“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.09.2009, 08:58
78

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci iclası keçirilib

A- A+

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təmsil olunduğu iclasa Türkmənistan və Özbəkistan qatılmayıb

Sentyabrın 29-da Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci ümumi iclası keçirilib. 

Toplantında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin rəhbərləri iştirak ediblər. Türkmənistan və Özbəkistan iclasa qatılmayıb. Xatırladaq ki, TürkPA 2008-ci ilin noyabrında Türkiyədə məhz sözügedən dörd ölkənin iştirakı ilə təsis olunub.

AzərTAc xəbər verir ki, iştirakçılar əvvəlcə Milli Məclisdəki Heydər Əliyev xatirə zalına baxmışlar. Burada qonaqlara Heydər Əliyevin həyat və fəaliyyəti, xarici ölkələrin, dövlət və hökumət nümayəndələrinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında böyük liderin xidmətləri barədə məlumat verilmişdir.

Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin rəhbərləri xatirə kitabına ürək sözlərini yazmışlar. Sonra sammit öz işinə başlamışdır.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tədbiri açaraq iştirakçıları salamlamış, səmərəli və uğurlu iş arzulamışdır. O.Əsədov demişdir ki, müasir dünyada regional inteqrasiya prosesləri getdikcə daha geniş vüsət alır. Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması və fəaliyyətə başlaması xalqlarımızın tarixində son dərəcə mühüm bir hadisədir. Əslində, bölgələrimizin dünya siyasətində və iqtisadiyyatında artan rolu türkdilli xalqlar ailəsinin bütün üzvləri arasında sıx birliyin və əməkdaşlığın vacibliyini ön sıraya çıxarmışdır. İndiyədək ölkələrimiz arasında siyasi dialoqun ən mühüm platforması türkdilli dövlət və hökumət başçılarının mütəmadi keçirilən zirvə toplantıları olmuşdur.

Eyni kökdən olan, ortaq milli mədəni dəyərləri bölüşən dost və qardaş xalqlarımızın parlament məclisi də ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin genişlənməsinə kömək göstərəcək, ölkələrimiz üçün ümumi olan bir çox problemlərin həllinə yol açacaqdır. Təşkilatımızın fəaliyyəti bölgələrimizin hərtərəfli inkişafına, dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə yönələn işlərə dəstək verəcəkdir.

Milli Məclisin sədri bildirmişdir ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu xeyli artmışdır. Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası dövlətlər arasında siyasi dialoqun inkişafına sanballı töhfələr verir. Hesab edirəm ki, TÖPA-nın fəaliyyəti bu baxımdan da səmərəli olacaqdır.

Azərbaycan parlamentinin sədri ümidvar olduğunu bildirib ki, Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrimizin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır. Hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələr həyata keçirilməkdədir. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr bölgələrimizin xalqlarına tərəqqi və inkişaf gətirəcəkdir.

O.Əsədov vurğulamışdır ki, uğurlardan və nailiyyətlərdən danışarkən problemləri də yada salmaq lazımdır: “Bizim zorla cəlb edildiyimiz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəinki ölkəmizin inkişafını ləngidir, həm də regionda sülh və sabitlik üçün ciddi təhlükə törədir. Azərbaycan bu münaqişənin hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında dinc vasitələrlə həll edilməsi yoluna sadiqdir. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması regional əməkdaşlığın inkişafı üçün tamamilə yeni perspektivlər açacaqdır”.

Qazaxıstan Parlament Məclisinin sədri Oral Muxamedjanov bugünkü tədbiri türkdilli ölkələrin birliyi istiqamətində atılan mühüm hadisə kimi qiymətləndirmişdir. O demişdir ki, müstəqilliyimizi bərpa etdikdən sonra əlaqələrimiz bütün sahələrdə, yeni müstəvidə inkişaf etməyə başlamışdır. Biz müxtəlif beynəlxalq təşkilatlarda faydalı əməkdaşlıq edirik. İslam Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası və digər nüfuzlu təşkilatların üzvləriyik. Lakin Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması bizim birliyimiz istiqamətində çox mühüm addımdır.

Natiq nəzərə çatdırıb ki, ilk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür: “Bu ideyanı dəstəklədiklərinə görə başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla digər türkdilli ölkələrin dövlət başçılarına minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, TürkPA gələcəkdə çox böyük nüfuza malik olacaqdır və biz digər türkdilli dövlətlərin parlamentlərini də üzv qəbul edəcəyik”.

O.Muxamedjanov türkdilli ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsinin, sərmayə qoyuluşunun artırılmasının vacibliyini vurğulamışdır.

