“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.10.2011, 16:50
348

“Dünya azərbaycanlılarının birləşməsi üçün “Virtual Azərbaycan” yaradılmalıdır”

A- A+

“www.azerbaycanli.org saytı vasitəsilə diasporumuzun fəaliyyətinə töhfə verməyə çalışırıq”

Dünya reallıqlarına nəzər yetirdikdə, internetin, virtual aləmin bütün sahələrdə effekti özünü göstərir. Artıq bir çox dövlətlər internetin köməyi ilə virtual aləmdən istifadə edərək öz təbliğatlarını aparırlar.  

Azərbaycanda da bu istiqamətdə dövlət səviyyəsində işlər aparılmaqdadır. Diaspor quruculuğunu prioritet məqsədlərdən hesab edən Azərbaycan xaricdə məskunlaşan soydaşlarımıza virtual olaraq da öz dəstəyini göstərir. Bu məqsədlə “Virtual Azərbaycan”ın yaradılması qarşıya məqsəd qoyulub. Çünki dünya üzrə səpələnən 50 milyon azərbaycanlını məkan və zaman baxımından bir araya gətirmək real deyil. Bu insanları birləşdirə biləcək yalnız bir məkan var ki, o da virtual Azərbaycanın yaradılmasıdır. Bunun üçünsə internet resurslarının yaradılması vacib amillərdənir.

Azərbaycanın təbliğinə, diaspor təşkilatlarımızın fəaliyyətinə virtual dəstək olan belə resursların hazırlanmasında ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yaxından iştirak edir. Belə təşkilatlardan biri Effektiv Təşəbbüslər Mərkəzidir.

2005-ci ildə yaradılan Mərkəzin əsas məqsədi ölkədə mütərəqqi dünya dəyərlərinin, demokratiya ideyaları və şəffaflıq prinsiplərinin öyrənilməsi və təbliği, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının milli-mənəvi zənginliyinin, azərbaycançılıq ideyasının yayılması, Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinə töhfə verməkdir. Təşkilat bu istiqamətlər üzrə təşəbbüs və təkliflərin irəli sürülməsi, cəmiyyətdə aktuallıq kəsb edən mövzularda mətbuatda analitik, maarifləndirici yazıların dərc edilməsi, sorğuların keçirilməsi, konfrans və müzakirələrin təşkili, xaricdəki azərbaycanlı diaspor təşkilatları, QHT-lərlə əlaqələrin yaradılması işini həyata keçirir. O cümlədən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin, tarixi saxtakarlıq kampaniyasının ifşası, Azərbaycan xalqının tolerant, mədəniyyətlərarası dialoq tərəfdarı olduğunun dünyaya çatdırılmasında fəal iştirak edir.

Mərkəz 2008-ci ildən etibarən, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği üçün əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır. 2009-cu ildə layihə çərçivəsində azerbaycanli.org saytı fəaliyyətə başlayıb. Saytda Qarabağ həqiqətləri və Azərbaycan haqqında geniş məlumat verilib. Diaspor bölməsinin də fəaliyyət göstərdiyi saytda xəbərlər onlayn olaraq yenilənir.

Bu barədə “Paritet”ə danışan layihə rəhbəri Vüqar Əliyev bildirib ki, çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün güclü və birləşdirici milli ideyanın mövcudluğu mühüm məsələ olduğu üçün, Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini azərbaycançılıq ideyası təşkil edir: “Təşkilatımız da bu ideyanı əsas götürərək sözügedən layihəni həyata keçirir. 2008-ci ildən həyata keçirilən bu layihə çərçivəsində həmin il “Azərbaycan tarixi günbəgün” adlı kitab-təqvim hazırlanaraq nəşr edilib. Kitab Azərbaycanın qədim dövrdən bu günədək keçdiyi dövlətçilik tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli hadisələri, şəxsiyyətləri haqqında yığcam bilgiləri əhatə edir. Kitab kitabxanalara, təhsil müəsssisələrinə, QHT-lərə, kütləvi informasiya vasitələrinə, həmçinin xaricdəki azərbaycanlı diaspor təşkilatlarına hədiyyə edilib”.

