gəlib çatdı. Bir daha təbrik edirəm.

 

Əkrəm Əylisli: Əziz və hörmətli Prezident! Əziz mərasim iştirakçıları! Buraya gələcəyimi eşidəndə, haradansa ağlıma gəldi ki, izahlı lüğəti götürüb baxım ki, "mədəniyyət" sözünün anlamları nədir. Qəribəsi budur ki, orada oxuduğum anlamlar məni xeyli təəccübləndirdi. Çünki mənə elə gəlirdi ki, "mədəniyyət" sözü hörmətli Polad Bülbüloğlunun rəhbərlik elədiyi sahəni əhatə edir. Yəni kitabxana, klub, teatr və sairə. Amma, sən demə, "mədəniyyət" sözünün belə mənaları da varmış: becərmək, bəsləyib böyütmək, tərbiyələndirmək, savadlandırmaq, hərəkətə gətirmək, saya salmaq. Latın sözü olan "kultura"nın başlıca, mənası da həyata yaradıcı münasibət bəsləməkdir.

Hörmətli Prezident, əziz mərasim iştirakçıları! Mən elə bilirəm ki, zaman bizi elə bu sözün, ona yekdil münasibətin zəminində yenidən bir yerə toplayıbdır. Yəni, "mədəniyyət" sözünün ifadə elədiyi mənalara həm ziyalıların yekdil münasibəti, həm də bu sözün əhatə elədiyi o gözəl aləmin cazibəsi.

Hörmətli cənab prezident, yəqin burada oturanlar da bilir, deyirlər ki, Allahın 1001 adı var. Zaman da Allahın 1001 adından biridir. Mənə elə gəlir ki, biz burada, Sizin ətrafınızda Allahın 1001 adından birinin işığında toplaşdıq. Heç kəsin şübhə edə bilmədiyi, təkzibolunmaz faktdır ki, Azərbaycanın bütün yaradıcı ziyalıları Sizi səmimiyyətlə dəstəkləyir və Sizin cazibə dairənizdə gündən-günə daha sıx birləşirlər. Heç yadımdan çıxmır, rəhmətlik Yusif Səmədoğlu ölüm yatağında ikən dedi ki, Sizə səs verəcək, yəni bunu deməyi lazım bildi. Yəqin ki, Yusif o ağır vəziyyətində bəlkə də rəhmətə gedəcəyini bilirmiş. Bu yaxınlarda Məmməd Arazın müsahibəsini oxudum. Deyib ki, Heydər Əliyev ömrümə ikinci bir ömür əlavə elədi. Yadınızdadırsa, İsa Hüseynov yaşının bu vaxtında nə desə yaxşıdır? Dedi ki, bir əsgər kimi hər gün küçəyə çıxıb Sizi hər cür düşməninizdən müdafiə eləməyə hazıram.

Hörmətli cənab Prezident, burda əyləşənlər Azərbaycanda çox mürəkkəb bir dövrü keçmiş adamlardır. Bilirsiniz ki, təbiətdə, biologiyada mutasiya halları olur. Bu o deməkdir ki, Allah uzaq eləsin, qadın bir-birinə bitişik uşaqlar doğur. Bu, gec-gec baş verən, hər kəsin öz gözü ilə görə biləcəyi hallardır. Amma mənəviyyatda baş verən mutasiya hallarını görmüş bugünkü Azərbaycan ziyalısı Allahın 1001 adından birinin altında və bu adın işığında Sizinlə birlikdə olmağı lazım bildi və buna ehtiyac duydu. Biz elə bir dövr keçirdik ki, Mirzə Cəlilimizə "kollaborasionist" dedilər. Bu sözü faşistlərin işğal etdikləri Fransada faşistlərə qulluq edənlərə deyirdilər. Biz bunun cavabını ləyaqətlə verdik. Elə bir dövrü gördük ki, mənəvi mutasiyanın başqa əlamətlərini Allah heç kəsə göstərməsin.

Söhbəti uzatmaq istəmirəm, deyiləcək söz kifayət qədərdir. Mən elə bilirəm ki, Azərbaycan bütün bu əzablı mənəviyyat keçidlərini ötəcək, mənəviyyatın çox yüksək, ali mövqeyində bundan da ucada dayanacaqdır. Buna göstərdiyiniz qayğıya, şəxsən mənə olan hər bir diqqət və qayğınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.

 

►Mənbə: http://library.aliyev-heritage.org/az/6572006.html

 

Xəbərlər
Redaktorun seçimi