“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.03.2010, 20:12
423

Ermənistan Qarabağ sülh planına yeni müddəalar əlavə edib

A- A+

Yerevan Dağlıq Qarabağa dəxli olmayan keçmiş Şaumyan rayonunun bərpasını istəyir

Martın 5-də Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinə dair «Madrid sənədi»nin yeni variantı diqqətə alınıb.

Vasitəçilər Ermənistanın «Madrid prinsipləri»nə təklif etdiyi yeni mülahizələri Azərbaycan XİN rəhbərinin diqqətinə çatdırıblar. Nazir Məmmədyarov Fransa prezidentinin siyasi məsələlər üzrə müşaviri Jan-David Levita ilə də görüşüb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu il yanvarın 25-də Soçidə keçirilmiş görüşündə tərəflər «Madrid prinsipləri»nin bəzi müddəalarını yenidən nəzərdən keçirməyə razılıq veriblər. Həmin görüşdən sonra vasitəçilər tərəflərə layihənin yenilənmiş variantı ilə bağlı öz mülahizələrini bildirməyi təklif etmişdilər.

Ermənistan XİN rəhbəri Edvard Nalbandyan martın 2-də bəyan edib ki, erməni tərəf öz təkliflərini vasitəçilərə verib. Azərbaycan XİN rəhbəri isə erməni tərəfin təkliflərinin nədən ibarət olduğunu vasitəçilərlə görüşdə dəqiqləşdirəcəyini deyib.

Srağagün bu barədə açıqlama verən Azərbaycan XİN başçısı qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar 2004-cü ildən başlayaraq münaqişənin mərhələli həllini nəzərdə tutan Praqa prosesi çərçivəsində davam etdirilir. Bu proses çərçivəsində 2007-ci ilin noyabrında Madrid şəhərində Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət idarələrinin başçıları tərəfindən münaqişənin həlli ilə bağlı münaqişə tərəflərinin mövqelərini əks etdirən təkliflər irəli sürülüb ki, həmin layihə də («Madrid prinsipləri») son iki ildə müzakirə predmetidir.

XİN başçısının sözlərinə görə, «Madrid prinsipləri» danışıqlar prosesinin əsası kimi götürülüb və bu əsasda çoxsaylı görüşlər keçirilib, fərqli yanaşmalar üzərində gərgin iş aparılıb: «Nəticədə Minsk qrupunun həmsədrləri nizamlanmaya münasibətdə Azərbaycan və Ermənistanın mövqelərini əks etdirən yeniləşdirilmiş təkliflərlə bağlı sənəd hazırlayaraq onu münaqişə tərəflərinə təqdim ediblər».

Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi sənədi ətraflı təhlil etdikdən sonra onu, bəzi istisnalar olmaqla, prinsipcə qəbul etdiyini bəyan edib: «Ermənistan tərəfinin də sənədin yeniləşdirilmiş variantına münasibətini öyrənmək istəyirik və bu məqsədlə   Minsk qrupunun həmsədrləri ilə görüşüm olacaq».

Bu arada Ermənistan tərəfin «Madrid sənədi»nə hansı yeni müddəaları təklif etdiyi qismən bəlli olub. 

Ermənistan tərəfin prezidentinin müşaviri Qarnik İsaqulyan martın 4-də bildirib ki, erməni tərəf danışıqların hazırkı mərhələsində indiyədək gündəmdə olmamış məsələləri qaldırmaq niyyətindədir. Onun sözlərinə görə, bu məsələlər Şaumyan rayonu (1991-ci ildə ləğv olunub), eləcə də Mardakert (Ağdərə) və Martuni (Xocavənd) rayonlarının Azərbaycanın nəzarətində olan əraziləri ilə bağlıdır. İsaqulyanın sözlərinə görə, erməni tərəf həmin ərazilərə erməni qaçqınların qayıtması problemini qaldırıb.