Sayt haqqında da danışan V.Əliyev qeyd edib ki, üç dildə informasiya-resurs portalı kimi nəzərdə tutulan saytın hazırda Azərbaycan və rus versiyaları aktiv şəkildə fəaliyyət göstərir, mütəmadi yenilənir və məlumat bazası zənginləşdirilir. Saytın ingilis dilində versiyasının isə pilot rejimində işə salındığını, informasiya bazasının qismən yaradıldığını, lakin maliyyə və buna bağlı olaraq saytı ingilis dilində işlədəcək mütəxəssisin çatışmazlığı üzündən hələlik aktiv fəaliyyət göstərmədiyini deyən layihə rəhbəri bildirib ki, sayt Azərbaycanın tarixi, bugünü, siyasi, mədəni inkişafı, ölkəmizin dünyada yeri, Qarabağ problemi, azərbaycanlı diasporu və s. mövzularda məlumatları, təhlili yazıları, elektron resursları özündə birləşdirir:

“Sayt vasitəsilə Azərbaycanın tarixinin, mədəniyyətinin təbliği ilə yanaşı, azərbaycançılıq məfkurəsinin yayılmasına, dünya azərbaycanlılarının bu ideya ətrafında birləşməsinə, azərbaycanlı diasporunun fəaliyyətinə bir informasiya bazası olaraq töhfə verməyə çalışırıq. Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür. Bununla yanaşı, bu işdə vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür”.

Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycan dünya birliyinin dəyərli üzvünə çevrilib. Biz öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq”. Dövlət başçısının sözlərini xatırladan V.Əliyev qeyd edib ki, biz də bu mühüm müddəalar kontekstində öz işimizi qurmağa səy göstəririk. Diqqətə çatdırıb ki, ötən müddətdə saytda “Azərbaycanın dünya birliyinə inteqrasiyası: tarix və mədəni irsin təbliği” mövzusunda yeni elektron resursların, “Tariximiz”, “Azərbaycançılıq”, “Bizim təqvim” və digər bölmələrin yaradılması da bu məqsədə xidmət edir.

Qloballaşan dünyada dövlətlərin beynəlxalq səviyyədə qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçüldüyünü vurğulayan V.Əliyev Azərbaycan dövlətinin də bu reallıqdan çıxış edərək müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşamağa məhkum olmuş soydaşlarımızın Ana Vətənlə əlaqələrini genişləndirmək, onların milli-mənəvi birliyinə nail olmaq üçün ardıcıl tədbirlər həyata keçirdiyini deyib. Onun sözlərinə görə, bu baxımdan qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual dünyanın tərkib hissəsi olan “Virtual Azərbaycan”ın formalaşdırılması və inkişaf etdirilməsi xüsusi önəm kəsb edir: “Müasir informasiya əsrində dünya azərbaycanlılarının vahid məram və məqsədlər ətrafında konsolidasiyası məhz virtual dünyanın yeni reallıqlarının nəzərə alınması yolu ilə effektiv nəticə verə bilər. Deməli, dünya azərbaycanlılarının birləşdirilməsi yolunda ən mühüm addım da məhz “Virtual Azərbaycan”ın yaradılmasıdır.

“Virtual Azərbaycan”ın yaradılması isə özündə bu işə töhfə verən elektron resursların, sayt və portalların, başqa sözlə, elektron və ya virtual diasporların yaradılmasını ehtiva edir: “Bu nöqteyi-nəzərdən bizim saytı da elektron diaspor və ya “Virtual Azərbaycan” ideyasına xidmət edən informasiya mənbəyi saymaq olar. Çünki saytımızda dünya azərbaycanlılarını maraqlandıracaq, onlara Azərbaycanla bağlı çeşidli mövzularda (tarix, mədəniyyət, ədəbiyyat, Azərbaycanın beynəlxalq aləmdə yeri, Qarabağ həqiqətləri və s.) informasiya dəstəyi ola biləcək məlumatlar, elektron resurslar var. Buna misal olaraq, Azərbaycanda ilk dəfə hazırlanan “tarix gündəliyi” – “Azərbaycan tarixi günbəgün” kitab-təqviminin mütəmadi olaraq yenilənən elektron variantını - “Bizim təqvim” xronoqrafını, Qarabağın tarix və ədəbiyyatına dair ayrıca elektron xronoqrafların hazırlanmasını göstərə bilərik”.

Layihə rəhbəri saytın fəaliyyətinin əsas məqsədlərindən birinin ölkəmizin işğalçı Ermənistan və erməni dairələri ilə apardığı informasiya mübarizəsinə, Qarabağa dair tarixi həqiqətlərin dünyada yayılmasına  töhfə vermək olduğunu deyib. O vurğulayıb ki, bu məqsədə uyğun olaraq, saytda Azərbaycan və rus dillərində müntəzəm yenilənən xəbər, təhlil və elektron resurslarda Qarabağ mövzusu aparıcı yer tutur.

V.Əliyev qeyd edib ki, bu gün beynəlxalq birlik Qarabağ probleminin mahiyyəti, Azərbaycanın bu məsələdə tutduğu ədalətli mövqe barədə xəbərdardır, lakin görülən işlər yetərli deyil.

