“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.01.2010, 21:04
349

“Nabucco” ilə bağlı xeyli sual hələ də cavabsız qalır”

A- A+

Ilham Əliyev: “Bizə qaneedici qiymət və ciddi mövqe təklif olunsa, layihə reallaşa bilər”

“Avropa İttifaqı Xəzər qazı uğrunda Rusiya ilə rəqabət aparmaq istəyirsə, gərək “Nabucco” layihəsi məsələsində ciddi olsun”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Bloomberg” informasiya agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu beynəlxalq infrastruktur layihəsinin həyata keçirilməsində maliyyələşdirmə, qiymət və siyasiləşdirilmə kimi məsələlər üzündən ləngimə müşahidə olunur.

“Bizə qaneedici qiymət və ciddi mövqe təklif olunsa, bu layihə reallaşa bilər. Siyasi bəyanatlar prosesə xələl gətirir. Biz bir-biri ilə razılaşa bilməyən müxtəlif qüvvələrin mübarizəsinin ortasında qalmaq istəmirik”, - deyə İ. Əliyev bildirib.

Dövlət başçısı əlavə edib ki, “Nabucco” layihəsinə zəruri maliyyələşməni cəlb edəcək, habelə qaz təchizatçıları və tranzit ölkələrlə danışıqlar aparacaq lider çatışmır: ““Nabucco” kəməri layihəsinin iştirakçısı olan bəzi ölkələrin “Qazprom”un rəqib layihəsində iştirak etməsi bir az qeyri-müəyyənlik yaradır.

Biz indiyədək bilmirik ki, bu prosesi irəli aparacaq lider kimdir? Qaz istehsalçıları və tranzit ölkələrlə danışıqları kim aparacaq? Bu qazın marketinqini kim yerinə yetirəcək? Qiymətlər necə olacaq? Bir sözlə, uzun müddətdir ki, xeyli sual cavabsız qalır”.

Ölkəmizin 2007-ci ildən qaz ixracatçısına çevirdildiyini xatırladan prezident İ. Əliyev Azərbaycanın ixrac marşrutlarının şaxələndirilməsində maraqlı olduğunu deyib.

Bundan başqa, İ. Əliyev Türkiyə ilə qazın qiymətinin razılaşdırılmasında hələlik irəliləyiş olmadığını, Azərbaycanın bu ildən Rusiyaya qaz ixracına başladığını, “Qazprom”un bu il ixrac həcmini 1 mlrd. kubmetrə, gələn il isə 2 mlrd. kubmetrə çatdırmağı planlaşdırdığını da bildirib: ““Qazprom”un bizim qazı almasında üstünlük ondan ibarətdir ki, bizim aramızda vasitəçi yoxdur”.

“Bloomberg” xatırladıb ki, Bolqarıstan və Macarıstan “Nabucco”nun səhmdarları və iştirakçısı olsa da, hər ikisi “Qazprom”un “Cənub axını”na qoşulub.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.

 * * *

Mövzuya dair:

ABŞ Xəzər regionundan Avropaya qazın nəqli üçün yeni dəhlizin açılmasını dəstəkləyir

Riçard Morninqstar: “İqtisadi cəhətdən güclü və enerji təhlükəsizliyi təmin olunmuş Avropa bizim üçün çox vacibdir”

-29.01.2010-

“Ötən il bir çox cəhətdən müəyyən qədər qeyri-sabit il olub. Bu da əsasən dünya enerji bazarında müşahidə olunan proseslərlə bağlıdır”.

Bu sözləri APA-nın Vaşinqton müxbirinə eksklüziv açıqlamasında ABŞ dövlət katibinin Avrasiya enerji siyasəti üzrə xüsusi elçisi, səfir Riçard Morninqstar deyib.

Morninqstar qeyd edib ki, beynəlxalq iqtisadi böhran nəticəsində 2009-cu ildə qlobal enerji istehlakı, qiymətlərin azalması və təbii qaz təklifinin tələbatı üstələməsi müşahidə olunub: “Bu vəziyyət bazarda risk faktoru yaradır. Təbii qaz qiymətlərinin aşağı olması son nəticədə ekoloji təmiz külək, günəş və geotermal enerji texnologiyalarının inkişafını ləngidir və enerjidən istifadənin səmərəliyini artırmaq səylərinə mane olur. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir”.

