“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.04.2014, 18:40
1527

Türkiyə baş nazirinin 1915-ci il olayları ilə bağlı bəyanatı

Rəcəb Tayyib Ərdoğan Osmanlı imperatorluğunda baş vermiş olaylarda ölən ermənilərin nəvələrinə başsağlığı verib
A- A+

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərin “soyqırımı günü” kimi qeyd etdikləri 24 aprellə bağlı xüsusi bəyanat yayıb. 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yayılan bəyanat aprelin 23-də Türkiyə hökumətinin internet saytında dərc olunub.

Bəyanatda qeyd olunur ki, 24 aprel Türkiyədəki və dünyadakı bütün ermənilər üçün xüsusi məna kəsb edən tarixi məsələdir və bununla bağlı düşüncələrin azad şəkildə bölüşülməsinə dəyərli bir fürsət yaradır: “Osmanlı imperatorluğunun son illəri dini və etnik kökündən asılı olmayaraq bütün xalqlar - türk, kürd, ərəb, erməni və digər xalqları təmsil edən milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir zamandır”.

Bəyanatda deyilir ki, ədalətli və vicdanlı mövqe insanların dini və etnik mənşəyinə fərq qoymadan həmin dövrdə yaşanmış bütün acıları anlamağı tələb edir: “Osmanlı imperiyasının vətəndaşı olan hər kəs kimi ermənilərin də o dövrdə yaşadıqları acıların xatirəsini anmalarını anlamaq və bölüşmək bir insanlıq vəzifəsidir. 1915-ci il olaylarına dair fərqli mövqe və düşüncələrin sərbəst ifadə edilməsi plüralist yanaşmanın, demokratik mədəniyyətin və müasirliyin bir tələbidir. Türkiyə bəşəri dəyərlərə uyğun hər düşüncəyə hörmətlə yanaşmağa davam edəcək.

Lakin 1915-ci il olaylarının Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi və siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir. Birinci Dünya müharibəsi zamanı yaşanan hadisələr hamımızın ortaq acısıdır. Hər din və millətdən olan milyonlarla insanın öldüyü dünya müharibəsi zamanı kütləvi köç kimi qeyri-insani nəticələrə səbəb olan hadisələrin yaşanması türklərlə ermənilər arasında qarşılıqlı insani rəftar və davranışların qurulmasına əngəl olmamalıdır. Bu günün dünyasında tarixdən düşmənçilik çıxarmaq və yeni qovğalar yaratmaq qəbuledilməzdir və ortaq gələcəyimizin inşası baxımından qətiyyən yararlı deyil. Zamanın ruhu anlaşılmazlıqlara rəğmən danışa bilməyi, qarşıdakını dinləyərək anlamağa çalışmağı, kompromislərin axtarışını və nifrəti rədd edərək hörməti, tolerantlığı zəruri edir”.  

Baş nazir qeyd edib ki, 1915-ci il hadisələrinin elmi baxımdan araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiya yaradılması barədə təklifi qüvvədə qalır: “Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı araşdırma 1915-ci il olaylarının aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli rol oynayacaq. Biz arxivlərimizi bütün tədqiqatçıların istifadəsinə açdıq. Bu gün arxivlərimizdə olan yüz minlərlə sənəd bütün tarixçilərin ixtiyarına verilib. Türkiyə gələcəyə güvənlə baxan bir ölkə olaraq tarixin də doğru anlaşılması üçün ətraflı elmi tədqiqatları hər zaman dəstəkləyib. İyirminci əsrin əvvəllərindəki şərtlərdə ölən ermənilərin ruhlarının rahat olmasını diləyir, nəvə-nəticələrinə başsağlığı veririk. Eyni dövrdə bənzər şərtlərdə həyatını itirən, etnik və dini mənşəyindən asılı olmayaraq, bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anırıq”.

* * *

Türkiyə baş nazirinin bəyanatı eyni zamanda 8 xarici dildə, o cümlədən erməni dilində yayılıb.

Xəbərlər
Redaktorun seçimi