“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.12.2014, 18:32
1637

Avropa İttifaqı TANAP-ın gücünü 20 milyard kubmetrədək artırmaq istəyir

A- A+

Daha sonra kəmərin nəql imkanlarının 31 milyard kubmetrə çatdırılması planlaşdırılır

Avropa İttifaqı (Aİ) “Cənub axını” layihəsinin dayandırılması ilə əlaqədar TANAP qaz kəmərinin gücünün 20 milyard kub/metrə qədər artırılmasını istəyir.

“Spiegel” jurnalı yazır ki, Aİ artıq bununla bağlı Türkiyə və Azərbaycan tərəfi ilə razılıq əldə edib (APA).

TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməri Azərbaycanın “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Kəmər vasitəsilə Türkiyəyə 6 milyard kub/metr, Avropaya isə 10 milyard kub/metr həcmində qaz nəql ediləcək. Daha sonra kəmərin gücünün 31 milyard kub/metrə çatdırılması planlaşdırılır.

“Kəmərin gücünün artırılması üçün texniki imkanlar var”, - deyə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarının müavini Miloş Şevçoviş bildirib. Onun sözlərinə görə, bütün layihə iştirakçıları arasında kəmərin tikintisinin 2019-cu ildə başa çatdırılmasına dair razılıq əldə olunub.  

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiyadan Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub axını” layihəsinin dayandırıldığını bu il dekabrın 1-də bəyan edib. O bu qərarı Avropa İttifaqının Rusiyaya münasibətdə qeyri-konstruktiv mövqe tutması ilə əlaqələndirib, bu şərtlərlə layihənin icrasının mümkün olmadığını bildirib.

* * *

Mövzuya dair:

“Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə yol açır

Dekabrın 11-də Brüsseldə “Cənub” qaz dəhlizi – Avropanın enerji təhlükəsizliyi yolunun açılması” mövzusunda yüksək səviyyəli görüş keçirilib. Yüzdən çox mütəxəssis Xəzər qazını Avropaya daşıyacaq infrastruktur layihəsini müzakirə etmək üçün bir araya gəlib.

AzərTAc Eunews.az portalına istinadən xəbər verir ki, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç, rəsmi şəxslər, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri, diplomatlar iştirak ediblər.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov “Cənub” qaz dəhlizinin həyata keçirilməsi üçün ölkəmizin qarşısında vacib öhdəliklərin durduğunu söyləyib, layihə əsasında Avropa İttifaqı və Azərbaycan strateji-siyasi dialoqunun qurulacağına ümid etdiyini bildirib.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti “Cənub” qaz dəhlizinin qlobal enerji idarəçiliyinə yaxşı nümunə olduğunu vurğulayıb.

Maroş Şefçoviç bu yaxınlarda Bakıda səfərdə olduğunu xatırladıb, Azərbaycan rəhbərliyinin layihəni prioritet hesab etməsinin şahidi olduğunu söyləyib. O, planlaşdırılan enerji ittifaqına ehtiyac duyulduğunu, bu ittifaqın yaradılması üçün əlverişli vaxtın çatdığını vurğulayıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması verdiyi töhfələrdən danışıb ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib ki, “Cənub” qaz dəhlizi enerji nəqli layihələrinin fövqündə duran, Azərbaycan-Avropa tərəfdaşlığından tutmuş iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihədir. Bu layihə ayrı-ayrı regionlarda enerji təchizatı problemlərini kökündən həll edə bilər. Layihənin ətraf mühitin qorunmasına ayırdığı diqqət də təqdirəlayiqdir.

Görüşdə bp-nin “Cənub” qaz dəhlizi üzrə sədr müavini Co Mörfi və TAP-ın icraçı direktoru Kyetil Tunqland mövzu ilə bağlı fikirlərini bölüşüblər.

* * *

2014-cü ilin 11 ayında Azərbaycanda 38,4 milyon ton neft və 17 milyard kubmetr təbii qaz hasil edilib

Bu ilin yanvar-noyabr aylarında ölkənin sənaye məhsulunun 70,4 faizinin istehsal olunduğu mədənçıxarma bölməsində 38,4 milyon ton neft və 17 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Sənayenin neft-qaz sektorunda istehsalın həcmi isə ötən ilin müvafiq aylarına nisbətdə 3 faiz az olub.

Bu barədə AzərTAc-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Xəbərlər
Redaktorun seçimi