“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.09.2009, 09:09
413

Türkiyə parlamentində Ermənistanla dialoq bərədə məsləhətləşmələr keçirilib

A- A+

XİN başçısı Əhməd Davudoğlu TBMM-də təmsil olunan partiya liderləri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla paraflanmış (31 avqust) protokollarda nəzərdə tutulan 6 həftəlik daxili siyasi məsləhətləşmələr çərçivəsində sentyabrın 15-də parlamentdə təmsil olunan partiya liderləri ilə görüşüb. 

XİN başçısı Səadət Partiyasının lideri Numan Qurtulmuş, “ana müxalifət” – Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal, Demokratik Sol Partiyasının lideri Məsum Türkər, Demokrat Partiyasının lideri Hüsaməddin Cindoruk, Böyük Birlik Partiyasının lideri Yalçın Topçu və Demokratik Toplum Partiyasının lideri Əhməd Türklə görüşlər keçirib.

Müxalifət liderləri Azərbaycanın işğal olunmuş əraziləri azad edilmədən Ermənistanla sərhədin açılmasının qəti əleyhinə olduqlarını bəyan ediblər.

Türkiyə parlamentində sayca ücüncü fraksiyaya malik olan Milliyətçi Hərəkat Partiyası isə xarici işlər nazirinin görüş barədə müraciətinə rədd cavab verib.

 

Türkiyə Səadət Partiyasının lideri: “Ermənistan işğal etdiyi torpaqlardan çəkilməyincə bu ölkə ilə sərhədləri açmaq olmaz”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilk olaraq parlamentdə təmsil olunmayan Səadət (daha əvvəl “Fəzilət”, “Rifah” adları ilə fəaliyyət göstərib) Partiyasının lideri Numan Qurtulmuşla görüşüb.

Görüşdən sonra jurnalistlərə açıqlama verən nazir söhbətin konstruktiv atmosferdə keçdiyini və müxalifətin hökumətdən fərqli mövqe tutmasının təbii olduğunu bildirib. O, N. Qurtulmuşla Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan münasibətlərində yaranmış son durum, eləcə də Kipr problemi, İraqla Suriya arasında yaranmış gərginlik, Orta Şərq sülh prosesi və İran məsələsini müzakirə etdiklərini söyləyib.

N. Qurtulmuş isə bəyan edib ki, Ermənistan Dağlıq Qarabağdan və işğal edilmiş digər torpaqlardan çəkilməyincə Türkiyənin bu ölkə ilə sərhədləri açması əsla doğru olmaz: “Türkiyə Ermənistan məsələsi ilə bağlı doğru addımlar atmasa, həm Azərbaycanla münasibətlərdə sıxıntılar yaranar, həm də Türkiyənin Qafqazda həyata keçirməyə çalışdığı yeni strategiya çökər. Bu durumda Türkiyə sadəcə Qafqazda deyil, bütün türk cümhuriyyətlərində etibarını itirər, güvənilməz ölkəyə çevrilər”.


 

Dəniz Baykal: “Hökumət bizə deyir ki, bu prosesin gedişində ermənilər işğal edilmiş 7 rayonu boşaltmağa başlayacaq”

“Hökumət bizə deyir ki, haqlısınız, amma narahat olmayan, bu prosesin gedişində ermənilər işğal edilmiş 7 rayonu boşaltmağa başlayacaq. Protokolları imzalayacaqlarını, amma hələlik gözləyəcəklərini, rayonlar boşaldılmağa başladıqdan sonra parlamentdə ratifikasiya edəcəklərini söyləyirlər.

Amma bizim ağlımıza bir sual gəlir – 24 aprel. İmzalanmış protokolları bəlkə təsdiqləməyəcəklər, amma 24 apreldən əvvəl bizə deyəcəklər ki, baxın, Amerika Konqresi “soyqırım”ı tanımaq üzrədir, bunun qarşısını almağın yeganə yolu protokolları ratifikasiya edib sərhədləri açmaqdır”.

APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri Türkiyənin parlamentində “ana müxalifət” partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşünün yekunlarına dair jurnalistlərə verdiyi açıqlamada deyib.

Baykal hökumətin protokolları oktyabrın 13-də imzalayacağını diqqətə çatdıraraq rəhbərlik etdiyi partiyanın bu sənədlərin imzalanmasının əleyhinə olduğunu bir daha vurğulayıb.
 

Türkiyə Demokratik Sol Partiyasının lideri: “Azərbaycanın narahatlıqları mütləq nəzərə alınmalıdır”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla paraflanmış protokollarda nəzərdə tutulan 6 həftəlik daxili siyasi məsləhətləşmələr çərçivəsində Səadət Partiyasının lideri Numan Qurtulmuş və ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykaldan sonra Demokratik Sol Partiyasının lideri Məsum Türkərlə görüşüb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, görüşdən sonra jurnalistlərə açıqlama verən M. Türkər protokollarla bağlı fikirlərini nazirin diqqətinə çatdırdıqlarını deyib. DSP lideri protokollar təsdiqlənsə və sərhəd açılsa belə, Ermənistanın Qars müqaviləsini tanımayacağından ciddi narahatlıq duyduqlarını söyləyib: “Bizim ən önəmli narahatlığımız Qarabağ problemi və Azərbaycanın bu məsələdə mövqeyinin, istəklərinin diqqətə alınmaması ilə əlaqədardır. Bununla bağlı düşüncələrimizi nazirə ifadə etdik.