“Məhz buna görə, ölkə rəhbərliyi Qarabağla bağlı tarixi həqiqətlərin daha geniş miqyasda dünyaya çatdırılmasını həm dövlət, həm də qeyri-dövlət qurumlarının ümdə işi kimi daim vurğulayır. Prezident İlham Əliyev deyib: “Bu sahədə daha da ciddi işlər görməliyik. Uzaq tarixin və yaxın tarixin həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün yeni imkanlar mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır”. Bizim saytda 2010-cu ildə “Qarabağ tarixinin salnaməsi”, 2011-ci ildə isə “Qarabağ ədəbiyyatı – ensiklopedik xronoqraf” adlı xüsusi elektron topluların yaradılması da bu müddəalardan irəli gəlib. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr  Qarabağla bağlı tarixi həqiqətlərin təbliği işinə töhfə sayıla bilər”, - deyə layihə rəhbəri deyib.

O bildirib ki, Qarabağla bağlı xeyli sayda internet saytlarımız, elektron resurslar mövcud olsa da, apardığımız monitorinq əsasında deyə bilərik ki, onların heç birində Qarabağın tarixinin əhatəli xronologiyasına rast gəlmək mümkün deyil. Bu yöndə ilk dəfə genişmiqyaslı xronoqrafın hazırlanması işi məhz bu saytda başlandığını deyən layihə rəhbəri eyni fikri bu il saytda yaradılan “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafına da aid edib.

Saytın “Qarabağ ədəbiyyatı” bölməsi haqqında danışan V.Əliyev bildirib ki, hər bir xalqın yaşadığı torpaqdakı tarixinin qədimliyini sübut edən başlıca meyarlardan biri onun yaratdığı mədəni irsdir: “Azərbaycan xalqının zəngin mədəniyyətinin mühüm bir qolunu Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda şair, yazıçı və mütəfəkkirlərimizin tarixən yaratdığı ədəbi irs təşkil edir. Qarabağda Azərbaycan tarixini saxtalaşdırmağa çalışan ermənilər işğal etdikləri ərazilərdə mədəniyyət abidələrimizi məhv ediblər. Bu torpağın yetirdiyi ədiblərin əsərləri isə yaşamaqdadır. Ermənilərin bu əsərləri qəsb etməsi mümkün deyil. Odur ki, Qarabağ torpağının mütəfəkkir və ədiblərinin həyat və yaradıcılığının təbliği, dünyaya çatdırılması müstəsna əhəmiyyət kəsb edir”. Onun sözlərinə görə, saytda “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı da bu informasiyaların dünyaya çatdırılması məqsədilə yaradılıb.

Bu günə kimi gördükləri işlərin uğurlu olduğunu deyən layihə rəhbəri qarşıda görəcəkləri işlərdən də danışıb. O bildirib ki, bundan sonra həyata keçiriləcək işlər də bu sahədə mövcud təcrübəyə əsaslanacaq.

“İndiyədək gördüyümüz bütün işlər, o cümlədən saytda yaradılan yeni bölmələr, elektron toplular layihənin ümumi məqsədinə xidmət etməklə yanaşı, mövzu və mahiyyət  baxımdan bir-birini tamamlayıb. Gələcəkdə saytda Azərbaycanın mədəni irsi, Qarabağ mövzusunda yeni elektron topluların yaradılması, eyni zamanda, saytın xarici dillərdə məlumat bazasının zənginləşdirilməsi, konkret olaraq “Bizim təqvim”, “Qarabağ tarixi”, “Qarabağ ədəbiyyatı” xronoqraflarının rus və ingilis dilində versiyalarının hazırlanması nəzərdə tutulur”, - deyə o diqqətə çatdırıb.

V.Əliyev hesab edir ki, Azərbaycanın təbliğinə, zəngin tarixi, mədəni irsi, tolerant  cəmiyyəti, sülhsevər xalqı olan ölkə kimi dünyada daha geniş tanınmasına xidmət edən hər bir iş təqdir olunmalıdır: “Bizim sayt da bu məramla yaradılıb və fəaliyyət göstərir. Sayta hər gün 200-dən çox ziyarətçi daxil olur və onların önəmli bir qismini xaricdə yaşayan soydaşlarımız, Azərbaycanla maraqlanan əcnəbilər təşkil edir”. Onun sözlərinə görə, sabit oxucu marağı görülən işin müsbət nəticəsinə ən bariz  nümunədir.

Asif  Nərimanlı

“Paritet” qəzeti, 14 oktyabr 2011-ci il

Xəbərlər
Redaktorun seçimi