“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.08.2009, 09:48
413

Nizami Gəncəvinin “Yeddi gözəl” poeması qırğız dilinə tərcümə edilib

A- A+

Qırğızıstan Dövlət Milli Dram Teatrında isə Üzeyir Hacıbəyovun “Koroğlu” operası səhnələşdirilir

Görkəmli qırğız şairi və tərcüməçisi Eqamberdi Ermatov dahi Azərbaycan filosofu və şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını qırğız dilinə tərcümə edib. 

Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev APA-nın yerli bürosuna bildirib ki, bu ilin oktyabr ayında kitabın təqdimat mərasimi olacaq və kitabla əlaqədar elmi praktik konfrans keçiriləcək.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, nizamişunas alim Teymur Kərimli və digər ədəbiyyat və mədəniyyət xadimləri də iştirak edəcəklər.

Bu il, eyni zamanda, Azərbaycan diasporunun köməkliyi ilə “Azərbaycanlılar Qırğısıztanda ” kitabının ikinci hissəsinin çapı planlaşdırılır.

 

Qırğızıstan Dövlət Milli Dram Teatrında Üzeyir Hacıbəyovun “Koroğlu” operası səhnələşdirilir

Türkdilli ölkələrin mədəniyyət qurumu olan “TÜRKSOY” türkdilli xalqların qəhrəmanlıq eposlarının bütün türk dünyasında tanınması üçün maraqlı layihələr hazırlayıb.

APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, bu məqsədlə türkdilli xalqların qəhrəmanlıq eposlarına həsr olunan operaların Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan və başqa türkdilli xalqların səhnələrində göstərilməsi üçün layihənin icrasına start verilib.

Hazırda Türkiyədə çalışan həmyerlimiz, Azərbaycan və Türkiyənin tanınmış teatr xadimi Əflatun Nemətzadə Qırğızıstan Dövlət Milli Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu” operasını səhnələşdirir.

Türkiyədən Bişkekə “Koroğlu” operasını səhnələşdirmək üçün dəvət edilən rejissor Əflatun Nemətzadə bildirib ki, tamaşanın səhnələşdirilməsinin bütün xərclərini “TÜRKSOY” maliyyələşdirir. Bişkekdə qırğız artistlərinin ifasında artıq əsas məşqlər başlanıb.

Teatrda qırğız artistlərinin iştirakı ilə baş tutan tamaşada baş rolları Azərbaycan Dövlət Opera və Balet Teatrından dəvət olunan Samir Cəfərov və Zemfira İsmayılova ifa edəcəklər.

Sentyabrın 8-də tamaşaçılara təqdim ediləcək “Koroğlu” operasının premyerasına Azərbaycanın Qırğızıstandakı səfirliyinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri dəvət ediləcəklər.

 

Bax həmçinin:

Azərbaycanın Qırğızıstandakı səfirliyində diaspora fəalları ilə görüş keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində yerli diaspora ilə birgə altı aylıq fəaliyyətin yekunları və gələcək altı ay üçün görüləcək işlərə dair iş planının müzakirə edilməsi məqsədilə görüş keçirilib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, səfir Arif Ağayev Azərbaycan prezidenti İlham Əliyevin diplomatlar qarşısında qoyduğu tələb və vəzifələr barədə məlumat verərək bildirib ki, diasporların güclənməsi və dolğun nəticələrin əldə olunması üçün səfirlik və diaspora fəalları birlikdə işləməli və fəaliyyət proqramı qurmalıdır.

Səfirliyin birinci katibi Vüqar İbrahimov çıxış edərək ötən 6 ay ərzində görülən işlərdən və nəticələrdən danışıb. O bildirib ki, sentyabrın ilk həftəsində səfirlik tərəfindən azərbaycanlıların sıx yaşadığı Kant şəhərində fəaliyyət göstərən “Bazar günü” məktəbinə 4 kompüter, 1 televizor, 1 videomaqnitofon və Azərbaycan televiziya kanallarını izləmək üçün peyk antennası veriləcək.

Eyni zamanda, “Bazar günü” məktəbində təhsil alan şagirdlərin Azərbaycana aid internet saytlarını izləmək üçün səfirliyin maliyyə yardımı ilə internet xətti quraşdırılacaq. Bu il həmin məktəbin müəlliminə səfirlik tərəfindən aylıq əmək haqqı verilməsi nəzərdə tutulub. Vüqar İbrahimov həmçinin Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Azəri” folklor musiqi qrupuna geyimlər və musiqi alətləri verilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə edilən müraciətə müsbət cavab alındığı da bildirib.

Görüşdə iştirak edən diaspora fəalları da ötən aylar ərzində görülən işlər barədə məlumat veriblər. Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin daha da səmərəli fəaliyyət göstərməsi üçün fond yaradılması qərara alınıb. Fonda diaspora fəalı Əsəd Əsədov rəhbərlik edəcək.

Xəbərlər
Redaktorun seçimi