“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.05.2013, 15:07
379

Ədalət məhkəməsi hüquqi dövlətin təməlidir

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan məhkəmə-hüquq islahatları uğurla davam etdirilir
A- A+

Azərbaycan xalqı tarixi boyunca yetişən ən böyük şəxsiyyətlərindən birinin, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etməyə hazırlaşır.

İllər keçdikcə bu böyük şəxsiyyətin dühası, onun xalq qarşısında xidmətləri, bu xidmətlərin bütün sahələrdə inkişafa və yüksəlişə yol açması daha aydın görünür. İllər keçdikcə Heydər Əliyev dühasının işığı Azərbaycanın tərəqqi yoluna, xalqın gələcəyinə daha güclü işıq salır, bu yolda parlaq mayak rolunu oynayır.

"Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin əsasını təşkil edən qanunlardır. Biz qanunsuzluqları, ədalətsizlikləri aradan götürəcəyik, ancaq bir iş qanunsuz olursa, o biri qanunsuz işlə qanunsuzluğu aradan götürmək olmaz. Bir şey ədalətsizliklə olubsa, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Ədaləti bərpa etmək lazımdır”. Qüdrətli şəxsiyyət, ulu öndər Heydər Əliyevin bu sözləri onun Azərbaycanda hüquqi dövlət quruculuğuna verdiyi tarixi töhfələrin, ədalətli cəmiyyət ideallarının ən bariz ifadəsidir.

Ədalətin, qanunçuluğun üstün olduğu dövlətdə yaşamaq hər zaman hər bir xalqın arzusu olmuşdur. Azərbaycan xalqı da XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edərkən bu idealla yaşayırdı. Lakin, təəssüflər olsun ki, 1991-1992-ci illərdə respublikadakı faktiki hakimiyyətsizlik, siyasi hərc-mərclik, cinayətkarlığın sürətlə artması haqq və ədalətin keşiyində durmalı olan dövlət qurumlarının fəaliyyətinin ciddi şəkildə aşınmasına, o cümlədən məhkəmə-hüquq sistemində qeyri-sağlam mühitin yaranmasına rəvac vermişdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıdanda Azərbaycan bütünlüklə iflas həddində idi, hüquqi dövlət quruculuğu, ədalət və qanunçuluqdan danışmaq isə mümkün deyildi. Ermənistanın ölkəmizə qarşı işğalçı müharibəsinin davam etməsi, respublikada bütün sahələri bürümüş böhran, siyasi didişmələr Azərbaycanı parçalanmaq və dövlət olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Belə bir zamanda ölkəyə rəhbərliyi, onun gələcək taleyi ilə bağlı tarixi məsuliyyəti üzərinə götürən Heydər Əliyev ədalət, müdriklik və həqiqət üzərində təşəkkül tapan dövlətçilik konsepsiyası ilə milli müstəqilliyimizİ əbədi və sarsılmaz etdi. Məhz böyük öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində real dövlət quruculuğu səhifəsi açıldı. Bu xüsusda bütün hakimiyyət təsisatları kimi, hüquq-mühafizə orqanlarının, məhkəmə hakimiyyətinin də köklü şəkildə, yeni əsasda təşkili vacib idi.

Heydər Əliyevin iradəsi, siyasi zəkası, vətəndaşlıq hünəri sayəsində dövlətçiliyimizin inkişaf yolundakı maneələr dəf edildi. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Prezident fərmanı respublikada hüquq-mühafizə orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm tarixi əhəmiyyətli sənəd idi. Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulması Azərbaycanın inkişafını möhkəm hüquqi rels üzərində çıxardı. Ölkə iqtisadiyyatının dirçəldilməsi, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi dünya standartlarına uyğunlaşdırılması prosesi başlandı.

Böyük öndərin rəhbərliyi altında hazırlanan, geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğunda fundamental islahatlara yol açdı. Əsas Qanun ölkənin hüquqi-qanunvericilik müstəvisini dünyanın mütərəqqi, demokratik dəyərləri ilə zənginləşdirdi, hakimiyyət bölgüsü prinsipinin, insan hüquq və azadlıqlarının təminatının bünövrəsi qoyuldu. Konstitusiyada məhkəmə hakimiyyətinin, müstəqil və şəffaf məhkəmə sisteminin fəaliyyətini müəyyənləşdirən əsas prinsip və normalar da öz əksini tapmışdır. Bu prinsip və normalar əsasında sonrakı mərhələdə bu sahədə zəruri qanunvericilik aktları qəbul olunmuş, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilməyə başlanmışdır. Sonrakı dövrə nəzər salsaq, görərik ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar yolu keçmiş, nəticədə keçmiş Sovet İttifaqından miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında yenidən qurulmuşdur.