Biz hesab edirik ki, Ermənistanla münasibətlərdə bu ölkə ilə sərhədi bağlamağımıza səbəb olan məsələlər diqqətdə saxlanmalıdır. Bu səbəblər aradan qaldırılmadan hökumətin belə bir yola çıxmasını doğru saymırıq. Hörmətli nazir və yanındakı şəxslər bu düşüncələrimizin nəzərə alınacağını və ehtiyac olarsa, bizimlə yenidən görüşəcəklərinin dedilər. Amma biz Azərbaycanın narahatlıqlarının nəzərə alınmasını vacib sayırıq”.

DSP lideri Ermənistanla danışıqların İsveçrənin vasitəçiliyi ilə aparılmasına da etiraz edib. O, İsveçrənin uydurma “erməni soyqırımı”nı tanıdığını, hətta saxta soyqırımı inkar edənləri cinayət məsuliyyətinə cəlb etdiyini xatırladıb: “Bizimkilər protokolda yer alan tarixçilərdən ibarət birgə komissiyanın soyqırım mövzusunu müzakirə edəcəyini bəyan etsələr də, erməni tərəfi əksini söyləyir. Bu da bizi narahat etməkdədir”.

 

Türkiyə Böyük Birlik Partiyasının lideri: “Ermənistan işğal etdiyi Qarabağ torpaqlarından çəkilməli və Qars müqaviləsini tanımalıdır”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla paraflanmış protokollarda nəzərdə tutulan 6 həftəlik daxili siyasi məsləhətləşmələr çərçivəsində Böyük Birlik Partiyasının (BBP) lideri Yalçın Topçu ilə görüşüb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Y. Topçu görüşdən sonra Azərbaycan bayrağının önündə jurnalistlərə açıqlama verib. O, Ə. Davudoğlundan erməni məsələsi haqqında məlumat aldıqlarını və BBP-nin mövqeyini də nazirə çatdırdıqlarını deyib. Partiya lideri bildirib ki, Ermənistan işğal etdiyi Qarabağ torpaqlarından çəkiləcəyini və Qars müqaviləsini tanıdığını açıq bəyan etməlidir.

Ermənilərin törətdiyi Xocalı soyqırımını xatırladan Y. Topçu nəzakətsizlik kimi qəbul oluna bilər deyə, bu soyqırımı əks etdirən dəhşətli fotoları nazirə göstərmədiklərini söyləyib. Bu zaman BBP üzvlərindən biri Xocalıda vəhşicəsinə qətlə yetirilmiş uşaqların fotosuna gətirərək jurnalistlərə nümayiş etdirib.

Xocalıda törədilən cinayətin də protokollarda əksini tapmasının vacibliyini vurğulayan Y. Topçu, Ermənistanla danışıqların saxta “soyqırım”ı tanıyan və bunu inkar edənləri cəzalandıran İsveçrənin vasitəçiliyi ilə aparılmasına da etirazını ortaya qoyub.

Onun sözlərinə görə, proses barədə Azərbaycana mütləq məlumat verilməlidir. Y. Topçu ümid etdiyini bildirib ki, millət vəkilləri protokolları təsdiqləməyəcək.

 

Hüsaməddin Cindoruk: “Şəhid azərbaycanlı qardaşlarımızı unutmaq bizə yaraşmaz”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla paraflanmış protokollarda nəzərdə tutulan 6 həftəlik daxili siyasi məsləhətləşmələr çərçivəsində siyasi partiya liderləri ilə görüşlərini tamamlayıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, Ə. Davudoğlu son olaraq Demokrat Partiyasının lideri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hüsaməddin Cindorukla görüşüb.

H. Cindoruk görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyə-Ermənistan münasibətlərinin əslində ikitərəfli deyil, üçtərəfli olduğunu, bu prosesdə mütləq Azərbaycanın da iştirakının vacibliyini vurğulayıb: “Azərbaycan bizim qardaşımız, soydaşımız, dostumuz, müttəfiqimizdir. Bizi tarixdən gələn eyni soyağacı birləşdirir. Azərbaycanla münasibətlərdə çox həssas olmalıyıq. Ancaq hazırda bu həssaslıq tam göstərilmir.

Azərbaycan xalqının iztirablarının unudulması mümkün deyil. Bir milyon qaçqın var. Onların Azərbaycanda necə yaşadığını və şəhid məzarlıqlarını gözlərimlə görmüşəm. Bu məzarlıqlarda yatan şəhid azərbaycanlı qardaşlarımızı unuda bilmərik. Onları unutmaq mümkün deyil. Unutmaq bizə yaraşmaz”.

H. Cindoruk bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin pozulmasında Azərbaycanın qətiyyən günahı yoxdur: “Hücum edən dövlət Ermənistandır. Biz düşmənçiliyin əsrlər boyu davam etməsini istəmirik. Amma Ermənistanla razılaşmalar Azərbaycanla Türkiyənin xüsusən Dəmirəl və Heydər Əliyev tərəfindən başladılan dostluğunu zədələyə bilər”.

Təcrübəli siyasətçinin fikrincə, Türkiyə hökuməti Ermənistanla münasibətlər qurmaqda tələsməməli, bu məsələdə cəmiyyətdəki bütün fikirləri nəzərə almalıdır. DP lideri hesab edir ki, tələsməyə ehtiyacı olan tərəf Ermənistandır: “Çünki Ermənistan öz ərazisinə sıxışıb qalıb. Sərhədlər açılsa, bundan qazanan Ermənistan olacaq”.

Xəbərlər
Redaktorun seçimi