Qeyd edək ki, Mardakert (Ağdərə) və Martuni (Xocavənd) rayonları keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin tərkibinə daxil olsa da, Şaumyan rayonunun Dağlıq Qarabağa heç bir dəxli yoxdur. Düzdür, ermənilər 1930-cu ildə Dağlıq Qarabağdan şimalda yaradılan və əhalisinin əksəriyyəti erməni ibarət olan bu rayonun muxtar vilayətin tərkibinə verilməsi məsələsini dəfələrlə qaldırıblar.

1991-ci ilin yanvarında Azərbaycan parlamentinin qərarı ilə rayon ləğv edilib və ərazisi Goranboy rayonuna birləşdirilib. 1991-1992-ci illərdə isə erməni əhalisi bölgəni tərk edərək Ermənistana gedib.

Ermənistan prezidentinin müşaviri erməni tərəfin «Madrid prinsipləri»nə təklif etdiyi digər müddəalara isə aydınlıq gətirməyib. Onun sözlərinə görə, «Madrid prinsipləri» hələlik müzakirə masasında olan bir layihədir və onun müddəaları yekun sülh razılaşması əldə olunanadək istinələn qədər dəyişdirilə bilər.

«Madrid prinsipləri» - danışıqların əsası olaraq qəbul edilmiş sənəddir. Bu o demək deyil ki, həmin sənəddə nə yazılıbsa, olduğu kimi qalmalıdır və dəyişdirilə bilməz. Bundan öncə də nizamlanmaya dair müxtəlif sənədlər əsas olaraq qəbul edilib və danışıqlar gedişində dəyişdirilib», - deyə Qarnik İsaqulyan bildirib.

Ermənistan prezidentinin müşavirinin sözlərinə görə, nə qədər ki, hər iki tərəf üçün məcburi olan saziş imzalanmayıb, bu sənədlər «on dəfələrlə» dəyişdirilə bilər. İsaqulyan onu bildirib ki, Ermənistan Madrid prinsipləri ilə bağlı öz təkliflərini vasitəçilərə təqdim etsə də, Azərbaycan tərəfi isə hələlik bunu etməyib.

Erməni müşavirin sözlərinə görə, ATƏT Minsk qrupu həmsədrlərinin 2007-ci ilin noyabrında Madriddə Azərbaycan və Ermənistan tərəflərinə təqdim etdikləri nizamlama layihəsinin başlıca müddəaları Dağlıq Qarabağın statusunun isə bölgə əhalisinin azad iradəsi əsasında müəyyənləşməsini nəzərdə tutur.

Azərbaycan tərəfin üzərində israr etdiyi ərazilərin (keçmiş Dağlıq Qarabağ müxtar vilayətinin ətrafındakı yeddi rayon - red.) qaytarılması məsələsinə toxunan İsaqulyan bildirib ki, Ermənistan heç kimin torpağını tutmayıb ki, onları da geri qaytarsın: «Ərazi məsələsi yalnız Dağlıq Qarabağ Respublikası ilə müzakirə olunmalıdır».

İsqulyanın sözlərinə görə, indiyədək aparılan danışıqlarda beş rayonun qaytarılması və sair məsələlərlə bağlı hər hansı razılaşma əldə olunmayıb. Bu cür bəyanatları yalnız erməni müxalifəti səsləndirir: “Onlar bu kimi bəyanatlarla xarici güclərə mesaj göndərirlər ki, hakimiyyətə gələcəkləri təqdirdə beş rayonu Azərbaycana qaytarmağa hazırdırlar”.

Müşavir bildirib ki, prezident Serj Sarkisyan Ermənistanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son güzəşt xəttini dəfələrlə aydın şəkildə bəyan edib və bu xətt dəyişməz qalır: «Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Bu həmin xətdir ki, onu biz heç bir halda keçməyəcəyik».

Vüqar Orxan, “525-ci qəzet”, 05.03.2010.

 

 

Xəbərlər
Redaktorun seçimi