Qırğızıstan Parlamentinin sədri Aytibay Taqayev çıxışa başlamazdan əvvəl bu yaxınlarda İstanbulda baş vermiş təbii fəlakət zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə nümayəndə heyətinə başsağlığı vermişdir. O demişdir ki, ötən müddət ərzində həyata keçirdiyimiz işlər nəticəsində zəngin təcrübə toplamışıq. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün Assambleya böyük əhəmiyyətə malikdir.

2008-ci ilin noyabrında İstanbulda Assambleyanın yaradılmasının razılıq sazişini imzalamışıq və həmin vaxtdan bütün dünyada sosial vəziyyət baxımından çox ciddi dəyişikliklər baş vermişdir. Dünyada yaşanan maliyyə böhranı bütün ölkələrdə olduğu kimi, bizim ölkələrimizin iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdir. TürkPA-ya üzv olan ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi bizim fəaliyyət istiqamətimizin ən mühüm tərəfi olmalıdır. Çoxsahəli ticarət, iqtisadi və investisiya əməkdaşlığımızı artırmaq üçün türkdilli dövlətlərin potensialından geniş istifadə edilməlidir.

A.Taqayev zəngin təbii və insan sərvətləri olan türkdilli dövlətlərin potensialına və inkişafına görə dünyanın çox vacib bir hissəsi olduğunu bildirmiş, gələcəkdə tranzit sisteminin yaradılması, kommunikasiya xətlərinin birləşdirilməsi, regionda ekoloji, təbii, texnogen və təhlükəsizlik problemlərinin həlli ilə bağlı rəy və təkliflərini bildirmişdir.

Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahin Assambleyanın Bakı sammitinin keçirilməsi üçün yaradılmış şəraitə və yüksək təşkilatçılığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişdir. O demişdir ki, əsrlər boyu bizim ortaq dəyərlərimiz olmuşdur, lakin bir sıra siyasi səbəblər üzündən təəssüf ki, 1992-ci ilə qədər arzu edildiyi şəkildə bir araya gələ bilməmişik.

Türkdilli ölkələrin dövlətlərin başçıları 17 il bundan əvvəl bir araya gəlmişlər. Həmin vaxtdan aramızdakı ortaq dəyərlərdən güc alan əlaqələrimiz inkişaf etməyə başlamış, bütün sahələrdə çox gözəl münasibətlər qurmuşuq. Bu əlaqələrimiz yerləşdiyimiz ərazinin də beynəlxalq aləmdə əhəmiyyətini artırmışdır.

2006-cı ildə Antalyada keçirilən zirvə toplantısında türkdilli dövlətlərin parlamentlərinin də bir araya gəlməsi ideyası irəli sürülmüşdür. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü bu təklifi dəstəklədiklərinə görə cənab İlham Əliyev və Kurmanbek Bakiyevə təşəkkürümü bildirirəm. Çünki bu dəstək olmasaydı, TürkPA-nı yarada bilməzdik.
TBMM-in sədri demişdir ki, Assambleyanın yaranması digər təşkilatların və birliklərin də formalaşmasına təkan verəcəkdir. Kənd təsərrüfatı, ticarət, enerji sahələri əsas olmaqla, iqtisadi əlaqələrimiz də genişlənəcəkdir.

M.Ə.Şahin demişdir ki, TürkPA-nın ikinci ümumi iclası 2010-cu ilin oktyabrında Qazaxıstanın Astana şəhərində keçiriləcəkdir. Bu toplantılar əlaqələrimizi daha da inkişaf etdirəcək və biz daha yaxın təmasda işləyəcək, bir-birimizin problemlərinə daha yaxından və həssas şəkildə yanaşacağıq. Bir araya gəlməkdən bir sıra vəzifələr irəli gəlir ki, biz onları mütləq yerinə yetirməliyik. Biz hər birimizin problemlərinə daha həssaslıqla yanaşmalıyıq. Eyni zamanda, parlamentlərimizin TürkPA çərçivəsində bir araya gəlməsi çox ciddi təcrübə mübadiləsini də ortaya çıxaracaqdır.

Daha sonra iclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, Assambleyanın Nizamnaməsi, Katibliyinin Əsasnaməsi, təşkilatın büdcəsi təsdiqlənmiş, baş katib və onun müavinləri seçilmişdir.

Assambleyanın növbəti, ikinci ümumi iclasının 2010-cu ilin oktyabrında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınmışdır. Həmin iclasda təşkilata sədrlik Azərbaycandan Qazaxıstana keçəcəkdir.

Sammitdə birinci ümumi iclasın Bakı Bəyannaməsi qəbul olunmuşdur.

Bundan əlavə, TürkPA-nın ümumi iclasının sonunda Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv dövlətlərin parlamentlərində akkreditə olunmuş Jurnalistlər Assosiasiyasının yaradılması barədə razılıq əldə olunub.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi