“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.07.2009, 11:03
464

Azərbaycan prezidenti Qarabağ danışıqlarının bəzi detallarını açıqlayıb

A- A+

Erməni qüvvələrinin əvvəlcə 5 rayondan, 5 il sonra Kəlbəcər və Laçından çıxması bərədə razılıq var, Dağlıq Qarabağın statusu isə gələcək müzakirə mövzusudur

“Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda mahiyyət etibarilə razılıq əldə edilib ki, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına başlanmalı, hazırda Dağlıq Qarabağda yaşayan vətəndaşların və işğal edilmiş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıdacaq, milliyyətcə azərbaycanlı vətəndaşların da təhlükəsizliyinə beynəlxalq zəmanət təmin edilməlidir”. 

AzərTAc dövlət agentliyinin məlumatına görə, bu sözləri Rusiya Dövlət Televiziya kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.


Dövlət başçısı indiki halda siyasi zəmanətlərin hərbi və ya hər hansı sülhməramlı zəmanətlərdən qat-qat sanballı olduğunu bildirib: “Söhbət ondan gedir ki, biz Dağlıq Qarabağda yaşayanların işğal edilmiş yeddi rayonun hamısı qaytarılandan sonra Dağlıq Qarabağın Ermənistandan coğrafi mənada yenidən təcrid edilə biləcəyindən narahat olduqlarını başa düşürük. Dağlıq Qarabağın Ermənistanla heç vaxt əlaqəsi olmayıb. Buna görə də biz hazırda orada yaşayanların narahatlığını başa düşürük və yerüstü əlaqə məsələsini konstruktivlik və beynəlxalq normalar ruhunda nəzərdən keçirməyə hazırıq, bu əlaqə etibarlı olmalı, narahatlığa əsas verməməlidir”.

Prezidentin sözlərinə görə, Dağlıq Qarabağın statusu məsələsinin həlli gələcəyin işidir: “Bu gün bizim müzakirə etdiyimiz, qəbul etdiyimiz və razılaşdırdığımız təkliflərdə status məsələsi yoxdur. Əgər mövqelərin razılaşdırılması üçün bu mövzu yenidən ilkin şərt kimi irəli sürülərsə, biz heç nəyə nail olmayacağıq. Buna görə də real həyatda olanları başa düşmək lazımdır. Əlbəttə, biz Dağlıq Qarabağın müstəqil dövlət kimi mövcud olmasını mümkün hesab etmirik və Azərbaycan heç vaxt buna razılıq verməyəcək. Bizə belə gəlir ki, erməni tərəfi də bunu başa düşür.

Eyni zamanda, erməni tərəfi hesab edir ki, Dağlıq Qarabağda hazırda mövcud olan özünüidarə səviyyəsi saxlanılmalıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud idi. Vilayətin rəhbərliyində, vilayət bürosunda cəmi bir azərbaycanlı vardı, qalanları ermənilər idi. Həmin azərbaycanlı da əhalisinin 90 faizi azərbaycanlılar olan Şuşa şəhərinin rəhbəriydi. Bu gün həmin ərazinin gələcək fəaliyyəti məsələsini nəzərdən keçirərkən çox uzağa getməməliyik. Bu gün biz münaqişənin nəticələrini aradan qaldırmalı, işğala son qoymalı, bütün millətlərdən olan vətəndaşların təhlükəsizliyini təmin etməli, bundan sonra bütün kommunikasiyaları açmalıyıq. Bundan sonra barışıq baş tuta bilər”.

Prezident daim müharibə vəziyyətində yaşamağın mümkünsüzlüyünü vurğulayıb: “Biz hərbi potensialımızı artırmağımıza baxmayaraq, müharibə istəmirik. Bu onun nəticəsidir ki, atəşkəs elan ediləndən sonra 15 il müddətində tənzimləməyə nail ola bilməmişik. Bizim yanaşmamız bundan ibarətdir. Zənnimcə, Ermənistan tərəfi siyasi iradə göstərsə, atmalı olduğu addımları atsa, yəni işğal edilmiş bütün ərazilərdən çıxsa, azərbaycanlılar Şuşaya, Dağlıq Qarabağa qayıdandan sonra gələcəkdə biz təbii ki, statusun müəyyən edilməsi məsələsini də müzakirə edəcəyik”.

Bununla belə, dövlət başçısı status məsələsinin münaqişənin həllində ən çətin məsələ olduğunu qeyd edib: “Əlbəttə, Dağlıq Qarabağın müəyyən statusu olmalıdır. Biz bunu başa düşürük. Lakin biz həmin statusu suveren Azərbaycan dövlətindən kənarda təsəvvür etmirik. İşğal edilmiş ərazilər azad olunandan sonra danışıqlar prosesi daha konstruktiv ola bilər. Söhbət Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal edilmiş ərazilərdəki erməni qoşunlarının mərhələlər üzrə oradan çıxarılmasından gedir. Yəni sazişlər imzalandıqdan dərhal sonra birinci mərhələdə qoşunların beş rayondan çıxarılması nəzərdə tutulur.

Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Kəlbəcər və Laçın rayonlarından erməni silahlı qüvvələrinin çıxarılmasını məhz həmin rayonların coğrafi şəraiti nəzərə alınmaqla, saziş qüvvəyə minəndən beş il sonra təmin etmək nəzərdə tutulur. Bizim fikrimizcə, bu, kompromis müddətdir və yəqin ki, həmin zonada daha artıq təhlükəsizlik tədbirləri təmin edilməlidir ki, hər iki tərəfin sülhsevər xarakterinə heç kəsin şübhəsi olmasın. Lakin erməni silahlı qüvvələrinin eyni vaxtda bütün yeddi rayondan çıxarılması hər hansı başqa amillərlə əsla bağlı deyil və Minsk qrupunun təkliflərində bu məqam dəqiq göstərilib.

Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə, birinci mərhələdə müvəqqəti status mexanizmi razılaşdırıla bilər, qəti status məsələsi isə tərəflər bu barədə razılığa gələndən sonra həll ediləcək. Bunun üçün ola bilsin bir il, ola bilsin on il, ola bilsin yüz il vaxt lazım gələcək, bəlkə də heç vaxt mümkün olmayacaq. Bunu zaman göstərər”.

Prezident İlham Əliyevin Rusiya Dövlət Televiziya kanalının “Vesti v subbotu” verilişinə müsahibəsi (tam mətn)  

Xəbərlər
Redaktorun seçimi