“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.10.2020, 14:00
187

Azərbaycan-İran sərhədi boyunca bütün ərazilər işğaldan azad edilib

A- A+

Azərbaycan Ordusu oktyabrın 21-i və 22-də Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının 40-dan çox kəndini, həmçinin iki qəsəbəni işğaldan azad edib.

Prezident İlham Əliyev oktyabrın 21-də "Twitter" səhifəsində yayılan açıqlamasında Azərbaycan Ordusunun Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etdiyini xalqa çatdırıb.

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də özünün rəsmi “Twitter” səhifəsində yeni zəfər xəbərlərini diqqətə çatdırıb: “Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Dövlət başçısı, həmçinin Azərbaycan Ordusunun Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etdiyini də xalqa çatdırıb.

Məlumatda o da vurğulanır ki, Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub: “Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna!”.

***

Zəngilan rayonunun işğaldan azad edilmiş Ağbənd qəsəbəsində Azərbaycan bayrağı qaldırılıb.

Xilaskar Azərbaycan əsgəri bayrağın qaldırılması barədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib:

“Möhtərəm Prezident!

Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan rayonunun Ağbənd sərhəd zastavası işğaldan azad edilmişdir. Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 km-i işğaldan tam azad edilmişdir.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

***

Qeyd edək ki, bundan üç gün öncə, oktyabrın 18-də Azərbaycan hərbçiləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Cəbrayıl rayonu ərazisində, İranla sərhəddə yerləşən Xüdafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı raport veriblər.

Bu barədə Prezident özünün "Twitter" səhifəsində video paylaşıb.

Xəbərlər
Redaktorun seçimi