“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.11.2009, 22:18
505

9 noyabr Dövlət Bayrağı Günü elan olundu

A- A+

Prezident bununla bağlı sərəncam imzalayıb və Milli Məclisə qanun layihəsi göndərib

Azərbaycanda yeni rəsmi dövlət bayramı - Dövlət Bayrağı Günü təsis olunur. 

Prezident İlham Əliyev noyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

* * *  

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün

təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qərara alıram:
1. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2009-cu il.

 * * *

Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə də əlavə ediməsi nəzərdə tutulur.

Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Milli Məclisin Sosial siyasət komitəsinin noyabrın 17-də keçirilən iclasında məsələ müzakirə olunub.

Komitənin sədri Hadı Rəcəbli müzakirələr zamanı xatırladıb ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətində milli dövlət bayrağının qəbul olunması haqqında qərar çıxarılıb: “Dövlət Bayrağı Günü kimi 9 noyabr seçilərkən məhz bu fakt, varislik prinsipi əsas götürülüb. Müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunan dövlət bayrağının yarandığı günün bayram elan edilməsi vacibdir”.

Sosial siyasət komitəsi Əmək Məcəlləsinin 105-ci maddəsinə prezidentin təklif etdiyi əlavəni bəyənib və məsələnin Milli Məclisin plenar iclasında müzakirə olunmasını tövsiyə edib.

Xatırladaq ki, hazırda Azərbaycanda qeyri-iş günü olan dövlət bayramları bunlardır: Yeni il, Qadınlar Günü, Novruz bayramı, Faşizm Üzərində Qələbə Günü, Respublika Günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Ramazan bayramı (2 gün), Qurban bayramı (2 gün).

Xəbərlər
Redaktorun seçimi