Ulu öndər ölkədə yeni dövrün tələblərinə cavab verən hüquq qanunvericiliyinin formalaşdırılması üçün 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Həmin komissiya tərəfindən hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında" və digər qanunların qəbulu məhkəmə-hüquq islahatları prosesində xüsusi əhəmiyyətə malikdir. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu, 1998-ci il fevralın 10-da ölkəmizdə ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bəzi ölkələr belə bir addım atmamışdı. 1998-ci il iyunun 18-də böyük öndərin fərmanı ilə təsdiq olunan «Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı» hüquqi islahatlarda yeni mərhələ açdı. 1998-ci ildə Azərbaycanda məhkəmə-hüquq sisteminin ali instansiyası - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı.

Böyük öndərin 1 dekabr 1998-ci il tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə fərmanı respublikada yeni məhkəmə sisteminin formalaşmasına mühüm töhfə olmuşdur. Həmin tarixdə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə namizədlərin yeni qaydalarla seçilməsini həyata keçirməyə başladı. Əvvəlcə bu seçim müsahibə yolu ilə keçirilirdi. "Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 17 yanvar 2000-ci il tarixli Prezident fərmanından sonra isə hakim vəzifəsinə namizədlərin seçilməsində test üsulu ilə imtahanlar keçirilməyə başlandı. Dövrün tələbindən irəli gələn bu dəyişikliklər məhkəmələrin işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində şəffaflığın geniş təminatına, hakimlərin seçilməsi qaydalarının mütərəqqi dəyərlərə uyğunlaşdırılmasına, işində səhlənkarlığa yol verən və qanunçuluğu düzgün tətbiq etməyən hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsinə xidmət edirdi.

Bu dövrdə ölkənin hüquq sistemində köklü dəyişikliklərə səbəb olmuş mütərəqqi qanunlar, yeni Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Həmin mərhələdə islahatların başlıca nəticəsi keçmiş sovet məhkəmə sisteminin ləğvi və ölkədə birinci instansiya, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılması oldu. Məhkəmə hakimiyyətinin müstəqilliyinin tam təmin edilməsi üçün məhkəmələr üzərində prokuror nəzarəti ləğv olunaraq onların prosessual səlahiyyətləri xeyli genişləndirildi.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 2004-cü ildə Məhkəmə-Hüquq Şurası haqqında yeni qanunun qəbulu ədalət mühakiməsinin və aparılan hüquq islahatlarının nailiyyətlərindən biri idi. Əvvəllər icra hakimiyyəti yanında fəaliyyət göstərən Şura artıq məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan kimi fəaliyyətini icra etməyə başladı. Bu, ölkə rəhbərliyi tərəfindən "hakimiyyət bölgüsü" prinsipinə verilən əhəmiyyətin təzahürü idi. Məhkəmə sisteminin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi, obyektiv və şəffaf şəraitdə peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədinə xidmət edən mütərəqqi islahatlar ötən illər ərzində uğurla davam etdirilmişdir.