Onun sözlərinə görə, aşağı qiymətlər və gəlirlərin azalması qaz şirkətləri tərəfindən hasilatın artırılmasına yönələn layihələrin icrasının və kapital qoyuluşlarının gecikməsinə səbəb olur. “Gələcək iqtisadi artım tempi və bu gecikmələrin müddətindən asılı olaraq, enerji bazarlarında enerji daşıyıcılarının qıtlığı və yüksək qiymətlər dinamikası yenidən bərpa oluna bilər. Biz bilməliyik ki, bu gün qəbul etdiyimiz qərarların gələcək bazarlara uzunmüddətli təsirləri olacaq. Biz bazardakı kəskin artım və azalmanın orta həddə olmasını təmin etmək üçün yollar tapmalıyıq. Gələcək dinamikaya gəldikdə isə, biz iqtisadiyyatı necə dirçəltməyi bilirik, amma artım tempi və bərpanın nə qədər çəkəcəyini proqnozlaşdırmaq asan deyil” - deyə, R. Morninqstar əlavə edib.

Eyni zamanda o qeyd edib ki, rəsmi Vaşinqton qlobal təbii qaz bazarının əhəmiyyətli dəyişikliyə məruz qalacağını və ABŞ-ın bu prosesdə fundamental rol oynayacağını düşünür: “Bazarlardakı bütün mövcud və gələcək dəyişikliklər ABŞ-ın Avrasiya Enerji Strategiyasını necə həyata keçirməsinə təsir göstərəcək, amma bizim fundamental məqsədləri dəyişdirməyəcək. Bizim Avrasiya Enerji Strategiyasında üç əsas komponent var. İlk növbədə biz yeni neft və qaz resurslarının işlənməsini həvəsləndirmək, eyni zamanda enerjidən istifadədə səmərəliliyi və qənaətcilliyin artırılmasını, alternativ texnologiyaları təşviq etmək istəyirik”.

Azərbaycan barədə danışan R. Morninqstar ABŞ hökumətinin Azərbaycanda təbii qaz hasilatının artırmasında maraqlı olduğunu və bu prosesdə xüsusi məqsəd güdmədiyini deyib: “Sözsüz ki, bu qazın bir molekulunun belə ABŞ-a gedib çatma ehtimalı yoxdur. Amma bu, bizim üçün ona görə əhəmiyyətlidir ki, beynəlxalq qaz təklifinin artmasına və qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edir. Bir yerdə yeni tədarük mənbəyi təbii olaraq digər yerdə tədarükü sərbəstləşdirir”.

Xüsusi elçinin sözlərinə görə, rəsmi Vaşinqton Avropanın enerji təhlükəsizliyi səylərini dəstəkləyir, Avropa ilə ticarət və iqtisadi fəaliyyətin cari səviyyəsinin saxlanmasında maraqlıdır: “Avropa bir sıra qlobal məsələlərdə bizim tərəfdaşdır. Buna görə də iqtisadi cəhətdən güclü və enerji təhlükəsizliyi təmin olunmuş Avropa bizim üçün çox vacibdir. Avropa bir neçə dövlətdən ibarətdir və onların bəziləri üçün digərləri ilə müqayisədə enerji məsələsi daha aktualdır.

Bəzi ölkələrin şaxəli enerji portfeli yoxdur və böyük dərəcədə bir tədarükçüdən, bir marşrutdan asılıdırlar. Biz həmçinin Qafqaz və Mərkəzi Asiyanın istehsalçı ölkələrinə öz neft və qazları üçün bazar tapmaqda kömək etmək istəyirik. Biz bu ölkələrdə iqtisadi artım və çiçəklənməyə yardımçı olmaq istəyirik. Hasilatı artırmaqla və ixrac marşrutlarını genişləndirməklə onlar resursları üçün rəqabəti artıra və yüksək qiymət tələb edə bilərlər”.

Vaşinqton hesab edir ki, Türkiyə və Azərbaycan qazın qiymətinin müəyyənləşdirilməsində yaranan mübahisəni həll edəcəklər.

R. Morninqstarın fikrincə, ikitərəfli ticarət və investisiyaların əhəmiyyətli həcmi hər iki ölkənin bir-birindən yüksək dərəcədə asılılığını göstərir: “ABŞ Administrasiyası Xəzər dənizi regionundan təbii qazın Avropaya nəqli üçün yeni dəhlizin, “Cənub dəhlizi”nin açılmasını dəstəkləyir. Bu dəhlizə “Nabucco” və Türkiyə-Yunanıstan-İtaliya kəmərləri daxil ola bilər. Strateji nöqteyi-nəzərdən qaz mənbələrinin şaxələndirilməsi və Avropaya yeni marşrutların açılması üçün hər ikisi əhəmiyyətlidir. “Cənub dəhlizi” Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kommersiya baxımından faydalıdır və Avropa ilə qarşılıqlı marağa söykənən uzunmüddətli tərəfdaşlıq yaradacaq.

Xəbərlər
Redaktorun seçimi