“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.10.2009, 08:49
397

Kişinyovda Qarabağa dair yeni təkliflər müzakirə olunub

Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda yenidən görüşmək barədə razılaşıblar
A- A+

Oktyabrın 8-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Qarabağ danışıqlarının nəvbəti raundu keçirilib. Bu, prezidentlər Əliyev və Sarkisyan arasında ötən ildən bəri keçirilən sayca 7-ci görüş, 2009-cu ildə isə artıq üst-üstə 5-ci danışıqlar raundudur. 

Əliyev-Sarkisyan görüşləri bundan öncə 2008-ci il iyunun 6-da Santk-Peterburqda, 2008-ci il noyabrın 2-də Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə (İsveçrə, Davos İqtisadi Forumu), mayın 7-də Praqada (Avropa Birliyinin «Şərq tərəfdaşlığı» sammiti), iyunun 4-də Sankt-Peterburqda (Beynəlxalq İqtisadi Forum çərçivəsində), iyulun 18-də Moskvada (MDB-nin qeyri-formal sammiti) gerçəkləşmişdi. Yeri gəlmişkən, Kişinyov görüşü MDB dövlət başçılarının sammiti əsnasında baş tutub.

“Azərtac”ın verdiyi xəbərə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın və ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovun (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü konstruktiv keçib. Bunu isə ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşdən sonra jurnalistlərə açıqlamalarında bildiriblər.

Görüşü “çox ciddi və konstruktiv” hesab edən amerikalı həmsədr Robert Bratdke bildirib ki, danışıqlarda nizamlanma üzrə sənəd layihəsinə daxil ediləcək bəzi təkliflər qəbul olunub. Diplomat onu da əlavə edib ki, prezidentlər müzakirələrin davam etdirilməsi üçün yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.

Rusiyalı həmsədr Yuri Merzlyakov da danışıqlarda ciddi və konstruktiv müzakirələrin olduğunu deyib. Tərəflərin mövqelərini yaxınlaşdırdığını diqqətə çatdıran diplomat ümumilikdə prezidentlər arasında qarşılıqlı anlaşma olmayan az məsələnin qaldığını vurğulayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 8-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən görüşünün yekunlarına dair yazılı bəyanatla da çıxış ediblər.

APA-nın xəbərinə görə, ATƏT-in rəsmi saytında açıqlanan bəyanatda bildirilir ki, həmsədrlər Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Rober Bratke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə baş tutan görüş iki prezidentin son 10 ayda 5-ci görüşüdür və bu, danışıqların pozitiv dinamikasını təsdiqləyir.

“Kişinyov görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair baza prinsiplərinin işlənib hazırlanması prosesinin davam etdirilməsinə əsas yaratdı. Danışıqlar konstruktiv və ciddi şəraitdə keçdi, dərin müzakirələr aparıldı, həmsədrlərin təkliflərinin bir sıra bəndləri cümləbəcümlə müzakirə edildi. Prezidentlər həmsədrlərdən xahiş etdilər ki, növbəti görüş ərəfəsində bu müzakirələrin nəticələrini öz təkliflərinə daxil etsinlər”, - deyə bəyanatda vurğulanır.

 

 

Mövzuya dair:

Azərbaycanlı politoloq: “Düşünürəm ki, Kişinyov görüşündə tərəflər arasında yaxınlaşma olub”

Oktyabrın 9-da Bakıda “Kişinyov sammiti: Dağlıq Qarabağ münaqişəsinin gözləntiləri” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirin təşkilatçısı olan Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov bildirib ki, bu sammitdən problemin həlli ilə bağlı gözləntilər çox olub. Lakin görüşdə münaqişənin həlli ilə bağlı ciddi addım atılmadığını deyən Ə. Həsənov yenə də ortada bir sıra ziddiyyətli bəyanatların olduğunu qeyd edib.

Türkiyə-Ermənistan sərhədlərinin açılmasına münasibət bildirən Ə. Həsənov bildirib ki, bu danışıqların sonu ilə bağlı qəti fikir söyləmək mümkün deyil: “Türkiyə tərəfi bildirir ki, bu vaxta qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı əlindən gələni edib. İndiki halda isə onlar kifayət qədər planlı addımlar atırlar”.

Politoloq Rasim Musabəyov da bildirib ki, Kişinyov görüşündən əvvəl tərəflər arasında sənədlərin imzalanacağı gözlənilirdi: “Lakin bu baş vermədi. İndiki halda isə optimistliyə imkan verən odur ki, görüşdə müsbət əhval-ruhiyyə müşahidə olunub. Düşünürəm ki, tərəflər arasında yaxınlaşma olub”.

Digər politoloq Elxan Mehdiyev bildirib ki, Dağlıq Qarabağda referendumun keçirilməsi ilə bağlı Minsk qrupunun irəli sürdüyü təklif əslində, bu ərazinin Azərbaycandan ayrılmasına xidmət edir: “Azərbaycan tərəfinin bütün ölkə ərazisində referendum keçirilməsi ilə bağlı təklifi isə beynəlxalq təşkilatlar tərəfindən ciddi qəbul olunmur”.

“İnam” Püliralizm Mərkəzinin rəhbəri Vahid Qazi isə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasının əvvəlcədən gözlənilən olduğunu deyib: “Ədalət və İnkişaf Partiyası yarananda Türkiyə 4 tərəfi ilə düşmən idi. Amma bu partiya hakimiyyətə gələndən sonra Yunanıstan, Suriya ilə münasibətlər normallaşdı. İndi də Ermənistanla belə bir proses başlayıb. Türkiyə 15 ildir, Azərbaycanın yükünü daşıyırdı və nə vaxtsa bu yükü yerə qoymalı idi”.

Dəyirmi masada iştirak edən digər şəxslər də mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

 

Fransa səfiri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək prinsipləri eyni dərəcədə nəzərə alınmalıdır”

ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən illər ərzində böyük iş görüblər. Son iki il ərzində isə Azərbaycan və Ermənistan prezidentləri arasında dialoq prosesinin intensivləşməsi müşahidə olunur və ilin sonuna kimi hər hansı nəticələr olacağı mümkündür”. APA-nın məlumatına görə, bu fikirləri oktyabrın 9-da Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Fransa-Azərbaycan münasibətlərinə həsr olunmuş müzakirələrdə çıxışı zamanı deyib.

“Ötən il prezidentlər bir neçə dəfə görüşüblər, hansı ki buna qədər belə intensiv dialoq müşahidə olunmamışdı. Həmsədrlər prezidentlər arasında etimad atmosferi formalaşdıra biliblər ki, bunun özü də yaxşı nəticədir. Bu münaqişənin nizamlanması üçün sülh razılığına gəlmək çox mürəkkəbdir, bu, zaman tələb edən məsələdir. Ola bilsin ki, ilin sonuna kimi hansısa nəticələr olsun”, - deyə səfir bildirib.

Səfir Fransanın ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər cür səy göstərdiyini deyib.

İştirakçıların suallarını cavablandıran Qabriel Keller ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, bu, Fransanın mövqeyidir. Biz həmçinin hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün üç prinsip eyni zamanda nəzərə alınmalıdır. Bunlar ərazi bütövlüyü, milli müqəddəratını təyin etmə və güc tətbiq etməmək prinsipləridir”.

Xəbərlər
Redaktorun seçimi