Azərbaycanın bütün sahələrdə inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni mərhələyə qədəm qoyması məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaratmışdır. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» qanunun tətbiq edilməsi barədə fərmanı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Fərmana əsasən, Bakı, Gəncə, Şirvan, Sumqayıt və Şəkidə apelyasiya məhkəmələri, Bakı, Sumqayıt və Şəki şəhərlərində yerli iqtisad məhkəmələri yaradılmışdır. Həmin dəyişikliklərə qədər ölkədə bir apelyasiya məhkəməsinin fəaliyyət göstərməsi regionlarda yaşayan insanların qanuni mənafelərinin yüksək səviyyədə təminatına əngəllər yaradırdı. Bu baxımdan yaradılan yeni apelyasiya və iqtisad məhkəmələri bu sahədə problemlərin əsaslı surətdə aradan qalxmasına töhfə oldu. Sözsüz ki, bu sahədə nöqsan və problemlərin tam aradan qalxmasını söyləmək hələ tezdir və bu bizi bir daha öz işimizə tənqidi yanaşmağa vadar edir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında bu məsələyə xüsusi yer ayırır, məhkəmələrdəki neqativ halların, süründürməçilik və digər məsələlərin aradan qaldırılması üçün hansı işlərin görüldüyünü daim diqqət mərkəzində saxlayır. Çünki Azərbaycanın güclü, müasir və zəngin dövlətə çevrilməsi üçün həm iqtisadi, həm də hüquqi və siyasi islahatlar paralel şəkildə aparılmalı və onlar bir-birini tamamlamalıdır. Bu baxımdan ölkənin məhkəmə-hüquq institutlarının üzərinə də böyük məsuliyyət düşür.

Ölkə başçısı 2009-cu il mayın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının təntənəli açılış mərasimində demişdir: “Məhkəmə ədalət sarayı olmalıdır. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Düzdür, biz ədalətsizlikləri də görürük. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu ədalətsizlikləri aradan götürək. Qanunun aliliyi tam şəkildə bərqərar olunmalıdır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla gedir. Qəbul edilmiş qərarlar, məhkəmə hüquq sistemində aparılmış islahatlar, yeniliklər, eyni zamanda, dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi - bütün bu işlər ölkəmizi gücləndirir”.

Son illərdə atılan addımlar, qəbul edilən qərarlar ölkə rəhbərliyinin bu sahəyə yüksək diqqət və qayğısının göstəricisidir. İnsan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi, dövlət-vətəndaş münasibətlərinin müasir standartlara uyğunlaşdırılması, inzibati münasibətlərin tənzimlənməsinin yeni istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi yer tutan “İnzibati icraat haqqında” Qanun və İnzibati Prosessual Məcəllə qəbul edilmişdir.

2011-ci il yanvarın 1-dən qüvvəyə minən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən ibarətdir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Bütün bunlar inzibati ədliyyə sisteminin yaradılması istiqamətində mühüm addımlardır.

Bu xüsusda ədalət mühakiməsinin səmərəliyinin artırılmasında mühüm rolu olan 22 iyun 2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanunu və bunun ardınca dövlət başçısının imzaladığı 15 iyul və 9 avqust 2010-cu il tarixli fərmanları da ayrıca qeyd etmək lazımdır. Həmin sənədlərə əsasən, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə regional Bakı Ağır Cinayətlər Məhkəməsi, habelə Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələri, 1 və 2 saylı Bakı, Gəncə, Sumqayıt, Şəki, habelə Naxçıvan iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmiş, hakim ştatlarının sayı artırılmışdır.

2011-ci il yanvarın 1-dən iqtisadi, inzibati işlərə məhz yeni yaradılmış inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında ədalətli, obyektiv araşdırılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. Proqramda “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiq edilməsi, məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması və onlar üçün lazımi iş şəraitinin təminatı ilə bağlı müvafiq tədbirlər yer almışdır.

Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində 20-dən çox yeni məhkəmə binasının, o cümlədən bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində son 2 il ərzində respublikamızda 4 yeni məhkəmə binası, o cümlədən dövlət başçısının iştirakı ilə Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin, habelə Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları açılmış, bir neçə məhkəmə kompleksinin təməli qoyulmuşdur. 2013-cü il yanvarın 22-də paytaxtın Sabunçu rayonunda təməli qoyulan məhkəmə kompleksində də iki məhkəmə - rayon və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələri yerləşəcək.

Müasir texnologiya və elektron sistemlərlə təchiz olunacaq bu kompleksdə bütün zəruri infrastruktur quraşdırılacaqdır. Tətbiq olunan İKT yenilikləri təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verəcək, hakimlərlə vətəndaşların hər hansı qeyri-prosessual münasibətinin qarşısının alınması üçün bina ictimai və inzibati zonalara bölünəcək, hər iki zonanın ayrı girişi olacaq. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulur. Dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Dövlətin bu diqqət və qayğısı məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla yanaşı, bizi daha məsuliyyətlə çalışmağa sövq edir. Çünki məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bu məsələlər Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 22 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Hakimlərin Etik Davranış Kodeksində əks olunmuşdur. Hakimlik fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusu olan bu sənəd hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir. Mühüm məqam ondan ibarətdir ki, Kodeksin müvafiq maddələrinin tələblərinin pozulması hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alına bilər.

Yerlərdə məhkəmələrin fəaliyyəti, ədalət mühakiməsinin yüksək səviyyədə təmin olunması vətəndaşın dövlətə inam və etibarının daha da artması deməkdir. Təsadüfi deyil ki, son dövrlər bu sahədə atılan effektiv addımlar məhkəmələrə müraciətlərin sayının xeyli artmasında da özünü göstərir. Görülmüş tədbirlər vətəndaşların məhkəmələrə olan inam və etibarını xeyli artırır, nəticədə insanlar pozulmuş hüquqlarının müdafiəsi üçün digər orqanlara deyil, məhz məhkəmələrə daha çox müraciət etməyə başlamışdır. Bu tendensiya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətlərdə də özünü göstərir. Onu da qeyd etmək lazımdır ki, məhkəmədə baxılan inzibati mübahisələr üzrə qərarların təxminən 80 faizi vətəndaşların xeyrinə çıxarılmışdır.

Ölkəmizin davamlı iqtisadi inkişafı, dövlət tərəfindən sahibkarlığın təşviq edilməsi iqtisadi münasibətlərin də genişlənməsinə meydan açmışdır. Mövcud vəziyyət təbii olaraq iqtisadi mübahisələrin, bu zəmində məhkəmələrə müraciətlərin də artması ilə müşayiət olunur. Bu xüsusda iqtisadi mübahisələrə baxan məhkəmələrin üzərinə mühüm məsuliyyət düşür. Qeyd edək ki, ümummilli lider Heydər Əliyev sahibkarlığın, özəl sektorun ölkəmizin inkişafı və gələcəyi üçün önəmini nəzərə alaraq bu sahədə haqq-ədalətin qorunmasına xüsusi diqqət ayırırdı. Ulu öndərin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli fərmanında bu sahədə məhkəmələrin mühüm rolu vurğulanmış, məhkəmələrə iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrlə bağlı qərarların qəbulunda qanunun aliliyini təmin etmək, mübahisələrin baxılmasında süründürməçilik hallarına yol verməmək tövsiyə olunmuşdur.

Bu gün də ölkə Prezidenti sahibkarlığın təşviq olunmasını, sahibkarların hüquqlarının müdafiəsi və qorunmasında dövlət instansiyalarının yüksək məsuliyyət daşıdığını daim diqqətə çatdırır. Prezident İlham Əliyev 2013-cü il fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bununla bağlı demişdir: “Sahibkarların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır və buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir”.

Yerlərdəki məhkəmə instansiyaları da bu sahədə məsuliyyətlərini dərindən dərk edir və baxılan hər iqtisadi mübahisədə qanunun, haqq-ədalətin aliliyi əsas götürülür. Çünki sahibkarın pozulmuş haqqının, mülkiyyət və əmlak hüququnun müdafiəsi məhkəmə instansiyasına etimadı artırmaqla bərabər, ümumilikdə sahibkarın, vətəndaşın dövlətə etibarının möhkəmlənməsi deməkdir. Hakimlərin hər bir işə ədalətlə baxması, qanuni və əsaslandırılmış qərarlar qəbul etməsi vətəndaşların məhkəmə hakimiyyətinə və ən əsası, dövlətə inamını artırır. Bu isə bizim qarşımızda duran ən vacib amildir.

Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatların müsbət nəticələri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, qanunun aliliyinin təmin olunmasına və insan haqlarının etibarlı müdafiəsinə yönəlmiş hüquqi islahatlar kursunun əzmlə davam etdirildiyinin bariz göstəricisidir. Möhtərəm Prezidentin bu sahədə prinsipial siyasəti, məhkəmə hakimiyyətinin fəaliyyətinə göstərdiyi müstəsna diqqət əldə edilən nailiyyətlərin gələcəkdə də ardıcıl və məqsədyönlü şəkildə davam edəcəyinə yüksək zəmanətdir.

Rəşid Rzayev,

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri

Xəbərlər
Redaktorun seçimi